ƏKBƏR RƏVAN (1960)

ƏKBƏR RƏVAN (1960) Əkbər Rəvan (Əkbər Mətləb oğlu Əkbərov) - 1960-cı il noyabrın 1-də Yardımlı rayonunun Mirimli kəndində anadan olub.
1978-ci ildə Arus kənd tam orta məktəbini bitirib.
Elə həmin il APİ-yə (indiki ADPU-ya) daxil olub.
İlk yaradıcılığa orta məktəbdə oxuduğu illərdə başlayıb.
İlk şeiri APİ-də çıxan "Gənc müəllim" qəzetində çap olunub. Həmin ərəfədə bir neçə dəfə nəşriyyatda, "Göyərçin" jurnalının redaksiyasında rəhmətlik Tofiq Bayramla, Tofiq Mütəllibovla görüşüb və şeirlərini oxuyub bəyəniblər.
İnstitutu bitirəndən sonra rayon qəzetində çap olunub.
"Ömür qatarım gedir" "Bəy namusu" adlı kitabların müəllifidir.
Bütün bunlardan əlavə, "Yarpaqlar", "Qayalardan süzülən söz", "Zəfər çələngi", "Gəlirik Qarabağ", "Rəvan", "Canım Azərbaycanım", "Zəfər""Vətən" antologiyalarında çap olunub.
Hazırda Yardımlı rayonunun Məlikli kənd ümumi orta məktəbində müəllim işləyir və yaradıcılıqla məşğul olur.
2020-ci ildən 'Qızıl qələm' media mükafatı laureatı, "Yurd" ədəbi-bədii, elmi-publistik jurnalının xüsusi muxbiri, 2021-ci ilin yanvar ayından Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Biz də Əkbər Rəvana yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

Müşfiq BORÇALI,
ZiM.Az



SALAM OLSUN

Məni heçdən var eləyən,
Allahıma Salam olsun.
Dünya üçün alın nuru,
Olanıma salam olsun.

Dünyada nər doğulubdur,
Məhəmməd pir doğulubdur,
Əli tək şir doğulubdur,
Din, İslama salam olsun.

Həsən, Hüseyn başın verdi,
Əbəlfəz də qollun verdi.
Göydən yerə nida gəldi,
Abbasıma salam olsun.

Kafirlər and içmişdilər,
Əkbərə rəhm etmədilər.
Əsgərə qan içirdilər,
Əsgərimə Salam olsun.

Kəbədə yer, göy inlədi,
İmam başı kəsiləndə.
Yer şəhidin gözləyirdi,
Şəhidimə salam olsun.

Qibtə etdik Hüseynlərə,
Haqqa könül verənlərə.
İslam dinin sevənlərə,
Salam olsun! Salam olsun!
08.04.2023


YARƏBBİM, BU DÜNYA
SƏN GÖRƏN DEYİL


Yarəbbim, arabir düş yanımıza,
Hərdənbir ölçü qoy vicdanımıza.
(Məmməd Araz)


Yarəbbim, nə badə gələsən yerə,
Din, iman qalmayıb, vermişik yelə.
Dünya sən yaradan dünya ha deyil,
Haqqa qayıtmağa güman yox hələ.

Ulu Yaradan, gəlmə sən yanımıza,
Ölçü qoyma yatmış vicdanımıza.
Hər nə çirkab desən bulaşmışıq biz,
Çoxdan səni yaddan çıxarmışıq biz.

Şirin olub qızıl, yaqut, villalar,
Dənizdə mülkümüz, qala hasarlar,
Neçə məşuqəmiz, pozğun xanımlar,
Dəbdəbəli yaşayış, əla maşınlar.

Yarəbbim, bu dünya sən görən deyil,
Sən yaratmamısan bizi elə bil.
Heç tufanından da qorxmuruq daha,
Meyilli olmuşuq haqdan çox günaha.

Yarəb, demə ordum, möminlərim var,
Mehdini göndərmə, pərişan olar.
Şərlənər,üstünə böhtan atarlar,
Şahidi özgə yox, möminlər olar.

Kəsərin azalıb,bilmirik nədir?
Harınlara nədən gücün yetməyir?
Fəqirlərə sevgin kömək etməyir.
Bəlkə onun üçün yox din, imanımız?

Yarəbbim, kütləşib, dolub beynimiz,
Hayandan hayana qaçır meylimiz.
Ulu Tanrım,gəlib özünü yorma,
Düzələn deyilik, narahat olma.
29.10.2022


ÖYÜNMƏZ

Könül Şirvanlıya cavab


Hər insana dayaq olan çox sınar,
Közdə kabab kimi yanıb qaralar,
Dost bildiyi namərd onu oxlayar,
Həya edər, dilə gəlib deyinməz.

Baş ucalığı çox namərdə dərd olar,
Üzü gülər, içi xain, şər olar.
Göydən gələn bəla ağır, sərt olar
Necə gəlib, necə gedib bilinməz.

Adam var ki, bənzər uca dağlara,
Adam var ki, çörək verməz ağlara,
Adam var ki, ölüm bəzək onlara,
Qorxu çəkər, insan olub öyünməz.

Oğrularda insaf yox, söz eşidə
Barmaqlarının bal etsən beşin də.
Ürək çətin dözər bir belə dərdə,
İnsan olan səbir edib, öyünməz.
29.04.2023


ALLAHA ŞİKAYƏT

Namə yazdım, göndər uca göylərə,
De ki, zülmü-sitəm yeri tutubdur.
Dərd-qəm güc gəlibdir çox könüllərə,
Cəhənnəm alovu səri tutubdur.

Sonra da sorsalar bizlərin halın,
Qorxma, düzgün söylə hər qeylüqalın.
Bilsinlər bu səfeh dövrün, zamanın,
Bəlası hamını geri tutubdur.

Sözdə biz azadıq, əslində dustaq,
Qırmanclar gücünə olmuşuq yaltaq.
Gözüqıpıq, qorxaq, əllərdə bayraq,
Yalanlar Kəbəni, piri tutubdur.

Vəzifəyə gəlir başları boşlar,
Kasıb qanı üçün çox susamışlar,
Ağıldan seyrəklər,şişman camışlar,
Şeytan tək çoxalıb, yeri tutubdur.

Namərdlər fırladır ac insanları,
Ayağında buxov, çıxır canları.
Zindanda çürüyür çox cavanları,
Pislərin zülümü yeri tutubdur.


DUR DEDİLƏR

Yalanlara dözə-dözə,
Vida dedim neçə düzə.
Sağım tülkü, solum gürzə,
Yolum üstə tor qurdular.

Çox insana ürək verdim,
Adam bilib çörək verdim,
Qol gücümdən kömək verdim,
Yenə zəhər, mar dedilər.

Çoxu pozdu öz əhdini,
Pula satdı qeyrətini.
Haqsızlıqlar yordu məni,
Çox danışma, dur dedilər.

Uzaq dolan qeyrətsizdən,
Kişi çıxmaz nanəcibdən.
Toxum olmaz belə dəndən,
Dost-tanışı xar edərlər.
16.05.2023


================

Allahu Əkbər deyəndə

Göydən yerə nur çilənir,
Allahu Əkbər deyəndə.
Cismim Tanrıya əyilir,
Allahu Əkbər deyəndə.

Çağırsa ulu yaradan,
Qaç Allaha ağ olmaqdan.
Yaxına get, qorxma ondan,
Allahu Əkbər deyəndə.

Əlini üzmə əlindən,
Qorxma sınaq etməsindən.
Şeytanından, iblisindən,
Allahu Əkbər deyəndə.

Əkbər Rəvan haqq aşığı,
İçində Allah işığı.
Ruhu alır yaraşığı,
Allahu Əkbər deyəndə!
11.04.2021.


Ey yaradan, böyük Allah

Həm əvvəlim, həm sonumsan,
Ey yaradan, böyük Allah.
Tək, şəriksiz, sirri xuda,
Ey yaradan, böyük Allah.

Qüdrətindən sən aləmi,
Var elədin ilk Adəmi.
Altı günə verdin canı,
Ey yaradan, böyük Allah.

Məhəmmədi qulun bildin,
Ayə-ayə Quran verdin.
İslam adlı din gətirdin,
Ey yaradan, böyük Allah.

On dörd məsum, haqq kimsənə,
İlk gətirdi iman sənə.
Cənnət verdin sən Hüseynə,
Ey yaradan, böyük Allah.

Çıxma məni rəhmətindən,
Məhəmmədin hümmətindən,
İmam Əli qeyrətindən,
Ey yaradan, böyük Allah.
06.03.2021


NİZAMİ

Prezidentin sərəncamı ilə bu il Nizami ili elan edilmişdir.
Ona görə də məndə bu şeirimi dahi Nizami Gəncəviyə həsr edirəm.

Tanrı qüdrətiylə doğulmusan sən,
Adın İlyas oldu,özün Nizami.
Adınla fəxr edir bu gözəl Vətən,
Mirvariyə dönüb sözün ,Nizami.
Uca tutdun sözün dəyər,qiymətin,
Şahları ram etdi uca hikmətin.
Gözünü oymusan şərin,zülmətin,
Haqqı dedin,yazdın düzün, Nizami.
Kamalın nuruyla Xəmsəni yazdın,
Duydun nəfəsini doğma torpağın.
Necə geniş imiş qoynun,qucağın,
Çox uzağı görüb gözün, Nizami.
Dağılmaz,pozulmaz nizamın olub,
Məhəbbət adında ilhamın olub,
Hər işi görəndə inamın olub,
Dönüb zərxaraya bezin,Nizami.
Sevdin bu Vətəni,Azətbaycanı,
Şöhrətə mindirdin Gəncə torpağın.
Gəl deyir hikmətin,odun,ocağın,
Əbədi nur saçır üzün Nizami.
07.04.2021.


Nağıllı dünyam geridə qalıb

Gecələr nənəmin nağılı vardı,
Nağıllar sinəmə qonub, dolardı.
Nağılda Təpəgöz, divlər olardı,
Divin qorxusundan qorxub yatardım.

Ağ atlı oğlan da quyuya düşər,
Yorulmaz,qırx gecə,qırx gün döyüşər.
Ya qara qoçu,ya ağ qoçu minər,
Qaranlıq dünyadan çıxıb ötüşər.

Ağ qoçum işığa çəkərdi məni,
Qara qoç zülmətə atardı məni.
Beləcə yuxu da tutardı məni,
Simruğun belində xoşbəxt olardım.

İndi ağ,qara qoç vaxtı da deyil,
Nağıllı illərim geridə qalıb.
Hayif,bir də nağıl olası deyil,
Qayıdıb sinəmə qonası deyil.

Artıq çatıb ömrün qərib axşamı,
Səhərlərim küsüb,çəkib huşumu.
İtibdir ömrümün nağıl mələyi,
Salıbdır zindana qalan ruhumu.
12.01.2021.


MƏLİKLİ

Əziz dostlar, mən müəlliməm. Müəllim kimi ilk təyinatım rayonumuzun gözəl kəndlərindən biri olan Ostair kəndinə verildi.
Cəmi iki ay orada işləyəndən sonra zəruri ehtiyac olduğundan yerim indi işlədiyim, 40 illik əmək fəaliyyətim olan, ən gözəl dilbər guşələrdən biri olan Məlikli kəndinə dəyişildi. Həmin vaxtdan bu günə qədər Məlikli kənd ümumi orta məktəbində pedaqoji işlə məşğul oluram. 30 ilə yaxın orda məktəb direktoru vəzifəsində işləmişəm.
Əziz dostlar, mən bu kənddə pedaqoji fəaliyyətimi davam etdirməklə yanaşı bu kəndin havasıyla, suyuyla, çörəyi ilə qidalanmışam. İnsanları ilə qaynayıb qarışmışam, xeyir-şərlərinə yaramışam, qohumluq əlaqələri qurmuşam.
Əziz dostlar, mən həm də yaradıcılıqla məşğul oluram, müxtəlif mövzularda şeirlər yazıram. Bir dəfə iş otağımda yenə nə isə yazmaq istəyirdim. Birdən elə bil mənə kimsə dedi:
"Ey dili qafil, 40 il bir kəndin havasını udasan, suyunu içəsən, çörəyini yeyəsən, özünə də bir xoş kəlmə deməyib gedəsən. Bu hansı haqqa sığar?" - Bunu deyib, qələmi əlimə alıb Məlikli kəndinə elə adı ilə eyni olan bir şeir yazdım.


Binişt olmusan bir gözəl məkanda,
Vətən dadı duydum səndə Məlikli.
Haqqını itirsəm yanaram odda,
Sənə oğul oldum mən də Məlikli.

Soyuq bulaq,gözəl oylaq Quyluğun,
Məlik,Əbiş baba yadigarların,
Qoca palıd pirin,armud bağların,
Keçir ömür yolum səndə Məlikli.

Vəfalıdır oğlun,həm də qızların,
Poladdan möhkəmdir əhdin,ilqarın.
Hələ qabaqdadır çox arzuların,
Qoy çin olsun arzun eldə Məlikli.

Dözübsən mənimçün ağrı,cəfaya,
Əlimi çatdırdın haqqa, səfaya,
Heyranam səndəki əhdə, vəfaya,
Al qoynuna, qalım səndə Məlikli.

Yaradan ucalıq veribdir sənə,
Sən də qucaq açdın mərd dərd bilənə.
Əkbəri də sıxdın isti köksünə,
Qala bilməz səndən gendə Məlikli.


ƏRUSA

Əziz dostlar, rayonumuzum böyük ərazilərindən biri də Ərus kənd ərazisidir.
Deyilənə görə, Ərus kənd ərazisi qədim Oğuz ellərindən biri olub.
Elə Ərus kəndinin adı da Oğuz igidlərindən birinin adını daşıyır.
Ərus kənd ərazisinə Ərus, Tahirli, Mirimli və Məlikli kəndləri daxildir.
Ərus kəndi özü gözəl olduğu kimi orada yaşayan insanlar da çox gözəl xarakterlərə malikdirlər.
Bundan əlavə elə kənd özü də gözəl bir məkanda salınıb.
Belə bir məkan, onun insanları haqqında yazmamaq özü günahdır.


Ayırdı sevgisi məni özümdən,
Vurulubdur könlüm özü Ərusa.
Dostlarım düz anlar məni sözümdən,
Heyrandır qəlbimin gözü Ərusa.

Səsinə səs verib hər bir zamanın,
İlqarı düz olub,ucaldıb başın.
Bu dilbər guşəsi Azərbaycanın,
Veribdir etibar,gücü Ərusa.

Kimsə ola bilməz ona maneə,
Anda sadiqdir,düz çıxır vədəyə.
Yolu ucalıqdır,yüksəliş deyə,
Yaraşır dilimin sözü Ərusa.

Təzə, tər gəlindir, gözəl bir pəri,
Quzeydən boylanır nicat gözləri.
Əzəldən sevməyib fitnəni, şəri,
İsnişib haqqın da üzü Ərusa.

Əkbər əzizləyər qəlb varağını,
Görməsin elinin hicran dağını.
Yandırmaqçın odun, gur çırağını,
Veribdir ürəkdən közü Ərusa.

Əkbər Rəvan (Əkbərov),

ZiM.Az


.



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: