Əsəd TƏHLƏLİ: Mən dərd şairiyəm...

Əsəd TƏHLƏLİ: Mən dərd şairiyəm...
ƏSƏD ƏLİYEV (1961)

Əsəd Əliyev - 6 iyul 1961-ci ildə qədim Qarayazı (indiki Qardabani) rayonunun Ağtəhlə kəndində dün­yaya göz açıb.
H.Zərdabi adına Gəncə dövlət Pedaqoji İns­titutunu bitirib. Doğma kəndində müəllim işləyib.
«Dan ulduzu» ədəbi məcmuəsində işıq üzü görmüş «Tele­fonda ağlayan səs», «Dünya baxsa ərizəmə» (1987), «Günaha bağ­lama məni» (1989), «Amandı» (1990), həmçinin «Say­madılar» («Gənclik» jurnalı, 12, 1989), «Dünya baxsa», «Ya­şayaram» («Ulduz» jurnalı, 10, 1990) və s. oxunaqlı şeirlərin müəllifi kimi tanınır.
Aşağıda Əsəd Təhləlinin bir neçə şeirini dərc edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..


Müşfiq BORÇALI.

(Bax: Müşfiq MƏDƏDOĞLU (Çobanlı). Çağdaş Borçalı Ədəbi Məktəbi".
Bakı, "Azərbaycan" nəşriyyatı, 1994, səh.162-163.)


REDAKSİYADAN:

Əsəd Əliyev (Təhləli) hazırda Bakıda yaşayıb-yaradır, AMEA Arxeologiya və Etnoqrafiya İns­titunun əməkdaşıdır, tanınmış tarixçi-alimdir, tarix elmləri üzrə fəlsəfə doktorudur, bir neçə kitab müəllifidir.
O cümlədən də, doğulub boya-başa çatdığı Təhlə haqqında qələmə aldığı
"Haqqın gözü tərəzidir" adlı elmi monoqrafiyanın müəllifidir.
Aşağıda həmin kitab haqqında 2007-ci ildə "Şərqin səsi" qəzetində dərc olunmuş
"Qədim Təhlə eli - yeni kitabda" sərlövhəli məqaləni də
şairin şeirlərindən sonra oxucularımızın diqqətinə çatdırırıq...



CİBİMDƏ YEYİLƏN ÜZÜK

Sığalasız saç sorağında
Yanar dişi darağın da,
Ayın, ilin qurağında
Yaşdı kirpiklərim, yaşdı.

Əllərim umuddan üzük,
Qalar bir dəri, bir sümük,
Cibimdə yeyilən üzük
Boşdu barmağıma, boşdu.

Allahınnan olsun yer, göy,
Günlərimin rəngi gömgöy,
Bağlı qapı açılan döy,
Daşdı baxtın üzü, daşdı.

A türk oğlu türk

Qardaş olsun qardaşının gərək qahmarı,
Eh səninki uzun çəkir, a türk oğlu türk?
Nəsli, kökü bilinməzlər fironluq edib,
Başımızda hey turp əkir, a türk oğlu türk!

Vuran əlin qılıncını harda itirdi?
Torpağımız qanımızdan al rəng bitirdi.
Bu sonasız göllərimiz camaq gətirdi,
Ürəyimi dərd, qəm sökür, a türk oğlu türk!

Əsarətdə qalan yurdun-yuvanın ahı
Bir gün bizi yandıracaq, vallah-billahı.
Nə vaxtacan susacağıq, "dığalar şahı"
Üstümüzə alov tökür, a türk oğlu türk!

Qollarının gücü küsüb qolundan, olma?
Şimşək tək çax, yağışından, dolundan olma.
Səninki hax döyüşüdü, yolundan olma,
Hax döyüşdə nahax çökür, a türk oğlu türk!


Professor Mahmud Allahmanlıya

Mən dərd şairiyəm, oxu dərdimi,
Alışan bağrımı köz-köz qurdala.
Dərdim köhnədimi, təzə-tərdimi
Bilmirəm, aqilsən, söz-söz xırdala.

Kəsib əhədimi fikir qayçısı,
Orda - Kəmərlidə sözdaşım yatır.
Ağlayıb içimi boşaldammıram,
Hələ gözlərimdə göz yaşım yatır.

İndi gözlərimdə yatan göz yaşım
Nə vaxtsa, gözümü oyacaq mənim.
İti firəngiyə dönüb dost qəmi
Bir zaman dərimi soyacaq mənim.

Hər itki ömrümə dəyən bir zədə,
Demə yaşamağın qardaş, var dadı.
Səni aldatmasın hərdən gülüşüm,
Vallah, kədər harda, Əsəd ordadı.


Ah çəkdim

Yer ahımı götürmədi,
Üz tutub göyə ah çəkdim.
Çatmadığım neçə-neçə
Arzu-diləyə ah çəkdim.

Üşüdüm, od-köz olmadı,
Ömrüm gülən göz olmadı.
Kəlmə kəsib, söz almadı,
Dilsiz taleyə ah çəkdim.

Yazda, yayda qışı gördüm,
Dərdi addımbaşı gördüm.
Çörək basan naşı gördüm,
Duza, çörəyə ah çəkdim.

Əsədin dəryadı qəmi,
Can-dəryada batan gəmi...
Yaralanıb mənin kimi
Yanan ürəyə ah çəkdim...


Qaytar məni

Orda mənsiz hönkürən
Səsimə qaytar məni.
Can içində can olan
Kəsimə qaytar məni.

Bu kirkirə ay, ilim
Haçan gülər nə bilim?
Qoy sənin olsun zilim,
Pəsimə qaytar məni.

Əsəd, var dərd, var yağı,
Solub ömrün yarpağı.
Bir ovucluq torpağı
Bəsimə qaytar məni.


Yoxlayaydın hərdən məni

Daradığın tel olaydım,
Danışdığın dil olaydım,
Qapında bir gül olaydım
Qoxlayaydın hərdən məni.

Sənsizliyin dərdi lay-lay,
Dərd əhlinə nə yaz, nə yay?
Demirəm ki, hər gün, hər ay,
Yoxlayaydın hərdən məni.

İslatmadın yağışınla,
Bəzəmədin naxışınla,
Heç olmasa, baxışınla
Oxlayaydın hərdən məni.


Vaxtın varmı?

Bulud könlü tez boşalıb,
Dolan mənə vaxtın varmı?
Tənhalığı içib, sərxoş
Olan mənə vaxtın varmı?

Hər ağrıya sinə gərib,
Can sürüyüb qərib-qərib,
Yazı, yayı üz döndərib,
Solan mənə vaxtın varmı?

Kimsə sevməz saçımda dən,
Quru səsəm, cılız bədən...
Çox şey aldın gedən məndən,
Qalan mənə vaxtın varmı?


Göz yaşımsan

Su tək durdun, od tək söndün,
Uçan ruh məndə can qoymaz.
Daha göz yaşıma döndün,
Gözüm göz yaşından doymaz.

Sənsizlik tutub nıxtımı,
Dili düyün çətin dinəm...
Dərd qapısıdı, açılıb
Yarası qan verən sinəm...

De niyə kor olan fələk
Məni yox, səni itirdi,
Ahımı qərənfil kimi
Məzarın üstə bitirdi?!

Söylə nədən qəm calandı
Əlinlə qurduğun yurda?
Ağrın alım, çağır gəlim
Evsiz-eşiksizəm burda.

ÖLÜB GÜL-ÇİÇƏK HƏVƏSİM

Məni sumu, qarmı aşan?
Nədi boynuma sarmaşan?
Ömrün köhləni dırmaşan
Yoxuşdan enirəm indi.

Gecələrim dərin-dərin,
Gündüzlərim sərin-sərin…
Yetmədiyim diləklərin
Ahıyam, dinirəm indi.

Ləngər vurur yorğun səsim,
Yel tək təngiyir nəfəsim.
Ölüb gül-çiçək həvəsim,
Çox şeydən dönürəm indi.

Boş qışqırıq, qorxu, hədə
Dərdiş, neyniyər Əsədə?
Tüstülənirdim hər vədə,
Yanmaqçün sönürəm indi.


MƏNİ ÖLDÜRƏNİM, DİRİLDƏNİMSƏN

Günaşırı Maskvadan zəng edərək
“Ay Əsəd bava, həncərisən,
Sevda mamam həncəridi,
yaxşısınızmı?”
– deyən
qardaşım oğlu altı yaşlı Rolana


Sənsən bu dünyada güvəndiyim kəs,
Canda can, ağızda dilim, ay Rolan!
Üzümə gülməyir, qaraqabadı
Mənim günüm, ayım, ilim, ay Rolan!

Daha təzə-tər döy, ömür köhnəlib,
İçimnən gələn səs – səmir köhnəlib,
Cismimnən tutulan kömür köhnəlib,
Qorsuzdu, üşüyür külüm, ay Rolan!

Məhəmmədin* vaxtsız köçü dərd-qəmim,
Gözlərim gözümdə batan cüt gəmim,
İnanma, təzədən qalxa yelkənim,
Qırılıbdı qolum, əlim, ay Rolan!

Yaman fağırlaşıb Təhləli indi,
Boy verməz nisgili ölçmək çətindi
Məni öldürən də sənin səsindi,
Məni dirildən də, ölüm, ay Rolan!

* Dünyadan vaxtsız köçüylə bütün alim və şair dostlarını kədərləndirən mərhum etnoqraf alim Məhəmməd Allahmanlı nəzərdə tutulur.


Qədim Təhlə eli - yeni kitabda

Ucsuz-bucaqsız Vətən torpağı tarixin ağrı-acılarını yaşayaraq köksü paralanmış, ululardan miras qalan obalarından, ellərindən ayrı düşmüşdü.
Hər daşı, hər guşəsi tarixin yaddaşına çevrilən Azərbaycan torpağı çox sınaqlara, çətinliklərə dözüb.
Nər igidlərin at oynatdıqları, ozan babaların telli sazı sinəsinə sıxdığı ulu məkan olan Borçalı-Qarayazı torpağı da bir vaxtlar Azərbaycanın ayrılmaz hissəsi olub.
Amma, nə edəsən ki, fələyin üzü döndü, tarixin bir zamanında babalarımızdan əmanət qalan ağır elli Borçalı doğma vətənimizdən ayrı düşdü.
Zaman-zaman Borçalının uzaq görən tanınmış ziyalıları bu elin tarizxini unutmağa qoymadılar.
Borçalının qədim keçmişi, folkloru, inancları, ədəbiyyatı, adət-ənənələri, tarixi abidələri bu günki nəsillərə yadigar qalmaq üçün qorundu.
Borçalının saz-söz dünyası neçə əsrlər keçsə də Borçalıların yaddaşlarında yaşayır. Bu elin dastanlara sığışmayan söz sənəti ilə yanaşı, onun tarixini araşdıran ziyalıları da çoxdur. Haqqında söhbət açacağımız - "Haqqın gözü tərəzidir" kitabının müəllifi tarixçi-alim, AMEA Arxeologiya və Etnoqrafiya İnstitunun əməkdaşı, tarix elmləri namizədi Əsəd Əliyev (Təhləli) əslən Borçalı elinin Təhlə kəndindəndir.

Torpağına, el-obasına bağlı olan ziyalının "Solma ağ çiçəyim", "Yolun məndən gəlib keçdi", "Daş-divar durur arada" yazdığı şeirlər kitabları, onun qəlb çırpıntılarından yaranmışdır. 2006-cı ildə tarixçi-şair Əsəd Əliyevin "Haqqın gözü tərəzidir" kitabı nəşr olunub. Bu kitab Borçalı torpağının bir parçası olan qədim Təhlə elinin tarixindən, folklorundan, torpağa bağlı olan sakinlərindən eləcə də Təhləlilərin adət-ənənələrinin necə qoruyub saxlaması haqqında oxucuya məlumat verir. Kitabdakı bölmələrdə Təhlə adının yaranması, tarixi, sazlı-sözlü toyları, xeyirxah insanları, eləcə də vaxtsız vəfat edən müəllifin yaxın dostu Ramiz Hüseynov haqqında kövrək xatirələr təsvir olunur.
Müəllif əsərdə göstərir ki, "Türk tarixçisi M.F.Kırzıoğlu ozünün "Qarapapaqlar. Borçalı-Qazax uruğunun Kür-Araz boylarındakı 1800 ilinə bir baxış" əsərində yazır ki, Axısqa, Qars, Rəvan və Gəncə bölgələrindəki yerli türklər Gürcüstanın mərkəzi Tiflis olan hissəsinə "Sağ - Gürcüstan" və ya "Tərəkəmə-Gürcüstan" deyirlər. Avropalı səyyahlar isə "Türk Gürcüstanı adlandırırlar". Müəllif daha sonra tarix elmləri namizədi Kərəm Məmmədovun yazdığına istinadən göstərmişdir ki, "indi türk xalqlarının məskunlaşdıqları ərazilərdən tapılan paleoantropoloji tapıntılarla türklərin buraya gəlmə olmadıqlarını sübut edir. Professor Virxorun isə qeyd etdiyi kimi, indiki ermənilərin və gürcülərin Qafqazın ən qədim əhalisi ilə heç bir bağlılığı yoxdur.
Deməli, ermənilər də, gürcülər də Qafqazın ilk yerli əhalisi deyillər. Onlar bu ölkəyə gəldikdə burada başqa xalqın varisləri yaşayırdılar. Borçalı, Qarayazı, Qaraçöp, Başkeçid, Bolus, Muxran çökəyi, eləcə də Gürcüstan türkləri iç-içə yaşadığı digər ərazilər türklərin-kəmərlərin (e.ə VIII əsr), buntürklərin (e.ə.VI əsr), kəngərlərin (VII əsr), hunların (IV-VI əsrlər), xəzərlərin (VII-VIII əsrlər), qıpçaqların, oğuzların və digər türksoylu tayfaların yurdu olması, xalqımızın çoxəsrlik tarixindən xəbər verir.Təklə-Qıpçaq qarapapaqları da bir vaxtlar eramızın əvvəllərində Çinin Təklə-Məkan düzənliyində yaşayıblar.

Təklə toponimi ilə bağlı M.Vəlinin (Baharlının) "Azərbaycan" əsərində göstərilir ki, Göyçayda, Şamaxıda, Lənkəranda Təklə adlı kəndlər vardır.
Tanınmış ziyalılar Mədəd və Müşfiq Çobanlıların "Borçalı toponimləri" kitabında qeyd olunmuşdur ki, "Ağ Təklə və Qara Təklə oykonimlərinin birinci komponenti "ağ" qədim türk dilində "kiçik", "qara" qədim türk dilində "böyük" mənasında işlənmiş sözlərdən, ikinci komponenti isə Təklə etnonimindən ibarətdir" Təhlədə yaşayan "Söydümallar", "Ağamallar", "Zorvalar", "Mursaquluuşağı", "Əkbəröyü", "Əlmərdanöyü", "Xanəhmədli", "Çaşılar", "Mərdalılar" və s. nəsillər kəndin adət-ənənələrini bu gün də qoruyub saxlayır.

Ə.Əliyev Təhləlilərin təsərrüfat həyatı, tərəkəmə camaatı olması haqqında da məlumat verir.
Həmişə at belində, çiyinlərində aynalı, bellərində gümüşü xəncər gəzdirən Təhlənin oğulları torpaq təəssübkeşi olmaqla, düşmən qarşısında əyilməyiblər.
Kəndin say-seçmə, nər biləkli oğullarından Balabəy, Məhəmməd, Bayram, Əlmədədli, Əsəd, Oruc XIX-XX yüzilliklərdə Təhlənin adını uca tutan pəhləvanlar olub.
Həmişə qonaq-qaralı Təhlə camaatı ustad aşıqları ilə fəxr edir.
Aşıqlardan Növruz, Hüseyn, Kamandar bu yurdun gözəlliklərini çaldıqları sazın simli tellərində vəsf ediblər:

Üstünüzdən acı yellər əsməsin,
Ruzi verən ülfətin kəsməsin.
Ay Kamandar, yolu düşsə hər kəsin,
Deyər yoxdu, baravarı, Təhlənin.
(Aşıq Kamandar)


Bu gün qədim Borçalı mahalı tarixi soykökünü, ən əsası türk millətinə mənsubluğunu qoruyub saxlayıb. Bu eldə neçə-neçə elm, mədəniyyət, səhiyyə sahəsində çalışan ziyalılar, görkəmli şəxsiyyətlər yetişib. Fəlsəfə elmlər doktoru, professor Camal Mustafayev, filologiya elmləri doktorları, professorlar Mədəd Çobanov, Sabir Əliyev, Əflatun Saraclı, Arif Əmrahoğlu, Alxan Bayramoğlu, fizika-riyaziyyat elmləri doktoru, professorlar Hidayət Hüseynov, Hamlet İsaxanlı, Əflatun Həsənov, Əlövsət Osmanlı, fizika-riyaziyyat elmləri namizədi Üzeyir Gözəlov, Məmməd Əliyev, memarlıq üzrə elmlər namizədi Rizvan Qarabağlı, tanınmış mühəndis Həsən Qurbanov, iqtisad elmləri namizədi Elman Əliyev, folklorşünas alim Elxan Məmmədli, siyasət sahəsində Zəlimxan Məmmədli, fəlsəfə elmləri namizədi Vahid Ömərli, texnika elmləri namizədi Fərhad Qəmbərov və neçə-neçə başqaları kimi ziyalıların adları Əsəd Əliyevin "Haqqın gözü tərəzidir" əsərində hörmətlə qeyd olunmuşdur.

Sonda doğma yurdunu, qoynunda gəzdiyi torpağı böyük məhəbbətlə sevən Əsəd Əliyevi "Haqqın gözü tərəzidir" kitabının işıqüzü görməsi münasibəti ilə ürəkdən təbrik edir, ona yaradıcılınq uğurları arzulayırıq!

Müşfiq BORÇALI,
Təranə CƏBİYEVA.
"ŞƏRQİN SƏSİ" qəzeti,
18 mart, 2007.




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: