Qüdsiyyə Qocayeva (1962)

Qüdsiyyə Qocayeva (1962) TƏBRİK EDİRİK!...

Bu gün sevimli şairimiz Qüdsiyyə xanım Qocayevanın doğum günüdür!..


Qüdsiyyə Sayəddin qızı Qocayeva -
1962-ci il iyunun 1-də
Ağdaş rayonunun Qülbəndə kəndində
ziyalı ailəsində anadan olub.
1979-cu ildə Ağdaş rayonundakı
S.M.Kirov adına (indiki Müşviq İsayev adına) orta məktəbi fərqlənmə ilə bitirib. (Şəhid Müşviq İsayev yaxın qohumudur və Xəzər İsayevin qardaşıdır).
Hələ orta məktəbdə oxuyarkən toplantılarda
öz şeirləri ilə çıxışlar edib.
Yerli "Ağdaş" qəzetində bir sıra şeirləri dərc olunub.
Makinaçı-kargüzarlıq, ingilis dili və mühasibatlıq kurslarını, Mingəçevir Baza Politexnik Texnikumunu, Fermer və Sahibkarlar məktəbini, Odlar Yurdu Universitetinin hüquq fakültəsini beynəlxalq münasibətlər ixtisası üzrə bitirib.
Uzun müddət vəkil işləyib.
1993-2002-ci illərdə Azərbaycan Respublikası Ağsaqqallar Şurasında çalışıb.
Dövri mətbuatda vaxtaşırı aktual məqalələri və şeirləri ilə müntəzəm olaraq çıxışlar edir.
Şeirləri "Zirvə", "Şah dağı", "Ləlvər dağı", "Canım Azərbaycan", "Buta", "Vətən", "Nizami Gəncəvi zirvəsi", "Zəfər", "Qarabağ Azərbaycandır" və s. poeziya antologiyalarında dərc olunub.
"Abdulla Şaiq", "Zirvə", "XXI Əsrin ziyalısı" "Qızıl qələm" mükafatları laureatıdır. "Xurşidbanu Natəvan" medalı ilə təltif olunub.
“Gec açılan çiçəklər” (“Borçalı”, 2020), “Xəzərin sahilində” (“Borçalı”, 2021) və "Tale yolları" (“Borçalı”, 2022) adlı üç şeirlər kitabının müəllifidir.
Hazırda dördüncü kitabı "Borçalı" nəşriyyatında çapa hazırlanır.

Fürsətdən istifadə edərək, biz də çox hörmətli Qüdsiyyə xanımı doğum günü münasibətlə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də, bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza ərmağan edirik.


Müşfiq BORÇALI
ZiM.Az



Qüdsiyyə Qocayeva (1962) V Ə T Ə N

Görmədim əskilə kədərin, qəmin,
Çoxalır günbəgün, azalmır kəmin,
Mənim naləm ilə yüksəlir bəmin,
Sirdaşsan gözümün yaşına, Vətən.

Küləklər dağıdır sinəmdən ahı,
Gülmək istəyirəm, səslənir ağı,
Bədbəxt taleyimin bu xəzan çağı
Döndün üzüyümün qaşına, Vətən.

Gözlərim yollarda qaldı, bilmədin,
Bircə yol dindirib sevindirmədin,
Həsrətin bol oldu, heç əl vermədin,
Tumarın çəkmədin başıma, Vətən.

Uğrunda döyüşüb qandan olmuşam,
Havanla yaşayıb candan olmuşam,
Bütün dərdlərinə zindan olmuşam,
Qatmısan zəhərin aşıma, Vətən.

Yetim uşaq kimi sınıbdı könlüm,
Çatır mənzilinə kül olmuş ömrüm,
Gedərəm, tükənib, qalmayıb səbrim,
Baxmaram bu çənli yaşıma, Vətən.


V Ə T Ə N

Axı səni sevirdim,
Belə ağlatma gəl sən.
Doğma anam bilirdim,
Ey ürəyi daş Vətən.

Heç baxmadın üzümə,
Sarımadın yaramı,
Atdın çölün düzünə,
Mən tək bəxti qaranı.

Üstdən aşağı baxdın,
Olmadı kimsəm deyə,
Mən bir yetim uşaqdım,
Sən bənzətdin özgəyə.

Yalanların boyuna
Güllü xalat biçmisən,
Salıb məni oyuna,
Şərab kimi içmisən.

Qalmayıbdır heç nəyim,
Nə vermişdin əzəldən?
Puça getdi əməyim,
Salma məni nəzərdən.

Vurmusan ürəyimdən,
Elə incimişəm ki,
Düzəlməsən, ey Vətən,
Sənlə barışmaram ki.

Bəlkə buna görədir,
Heç gözlərin gülməyir,
Elə sənin dərdlərin
Mənimkinə bənzəyir.


ÜRƏYİMİ

Kəsmək bilmədən yağır,
Gecələrin yağışı.
Yastığımı isladır,
Taleyimin göz yaşı.

Əritdi ürəyimi
Hər gəlib yoldan ötən.
Sevindirmədi məni,
Ana dediyim Vətən.

Gündüzləri işləyib
Bir təhər baş qatıram.
Gecələr inildəyib
Dərdlərimlə yatıram.


ŞAM KİMİ

Uçan qanadı ağır,
Ömrün, kədər yükündən.
Əl edir fağır-fağır,
Yaş tökülür gözümdən.

Sevincləri olub az,
Surəti qardan bəyaz.
Çönür bülbülə hər yaz,
Əbədi sevgisindən.

Gələcəyə boylanıb,
Keçmişlərə dönür o.
Şam kimi yanıb, yanıb,
Yavaş-yavaş sönür o.


AYRI YAŞASAQ DA

Qoy yalan olmasın başqaları tək,
Hicran yaşasaq da kədərimizdə.
Səni dəli kimi sevsin bu ürək,
Ayrı yaşasaq da qədərimizdə.

Ümidə bələyir sağı, həm solu,
Acılı-şirinli bu həyat yolu,
Bağlayır bizləri taleyin qolu,
Ayrı yaşasaq da qədərimizdə.

Qoy həsrət salmasın bu eşqə kölgə,
Unutmaq sevgiyə olardı ləkə,
Gizli pıçıltılar ah çəkir: -"bəlkə"!...
Ayrı yaşasaq da qədərimizdə.

Nə sənin, nə mənim var ehtiyacı,
Könüllər bir təmiz sevgi möhtacı,
Bu eşq ömrümüzə olsun baş tacı,
Ayrı yaşasaq da qədərimizdə.

Qoy yalan olmasın başqaları tək,
Bir yanar şam kimi əriyənədək,
Yaşasın məhəbbət biz ölənədək,
Ayrı yaşasaq da kədərimizdə.

YAXŞİDİR

Hörmətli şair Səyyad Sərraf mənim bir bənd şeirimə
"Yaxşidir" adlı şeirlə nəzirə yazmışdır.
Mən də öz fikirlərimi həmin başlıqla bildirirəm.


Yaxşıdır, əlbəttə, şair qardaşım,
Olmadı insandan dostum, yoldaşım.
Gəlmədi köməyə, dondurdu qışım,
Daşürək insanlar ölsə yaxşıdır.

Üzləri yaşıldır, içində sarı,
Şirini sözündə, qəlbində marı,
Dildə ayrı deyər, əməldə ayrı,
Zəhəri özilə bölsə yaxşıdır.

Hər addım yalandan çəpər qurdular,
Xoş dinib, arxadan zərbə vurdular,
"Kimsən, haralısan," - deyə sordular,
Üzümə baxanda bilsə yaxşıdır.

Tək-tük insan qalıb daha həyatda,
Yaşamaq əbəsdir bu kainatda,
Əşrəf dediyimiz bəni-adamda,
Azacıq vicdanı gülsə yaxşıdır.


SEVGİ ŞEİRİ

Sənə sevgi şe(i)ri yaza bilmirəm,
Sevgiyə xəyanət olar, bilirəm.
Bu eşq çıxacaqmı yaza, bilmirəm,
Çıxarsa xəyanət olar, bilirəm.

İdeal məhəbbət yaşayırıq biz,
Günahın önündə qəlbimiz təmiz.
Birdir kədərimiz, həm sevincimiz,
Ayrılsaq xəyanət olar, bilirəm.

Günləri qovuruq həsrəti çapıb,
Danışır hissimiz fürsəti qapıb,
Hicran dənizində vüsalı tapıb,
Yuyunsaq xəyanət olar, bilirəm.

Örtülü həyatsan, açıb girmirəm,
Özgə qapısında heç vaxt gülmürəm,
Sənə sevgi şe(i)ri yaza bilmirəm,
Oxunsa xəyanət olar, bilirəm.


AÇMADI

Məsum sevgim, ümidlərim var idi,
Parçalandı yad, qıyqacı baxışda.
Həyatımın hər küncünü bəzirdi,
Arzularım, gül açmadı naxışda.

Tanrı yazdı, iblis pozdu bəxtimi,
Uçurdular bay olmamış təxtimi,
Zay eylədi öm(ü)rümü, əhdimi,
Arzularım gül açmadı naxışda.

Dolanıram ayaq üstə sağ kimi,
Dərdlərim var sinəm içrə dağ kimi,
Vətənimdə gün görmədim çağ kimi,
Sevgilərim nakam oldu, naxışda.


YOXDURMU?

Səninlə doğulur cahanda həyat,
Sevgiyə bürünür bütün kainat,
Nədən ayrı salır bizi zaman, vaxt?
Yaşamaq haqqımız yoxdurmu bizim?

Nə qədər gözəlsə tənha gül, çiçək,
Tökülər başından qəm ətək-ətək,
Sənsiz ömür bağçam nəyimə gərək?!
Yaşamaq haqqımız yoxdurmu bizim?

Bu qısa dünyamız haraya qədər?
Çəkir imtahana daim dərd, kədər.
Hicran dənizində batırıq hədər,
Yaşamaq haqqımız yoxdurmu bizim?

Niyə əlçatmazdır bu eşq, məhəbbət?
Tanrıya üsyandır çəkdiyim həsrət.
Yaraşmırmı bizə dostluq, sədaqət?
İnsanlıq haqqımız yoxdurmu bizim?


DÜŞÜNCƏLƏR

Elə kövrəlmişəm ki....
Xəyal məni bürüyür.
Qara, keçmişindəki
Ağ saçların üşüyür.

Dayanmısan utancaq,
Dodaqların titrəyir,
Deyə bilmirsən ancaq,
Sözün dildə büdrəyir.

Çevirirsən üzünü,
Guya görməyim deyə.
O vaxtkı tək dizini
Döyürsən söyə-söyə.

Hanı o gülüşlərin?
Üz-gözündə qırış var.
Mehriban öpüşlərin
Qalıb mənə yadigar.

Olan olubdur daha,
Ayrılıb yollarımız.
Əl açsa da sabaha,
Uzanan qollarımız.

Sən gedəli könlümə
Bir dəfə yaz gəlmədi.
Ümidim sevinsə də,
Ürəyim sevinmədi.

İtdi ömür-gün, zaman,
Sürət qatarı kimi.
Qapımızı bağlayan
Bəxtin açarı kimi.

Tənhalığa çəkilib,
Daim səninlə oldum.
Tale belə biçilib...
Eh, qəhərdən boğuldum.


ÖMRÜMƏ

Mənə bir gül bağışla,
Bahar gülsün ömrümə,
Vidalaşım bu qışla,
Bahar gəlsin ömrümə.

Neçə ilin həsrəti,
Sovuşsun hər möhnəti,
Hiss edim məhəbbəti,
Sabah gəlsin ömrümə.

Duyğularım gül açsın,
Qayğılarım çoxalsın,
Tənhalıqdan qurtarsın,
Vüsal gəlsin ömrümə.

Qırdı məni yetimlik,
Uzun yollar, sitəmlik,
Dəyişim, bir qədəmlik,
İlham gəlsin ömrümə.

Mənə bir gül bağışla,
Vidalaşım bu qışla,
Kədər, məni bağışla,
Həyat gülsün ömrümə.
Mənə bir gül bağışla....


OCAQDİR

Çox hörmətli şair, filoloq, müəllim
Nəsib Abidə ithaf edirəm


Dost həyatdır, tutacaqdır, deyiblər,
Nəsib müəllim yolumuzda mayakdır.
Güclünün də tək qolunu əyiblər,
Dostlarına ilahidən dayaqdır.

Təvazökar, əməksevər, ziyalı,
Uçub qonar gözəlliyə xəyalı,
Xoş gələcək, həqiqətdir amalı,
Şər işlərdən, yamanlıqdan uzaqdır.

Dəyər verər yaradanın işinə,
Haqqı deyər, vurub bir-bir dişinə,
Döyməz heç vaxt yaxşı insan döşünə,
Saxtalığa, xəyanətə duzaqdır.

Allah verən bu həyatda paydı, pay,
Bəndələrin sırasında öndə say.
İstəyəndə lap dünyaya salar hay,
Dostlarının ürəyində ocaqdır.

Nə yaxşı ki, vardır yaxşı adamlar,
Əlimizdən çətin gündə tutanlar,
Səhərlərə gözəl müjdə qatanlar.
İlahinin yandırdığı çıraqdır,
Bükülməyən ağappaq bir varaqdır.


AĞ ATLİ OĞLANDİR

Əziz dostum, gözəl insan
Müşfiq Borçaliya həsr edirəm.


Sönən ümidlərin işıq ucudur,
İnsan yer üzünün qızıl tacıdır,
Pislərdən bezənlər yaxşı acıdır,
"Ağ atlı oğlan"dır Müşfiq müəllim.

Çəkdiyi zəhmətə yox təmənnası,
Sanki bir günəşdir gözəl siması,
İşindən nurlanır qəlbin səması,
"Ağ atlı oğlan"dır Müşfiq müəllim.

Savadın, təhsilin hamisidir o,
Neçə nəşrlərin banisidir o,
Qurub yaratmağın dahisidir o,
"Ağ atlı oğlan"dır Müşfiq müəllim.

Elin dərdlərini dərdinə qatan,
Ən çətin günlərdə əlindən tutan,
Bilik səngərində oyaq tək "yatan",
Sayıq kapitandır Müşfiq müəllim.


S Ə N S Ə N Qüdsiyyə Qocayeva (1962)

De, hansı qüvvəyə yalvarım ki, mən,
Qayıdıb yenidən geri dönəsən?
Ürəksiz yaşamaq nədir, bilirsən?
Sinəmdə döyünən ürəyim sənsən.

Zalım fələyəmi çöküb yalvarım?
Ömrün payızında sənsizmi qalım?
Yoxsa taleyimə baxıb ağlayım?
Alnıma yazılan o yazı sənsən.

Bezib allahım da mənim əlimdən,
Daha yaradana yalvarmıram mən,
Ayrılmaq çətindir vallah könüldən,
Həyatda sən mənə doğma, əzizsən.

Səni and verirəm o sevgimizə,
Qayıt gəl, son qoyaq həsrətimizə,
Gəl haram qatma sən illərimizə,
Günüm də, ayım da, ilim də sənsən.


***

Ömrümün bir payız, xəzan çağında
Bir sevgi pay verdi ilahi mənə,
Kövrək illərimi seyrə çıxanda,
Rast oldum bir eşqin təlatümünə.

Qayıtdı gəncliyim, sanki yenidən,
O ilk məhəbbətin sevincindəyəm,
Xəzan bağçasında qonaq bülbüləm,
Payızda açılan gülün eşqinə.

Nə deyim taleyin bu yazısına?!
Elə bil yenidən gəldim dünyaya,
Baxıram keçmişə, yaşananlara,
Gah sevinc, gah kədər qonur qəlbimə.


VAXT GƏLƏR

Hər kəs özün haqlı bilir, öyünür,
Başqasının arxasınca deyinir,
Kəsilir baş, kəsənlərsə sevinir,
Dünya mənə qərib gəlir, yad gəlir.

Tanımayır daha qardaş qardaşı,
Pozulubdur zəmanənin yaddaşı,
Qalmayacaq belə getsə yurd daşı,
Dünya mənə qərib gəlir, yad gəlir.

Talelərdə əks olunur taleyi,
Bu həyatın tükənməzdir gileyi,
Mal-mülk hərisliyi, sərvət istəyi...
Dünya mənə qərib gəlir, yad gəlir.

Veribdir həsrətə o pak sevgini,
Şair də vəsf edir müharibəni,
Kefdədir dünyanın şeytanı, cini,
Dünya mənə qərib gəlir, yad gəlir.

Yarılır qorxudan bağrının başı,
Ana laylasından axır göz yaşı,
Tanrı bəndəsinə olubdur naşı,
Dünya mənə qərib gəlir, yad gəlir.

Çoxdan susub "Sülh", "Asayiş" dilində!
Vaxt gələcək, insanlığın önündə
Diz çökəcək bir tikəsi əlində...
Dünya mənə qərib gəlir, yad gəlir.


DİNİB DİLSİZ MƏLƏKLƏR DƏ

Doymadımı torpaq qandan?
Neçə insan keçir candan!
İniltili fəryadlardan
Ərşdə buludlar ağlayır!

Edir, çəkib qılıncını,
Xeyir Şərlə davasını,
Sübut edir haqq haqqını,
Göydə buludlar ağlayır!

Susan deyil haqq heç zaman,
Kəsən deyil bu dava, qan,
Könüllərin harayından
Göydə buludlar ağlayır!

Neçə illər qələmim də,
Haqq səsləyib sətirlərdə,
Dinib dilsiz mələklər də,
Göydə buludlar ağlayır!


İ S T Ə Y İ R Ə M

VƏTƏNİMİ TAM AZAD,
ŞƏN GÖRMƏK İSTƏYİRƏM!
SEVİNCDƏN HÖNKÜR-HÖNKÜR
AĞLAMAQ İSTƏYİRƏM!

İLLƏRİN QƏM YÜKÜNÜ,
BU ƏZİLMİŞ KÖNLÜMÜ,
TƏHQİRLƏRİ, TƏNƏNİ
UNUTMAQ İSTƏYİRƏM!

HEÇ BƏHANƏ QALMASİN,
QƏLBİM BİR DƏ DOLMASİN,
GÖZÜM BAHARA BAXSİN,
EŞQ, VÜSAL İSTƏYİRƏM!

İBLİSLƏR ÜZ ÇEVİRSİN,
MƏNDƏN UZAĞA GETSİN,
ELİM, OBAM SEVİNSİN,
Ə D A L Ə T İSTƏYİRƏM!
Ə D A L Ə T İSTƏYİRƏM!

ZiM.AZ

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: