XATIN XANIM: Ay ürəyim, doğru yaşa...

XATIN XANIM: Ay ürəyim, doğru yaşa... Acığım gələr

Ocağımı isitməsə,
Közümdən acığım gələr.
Çörəyimi nankor yesə,
Duzumdan acığım gələr.

Yurdunda qurd ulayarsa,
Aslan quyruq bulayarsa,
Namərd meydan sulayarsa,
Dözümdən acığım gələr.

Fələk yağdırsa daşını,
Töksə gözümün yaşını,
Çəksəm minnətin naşının,
Özümdən acığım gələr.

Atma məni dağa, daşa,
Ay ürəyim, doğru yaşa.
Dönsən buza, dönsən qışa,
Sözümdən acığım gələr.


Allahimin rəhmi gəllə

Allahıma acıq getdi bəlkə də
Çox istədim,azımdan da elədi.
Yay gününün istisini istədim,
Çiçəklənən yazımdan da elədi.

Qar ələdi ayaz vurdu gülümü,
Əzab verib, çox elədi zülümü.
Qollarıma şələlədi ölümü
Yolumdan da,izimdən də elədi.

Səbr elədim,günü-günə calayım,
Qismət imiş başa gələn olayım.
Qıymadı ki ocağımı qalayım,
Odumdan da,közümdən də elədi.

Məzlum könlüm dərd içində bezardı,
Dörd bir yanım iniltidi,azardı.
Dədlərimi hərdən-hərdən yazardım,
Qələmimdən,sözümdən də elədi.

Əgər ağa kərəm etsə quluna,
İşıq səpər taleyinə,yoluna.
Dedim yanar bəndəsinin halına,
Özümdən də,dözümdən də eləıdi.


Allah deyib yaşadım

Bu dünyanın dərdi yağdı üstümə,
Kürəyimə şələləyib yaşadım.
Qara bəxtim duran gündən qəsdimə,
Taleyimə boyun əyib yaşadım.

Kimlər namərd,kim mərd oldu bu çağda,
Kimlər qoydu boğazımı bıçaqda ?!
Bir qismətim kömür oldu ocaqda,
Bir qismətim tikan yeyib, yaşadım.

Daralıbsa bu dünyanın ölçüsü,
Nə fərqi var, gileylənim, ya küsüm.
Gecəm zülmət qaralıbsa gündüzüm,
Nura həsrət, kirpik döyüb, yaşadım.

Arzu dolu,sevda dolu ürəyim,
Niyə olsun qəm-kədərin bələyi?
Başıma hey ruzigarın küləyi,
Ayağıma daşı dəyib yaşadım.

Buraxmadım ümidimin əlindən,
Qorunsam da fəryadımın selindən.
Asıldıqcsa ürəyimin telindən
Hər anında: Allah”- deyib yaşadım.


Başımı götürüm gedim

Dünyanın içində dünyam qaralıb,
Qönçə çiçəyimin üzü saralıb.
Sönüb ocağımın daşı qaralıb,
Daşımı götürüb çıxıb gedim mən.

Niyə yazıldı ki,bəxtim tərsinə,
Çox ağrı,acıya gərmişəm sinə.
Hanı qəm yoldaşım ağlasın mənə,
Yaşımı götürüm çıxım gedim mən.

Sevgisiz bir ömür cəhənnəm odu,
Bu həsrət yaxamı göz yaşım yudu.
Vəfasız dünyadan yaxşısı budu
Başımı götürüm çıxım gedim mən.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: