TƏRANƏ DƏMİR (1970)

TƏRANƏ DƏMİR (1970) Təranə Dəmir - 1970-ci il dekabrın 16-da Sabirabad rayonunun Kolanı kəndində anadan olub.
Kolanı kənd orta məktəbini medalla bitirib.
1988-1993-cü illərdə BDU-nun jurnalistika fakültəsində təhsil alıb.
AYB-nin üzvüdür. 5 kitab müəllifidir.
Şeirləri lap gənc yaşlarından dərc olunur.
Dəfələrlə AzTv-nin müxtəlif proqramlarında qonaq olub.
İndi də müxtəlif mətbu orqanlarda dərc olunur.
Ailəlidir, iki övladı var.

Biz də Təranə xanıma yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az


***

Vətən ana, vətən torpaq, vətən eşq,
Vətən qaya, vətən çiçək, vətən daş.
Vətən, Vətən bağırmaqla olmur e,
Heç bilirsən nə üstədi bu savaş?
Vətən söz yox, vətən anddı, vətəndaş.

Hər naləsi ürəyindən keçməli,
Hər ağrısı kürəyindən keçməli,
Məhəbbəti bələyindən keçməli,
Sevgi zorla alınmır e, a "qardaş",
Vətən söz yox, vətən anddı, vətəndaş.

Çəpərindən yolunacan vətəndi,
Tikanından kolunacan vətəndi,
Təpə-dırnaq bu ruh,bu can vətəndi,
Məndən keçir ayağına dəyən daş,
Vətən söz yox, vətən anddı,vətəndaş.

Damarından kafir qanı axdısa,
Taxtın,tacın axırına çıxdısa,
Ürəyində el qeyrəti yoxdusa
Elə get ki,dalınca da qara daş,
Vətən söz yox,vətən anddı, vətəndaş.
Vətən qaya,vətən çiçək,vətən daş!

***

Olum da bir yük imiş,
Gör çəkən nə çəkirmiş,
Yaxşı ki, O tək imiş,
Çoxun da çox dərdi var.

Göy tökür, Yer dənləyir,
Vurur, çıxır, cəmləyir,
Zaman ölüm dəmləyir,
Sağın da sağ dərdi var.

Min sual bir cavabdı,
Gəl də, get də hesabdı,
Könül vermək savabdı,
Yoxun da yox dərdi var.

Şeytanlar oyundadı,
Hərəsi bir dondadı,
Dağlar dağ hayındadı,
Bağın da bağ dərdi var.

Həqiqət çox uzaqdı,
Hardan tapaq bu vaxtı?
Gecələr qarabaxtdı,
Ağın da ağ dərdi var.

***

Neyləyək ki, düzdən tutduq,
Kələyimiz olmadı.
"Sağ ol"dan, "Var ol"dan başqa
Diləyimiz olmadı.

Yedik söyüşdən,azardan,
Keçdik gileydən, güzardan,
Aşammadıq bu hazardan,
Ürəyimiz olmadı.

Yalandan sözə tutdular,
Durdular üzə,tutdular,
Çinə, şeytana satdılar,
Mələyimiz olmadı.

Dindik, günahkar biz olduq,
Dinmədik, yenə pis olduq,
Göyün üzündən asıldıq,
Dirəyimiz olmadı.

***

Elə bil ki, dəniz daşır səmadan,
Bu haçanın yağışıdı,İlahi?
Biz bilmirik, bəlkə elə bu yağış
Yazla qışın barışıdı, İlahi?

Sazaqlardan diri çıxan bu torpaq
Gedib gəlib göy üzünə əl açır.
Orda bulud ürəyini boşaldır,
Burda dağlar,burda daşlar dil açır.

Yağış yuyur ağaçların saçını,
Meyvələrin üzü gülür budaqda.
Su içdikcə tumurcuqlar dirçəlir,
Bahar söz-söz şeirləşir varaqda.

Yağış deyil, buludlardan nur yağır,
Sehrlənir şeh altında göy otlar.
Göz yaşıyla öz eşqini torpağa
Damcı-damcı pıçıldayır buludlar.

Elə bil ki, dəniz daşır səmadan,
Bu haçanın yağışıdı,İlahi?
Biz bilmirik, bəlkə elə bu yağış
Yazla qışın barışıdı, İlahi?

***

Bu küləyin bu payıza
Ölsə də gücü çatmaz.
Göyün yeddinci qatından
Gəlsə də gücü çatmaz.

Yarpaqların düşürsə də
Budağı yerindədi.
Ayaqları üşüsə də.
Kökü çox dərindədi.

Ha çırpsınsın başı üstə,
Ha üşütsün, xeyri nə.
Dərələr payız geyinər,
Çöllər düşər sehrinə.

Hələ gəzsən köynəyində
Baharın nəfəsi var.
Yolu xəzandan keçsə də
Yaşamaq həvəsi var.

Gözlərində həsrət yatar,
Ürəyində məhəbbət.
Baharınkı səsdi,küydü,
Payızınkı cəsarət.

***

Hər gün küçə-küçə yanımdan keçir,
Ağlayan adamlar, gülən adamlar.
Keçir küçə-küçə canından keçir,
Dərdini küçəylə bölən adamlar.

Ürəyi sevgidən küsənlər keçir,
Əlini göylərdən üzənlər keçir,
Tanrı insafını kəsənlər keçir,
Keçir insafında ölən adamlar.

Hərə bir libasda, hərə bir adda,
Hərə bir sazaqda, hərə bir odda,
Qara buludların çətiri altda
Gözünün yaşını silən adamlar.

Hamı qaçaqaçda,hamı tələsir,
Küçələr adamın nəfəsin kəsir,
Gah sahil axtarır, gah dəniz gəzir
Bu küçə adamlar, dalan adamlar.

Əlləri cibində gəzənlər keçir,
Boğazı ipindən bezənlər keçir,
Çirkinlər,kifirlər,gözəllər keçir,
Keçir küçə-küçə yalan adamlar,
Bu gedən adamlar, qalan adamlar.

***

Bu ömrü kim yaşadı,
Kim ölür indi, Allah?
Bu od, bu ocaq iyi
Hayandan gəlir, Allah?

Bu necə alovdu ki
Tüstüsü göyə çıxmır.
Yanır ocağın altda,
Bəs səsi niyə çıxmır?

Kim qorxudub bu canı,
Ruhundan ayrı salıb.
Səsindən, harayından,
Ahından ayrı salıb.

Kim yazıb bu yazını,
Kim pozur görüm indi?
Gəlsin də yaxına O,
Gəlsin də Kərim indi.

Tutmur bu ağrıları
Ocaq da, od da, Allah.
Tök yükünü aşağı,
Üstündən adda, Allah.

***

Yenə də gecə keşik çəkir
pəncərəmdə,
Baxır qaranlığın arasından
otağımdakı tənhalığa,
Yuxusu gözündən tökülə-tökülə
gözləyir pəncərədə doğan günəşi.
Qapqara gözlərindən
ay boylanır xəlvət-xəlvət,
Ulduzlar dənizə tökülür,
qaranlıq otağıma.
İkimizin də qulaqlarımız
cırcırama səsindən asılıb qalıb,
Gecə pəncərənin o tayında,
mənsə bu tayında zülmətlə
gizlənqaç oynayırıq.
Çöldə yarpaqlar çevrilir
öz yatağında, xışıldayır,
səsi gecəyə düşür.
Hərdən maşın siqnalına diksinir küçələr,
Şəhər pişik miyoltusuna gözünü açır arabir,
Təzədən yuxuya gedir.
Bircə bizik qaranlığın keşiyini çəkən,
Bir gecə, bir də mən.
O işığa can atır,
mən səhərə tələsirəm....

***

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: