Ruslanın bədii ədəbiyyata marağı olduğundan, bir çox mütaliələr edərək, şeiriyata həvəsi get-gedə artmışdır. Bədii kitablar, şeirlər oxumaqla maraq onun özünü şeir yazmağa səsləmişdir.
Şeirləri dövri mətbuat orqanlarında, "Mənim Vətənim", "Dolub boşaldı dünya" "Qarabağ naminə", 4 hissəli "Bir yandan boşalıb-dolan dünyadır", "Sevirəm, Sevmişəm Sevəcəm də", "O Bir Qəhrəman...", fərqli poezıya antologiyasında, Türkiyənin "Atilla" jurnalında, "Vaxt" qəzetində çap olunub. Beynəlxalq mətbuatda çıxışları olub. Milli Qəhrəman İbad Hüseynli haqda yazdığı çeirlərə vaxtsız dünyasını dəyişən, xalqın sevimlisi Səyyad Əlizadə musiqi bəsləyib və özü də oxuyub. Aranjimanı Sadıqxana aiddir.
“Heydər Əliyev” və “Qızıl qələm” Fəxri mükafatlarına layiq görülüb.
"Ürəyimin səsi..." adlı ilk kitabı 2015-ci ildə işıq üzü görüb. "Atilla" jurnalının baş redaktoru, tanınmış şairə, journalist Gulşən Behbudun həmin kitaba yazdığı “Ön söz”-də oxuyuruq:
“Bədii ədəbiyyat insan düşüncəsinə, onun xəyal və təfəkkürünə göstərdiyi böyük təsirə gorə həmişə əhəmiyyətli və əvəzsiz olub. Bu gün Azərbaycan ədəbiyyatına gələn yeni nəfəslərdən biri, Qarabağ həsrətiylə yaşayan laçın havalı, Laçın təbiətli, qələmi ilə ruhunun incəliklərini sətirlərə çevirən gənc şair Ruslan Laçınlının özünəməxsus yeri var. Və inanıram ki, gələcəkdə də Azərbaycan ədəbiyyatında, poeziyasında da öz dəsti-xətti olacaq.
Ruslan Laçınlını "Ürəyimin səsi" şeirlər kitabı münasibətilə təbrik edir, yaradıcılıq uğurları, Laçınlı günlər arzulayaraq ilk kitabın uğurlu-axarlı, qələmin iti, sözün kəsərli olsun deyirik!”
Biz də bu gözəl arzulara qoşuluruq və aşağıda Ruslan Laçınlının bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
Bayram AŞIQLI,
“Borçalı” nəşriyyatının və
“Şərqin səsi” qəzetinin şöbə müdiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Abdulla Şaiq”, “Qızıl qələm” və
“Zirvə” mükafatları laureatı
ZiM.Az
QALAYDI
Sevərkən bu qədər alışmayaydıq,
Küsüb incimişkən barışmayaydıq,
Gərək biz heç vaxtı qovuşmayaydıq,
O gözəl anılar yarım qalaydı.
Danışmaz olaydıq bəhanələrdən,
Gileyli qalaydıq biganələrdən,
O gözəl çağlardan, xatirələrdən,
Məhəbbət bağında barım qalaydı.
Həsrətlə baxaydım yolun izinə,
Toxunmaz olaydım o gül üzünə,
Sən həyat seçərkən mənsiz özünə,
Mənim də sənin tək varım qalaydı.
Dərdimə, sərimə etsəydin tasa,
Sevincli günlərim dönməzdi yasa,
Gülləri saralmış bahardandısa,
Dağlarda ömürlük qarım qalaydı.
BİLİRSƏN
Xoş avazın, xoş nəfəsin məniydim,
Tək diləyin, tək həvəsin məniydim,
Bir zamanlar doğma kəsin məniydim,
Ürəyindən, xatirəndən silirsən,
İndi məni yad bir adam bilirsən.
Acı günlər çevriləndə şirinə,
Sevinmədin, sevincimin birinə,
Bölüşməyin, paylaşmağın yerinə,
Ürəyimi parçalayıb bölürsən,
İndi məni yad bir adam bilirsən.
Sevda bildim, sevgi qoydum adını,
Doğma bildin özgəsini, yadını,
Çəkən bilər ayrılığın dadını,
Gündə min yol dirilirsən, ölürsən,
İndi məni yad bir adam bilirsən.
QARDAŞ
Eşitsə düşmüsən çətinə, dara,
Soyuqluq eyləyib saxlamaz ara,
Zülmətli gecədə düşüb yollara,
Dadına yetişib gələndi Qardaş.
Dünyanın yüküdə olsa belində,
Sevgisin, istəyin tutar dilində,
Ən gözəl günündə, ən şad günündə,
Ürəkdən sevinib, güləndi Qardaş.
Yaxına buraxmaz hiylə, kələyi,
Bir olar səninlə arzu, diləyi
Tapdığı bir tikə quru çörəyi,
Ən çətin günündə böləndi Qardaş.
Dayanar sağında, durar solunda,
Güc, qüvvət taparsan sən öz qolunda,
Qardaş uğurunda, Qardaş yolunda,
Gözünü qırpmadan öləndi Qardaş.
QADIN
Gecələr gözünün yaşını tökdü,
Qəlbinə qəm, kədər əkilən qadın,
Qara buludlar da üstünə çökdü,
Sevinci göylərə çəkilən qadın.
Fəryadı qəlbini yandırdı, yaxdı,
Çəkdiyi acılar gözündən axdı,
Boylana, boylana yollara baxdı,
Gözləri yollara dikilən qadın.
O sağlam bir canı olsa da yarı,
Şikayət etmədi Allaha sarı,
Qara günlərinin,qara paltarı,
Üstünə ömürlük biçilən qadın.
Sevdiyi o adam olmadı rasdı,
Şəklini gözünün önündən asdı,
Qışıda, bahar tək bağrına basdı,
Sevdası, gözlərdə kiçilən qadın.
Payızda qurtardı xəzanda əsdi,
Qar yağdı yollara, yolları kəsdi,
Ağlama nə olar, ağlama bəsdi,
Həsrətdən, hicrandan bükülən qadın.
Saraldı, gül kimi soldu bağında,
Həyatı çürüdü dəǝrd qucağında,
Yaşının ən gözəl bahar çağında,
Saçına ağ dənlər tökülən qadın.
DARIXDIM
Sən gedəli kədər oldu hər ilim,
Bahar çağı buza döndü mənzilim,
Hər gün deyil, hər an deyil sevgilim,
Aram, aram zaman-zaman darıxdım.
Bu gün nəysə bir az yaman darıxdım.
Bal yerinə hər gün zəhər yesəm də,
Haqqım yoxdu talehimdən küsəm də,
Unutmuşam, unudacam desəm də,
Xatirələr vermir aman, darıxdım.
Bu gün nəysə bir az yaman darıxdım.
Çox istədim qayıdam o çağlara,
Həsrət qaldım gül, çiçəkli bağlara,
İnandığım, güvəndiyim dağlara,
Yağdı yağış, çökdü duman darıxdım.
Bu gün nəysə bir az yaman darıxdım.
Göz yaşlarım süzüləndə üzümə,
Xəyal olub görünürsən gözümə,
Səni deyib qapılanda özümə,
Dilləndi saz, çaldı kaman darıxdım.
Bu gün nəysə bir az yaman darıxdım.
Bel bağladım bu sevdaya inamla,
Sevgimizi yaşatmadım gümanla,
Düşündüm kü unudaram zamanla,
Sağalmamış könül yaram darıxdım.
Bu gün nəysə bir az yaman darıxdım.
İllər oldu ürəyimə batan ox,
Əvvələri darıxmazdım belə çox,
Sənsiz ömrü yaşamağın adı yox,
Həyat mənə oldu haram darıxdım.
Bu gün nəysə bir az yaman darıxdım.
GÖSTƏRMƏSİN
Qəm, kədər yaşamaqdan ürəyimiz qırıldı
Cavan-cavan balalar torpağa tapşırıldı
Oğlun itirmiş ana cənazəyə sarıldı
Bu qədər şəhid olmaz,daha şəhid verməsin
Allah heç bir anaya göz yaşı göstərməsin.
Kim yanacaq görəsən fəryadına, səsinə
Oğul dərdi dağ çəkər, ananın sinəsinə
Yalvarıram ay Allah, heç kim doğma kəsinə
Qara məktub yazmasın,qara xəbər deməsin
Allah heç bir anaya göz yaşı göstərməsin.
Bu dünyanın ağrısın gah yorulur, gah çəkir
İnsanı öz dərdinə, çəkəndə, dərgah çəkir
Gözü yaşlı analar, həsrət çəkir, ah çəkir
Vaxtsız keçən ömrünü birdə kədər yeməsin
Allah heç bir anaya göz yaşı göstərməsin.
Hər bir övlad ananın qanadıdı, qoludu
Zülmətin aydınlığı, İlahinin yoludu
Həyatda istəyim o, həyatda arzum odu
Analar ağlamasın, analar üzülməsin
Allah heç bir anaya göz yaşı göstərməsin.
QOCALANDA
Gözlərin dolacaq, ağrıyanda can
Allaha üz tutub, yalvaracaqsan
Əlində nə qədər olsada imkan
Heç nəyə yaramaz, var qocalanda.
Yadına düşəcək, gözəl çağların
Səfasın sürdüyün kef, damağların
Bir zaman bar verən, meyvə bağların
Gətirməz olacaq, bar qocalanda.
Həyat ömrünü verəcək yelə
Gözündə yaşlarda dönəcək selǝ
Ehtibar etdiyin dağların belə,
Zirvəsin alacaq, qar qocalanda.
Yetişməz olacaq, sözün bir yana
Ayağın bir yana, özün bir yana
Yaxını görməyən, gözün bir yana
Qulaqda olacaq, kar qocalanda.
Kim dözər görəsən, ağrıyan cana
Dağılıb gedəcək, hərə bir yana
Nə ata qalacaq, nə dəki ana
Dərdinə yanacaq, yar qocalanda.
BACARMADIQ
Yığıb varın, dövlətin,
Mənimsədik sərvətin,
Biz Allahın nemətin,
Bölməyi bacarmadıq.
Oğurladıq daş, qaşın,
Hər qızılın, hər daşın,
Bir yetimin göz yaşın
Silməyi bacarmadıq.
Mərmər qoyduq, üz yola,
Ayaq basdıq yüz yola,
Düzgün yola, düz yola,
Gəlməyi bacarmadıq.
Kam almadıq fələkdən,
Xoş arzudan, diləkdən
Bircə dəfə ürəkdən,
Gülməyi bacarmadıq.
Hörmət bildik rüşvəti,
Bitdi ömür müddəti,
Qazanıb bir rəhməti,
Ölməyi bacarmadıq.
ELƏ
Sevgi ara, sevgi dilən,
Daha yoxdur qǝdir bilən,
Özgələrə doğma gələn,
Doğmalara yadam elə.
Mən danışım hansı birin,
Adi yaram olub irin,
Kimə acı, kimə şirin,
Kimə adi dadam elə.
Dərdim ürək parçalayır,
Sinəm üstə od qalayır,
İçim, çölüm qan ağlayır,
Görən deyir şadam elə.
Nə gizlədim, nəyi danım,
Qalmayıbdı, daha canim,
Yox şöhrətim, yoxdu şanım,
Bir quruca adam elə.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.