Bilal ƏNSƏR: "Ey şiə qardaşım, sünnü qardaşım..."

Bilal ƏNSƏR: "Ey şiə qardaşım, sünnü qardaşım..." Qardaşım

Payız fəslinin 19-cu günü idi. Məni Bakının Bakıxanov qəsəbəsində bir çayxanaya dəvət etdilər. Tez-tez görüşdüyüm yoldaşlar idi. Salamlaşıb onlarla görüşən kimi biri dedi:
- Böyük qardaş, incimə, səndən bir məsələni öyrənmək üçün buraya dəvət etmişik.
- Buyurun, dostlar, mən hazıram, fikrinizi açıqlayın.
- Qardaş, sən şiəsən, ya sünnü?
Sual müsəlman dünyasını tarixən fəlakətlərə salmış hadisələri xatırlamağa məcbur etdi məni.
Başımı qaldırıb yoldaşların nəzərlərinə fikir verdim və qətiyyətlə:
- Nə sünnüyəm, nə şiə. Mən əsl müsəlmnam, - dedim.
- Bu qardaş Sultan Səlimi, bu da Şah İsmayılı...
Yüz minlərlə müsəlmanın qardaş qırğınları barədə oxumuşdum.
- Mən öz aləmimdə qardaş qanı axıtmış onların hər ikisinə...
Bundan sonra “QARDAŞIM” şeri yarandı.


Qırır bu kəlmələr ürəyimizi,
Puç edir birləşən diləyimizi,
Laxladır bərkiyən dirəyimizi,
Qoymayın sel olsun yenə göz yaşım,
Ey şiə qardaşım, sünnü qardaşım.

Bu yolda minlərlə ölənlər olub,
Vahidi hissəyə bölənlər olub,
Hələ alışmamış sönənlər olub,
Nifrət nişanıdır hər qəbir daşım,
Ey şiə qardaşım, sünnü qardaşım.

Allah bir yaradıb biz insanları,
Bərabər paylayıb dövləti, varı.
Yarıb keçmək üçün qaranlıqları,
Əhli müsəlmandı dostum, yoldaşım,
Ey şiə qardaşım, sünnü qardaşım.

Toxunma silahın nüvəsinə gəl,
Ellərin sabahkı gur səsinə gəl,
Əhli müsəlmanın kəlməsinə gəl,
Yenidən dəyməsin daşlara başın,
Ey şiə qardaşım, sünnü qardaşım.

Məni yad doğradı, yadlar da yondu,
Çiynimə ayrılıq azarı qondu,
Parçalanan kimi iliyim dondu,
Döndü zəhərlənmiş yeməyə aşım,
Ey şiə qardaşım, sünnü qardaşım.

Mən nəhəng qüvvəyəm adım müsəlman,
İnamım, imanım, qanım eyni qan,
Allahu Əkbər de, titrəsin cahan.
Göylərə ucalsın müsəlman başım,
Ey şiə qardaşım, sünnü qardaşım.


Nəvələrim gələndə

Dünyalar mənim olur,
Sevinc qəlbimə dolur,
Köhnə çiçəklər solur,
Nəvələrim gələndə.

Qara bulud çəkilir,
Üzə gülüş səpilir,
Qəlbə dözüm əkilir,
Nəvələrim gələndə.

İradəm qayalaşır,
Sevincim aşıb-daşır.
Qəm mənlə qucaqlaşır,
Nəvələrim gələndə.

Qışda evə yaz gəlir,
Yeni xoş avaz gəlir,
Çox istərəm, az gəlir,
Nəvələrim gələndə.

03.01.2022

Bilal Ənsər,
AYB üzvü,
jurnalist


Qədir bilənlərə salamlar olsun!

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: