1958-ci ildə Şəki şəhərində anadan olmuşdur.
Ali təhsillidir. Ailəlidir.
Çoxsaylı şeirlərin, hekayə və məqalələrin müəllifidir.
Ədəbi yaradıcılığa orta məktəb illərindən başlamışdır.
İlk şeiri "Atamdan öyrənmişəm" adlı şeir olmuşdur.
Əsərləri "Şəki Bələdiyyəsi", "Mədəniyyət Qalası", "Haqqın sədası", "Oxu Məni", "Həkəri" qəzetlərində, "Şəkidən gələn səslər" almanaxında, eləcə də Türkiyədə nəşr olunan "Çorum Sunqurlu" qəzetində və "Hece Taşları" dərgisində, Qırğızıstanın Bişkek şəhərində Özbək dilində nəşr olunan "Замонавий Oзарбойжон шеьрияти" almanaxında dərc olunmuşdur. Şeirlərindən nümunələr Özbək dilinə tərcümə edilmişdir.
Biz də Musa Ağasəf oğlu Həşimova yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az
QƏLBƏN BAĞLI OLAQ AZƏRBAYCANA
Gəlin, yaşamayaq baş girləməklə,
Yaşayaq, ucalaq işlə, əməklə.
Ülvi duyğularla, saf bir diləklə
Qürurla, istəklə duraq yan-yana,
Qəlbən bağlı olaq Azərbaycana.
Başının üstündə üçrəngli bayraq,
Bizlərə mirasdı bu ana torpaq.
Can-başla Vətənin qeydinə qalmaq
Şərəf borcumuzdur, baxsaq hər yana,
Qəlbən bağlı olaq Azərbaycana.
Onun hər qarışı müqəddəs ocaq,
Bizə gəl-gəl deyir, açıbdı qucaq.
Oğlu da, qızı da qoçaqdan-qoçaq.
Sevgisi hopubdu ürəyə, qana,
Qəlbən bağlı olaq Azərbaycana.
Vətən torpağıdır bizə əmanət,
Onu sevməyənin zatına lənət.
Kimin canında var qeyrət, dəyanət
Bir dəm imkan verməz alışıb yana,
Qəlbən bağlı olaq Azərbaycana.
Arzular, diləklər doludan-dolu,
Getdiyimiz yoldur azadlıq yolu.
Onun hər tərəfə uzanır qolu
Heyfimiz gəlməsin quru bir cana,
Gərəksə can qurban Azərbaycana.
XAN ÇİNAR
Dayanıb tək-tənha qoca Xan Çinar,
Bilən yox, nə qədər yaşı var onun.
Üstünə nə qədər xəzan əsibdir,
Nə qədər incidib boran, qar onu.
Uzaq keçmişlərdən canlı yadigar,
Tarixin qatları zolaqlarında.
Min dəvə qatarı sirri yaşadır,
Göylərə uzanan budaqlarında.
Tək-tənha dayanıb böyük vüqarla,
Neçə ağa görüb, neçə xan görüb.
Kim bilir başına nələr gəlibdi,
Neçə viran qalan xaniman görüb.
Yüzillər yanından keçib gedənin,
Yolda yorulanın arxası olub.
Günəşdən qoruyub neçə yolçunu,
Dərdinin məlhəmi, çarası olub.
Sarsıda bilməyib onu tufan da,
Başını dik tutub göylərə sarı.
Uzun illərdi ki, böyük vüqarla,
Dayanıb seyr edir doğma diyarı.
Doğma torpağından su içib o da,
Böyüyüb, boy atıb, yaşa dolubdu.
Torpağa göstərib etibarını,
Doğma el-obaya həmdəm olubdu.
Dayanıb tək-tənha, səssiz-səmirsiz,
Yolunu yanından salan yox daha.
Budaqlar uzanıb, əl açıb göyə,
Yəqin dua edir Qadir Allaha.
“MƏNSİZLİYƏ ALIŞ, GÜLÜM”
Bir yaxın gəl, eşit məni, can sirdaşım,
Çox bəlalar, müsibətlər çəkib başım.
Qocalıram, altmışı da keçib yaşım.
Qismətinlə, taleyinlə barış, gülüm
Yavaş-yavaş mənsizliyə alış, gülüm.
Bu dünyaya gələn hamı köçüb gedir,
Bu körpüdən qoca, cavan keçib gedir,
Əcəl adlı şərbətini içib gedir,
Köç etməyə keçirilir yarış, gülüm
Yavaş-yavaş mənsizliyə alış, gülüm.
Hər vaxt səni saxlamışam gözüm üstə,
Söz qoymadım bircə dəfə sözün üstə.
Səndən ötrü yeriyərəm közün üstə
Ara-sıra öz-özünlə danış, gülüm.
Yavaş-yavaş mənsizliyə alış gülüm.
İşıq-zülmət, bu dünyanın sağı-solu,
Yeriyirik, gedilən yol Haqqın yolu.
Həyat-ölüm, o da ulu, bu da ulu.
Tənhalığa alışmağa çalış, gülüm.
Yavaş-yavaş mənsizliyə alış, gülüm.
HƏSRƏTİM HƏMDƏMİM MƏNİM
Dərindədir mənim yaram, görən yoxdur,
Mən həsrətə, qəm, kədərə bürünmüşəm.
Harayımı eşidən yox, bilən yoxdur,
Pərən-pərən olunmuşam, bölünmüşəm.
Xan Arazım qəmli-qəmli axıb gedir,
İki taya yana-yana baxıb gedir,
Dərdlərini öz içinə yaxıb gedir,
Mən bu tayda süd yerinə qəm əmmişəm.
Gözüm yoxdu özgəsinin torpağında,
Gözüm yoxdu aranında, nə dağında.
Fikrim gəzir çəpərlərin o tayında,
Mən bu tayda külə dönüb ələnmişəm.
Xan çinaram, budaqlarım vurulubdu,
Ruhum, hissim od içində qovrulubdu.
Arzum, kamım öz içimdə boğulubdu,
Bir dəfə yox, dəfələrlə kələnmişəm.
Var olsam da vətənimin bu tayında,
Harayım var Təbrizimin harayında.
Zəncan, Əhər, Ərdəbilin sorağında,
Nalə çəkən nəğmələrə köklənmişəm.
Mümkündümü ayrılığa ürək dözə,
Qəm gölündə gecə-gündüz üzə-üzə.
Gücüm çatır bir qələmə, bir də sözə,
Ayrılığın libasına bələnmişəm.
Dərdlərimə həmdəm olan fərd gəzirəm,
Dilim dönmür deyim ki, mən mərd gəzirəm.
Yuxumda da hey o tayla əlləşirəm,
Xəyalların dumanına bülənmişəm.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.