Bu gün tanınmış şair Vaqif Vüqarın doğum günüdür.
O, 15 iyun 1959-cu ildə
Daşkəsən rayonununda anadan olub.
Orta təhsilini doğulduğu Daşkəsən rayonunda alıb.
Ali təhsillidir, Gəncə Dövlət Pedaqoji Universitetinin
tarix fakultəsini bitirib.
Uzun müddət Azərbaycan tele-radiosunda işləyib.
Hazırda Gəncədə yaşayır. Əslən Göyçə mahalındandır.
Şair-publisist Vaqif Vüqar AYB-nin və AJB-nin üzvüdür.
Biz də fürsətdən istifadə edərək,
sevimli şairimiz Vaqif Vüqarı
doğum günü münasibətilə ürəkdən təbrik edir,
ona şəxsi həyatında və bədii yaradıcılıq yollarında
yeni-yeni nailiyyətlər arzulayırıq!..
ZiM.Az
AZƏRBAYCAN
Qoca Qafqaz köksündə ki,
Çarpan ürək,odlu tufan.
Bu tutandan yaranmışdır,
Başı qarlı Azərbaycan.
Milyon ildir yollar gəlir,
Sirdaş edib sevinc,qəmi.
O uludur,əbədidir
Bu dünyanın özü kimi.
Dədə Qorqud qopuzu tək,
Köklənibdi haqq səsinə.
Onda üsyan görəcəksən,
Baxsan tarix səhnəsinə.
Özü-özündən ayrı düşdün,
Səni səndən dərd ayırdı.
Bağlandıqca yollarımız
Qardaşı sərhəd ayırdı.
Doğur günəş, ağarır dan
Ey ürəyi nisgilli yurd.
Azadlığın bayrağını,
Başın üstə sən uca tut.
Sən mətin ol Azərbaycan,
Öz ahınla ısyan elə.
Keçmişini bir xatırla
Günahınla üsyan elə.
Sən bölündün zaman-zaman,
Baharımız güllələndi.
Şəhid oldu haqq deyənlər,
Məzarımız güllələndi.
Azərbaycan od timsallı
Bir yanar dağ.
Toxunmayın bu torpağa,
Odu sizi yandıracaq.
Unutmayın cənablar,
Zülümlər yerdə qalmaz.
Azadlığın aşiqi
Köləliyə qul olmaz.
Azərbaycan şimşəkdır
Od püskürər,o yansa.
O tətiyə çəkilən,
O tuslanan tüfəngdir.
Azərbaycan bir mələk,
Bir sevgidir, bir səsdir.
Onun oduyla bir an,
Oynamaqda əbəsdir.
Azərbaycan nurdur,nur
Bəxtinə günəş doğur.
Onun azadlığı da,
Zülmətlərdən doğulur.
Ey ulu məmləkətim,
Ey ulu Türk millətim.
Qisas almaq vaxtıdır,
Qılınc çalmaq vaxtıdır.
TURAN YOLU
Mənim dünənimi qaraladılar,
Susdurub qəlbimi, dondurub qanı.
Böldülər, diddilər, parçaladılar,
Bu böyük məkanı Azərbaycanı.
Fikirlər çaşdırıb bu Turan yolu,
Dan özünü tələbə bax tələbə.
Təkcə Türk olmayım bu ad qorxulu
Məni oxşatdılar farsa, ərəbə.
Əyə bilmədiniz ruhu, inamı
Əysəniz də qamətimi, qəddimi.
Sürgünlər,məhbuslar, ölüm karvanı,
Mən necə unudum otuz yeddini.
Bir əlində silah,bir əlində gül
Həmişə silahın mənə tuşlanıb.
Nifrətin,qəzəbin onu yaxşı bil,
Bu torpağa, bu Vətənə tuşlanıb.
Bizim haqqımızı bölüşdünüzsə,
İstər Türkmən olsun, istərsə Özbək.
Harda Türk soyuna rast gəldinizsə
Dediniz silinsin dünyadan gərək.
Oxuyun min duyğu,oxuyun min söz
Allahı bir,sevgisi bir Quranda.
Bir niyət yolunda sövdələşibsiz,
Qiyam edirsiniz hələ Turanla.
Nə erməni vardı, nə də dövləti
Köksüz dam otuna bənzəyir bu ad.
Çox-çox yaxındadır öz fəlakəti,
Öz məzar daşını gözləyir bu ad.
ZƏFƏRDƏN ŞEİRİMƏ SEÇDİM YENİ AD
Çatıb qaşlarını bir az fikrə dal,
Misramı təzədən səpim göylərə.
Sən məni ölümün caynağından al,
Apar azadlığın doğduğu yerə.
Sabaha aparan salam görürəm,
Ətəyində bulud,başında günəş..
Manqurt qiyafəli adam görürəm,
Susuz bir səhradır bitib,göyərməz.
Naməlum məzara adımı yazın,
Mənim kirpiyimdən ölüm asılar.
İntiqam hissini sel aparmasın,
Şəhidi olmayan Vətən basılar.
Nifrətdir qaynayıb,nifrətdir coşan
Şəhid anasına söz ver danışsın.
Yuyunsun dağ-dərə göz yaşlarından,
Dənizdən-dənizə axıb qarışsın.
Yurdun da üşüyür sönsə od-ocaq,
Səni çağırırlar bir özgə adda.
Ey igid,babanın yatdığı torpaq,
Qalsa bir düşmənin ayağı altda...
Minib səyirdirəm yel qanadlı at,
Uzun yolun müsafiri mənəm mən.
Zəfərdən şeirimə seçib yeni ad,
Əbədi ünvana tələsirəm mnə.
SALAM, ULU MAHAL
Salam, Göyçə gölü, qos-qoca yurdlar,
Ətəyi yamyaşıl, başı qarlı dağ.
Bir dərviş sayağı gəzən buludlar,
Bağbansız göyərib, bitən bagca-bag...
Mən qaçqın doğuldum, yurd, yuvam əsir,
Keçmişim canlanır hər daşın altda.
Öpüb,oxşadığım qayalar bir-bir,
Yastıq əvəzidir başımın altda.
Salam, ulu Mahal, bir xəbər elə
Dədə Ələsgəri oyat yuxudan .
Qoy avaz yayılsın çəmənə,çölə,
Yalvarıb,diz çöksün düşmən qorxudan.
Bu yol Zəngəzurdan keçib, gedəcək,
Bu yol İrəvana aparır bizi.
O gün yaxındadır, O gün gələcək,
Bayram edəcəyik qələbəmizi...
SAZ ÇALIRAM...
Saz çalıram,
tellərində nakam eşqin
Pıçıldayan nəğmələri.
Bir də dəli,dolu
mərd Domrulun
haray çəkən nərələri..
Ruhumu göturüb aparır
Əlim yetməz,
ünüm çatmaz
zirvələrə.
Ərzurumun gədiyində,
Mən bir eşqin haray çəkən
naləsini eşidirəm,
Gəncə hey...
Saz çaliram,
Dədəm Qorquda bənzəyən,
Bir axşamın üzündə ki,
ulduzlara
baxa-baxa kövrəlirəm.
Bir Qaraca
arzularım boy verdikcə
səhərlərə,
İşıq yağır,
nur səpilir dan yerinə.
Mən bir ovuc bulud kimi,
Yerlə,göyun arasında
Köçümü çəkib gedirəm..
Saz mocüzə,saz bir sehir,
Dunyamızın danışdığı
Bir əbədi
söz dilidir...
Mən bu dildə
salam verdim,
Canlı bilib,baş endirdim
Otun,suyun varlığına.
Duymadınsa
bu mənanı,
Demək şair doğulmadın.
Saz çaliram,
gözlərimdə gilə-gilə
əriyir qəm,
Anamın laylasıni
pərdələrə toxuyuram,
Simə ərmağan edirəm...
YEDDİ QARDAŞ ƏFSANƏSİ
Ulu Qoşqar...
Bu möhtəşəm qarlı dağın,
Ətrafında Yeddi qardaş,yeddi hünər.
Yeddi qala tarixin sirli qucağı,
Xəyalların yaratdığı əfsanələr...
Hər kiçik daş bir qayadan qopub düşüb,
Qaya ərdir dərələrə keşik çəkən.
Yollarından nəsil-nəsil insan köçüb,
İgidləri tufan yarıb,bulud sökən.
Dağlar elə cavan qalıb göz qoyuram,
Hər gün günəşlə öpüşür sevgili tək.
Son baharın bəstəsini oxuyuram
Duman qalxar,çən bürüyər seyrək-seyrək...
Bu fanilik dünyasına mənim deməz,
Zirvələrə tələsirəm addım-addım.
Zirvə soyuq,bircə dəfə gülümsəməz,
Çiçəyini yuxusundan oyatmadım.
Bu Yeddi dağ,Yeddi qardaş yurd əsəri,
Kimlər yazıb Tanrı bilir doğrusunu.
Adəm oğlu doğulduğu gündən bəri,
Dağda gəzir ölümsüzlük duyğusunu...
Quşlar ötür dəstə-dəstə,qatar-qatar,
Hər əfsanə bir duyğunun surətidir.
Ağlımızın kəsmədiyi nələri var,
Bəlkə dağlar yerlə, göyün vəhdətidir...
OXU MƏNİ
Oxu məni
cümlə-cümlə,
sətir-sətir,
Gözlərimdə
dolaşan qəm,
İndi köçüb kağızdadır.
Zaman mənə
yazdırdığı beş on kəlmə
şeirlərim,
Neçə-neçə ağızdadır.
Mən bir qaya parcasıyam,
Qopdum dağın zirvəsindən.
Dərələrə yuvarlandım...
Bir kimsənin
xəbəri yox.
Sındım soyuq baxışlarda,
sındım min yol.
Vətən,
sənin vəfan bumu,
Övladını tanımadın.
Görkəmimdən
bir mühacir səs tanıdı,
Bildi şair olduğumu....
ŞƏHİD AĞACLARIN...
Şəhid ağacların
səsini eşidən olmadı
bir kərə,
Qara qarğa tustülərin
karvanına
yol göstərirdi,
Özü bir qaya başında.
Torpağın nəmli üzündə
anaların
göz yaşıydı.
Buludlarsa sallamışdı
qollarını,
Bir az incik,bir az da pərt.
Yas tuturdu,kəfən biçib,
adamlığın edam günü...
Adını da unutmuşdu
haqqam deyən,
Bir gecənin qaranlığı
sevgiləri udurdu,
Gözüdoymaz əjdaha tək.
Ağaclar da şəhid oldular,
Bir abidə qoyulmadı
ağaclara...
Ölüm müjdə gətirirdi,
Yeni cocuq doğulurdu.
Şəhidliyin zirvəsinə
tələsirdi
Bircə damla işıq gəzən.
Gördüyümüz bütün varlıq,
Çəmən,
ciçək ayaq altda
ölüb getmiş.
İnildəyən qara torpaq
Başdan-başa bir məzarlıq...
Qisas qiyamətə qalmaz,
O gün gəldi
diz çökdülər bayrağima.
44 gün od ələdik
düşmən üstə.
Daha duruş gətirənməz,
Div də çıxsa güzarıma.
Ağ göyərçin pərvaz edib,
Bir muştuluq aparırdı
Qələbədən
Şəhidlərin məzarına...
Gəncə şəhəri..
BU GÜN MƏNİM DOĞUM GÜNÜMDÜR...
Bu gün mənim doğum
günümdür,
Bilmirəm ki, ağlayım,
ya sevinim, ya gülüm.
Ömür çaylar kimidir
axıb gedir beləcə,
Dodağında təbəssüm,
Bir də qüssə,möhnət, qəm.
Ürəyimdə duyğular,
kövrək buludlar kimi...
Gah boşalıb, gah dolur,
dəyişdikcə bu aləm.
Bu gün mənim doğum
günümdür,
O gün ən cox sevinən
atam olmuş deyirlər.
Muştuluq da almışlar,
verib göz aydınlığı...
Bu gün də beləcə düşünürəm
Dərdi daşımaq üçün
doğulurmuş şairlər.
Bu gün mənim doğum
günümdür,
Bir az səhərlərin
yanaqları qızarmış,
Bir az da həzin-həzin
küləklər əsir.
Nəvəm qaçır üstümə
təbrik üçün tələsir...
Ən çox sevdiyim anam,
Müdrik baxışlı atam.
Nakam köçən
qız balam
Ey dili lal məzarlar,
Gələn mənəm dilimdə
Bir gecənin nağılı...
Sizə salam gətirdim
nağıllaşan ömürdən.
Bu gün mənim doğum
günümdür,
Ey köç edən durnalar,
Ey qızaran səhralar...
Bir köçəri ömurlə,
Yola çıxdım bu səhər.
Bir əlimdə qızılgül,
Bİr əlimdə ağ varaq,
Qartal salam verirdi,
başım üstən uçaraq...
DOĞUM GÜNÜMÜ TƏBRİK EDƏN DOSTLARA
TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM.
SABAHIN ŞAİRİNƏ
Ağ atinı capa-capa gələn şair,
Sabahın da ağrisı var,acısı var.
Sabahın da dar ağacı böyüyəcək,
Vadilərdə yalqız gəzən qurd ulayar.
Neçə bahar gecikəcək görüşünə,
Üz-gözünə sovuracaq külək qarı.
Neçə köntöy, neçə soyuq baxışlarda
Əriyəcək ürəyinin arzuları...
Böyüyəcək duyğuların pərvaz edib,
Bir təbəssüm, bir sevgini doğan yerdə.
Qəzəbindən od yağacaq şehin üstə,
Ot göyərməz nahaq haqqı boğan yerdə.
Baş söykəyib layla deyən buludlara,
Dəryalara axacaqsan bir nehir tək.
Min gözəllik baş qaldırıb canlanacaq,
Göz önündə bir möcüzə,bir sehir tək.
Yolun üstə bir dilənçi əl açacaq,
Saralacaq yarpaq kimi əlində söz.
Torpaq şəhid bitirəcək gül əvəzi,
Səngər-səngər gəzəcəksən dilində söz.
İnsan ölür heykəl olur, heykəlsə daş,
Bir çinarın kölgəsində bitəcəksən.
Adamlara qoşulub sən görmədiyin
Bir məkana baş götürüb gedəcəksən.
Yaltaqlıqdan gözü qıyıq, bir hiyləgər
Addım-addım yollarına tor quracaq.
Bu yol bitməz, çatanmazsan mənzilinə,
Mən-mən deyən köhlənini yol yoracaq...
Könlum hələ yazmadığı mövzu qalır,
Haydı,tələs yaxınlaşır vida vaxtı.
Gələcəyin doğulacaq şairinə
Sən bağışla yeri, göyü,kainatı...
DÜNYA VARLIQ DÜŞƏRGƏSİ
Qartal dağlar qucağında can verəcək,
Boz çöllərin yalquzağı nədən təkdir.
Dəvə səhra yolçusudur bir ömürlük,
Dəniz quşu dənizlərdə öləcəkdir.
Təbiət də yaxşı, pisə bölünmüşdür,
Xəyal karvan çəkib gedir uzaqlara.
Kim qarğıyıb eşqi yoxsul,rəngi solğun
Bircə damla yaş düsməyən səhralara...
Göy ucadır,yer aşağı nərdivansız
Eniş də var,yoxuş da var hündürlükdə.
Gördüyümüz tutqun aləm insan kimi,
Yaşıl,sarı,qara,bomboz bir örtükdə...
Bu da Tanrı sirləridir açılmamış,
Dəvəquşu göy üzünə boy atmayıb.
Zirvə qartal oylağıdır,dərə çaqqal,
Sürünəni uçmaq ücün yaratmayıb.
Dünya varlıq düşərgəsi, bir bölünmüş
Tək məkandır əli isti,uzü soyuq.
Xəyal çatmaz sirli göyün taxtı,tacı,
Əbədiyyət şahlıq edən bir sonsuzluq...
Göy qurşağı tablosudur üfüqlərin
Bənzərsizlik de nələri yada salır.
Rəngdən-rəngə düşən dünya, gündə min yol
Şəkil kimi tez dəyişır, izi qalır...
QİSMƏT OLSA
Sərhəd-sərhəd keçib getdin sən xəbərsiz,
Aramızda məsafələr uzaq oldu.
Əlim sənə çatmadı heç bircə dəfə,
Köksümdə eşqim qarıdı, can yoruldu.
Kökləndikcə bir qürbətin havasına,
Ötür,getsin sən qapıdan dərdi bir-bir.
Birdə geri dönməyəcək gəncliyimiz,
Bir də bu söz bir quruca təsəllidir.
Məyus üzdə bir ehtiyac duyan zaman,
Əzizləyib,oxşamadı qoca şəhər.
Sevməyi də yasaq etdi həyat mənə,
Gözlərimdə heykəlləşdi xatirələr.
Əldən düşüb, dağdan aşan günəş kimi,
Qürub edən ömrümüz çoxdan yarıdır.
Can evimi tərk elədi köçəri quş,
Köçüb,gedən taleyimin baharıdır.
Budağımdan yarpaq düşür, udur külək
Göy üzündə quş olardım mənə qalsa.
Unutduğum eşqi gülüm, sən öyrətdin,
Təkcə səni sevə bildim qismət olsa...
EY ŞEİR ALLAHIM
Ey şeir Allahım, hüzurunda mən
Min istək dilərəm, min yalvarışla.
Atımı çapıram söz cıdırında,
Büdrəsəm,yıxılsam məni bağışla.
Rəngbəng görünür duyğularımız,
Nadanlıq sevginin dar ağacıdır.
Ölməz mənaların mən bağbanıyam,
Yaxşı söz ilhamın bar ağacıdır.
Ey şeir Allahım, bir parça nur ver,
Niyətlə,istəklə bir xoş məramla.
Döyüm qapısını qoy səhərlərin
Eşq ilə, zövq ilə,bir ehtiramla.
Ey şeir Allahım, mənə əzab ver
Yanım misraların alovunda mən.
Qoy tufan götürüb aparsın məni
Quşlar ötüb keçsin başımın üstən...
Ey şeir Allahım, İçdiyim sözdən
Ruhum ayılmamış hələ də dəmdir.
İnsanlıq dərs alır bir qarışqadan,
Adicə yarpaq da bir möhtəşəmdir.
Külək də, bulud da,çay da tələsir
Hər kəs yol üstədir ay da,ulduz da.
Yaşanan günlərin adı ömürdür,
Bizə həqiqəti göstər bir az da...
Şeirin əbədi oylaqlarında,
Həyat istəyirəm, ölümsüz həyat.
Bir başqa varlığın qiyafəsində
Öldür şairini, təzədən yarat...
Ey şeir Allahım, umacağım yox
Quruca kölgədir şöhrət də, şan da.
Qürub dəryasında batsam da hər gün,
Mən də doğuluram günəş doğanda...
ÖMÜR HİCRAN YUVASI
Anadil quşunu çox sevirəm,
Bir az bənzərimiz var.
Səsindəki kövrəklik
göy üzündə dolaşan,
Nakam gəlin ananın
qəmli laylaları tək,
girər yuxularıma.
O səs mənə tanışdır,
dünya bina olandan.
Bir ay işığında
duyğuları oyadıb,
Bu quşçuğaz oxuyur.
Eh,
Anadil ruhumla,
Tutqun qara üfüqlər
ətəyində gümüldər...
İçdiyi ovuc-ovuc
Bulud göz yaşlarıdır.
Faniliyi duyan gün,
Əbədiyyət dalınca
Qanad çaldı sərasər,
Yenə çata bilmədi.
Ömür hicran yuvası
olan gündən
gecələr.
Oxuduğum nəğməmi
Bu quşçuğaz bəstələr ...
SON ETİRAF
Etirafın mənzilində
gecələyən peşmanlıq,
Söz dilənir sabahlardan.
Gözündəki dar ağacı,
Bir də
ölum qorxusudur.
Həyat,ölüm arasında
körpü salan
Səddam imiş.
Gülüşləri itğın düşüb,
Yaxasına kədər qonub.
Bizdən
xeyli uzaqlarda,
Bir qaraquş karvanında
tufan calan
Cənnət,cəhənnəm marşıdır.
Firon
nağıl qəhrəmanı,
Nə təxti var,
nə də bəxti.
Ondan qalıb quruca ad.
Bozaran buludlar,
bir də
İtib, batmış məmləkəti...
Son etiraf,
son yarpaqdı
Səhərəcən mürgü döyən,
Həyat adlı bir ağacın
budağından asılmışdır.
Köçüb getmiş bu dünyadan
Bir Səddam var,
ünvanı yox.
Etirafı göyə səpib,
Gəzir
qorxu şəkilində...
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.