XƏYALƏ YAĞIŞLI (1987)

XƏYALƏ YAĞIŞLI (1987) Xəyalə Yağışlı (Xəyalə Şıxnəzər qızı Yağışova) - 1987-ci ildə Xaşmaz rayonun Çinartala kəndində ziyalı ailəsində doğulub. Elə indi də doğma Xaçmazda yaşayıb-yaradır. Tam orta təhsillidir.
Şeirləri müxtəlif poeziya antalogiyalarında, ədəbi məcmuələrdə və bir çox dövri mətbuat orqanlarında çap olunub.
“Zirvə”, “Qızıl qələm”, “Xan qızı Natəvan” “İlin vətənpərvər şairi” mükafatları laureatıdır.
Subaydır.
Biz də Xəyalə xanıma yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

ZiM.Az


İNSAN ÖMRÜ

Xəyallardan boylanan,
Yol gözlərdən ötərmiş.
Bəzən sevinc, bəzən qəm,
Bu yollarda itərmiş.

Gah bahardan, gah qışdan,
Buludlardan, yağışdan,
Milyon-milyon naxışdan,
İnsan ömrü ötərmiş.

Gah quş olub səmada,
Gah dağ olub, gah ada,
Bir iz qoyub dünyada,
İnsan ömrü bitərmiş....


MÖCÜZƏSƏN

Gözlərinin saçdığı,
Nur, yolumda günəşdi.
Baxışınla yaz olub,
Dünyam tamam dəyişdi.

Möcüzəsən, sehirsən?
Söylə görüm nə işdir.
Nəfəsinlə qəm, kədər,
Yox olub, ərimişdir.

Sən Tanrının göylərdən,
Göndərdiyi mələksən.
Ən gözəl,ən sevimli,
Ətirli çiyələksən.


İNSAN KİMİ İNSAN OLAQ

Uyma bu dünyanın gəl sərvətinə,
Bağlanma bu qədər malına,dostum.
Vaxt ayır özünə,sanma özün tək,
Bir kimsə yanacaq halına, dostum...

Unudub özünü, çıxarıb yaddan,
Atılma qoynuna boş xəyalların.
Olma sən əsiri, nəfsinin qulu,
Dumanlı, çiskinli, daş xəyalların...

İnsan kimi insaq olaq bəs edər,
Tanrı verən zərrə də bir dünyadır.
Pisliyə yox deyək böyük günahdır,
Yaxşılıqla ömür bir tər dünyadır.


ZAMAN ALIR, VAXT ALIR

Bu gələn ayrılığın,
Soyuğu qışdan betər.
Daş bağlayan ürək tək,
Sərtliyi daşdan betər.

Küləyi bir başqadır,
Yağışları sel kimi.
Qəlbimizdən qırılan,
Lap incə bir tel kimi.

Sevdamızın başında,
Qara bulud, çən durub.
Ömrümüzdə yer alıb,
Yuva qurub, gün qurub.

Bu gələn ayrılığın,
İnsafı yox zərrə də.
Getməyə yol açırıq,
Ayaq basmır yerə də.

Ayırmağa çalışır,
Bu sevən qəlbimizi.
Yıxmaq üçün an güdür,
Bu bahar evimizi.

Biz qapıdan qovuruq,
Yol alır pəncərədən.
Anlamır, bu sevdanı,
Bəxş eləyib yaradan.

Çalışmağı əbəsdir,
Zaman alır, vaxt alır.
Sadəcə ömrümüzdə,
O kölgədə,yox qalır.


QƏLBİ GÖZƏL ADAMLAR

Qəlbi gözəl adamlar,
Gələcəyin barıdır.
Sərvətidir dünyanın,
Qürurudur, arıdır.

Vicdanla düşünərək,
Vicdanla addımlayar.
Ucaldıb insanlığı,
Ön sıralarda sayar.

Qəlbi təmiz adamlar,
Çirkinlikdən uzaqdı.
Hər işdə,hər peşədə,
Hər an üzləri ağdı.

Qəlbi gözəl adamlar,
Gözəl düşünər hər an.
Olduqları hər yeri,
Gözəlləşdirər hər an.

Özləri bir dünyadır,
Bu dünyanın içində.
Bir möcüzə, bir sehir,
Var onların gücündə.

Qəlbi gözəl adamlar,
Mələyidir dünyanın.
Baharıdır, yazıdır,
Üşüyən hər bir canın.


TUTDUM HAQQIN TƏRƏFİN

Mən hər zaman haqq olub,
Tutdum haqqın tərəfin.
İnsan gərək dünyada,
Uca tutsun şərəfin.

Haqqın yolu Allaha,
Kəsilməz sonu yoxdur.
Bir donu,bir üzü var,
Min cürə donu yoxdur.

Haqq olana haqq demək,
İnsanlığın işidir.
İnsanlıq yer üzündə,
Ən ali bir peşədir.

Bir çoxları nahaqqa,
Haqq deməyə öyrəşib.
Yeriyərək bu yolda,
Mahir olub, lap bişib...


QIŞ OLMASAYDIN ƏYƏR

Sənin üçün ay olub,
Zülmətinə yanardım.
İtirəndə yolunu,
Səmadan boylanardım.

Nur ələyib həmin an,
Qoymazdım ki azasan.
Dolanıb boş,vaxtını,
Zamana uduzasan.

Olsaydın əyər dürüst,
Sevgimə tən, bərabər.
Ayrılıqdan çox uzaq,
Bax indi, şən, bərabər.

Mən sənə yaz olardım,
Qış olmasaydın əyər.
Bitirərdim, gül, çiçək,
Daş olmasaydın əyər.

Mən sənə bir ömürlük,
Sevinc olardım, inan.
Tanımazdın qəm nədir,
Bahar olardı dünyan.

Qışı seçdin, qış oldun,
Həsrətini qucaqla.
Közlərinə isinib,
Üşüdüyün ocaqla.


TUTULDU GÖYÜN ÜZÜ

Axı necə itirdim,
Səni necə, bir anda.
Gözlərimdən yox oldun,
Hansı çəndə, dumanda.

Axı hava günəşli,
Yağmuru da yox idi.
Gül-çiçək ətrafımız,
Sevincimiz çox idi.

Necə oldu yolumuz,
Ayrıldı birdən, birə.
Atdı bizi ayrılıq,
Bu həsrət göydən yerə.

Tutuldu göyün üzü,
Bircə anda qaraldı.
Bu sevda qəlbimizdə,
Bir gül olub saraldı.



==============


YER ÜZÜNÜN TANRISI
ANA


Yoxdur tayın dünyada,
Sənin tək bir varlığın.
Sən açırsan qapısın,
Hər çətinin, darlığın.

Duaların tez yetir,
Göy üzünə, Tanrıya.
Yer üzünün Tanrısı,
Deyərdim mən Anaya.

Qaldırdığı əlləri,
Boş çevirmir İlahi.
Analar gülməyəndə,
Məncə gülmür İlahi.

Yaz yetirir yaz desə,
Çox yetirər az desə,
Gəlin deyək baş üstə,
Analar bir söz desə.

İncitməsin bir övlad,
Qırmasın Ana qəlbin.
Qoymasın incik düşüb,
Od olub yana,qəlbin.

Analar təmmənasız,
Sevərlər öz övladın.
Gündüz deməz,nə gecə,
Qoruyar öz övladın.

Ana qədri bilməyən,
Xeyir tapmaz dünyada.
Baxmaz onun üzünə,
Sevinc ilə,dünya da.

Analar övladların,
Qoruyucu mələyi.
Xoş gün olar övlada,
Hər arzusu, diləyi...

İncitməsin bir övlad,
Qırmasın Ana qəlbin.
Qoymasın incik düşüb,
Od olub yana,qəlbin.

Anam başda olmaqla Allah qorusun dəyərli Analarımızı!


Tanrı sizə yar olsun!

İki qardaş respublikanın -
Azərbaycanın vƏ Türkiyənin prezidentləri
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana


Tanrı sizi qorusun,
Çox görməsin bizlərə.
Dağ olasız hər zaman,
Düşmən baxan gözlərə.

Bu dostluq, bu qardaşlıq,
Yaşayacaq əbədi.
Həm dərdi,həm sevinci,
Daşıyacaq əbədi.

İki böyük, dağ adam,
Tanrı sizə yar olsun.
Baxdıqca düşmənlərin,
Qoy nəfəsi daralsın...


***

Sənki gözlərimdə ayrı dünyasan,
Dünyanın içində, öz dünyam kimi.
Qəlbimin səsiylə hey dinlədiyim,
Xəyaldan boylanan göz dünyam kimi.

Sənki günəşimsən, ayımsan, canım,
Səninlə qışı da bahar bilirəm.
Üşümür ürəyim bu soyuq qışa,
Nə yağış bilirəm, nə qar bilirəm.

Sənki nəfəsimsən, aldığım nəfəs,
Qəlbimdə yaşayan məhəbbətimsən.
Bir ömür bitməyən, heç tükənməyən,
Ən gözəl sözümsən, sən, söhbətimsən.


***

Çalışaq ki, həyatda,
Dürüst olaq biz gərək.
Əyriləri əyri tək,
Düzləri də düz görək...

Qarışdırıb qatmayaq,
Biz qaranı ağlara.
Səhv düşünüb, səhv olub,
Batmayaq günahlara.

Doğru elə doğrudur,
Oğrular da oğrudur,
Bu dünyanın canında,
Əyrilər, qəm, ağrıdır.

Tanrı bilir kim nədir,
Haqq söz onun,sonunda.
Ayırd edir tikanı,
Gəzsə də gül donunda.

Tərif edib başlara,
Keçirməyək başsızı.
İnsanlıqdan kəm,kəsir,
Gözü üstə qaşsızı....


***

Tanrı bilir kim nədir,
Haqq söz onun, sonunda.
Ayırd edir tikanı,
Gəzsə də gül donunda.

***

Sən gedərkən yaz idi,
Qayıtmısan payızdı.
Göyün üzü buludlu,
Hava yaman ayazdı...

Çox gözlədim baharda,
Sən gəlmədin qışda da.
Bitsə də gül, çiçəklər,
Qayada da, daşda da.

Ötsə də çox fəsillər,
Üşüsə də ürəyim.
Bu sevdanın yükünü,
Tək daşıdı kürəyim.

Bilmədi qış,qar nədir,
Gözlərim,yol çəkirdi.
Ümidlərim şam kimi,
Tükənirdi,bitirdi...


***

Hərə bir cür yaşayır,
Bir ömürlük ömürü.
Yalan ilə yoğrulub,
Bir çoxunun xəmiri.

İnsan kimi yaşayıb,
Qalmadılar, İlahi.
İnsan kimi bir insan,
Olmadılar, İlahi.

Bəxş etdiyin ömürə,
Geydirdilər min libas.
Unutdular sadəcə,
Çabaları çox əbəs.

Adam kimi adam da,
Olmadılar, İlahi.
Sevgi olub qəlblərə,
Dolmadılar, İlahi.

Şeytana əl uzadıb,
Şeytana tay oldular.
Qazdıqları quyuya,
Düşərək, zay oldular...


***

Yollar çoxdur həyatda,
Əyrisi var, düzü var.
Düz yolların bahar tək,
Naxışı var, izi var.

Çalış ki,düz yolla get,
Əyri yollar daralır.
Sanma günəş doğacaq,
Bu yolda,gün qaralır.

Əyri yollar tikandan,
Daşdan ibarət olar.
Min cür kələk düşünən,
Başdan ibarət olar.

Düz yol ilə gedərsən,
Qucaq açar dünya da.
Yaşayarsan firavan,
Sevinc ilə,dünyada....


***

Payızda yaz havası,
Gül qoxuyur buralar.
Qorxuram bulud gələ,
Göyün üzü qaralar...

Yağış düşər,qorxuram,
Gül hava nəm qoxuyar.
Sevincləri oxuyan,
Bülbül də qəm oxuyar.

Palçıq olar yolumuz,
Bulanar üst,başımız.
Çətirimiz də yoxdur,
İslanar göz,qaşımız.

Qəm olar əhvalımız,
Yağışlı mənzərədən.
Ayırar vaxt,vədəsiz,
Gözlərini gözümdən...


***

Hərə bir cür yaşayır,
Bir ömürlük ömürü.
Yalan ilə yoğrulub,
Bir çoxunun xəmiri.

İnsan kimi yaşayıb,
Qalmadılar, İlahi.
İnsan kimi bir insan,
Olmadılar, İlahi.

Bəxş etdiyin ömürə,
Geydirdilər min libas.
Unutdular sadəcə,
Çabaları çox əbəs.

Adam kimi adam da,
Olmadılar, İlahi.
Sevgi olub qəlblərə,
Dolmadılar, İlahi.

Şeytana əl uzadıb,
Şeytana tay oldular.
Qazdıqları quyuya,
Düşərək, zay oldular...

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: