İSMAYIL MƏRCANLI İMANZADƏ (1954)

İSMAYIL MƏRCANLI İMANZADƏ (1954) İsmayıl Mərcanlı İmanzadə - 10 dekabr 1945-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1965-ci ildə indiki Gəncə Dövlət Universitetini bitirib. Uzun illər müxtəlif orta məktəblərdə müəllim, bir müddət isə dövlət qulluğu sahəsində çalışıb. Lakin harada çalışmağından asılı olmayaraq onun sinəsindəki şair ürəyi həmişə könüllərə xoş duyğular bəxş edən qanadlı misralar pıçıldayıb.
İlk şeiri 1964-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində, “Səni soraqlaram” adlı ilk şeirlər kitabı isə 1980-cı ildə “Gənclik” nəşriyyatında nəşr olunub. Bü günə qədər müxtəlif nəşriyyatlarda 30-a yaxın kitabı işıq üzü görüb. Uşaqlar üçün yazdığı şeirlərinin bir qismi orta məktəb dərsliklərində və məktəbəqədər tərbiyə müəssisələri üçün nəşr olunan dərsliklərdə yer alıb. Əlliyə yaxın şeirinə görkəmli bəstəkarlar, o cümlədən, Faiq Sücəddinov, Şəfiqə Axundova, Nadir Əzimov, Razim Paşayev, Məlahət Həmidqızı və başqaları tərəfindən musiqi bəstələnib.
“20 Yanvar” etüdləri” adlı poeması və 1996-cı ildə Mingəçevir Dövlət Dram Teatrı tərəfindən tamaşaya qoyulan “Xocalı notları” adlı pyesi Azərbaycan radiosunun və AzTV-nin qızıl fondunda saxlanılır.
1993-cü ildən Mingəçevir şəhərində məskunlaşan şair uzun müddət Mingəçevir Şəhər İcra Hakimiyyətinin orqanı olan "Səda" qəzetində baş redaktorun müavini, eləcə də, “Mingəçevir” qəzetinin müxbiri vəzifəsində vəzifəsində çalışmışdır. 1995-ci ildən Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü, 1999-cu il oktyabr ayından isə Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədridir. Hazırda "Bənövşə" və "Mingəçevir leysanı" ədəbi-bədii dərgilərinin təsisçisi və baş redaktorudur.
Ailəlidir, iki qız övladı var.

İSMAYIL MƏRCANLI İMANZADƏ (1954) Biz də sevimli şairimiz İsmayıl Mərcanlıya uzun ömür, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!..

ZiM.Az



ANA VƏTƏN SƏNİNDİR

Şəhidim, əhsən sənə,
Vətənə bəxş etdiyin
Zəfərin nə gözəlmiş!
Yurd amalınla birgə
Şəhid ucalığından
Tanrının dərgahına
Səfərin nə gözəlmiş!
Könlümüzü oxşadı
Yenilməz hünərindən
Soraq verən hər anın.
Gəzdi dildə-ağızda
Torpağın sinəsinə
Al qanınla yazdığın
Qəhrəmanlıq dastanın...

* * *

Bu müqəddəs savaşda
Düşmən bağrı çatladan
Cəsarətinə alqış!
Nəsillərə nümunə -
Ülvi Vətən eşqinə,
Saf niyyətinə alqış!
Şəhidim, ölümünlə
Dönüb ölümsüz oldun,
Qazandığın bu halal
Şöhrət, ad-san sənindir!

* * *

Haqqın var zaman-zaman
Əbədi yaşamağa,
İndi hamıdan qabaq
Uğrunda can verdiyin
Qarabağ, Ana Vətən -
Azərbaycan sənindir!


TÜRKİYƏ-AZƏRBAYCAN

Bir-birinə bənzəyir
Əkiz qardaşlar kimi.
Tanınıblar ən əziz
Dostlar-sirdaşlar kimi.
Ləhcələri şipşirin,
Harda var belə sərvət?
Müdriklər yaxşı demiş -
“Bir millət, iki dövlət”!
Sən bir möcüzəyə bax,
Biri ürək, biri can-
Türkiyə-Azərbaycan!

* * *

Ay-ulduz nişanlıdır
Möhtəşəm bayraqları.
Şimşək kimi çaxıblar
Tapdananda haqları.
Ləkəsiz bir aynadır
Dənizləri, gölləri.
“Can” deyib, “can” eşidir
Obaları, elləri.
Dağları şah vüqarlı,
Həm sultandır, həm də xan -
Türkiyə-Azərbaycan!

* * *

Yenilməz dar ayaqda
Ərənləri, ərləri.
Şəhid ucalığından
Güc alıb zəfərləri.
Cavad xan, Məmməd Əmin,
Atatürk, Heydər adlı
Qibləgahları canlı.
Ulu tarixlərinin
Hər sətri, sözü şanlı.
Böyük türk dünyasının
Cismində dövr edən qan -
Türkiyə-Azərbaycan!

* * *

Düşmənə göz dağıdır
Şəhərləri, kəndləri.
Bir qala timsallıdır
Bərələri-bəndləri.
Əzəl gündən hər biri
Dosta-dostdur, yada-yad.
Keçmişləri şərəfli,
Çağdaş günləri abad.
Dar ayaqda yan-yana
Dayanıbdılar hər an -
Türkiyə-Azərbaycan.


GEDƏK SÖZ DİRİLƏN YERƏ

(Özümə xitabən yazdığım şeir)


Hardan gəldin bu qapısı -
Bacası hörülən yerə?
Bir də düşməz haqq işığı
Məhəbbəti uralanıb,
Sevgisi dərilən yerə.

Burda sütunlar yıxılıb,
Halallıq küncə sıxılıb.
Bir bölük şeytan yığılıb,
Tanrı öldürülən yerə.

Gördüyün daş-divar da yad,
Ot bitməyən yerdə nə dad?
Yaxın düşə bilərmi od -
Ocaq söndürülən yerə?

Yetişmədin diləklərə,
Səsin çatmır mələklərə.
Gəl, qoşulub küləklərə
Gedək söz dirilən yerə...
1996


ARAZ NƏMLİ GÖZLƏRİMDƏN AXIRMIŞ...

Ürəyimdə sızıldayan dərd çayım,
Qismətindən hələ incik-pərt çayım.
Bakı-Təbriz qiyafəli mərd çayım,
Deyən varmı doluxsunub heç nədən,
Göz-göz olan yaraları qövr edən.
Qəm-qüssəsi gör necə də ağırmış -
Araz nəmli gözlərimdən axırmış!

Yaranışdan həm Sultandı, həm də Xan,
Bir düşməni gödənsökən, ev yıxan.
O birisi hürə-hürə vurnuxan,..
Bel sütunu Xoy, Ərdəbil, Qaradağ,
Qilbəgahı Zəfər taclı Qarabağ...
İllər boyu bəxtinə qar yağırmış -
Araz nəmli gözlərimdən axırmış!

Xudafərin daş köynəkli dastanı,
Yağı bəlli, namərd aşkar, dost hanı...
Görən varmı heç möhləti-amanı,
“Gülüstan”da şux qaməti bükülən,
“Türkmənçay”da gözünə mil çəkilən.
Xəmirini kimlər dərddən yoğurmuş -
Araz nəmli gözlərimdən axırmış!

Həsrət yükü hələ o tay, bu taylı,
Bəd taleyi nə sovqatlı, nə paylı...
Hayqırtısı hərdən cəngli-haraylı,
Gorum çatlar qisas qalsa sabaha...
Gülsə üzü, deyərəmmi heç daha,
Tanrı ona gəc nəzərlə baxırmış -
Araz nəmli gözlərimdən axırmış!..
04.04.2023


ÜRƏYİM TAPDANMIŞ ƏKİN YERİDİ...

Əzəldən su kimi safam-duruyam,
Ürəyim nə qəzəb, nə kin yeridi.
Bəlkə də bir zərrə günəş nuruyam,
Şirin arzularım əkin yeridi.

Acı söz mürgülü iynəm-tikanım,
Yalana bəllidir təkcə, sərt üzüm.
Haqdan soraq verir hər gələn anım,
Dilimin ucunda söz düzüm-düzüm.

Əlimdən çıxanda bəzən dincliyim,
Heç kimi nahaqdan tapdamamışam.
Nə yersiz hökmüm var, nə boş hay-küyüm,
Mərdlik nişanəli cəngəm-savaşam...

Söz odum, torpağım, havam, suyumdu,
Saflaşa biləndə niyyət etmişəm.
Ovcuma düşənlər tale payımdı,
Qəmə-qüssəyə də biət etmişəm.

Kim kəsə bilər ki axı, yönümü,
Bəxtin sapandından atılan daşam.
Səyirdib yüyənsiz “söz köhləni”mi,
Şeirin “quluncunu” ovxalamışam...

Sevincim bəmdədir, nisgilim zildə,
Vücudum nə qəzəb, nə kin yeridi.
İllərlə sızladım bir qərib eldə,
Ürəyim tapdanmış əkin yeridi...
12.04.2023


YALTAQ ADAMLARIN QİBLƏSİ OLMUR...

(Heç vaxt üzünü görmədiyim,
ancaq vətənpərvər ziyalı kimi dəyər verdiyim
Elman Mustafazadənin işlətdiyi bu kəlməni
halallığın sinvolu kimi qəbul etdim)


Yaltaq adamların qibləsi olmur,
Gah sağa burxulur, gah sola onlar.
Yalançı kəslərin tövbəsi,
Hər vaxt gəc baxıb düz yola onlar.

Vəzifə əhlinin ayağı altda,
Döşənib bir ovuc toza dönürlər.
Birinə sırmaşıb toyda-büsatda,
“Qəımişə”, “kleyə”, “paza”a dönürlər.

Peysərə verirlər deyilənləri,
Sırtılmış üzləri “padoş”dan betər.
Bəlkə də əzəldən zaydı “gen”ləri,
Bəzisi binamus oğraşdan betət...

Qalxıb tribunaya fürsət düşəndə,
Tərif yağdırırlar birinə onlar.
Yurdun dar günündə dayanıb gendə,
Batıblar günahın kirinə onlar...

Əyilə-əyilə başa keçəndən
Dönüblər ən “yağlı” söyüş yerinə.
“Pay-püş”ə həsrətlə baxanda gendən
Qaçıblar iblisin “örüş” yerinə...

Nə halal qazanca, nə də düz yola
Zatı qırıqların həvəsi olmur.
Gah sağa üz tutur, gah dönür sola.
Yaltağın, məddahın qibləsi olmur.
22.04.2022


YALANA QARIŞAN ADAM


Hərdən çevriləndə qəzəbə-hirsə,
Böhtan yağdırırsan niyə birinə?
Fikrindən keçəni dilin demirsə,
Mən necə inanım dediklərinə?

Saxta təbəssümün üzündə niqab,
Gözlərdən uzaqdı günah “sayqacın”.
Xislətin “kod”laşmış sehrli kitab,
Yaltaqlıq yamyaşıl çörək ağacın...

“Tərif köhləni”nin yalına yatıb,
Başını yalanla girləyən adam!
Özgə hesabına azalıb-artıb,
Şeytanın çarxını hərləyən adam!

Şər-böhtan dilində “yel dəyirmanı”,
Zənn etmə sözünün dadı-tamı var!
Sənin hər kəlmənin nə düz ünvanı,
Nə nöqtə-vergülü, nə nizamı var!..

Deməzdim qismətin gəlibdi haqdan,
Birinin xoş günü qarnında sancın.
Çox yaxşı halısan yaldan-yalaqdan,
Axı, daş altından çıxmır qazancın!..

Ört-basdır eləyib kəsiri-kəmi,
Yalanla qaynayıb qarışan adam!
“Ütüsü” bir azca pozulan kimi
Qınına çəkilib qırışan adam!
05.05.2023


İLLƏR BOYU DAŞLADILAR KÖLGƏMİ...

Görməsəm də incisini, zərini
Dönük bəxtin sərt üzündən halıyam.
Həyat məndən gizlədibsə sirrini,
Necə deyim hər izindən halıyam?

Uşaqlıqdan ehtiyacla tanışam,
Cavanlığım yad əllərdə əsirdi.
Qəriblikdən dilim gəlmir danışam,
Yurd həsrətim əhədimi kəsirdi...

Ümman səbrim çox dözümlü, mətinmiş
Sızlatmadı nə kəsiri, nə kəmi.
Barlı ağac olmaq demə, çətinmiş
İllərboyu daşladılar kölgəmi...

Ehtiyacla mərd-mərdanə savaşdım,
Qaçıb namərd kölgəsində yatmadım.
Haqqın yolun halallıqdan soruşdum,
Səfalətin girdabında batmadım.

Aydan-aya, ildən-ilə daşındım,
Həyat eşqim qoydu əlin çiynimə.
Deyərdim ki kəlmə-kəlmə aşındım,
“Söz köynəyim” dar gəlsəydi əynimə...

Eh... indi hər anım bir qorxunc hədə,
Batıb qulaqlarım “ah-vay” səsindən.
Boylanıb baxıram yol gedə-gedə,
Ömür qatarımın pəncərəsindən!..
06.05.2023


BİZMİ GÜNAHKARIQ, YOXSA ZƏMANƏ

Bəlkə zəmanədir suçlu-günahkar,
Bəlkə aldanmışıq yamanlığa biz?
Yalan danışmağı bilməyəndə ar,
Çox tez üzə çıxdı boz sifətimiz.

Axı, heç bu qədər bölünməmişdik,
Birgə yaşamışdıq bir vaxt pis günü.
Bəs, niyə tamahın toruna düşdük,
Olduq zaman-zaman sərvət düşgünü.

Əl-əldən üzüldü, ürək-ürəkdən,
Keçdi aramızdan soyuq küləklər.
Bir ovuc torpağa həsrət qaldı dən,
Puç oldu ən ülvi arzu-diləklər...

Kasıbın başında çatladı hirsi,
Məddahlıq yaltağın ağlın çaşdıdı.
“Qara camaat”dan birini kürsü,
Birini şan-şöhrət uzaqlaşdıdı.

Qərq oldu zülmətdə neçə ağır köç,
Rəhmimiz gəlmədi sızlayan kəsə.
Dönüb gözümüzün ucuylada heç
Baxmadıq, tapdanıb boğulan səsə...

Yaxşılar birbəbir qeybə çəkildi,
Sıçrayıb qabağa keçdi yamanlar.
Namərdin əlinə gözlər dikildi,
Biclərin bəxtini göyərtdi anlar.

Tamah əsir düşdü dünya malına,
Şeytana züy tutan günbəgün artdı.
Bir zalım güvənib güclü qoluna,
Gücsüzün yaxasın dartıb qopartdı...

Bir işi düşməsə “dost” dönür yada,
Yüz yol səsləsən də gəlmir yaxına.
“Mənəm-mənəm”-deyən “mən” olmasa da
Dolaşır hamının əl-ayagına.

Bizmi, zəmanəmi suçlu-günahkar,
Yamanlıq niyə tez qəlbdə saldı iz?
Hoppanıb qabağa sıçrayanda var,
Qəfil çıxdı üzə boz sifətimiz...
17.06.2022


MƏN ŞƏHƏR ADAMI OLA BİLMƏDİM...

Arabir fikrimi cəzb eləsə də,
Mən şəhər adamı ola bilmədim...
Bircə yol ürəkdən gülə bilmədim.
Döşümə yatmadı tozlu küçələr.
İtirdim özümü səsdə-səmirdə,
Gəlib tapdı məni yuxularımda,
Həsrətin çəkdiyim aylı gecələr...

Gördüm qaşqabaqlı adamlarını,
Gördüm qana həris harınlarını.
Mənə gözlərinin ucuyla belə
Baxmayıb, yanımdan ötüb getdilər.
Beşinə-üçünə salam versəm də,
Təbəssüm qonmadı dodaqlarına,
Gözüm görə-görə itib getdilər.

Hey zara gəlsəm də fikrin əlindən,
Baş aça bilmədim insan “selindən”!
Döngələr qarşımda bir səddə döndü,
Gəc baxdı üzümə dalanlar mənim.
Arabir rastıma çıxdı “dost-tanış”,
Gah ütülü sözlə, gah şirin dillə
Üstümə şığıdı yalanlar mənim...

Qarşımda dağ kimi dikəldi yollar,
Gündəlik “əlmuzdum” yağlı “sağol”lar!
Anladım özgəymiş şəhərin tərzi.
Burda işə keçmir mizan-tərəzi...
Burda baş girləmək deyilmiş asan,
Kiməsə müftəcə yem olmamaqçün,
Gərək bir az fəndgir, ayıq olasan!

Gördüm bu tövr ilə, belə gedişlə,
Qulpundan tutduğum halal bir işlə,
Çoxları kərəksiz sayacaq məni,
Saflığım kənarda qoyacaq məni.
Adım düşəcəkdir “qara dəftərə”,
Zalımın üzünü güldürəcəyəm,
Tapdayıb keçəndə “qırmızı xətti”,
Külfəti acından öldürəcəyəm!..

Meşin qapılara düşməz açarım,
Kimdənsə mərhəmət ummağım əbəs,
Hara çatasıdır boğulmuş bu səs?!
Gümanım bir qalaq quru təsəlli,
Dönük taleyimdən tutdum beş əlli!..
Nə ev-eşik umdum, nə gün-güzaran,
Onları verən də, alan da bəlli!..

Yamanlıq “suyumu” kəsdi dəhnədən,
İllərlə artmadı “boyum” bir qarış!
Dedilər ya çıx get, gəldiyin yerə,
Ya da taleyinə boyun əy,-barış!
Burda haqsızlıqdır sahib, haqlara,
Heç demə kimdənsə ənam alanda
Yaltaqlıq, məddahlıq gəlirmiş kara!..

Əzilib-büzülüb xırdalanmadım,
Allahsız birini “tanrı” sanmadım!
Burda “akullalar”, “qurdlar” ayaqda,
Burda güclülərə girovdur Haqq da...
Yaxşı ki uzunmuş dilim-dilçəyim,
Yaxşı ki yalmana, yaltağa yadam!
Mən şəhər adamı ola bilmədim....
Yolların “qıfılın” açın, gedirəm,
Mən burda yaşaya bilmərəm, atam!
18.09.2022


QOYUN ÇIXIB GEDİM GƏLDİYİM YERƏ

Mənim yurd həsrətim gözü yaşlıdır,
Daha səbr etməyə qalmayıb tabım.
Eşitdiyim vədlər “ikibaşlıdır”,
Hələ də bağlıdır pəncərəm-qapım.

Axı, qərib eldə nə ölümüm var,
Burda az görmədim boz sifətləri.
Dünyanı başıma elədilər dar,
Bu yolsuz məkanın quduz “itləri”,

Yol azdım zülmətdə itən köç kimi,
Boğuldu içimdə səsim-avazım.
Arxasız qoymasın Allah heç kimi,
Quruca təsəlli nəyimə lazım?..

Hərdən yuxumda da tutdum üzümü,
Bir vaxtlar pir-ocaq bildiyim yerə.
Necə ovundurum daha özümü,
Qoyun çıxıb gedim gəldiyim yerə.

Tükənir günbəgün ömür möhlətim,
Yolların “qıfıl”ın açın, qayıdım.
Ta çatmır dadıma sözüm-söhbətim,
Çəkilib qarşımdan qaçın, qayıdım.

“Ritmi” dəyişsə də bərənin-bəndin,
Doğmadır hər kəsə köhnə yuvası.
“Ağıllı şəhər”in, “ağıllı kənd”din
Düşmür sümüyümə vallah havası...

Qoyun gedib çatım öz ocağıma,
Kül altında qalan izimi tapım.
Dərd-qəm dolaşmasın əl-ayağıma,
Açılsın taybatay pəncərəm, qapım.

Uzalı qalmasın bir də əllərim
İllərlə dərdindən öldüyüm yerə.
Qırın “tilsim”ini bağlı yolların,
Qoyun çıxıb gedim gəldiyim yerə...
10.10.2022


KÜTLƏ SEVGİSİNƏ İNANMIRAM MƏN

Səmtini dəyişən külək kimidir,
Fəndgir sırtıq üzlü kələk kimidir.
Bir himlə yıxılan dirək kimidir -
Kütlə “sevgisinə” inanmıram mən!

Güclüyə yarınıb biət eyləyir,
Qarnının hökmüylə niyyət eyləyir.
Aldanır, yanılır, qələt (səhv) eyləyir -
Kütlə “sevgisinə” inanmıram mən!

Gecikməz “gələnə” çəpik çalmağa,
Öyrəşib müftə pay-ənam almağa.
Yalana züy tutsa, keçir “qarmağa” -
Kütlə “sevgisinə” inanmıram mən!

Çoxunu yolundan eləyib gedir,
Vədini yalanla bələyib gedir.
Elə hey gözə kül ələyib gedir -
Kütlə “sevgisinə” inanmıram mən!

Qaçhaqaç düşəndə çatır axırı,
Hər səmtə üz tutur yolu-cığırı.
Bəzən gec çıxsa da üzə paxırı -
Kütlə “sevgisinə” inanmıram mən!

Əgər qoşulubsa “xora”,-güclüdür,
Hələ düşməyibsə dara, -güclüdür.
Bilən bilir, hardan-hara güclüdür -
Kütlə “sevgisinə” inanmıram mən!

Kufədə andını danıb bir zaman,
Deməyib sonacan yamana, yaman.
Diz çöküb, zalımdan diləyib aman -
Kütlə “sevgisinə” inanmıram mən!

Bir vaxtlar başıma gəlib,-görmüşəm,
Sıyılıb üzümə gülüb,-görmüşəm.
Büdrəyən vaxtımda “ölüb”,-görmüşəm -
Kütlə “sevgisinə” inanmıram mən!
04.09.2022


KÖNLÜMƏ BİR PAYIZ HAVASI DÜŞÜB

Bilmirəm hüsnünə heyranam niyə,
Hökmü yerə sığmır, hikkəsi göyə.
Bəlkə də ruhuma doğmadır deyə -
Könlümə bir payız havası düşüb.

Qış tutqun çöhrəmdir, bahar sevincim,
Yay od-alov saçan bucağım-küncüm.
Son bahar misraya dönən söz incim -
Könlümə bir payız havası düşüb.

Ömrüm qəriblikdə keçdi eləcə,
Qarışdım zülmətdə qərq olan köçə.
Özüm də bilmirəm niyə bu gecə -
Könlümə bir payız havası düşüb.

Gələndə çiskinlə, yağışla gəlsin,
Keçsin dolaylardan, yoxuşla gəlsin.
Ruhumu oxşayan naxışla gəsin -
Könlümə bir payız havası düşüb.

Vətən sevgisiylə köklənmiş neyəm,
Nə umu-küsüyəm, nə də gileyəm.
Kaş, ata yurduma köç edib deyəm -
Könlümə bir payız havası düşüb.
24.10.2021
Mingəçevir şəhəri



İSMAYIL MƏRCANLI İMANZADƏ,
ZiM.Az
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: