NUHƏHMƏD CƏFƏROV (1956)

NUHƏHMƏD CƏFƏROV (1956) Nuhəhməd İsrafil oğlu Cəfərov - 1956-cı il sentyabrın 12-də Astara rayonu Siyəkü kəndində anadan olub. 1963-1974-cü illərdə həmin kəndin orta məktəbində oxuyub, Uzaq şərqdə Sovet Ordusu sıralarında qulluq edib. 1978-1998-ci illərdə Azərbaycan Dövlət Neft şirkətində çalışıb. 2008-ci ildən təqüddədir. Hazırda Bakıda, Lökbatan qəsəbəsində yaşayır. Ailəlidir. 4 övlad atasıdır.

Biz də Nuhəhməd İsrafil oğluna yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

ZiM.Az



ANA SEVGİSİ

Ağlayır bələyində,
Bir ananın körpəsi.
Paramparçadır sanki,
Onun ana dünyası...

Bu necə bir sevgidir,
Qərq olub göz yaşına,
Bənzəyir ilk baharın,
Gah ağlayan, gah gülən,
Bir şıltaq yağışına?

Bu necə bir sevgidir,
Pərvanədir elə bil.
Yaxır qolun, qanadın,
Bir şamın atəşinə.
Əl açıb səmaya o,
İmdad, ümid diləyir,
Səsi dolaşıb çatır
Göyün yeddi ərşinə...

Bu necə bir sevgidir,
Bu necə fədakarlıq?!
Əriyir sevgisində
Ana adında varlıq.
Qəlbinin mayasında,
Övladına məhəbbət,
Bənzəri olmayan hiss,
Gözlərində mərhəmət
Laylasında məlahət,
Nəfəsində təravət
Qucağı isti Cənnət...
Bu sevginin tərifi,
Sığmaz min_min kitaba.
Sözlər belə acizdir,
Bu sevgini anlada,
Bu duyğunu yaşada...
07.02.2022


SƏN MƏNƏ BELƏCƏ, HƏR BAXDIĞINDA

Qocaman bir sevgi yaşar içimdə,
Dönüb yaz selinə, daşar içim də.
Bir gənclik həvəsi coşar içimdə,
Sən mənə beləcə, hər baxdığında.

Uzaq xatirələr oxşar qəlbimi,
Ruhumda bir ümüd alışar mənim.
Gülüşün,qəhqəhən aşar qəmimi,
Sən mənə beləcə, hər baxdığında.

Dönər cavanlığa qoca illərim,
Yolçusu olduğum uca illərin.
Ovcuma qayıdar uçan illərim,
Sən mənə beləcə, hər baxdığında.

Qəlbimə nur sızır o baxışından,
Boy atır arzular yaz yağışında.
Yenə vurğununam, mən bu yaşımda,
Sən mənə beləcə, hər baxdığında...
21.05.2022


GÖRÜM

Boylanıb, içimə baxıram bəzən,
Sızlayan qəlbimin içini görüm.
Ürəkdə doğulmuş, əriyib itən,
Arzumun kül olmuş puçunu görüm.

Gözümə güzgüdə baxıram bəzən,
Özümdə inamı, gücümü görüm.
Yurd salmış özünə, gözümdə bitən,
Nisgili,kədəri,acımı görüm.

Sorğuya tuturam, özümü bəzən,
Dediyim yalanı, suçumu görüm.
Günümü, ayımı, ilimi kəsən,
Ömrümü budayan qayçını görüm.

Nə ola Allahım, elin yanında,
Ödənən haqqımı, borcumu görüm.
Sapmayım, azmayım haqqın yolundan,
Hesabı, kitabı, ölçünü görüm.

Ötəndə, bitəndə vaxtım, zamanım,
Əhdim var,o gələn elçini görüm.
Örtməyin üzümü, köçsə karvanım,
Yoluna düzələn köçümü görüm...
30.03.2022


YAĞIŞ DÖYÜR PƏNCƏRƏMİ


Gözlərimi göyə dikib,
Tənhalıqda
Ulduzlarla danışıram.
Səni yada salıb hər an,
Xəyalımda
Gah küsürəm, barışıram.
Bəzən ayrı çaba verdik,
Bataqlıqda
Xilasımız çətinləşdi.
Uzaq düşdük arzumuzdan,
Ortalıqda
Sözümüz də yetimləşdi.
Ayrılığa səbəb nəydi?
Doyammadım
Üzü dönük vəfasızdan.
Küfr etməyə dilim qalxmaz.
Qıyammadım
O sevgimə qıyan qızdan.
Kor sevdamın uçur təəssüf,
Sarayının
Sınıq-salxaq divarları.
Məndən savay duymaz heç kim,
Harayımın
Qəlbimdəki sədaları.
Keçmişimdən mənə qalan,
Sevgi qoxur
Hər ulduzlu gecəm yenə.
Şair könlüm yatmır çoxdan,
Çünki qorxur
Ömrü tənha keçə yenə.
Sirdaş olub indi mənə,
Gündüz-gecə
Sənsiz darıxan qələmim.
Bir də pişiklər qaçışan,
Bombuz küçə...
Yağış döyür pəncərəmi...
Yağan yağış göz yaşıdır,
Məcnunların
Ərşə qalxan naləsindən.
Sevən ürək qurtularmı
Acıların
Hicran adlı bəlasından?!...
18.03.2022


ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: