Azərbaycan Yazıçılar Birliyinin üzvü
ANA LAYLASI
Analar bağrına basar körpəni
Həzin-həzin layla pıçıldayarlar
Səsi ofsunlayar qərib gecəni
Asta-asta qanadlanar, ucalar
Ən şirin duyğudur ana laylası.
Avazı yuxuya qatar bal, şəkər
Mışıl-mışıl yatar məsum körpələr.
Zülmət gecə çadrasına bükülər
Sayrışar ulduzlar, ay tilsimlənər
Oxunanda şirin ana laylası.
Susar quşlar, təbiət sehirlənər
Kövrələr bulud, gözündən şeh ələr
Gülün yaxasını açar küləklər
Küllü aləm, kainat çiçəklənər
Cənnət ətirlidir ana laylası.
Məhəbbət təbəssümü hər kəlməsi
Nəvaziş naxışı, sevgi mayası
Bu dünyanın ən zərif təranəsi
Bənövşə qoxulu, beşik havası
Nəğmə çələngidir ana laylası.
Gözüyaşlı dənizin xəfif səsi
Nəğməkar bulaqların zümzüməsi.
Təbiətin göz yaşı, şux nəğməsi.
Dünya bir bağça, var min bir meyvəsi
Hamısından şirin ana laylası.
Bir dünya səadət sevgi bulağı
Körpə dünyasının nuru, işığı
Ömür karvanının ilk yaraşığı
Hər kəsin, hər yaşda arzuladığı
Özü qədər ülvi ana laylası.
Ürəkdən qopan könül inciləri
Bir çəmən çiçək ətri hər kəlməsi
Beşik başında açıb səhərləri
Dodağından qopan xeyir duası
Xoş arzu amalı, ana laylası.
Tanrının ərməğanı, hədiyyəsi
Təmannasız nəvaziş, qayğıları
Bir dünya sevinc, ümid təsəllisi
Fərəh yağan bu günü, sabahları
Nur çilənən gülüşü, göz yaşları.
Günəş doğar, aləmə nur çilənər
Xəfif bir meh çəmənə sığal çəkər
Ay buludlar arxasında gizlənər
Çəkib karvanını qaranlıq köçər
Səslənəndə şirin ana laylası.
Bir ocağın qucağında min hikmət
Bir çırağın işığı sevinc, həyat
Bir dünya təbəssüm, ən xoş təəssürat
Günləri sayılan ömrə təravət
İlahi qüdrətli ana laylası.
Möhtəşəm heyrət heykəltək ucalar
Sükuta qərq olar sirli kainat
Səmanın bağrını yarar ulduzlar
Nağıla, əfsanəyə dönər həyat
Gözəllik xilqəti ana laylası.
Ana məhəbbəti, səmimiyyəti
Təmannasız zəhməti, sədaqəti
Ata nəsihəti, fəxr, şərafəti
Həyata rəng, ömrə naxış əbədi
Min bir möcüzədir ana laylası.
Dünya bir yana, sən özün bir yana
Diz çökürəm qarşında sənin Ana.
Sən elə sehirsən könül dünyama,
İşıq həyatıma, nur çırağıma
Qurban oxuduğun şirin laylana.
Başım dizin üstə körpə uşaqtək
Zərif barmaqların gəzsin saçımda.
Sən mehriban, həssas, mən qəlbi kövrək
Varlığın hər şeyim geniş dünyada
İlhamım, sehirim ana laylası.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.