FİRUZƏ BƏYMƏMMƏDQIZI (1950)

FİRUZƏ BƏYMƏMMƏDQIZI (1950) Firuzə Bəyməmməd qızı Əsədullayeva - 1950-ci ildə Bakının Şağan kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Bakıda 20 il müəllim kimi fəaliyyət göstərən Firuzə xanım 1-ci dərəcəli müəllimdir.
Ədəbi fəaliyyətə uşaq şeirləri ilə başlayan müəllif Azərbaycan dövlət müstəqilliyini qazanandan ölkəmizin bir çox aparıcı kütləvi informasiya vasitələrində jurnalist kimi fəaliyyət göstərib. Müxtəlif vaxtlarda aparıcı mətbuat orqanlarında və informasiya agentliklərində işləyib. Həmçinin, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin və Daxili İşlər Nazirliyinin “Dinamo” cəmiyyətlərinin mətbuat rəhbəri vəzifəsində çalışıb.
Hərbi-jurnalist kimi Azərbaycanın bütün bölgələrində olub. 450-yə yaxın vətən övladlarının ailələrinə jurnalist kimi baş çəkməklə yanaşı, 90-dan çox şəhid haqqında mətbuatda silsilə yazılar yazıb. Şəhidlərə ithaf olunan “Şəhidlik çələngi” silsiləsindən 5 kitabın - “Bircə günün şəhidləri” (1995), “Vağzalı çalınır” (1996), “Bulaqların göz yaşı” (1998), “İki əsgərin bir masalı” və “Müzəffər ordunun qalıb igidləri” kitablarının müəllifidir. Bundan başqa “Dəniz çağırır” (2000), “Uşaqlar üçün şeir və tapmacalar” (2004) və “Xarı bülbül” (2014) kitabları geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Onun Qazaxın 54 şəhidi haqqında yeni bir kitabı da çapa hazırdır.
“Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyinin sədri, D.Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə cəmiyyətinin mətbuat xidmətinin rəhbəridir.
1994-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “Qızıl Qələm” media mükafatı laureatıdır.
“Fədakar jrnalist” ödülünün sahibidir. Kütləvi informasiya vasitələrində ən yaxşı yazı üçün elan edilmiş “Qarabağ harayı” müsabiqəsinin “Müharibə qəhrəmanları” nominasiyası üzrə qalibidir.
2018-ci ildə “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi tərəfindən “Vətənpərvərlik işlərində xidmətlərinə görə” medalı ilə təltif olunub.
“Xarı bülbül” əsərinə görə isə “Xarı bülbül” medalına layiq görülüb.

Biz də tanınmış filoloq, yazıçı, şair, jurnalist Firuzə Bəyməmməd qızı Əsədullayevaya yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.

Bayram AŞIQLI,
“Borçalı” nəşriyyatının və
“Şərqin səsi” qəzetinin şöbə müdiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Abdulla Şaiq”, “Qızıl qələm” və
“Zirvə” mükafatları laureatı

ZiM.Az



BAYRAĞIMIZ

Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq - öz yurduma öz hakimliyim!
B.Vahabzadə


Uşaqlar, ay uşaqlar,
Gözəl bayrağımız var.
Bu bayraq qalıb bizə,
Babalardan yadigar.

Bayrağımız üç rəngli,
Göy, qırmızı və yaşıl,
Al günəşin altında,
Parıldar işıl işıl.

Göy rəngdir türklüyümüz,
Qırmızı qanımızdır.
Yaşıl islam rəngidir,
Dinə imanımızdır.

Üç rəngin ortasında
Nəqş olunub ay-ulduz.
Dünyanın hər yerində,
Tanınır bayrağımız.

Üç rəngli bayrağımın,
Dünyada misli yoxdur.
Düşmənlərin gözünə,
Batan sehirli oxdur.

Döyüşkən əsgərimin,
Silahıdır bayrağım.
Dövlətimin rəmzidir,
Dayağıdır bayrağım.

Bizim ordu güclüdür,
Heç bir kəsə yenilməz.
Bir yol yüksələn bayraq,
Bir daha yerə enməz.

AĞLAMA, CAN NƏNƏ

Nənəm yaman qocalıb
O. hey corab toxuyur.
Hərdən görürəm ki, mən,
İlmələri vuranda,
Dodağının altında
Zümzüməylə oxuyur

Bir də görürsən ki, o,
Şirin xəyala dalır.
Bəzən də gözlərini,
Zilləyib bir nöqtəyə
Yağı tapdağı olan
Yurdunu yada salır:

-Dağlar, bulağım hanı,
Yanan çırağım hanı?
Şuşa, Laçın, Kəlbəcər...
O Qarabağım hanı?

Kuzə düşdü əlimdən,
Səhəng düşdü belimdən,
Ayrılığın, həsrətin,
Soruşun ağ telimdən.

Birdən sanki diksinir,
Bir ah çəkir dərindən.
Ötən bulud yağışı,
Bahar leysanı kimi
Süzülür gözlərindən.

Canım nənə, ağlama,
Bulaq kimi çağlama.
Qarabağı alarıq,
Yadlara bel bağlama.
Böyüyür Abbas, Ayxan,
Yeddi oğul istəyir,
Bircə qız Azərbaycan!

VAĞZALI ÇALINSIN

Bizim Solmaz ananın
Qarabağ savaşında
Oğlu şəhid olmuşdu.
O heç dinə bilmirdi
Kövrəlmişdi, dolmuşdu.

Ağlaya da bilmirdi,
Sanki daşa dönmüşdi
Ağarmışdı çöhrəsi
Həyat eşqi gözündə,
Avazıyıb sönmüşdü.

Oğlu basdırılan gün,
Birdən dili açıldı.
Gözlərini qırpmadan
Hikkəylə danışaraq
Ətrafa od saşırdı.

Ana: -Vağzalı çalın
-Dedi mənim balama.
Bu gün onun toyudur .
Xonça da tutacağam,
Əziz ciyərparama…

Qəmli yas məclisində,
Vağzalının sədası,
Yüksəldikcə göylərə.
Ağlayırdı dağ, dərə.
Ey vah, bu nə mənzərə ?

Ana əlində xonça
Gülürdü, oynayırdı,
Hərdən kövrək bir səslə
Hamını qınayaraq,
Oyuna çağırırdı.

Huşunu itirərək
Birdən yerə yıxıldı,
Xonça düşdü əlindən.
İnsanlar hönkürürdü.
Ah çəkirdi dərindən !!!

Əziz balalar, Qazaxda baş verən bu hadisə gerçəkdir.
Şəhid İlqarın anası Solmazın hekayəsidir, bu…


Bütün bunları mənə,
Bir mayor danışırdı.
Danışdıqca üzülür,
Gözündən yaş süzülür,
Yanırdı, alışırdı.

Şirinlərim, gəlin sizinlə birlikdə
dünyada yaşayan bütün analara
bir arzu, bir dilək tutaq ürəyimizdə:


Anaların qəlbindən,
Yox olaydı təlaşlar.
Yeni nəğmə qoşaydıq,
Təbiətə, günəşə,

Topların lüləsində,
Yuva quraydı quşlar,
Dünyanı nəğmə ilə,
Tutaydılar atəşə!!!

MƏNƏ NAĞIL OXUMA

Nənə gözlüyünü itirmişdi.
Nəvəsi balaca Sevincdən:
- Quzum, bəlkə sən gözlüyümü görmüsən? - deyə soruşduqda...


Dodağını büzdü qız,
Qaşlarını da çatdı.
Kiçicik əllərini
Nənəsinə uzatdı:

Əlimdəydi gözlüyün,
Oynadırdım, ay nənə.
Bilmirəm necə oldu,
Bəlkə uçub göylərə.

Hirslənmə də, nənəcan,
Gecə gələr yataram.
Yuxumda gözlüyünü ,
Axtararam, taparam.

Nənə gülümsəyərək:
-Ay mənim, şeytan qızım,
Özündən söz toxuma.
Gözlüyümü tapmışam,
Mənə nağıl oxuma !..

MƏKTƏBLİYƏM BU GÜNDƏN

/Nəğmə/

Qəlbim fərəhlə vurur,
Məktəbliyəm bu gündən.
Müstəqil dövləmtimin,
Xoşbəxt övladıyam mən.

Ötüşər aylar, illər,
Böyüyüb boy ataram.
İndi xəyaltək gələn
Hər arzuma çataram.

Mən çox yaxşı oxuyur,
Sevirəm VƏTƏNimi.
Dostlar hələ qarşıda
Çox şey gözləyir məni.

Ötüşər aylar, illər,
Hər arzuma çataram.
Sevincimi ellərin
Sevincinə qataram.

MƏLƏK

Körpəcə bir qızcığaz,
Kücədə bərk qaçırdı.
Hamıya gülümsəyib,
Ətrafa nur saçırdı.

Birdən yerə yıxıldı,
Dizləri bərk sıyrıldı.
Qız özü qalxdı yerdən,
Hələ də heyrətdəyəm.

Yıxıldıqdan sonra da,
Üzü gülümsəyirdi.
Amma ki, dodaqları,
Yavaşca səyriyirdi.

Yaxınlaşıb soruşdum:
-Ay quzum, adın nədir?
Mənə gülümsəyərək,
Yavaşca dedi: -Mələk.

Doğurdan da qızcığaz ,
Bənzəyirdi Mələyə
Mənsə heyran qalmışdım,
Ondakı iradəyə !..

FƏSİLLƏR

Bir ildə dörd fəsil var,
Yaz, yay, payız, bir də qış.
Üç ay yazdır, üç ay yay,
Üç ay qış, üç ay payız.

Elə ki, bahar gəlir,
Günəş qalxır göylərə.
Yaşıllaşır bağça bağ,
İşıqlanır dağ-dərə.

Sonrasa isti,qızmar,
Yayın səsi yüksəlir:
-Sizin görüşünüzə,
Dəniz mövsümü gəlir.

Payızın gözəlliyi,
Heş bir tabloya sığmır.
Yerdə bolluca xəzəl,
Payız özəldir, özəl.

Dəli nərə çəkərək,
Tufaniyla gəlir qış.
Hər evdə pəncərəyə,
Vurur təbii naxış.

Uşaqlar sevinərək,
Hey qar topu oynayır.
Əlləri uşüsə də,
Oynamaqdan doymayır.

Təbiət çox gözəldir,
Görürsüzmü, uşaqlar.
Hər bir fəslin ayrıca,
Özəl gözəlliyi var.

“ƏDALƏTLİ” BÖLGÜ

Ac heyvanlar meşədə
Bir maral ovlayaraq
Ətini bölmək üçün
Tez Şirə apardılar.

Şir də sevincək halda,
Üzün dovşana tutub:

-Ay dovşan, çıx sıradan,
Sən irəli gəl – dedi.
Bu əti aramızda ,
Ədalətlə böl – dedi.

Dovşan əvvəl duruxdu,
Sonra gəldi irəli.
İki yerə böldü,o
Qarşısındakı əti.

Dedi: -Əziz şir lələ,
Ətin yarısı sənin.
Yerdə qalan hissəsi,
Məncə yetər bizlərə.

Şir dovşanın başına,
Vurdu güclü bir qapaz.
-İtil mənim gözümdən,
Balacaboy, yaramaz.

Dovşanın gözü çıxıb,
Ovucuna töküldü.
O-“Vay, gözüm” qışqırıb
Tez meşəyə əkildi.

-Həəə, indi, tülkü lələ,
Bölgü işi sənindir.
Başını bir az işlət,
Sənsə məni sevindir.
Tülkü irəli gəlib,
Aslana tutdu üzün:

-Bax, bu ətin yarısı,
Sənin səhər yeməyin.
O biri yarısı da,
Günortaya bəs edər.

Ey meşələr padşahı,
Həşəmətli hökmdar.
Məncə üçüncü hissə,
Sənə axşama yetər.

Şir tez gülümsəyərək,
Ona rəğbətlə baxdı:
-Tülkü, bu bölgünü sən,
De, hardan öyrənmisən?

Hiyləgər tülkü lələ,
Şirə tutub üzünü.
Qorxudan əsə-əsə,
Dedi ürək sözünü:

-Dovşanla davranışın,
Ağlımı aldı başdan.
Bu bölgünü öyrəndim,
Gözü çıxmış qardaşdan.

OYUN

Bu söz “un” dur,
Bir “Y” yazdım.
“Un” oldu “yun”
Sonra “oyun”,
“Oyun” döndü,
Oldu “qoyun”.
Heç görmüsən
Belə oyun?

“QONAQPƏRVƏR” TÜLKÜ

Bir həftəydi ki, tülkü,
Gəzirdi ac-yalavac.
O hey fikirləşsədə,
Tapa bilmirdi əlac.

Tülkü lələ acından,
Yeriyə bilməyirdi.
Dərindən ah çəkərək,
-Mən nə edim? -deyirdi.

Hiyləgər tülkü lələ,
Hazırladı bir plan.
Qurduğu plan üzrə
İşə başladı haman...

Niyyəti saf olmayan
Tülkünün təklifiylə
Heyvanlar göy çəməndə,
Gözəl məclis qurdular.

Qonaqları kim idi?
Xoruz, toyuq, fərələr.
Bir də tükü yupyumşaq,
Sarı, qəşəng cücələr.

Xatırlayıb ormanı,
Tülkü çaldı qarmonu.
Fərə girdi araya,
Əl atdı nağaraya.

Xoruz gəldi irəli,
Ələ götürdü neyi.
Toyuq aldı kamanı,
Qızışdırdı aranı.

Ora-bura qaçışan,
Cikkildəşən cücələr
Əvvəlcə rəqs etdilər,
Sonra yallı getdilər.

Çoxlu yeyib-içdilər,
Ora-bura qaçmaqdan,
Oxuyub oynamaqdan,
Tamam əldən düşdülər

Məclisə göz gəzdirən
Hiyləgər tülkü gördü,
Şuluq düşüb araya,
Qarışıb aq-qaraya.

Bildi fürsət yetişib,
Tezcə qapdı fərəni,
Arxasına baxmadan,
Dərhal aşdı dərəni...

Həyatda da çoxluca
Hiyləgər “tülkülər” var
Onlara inanmayın,
Əziz, körpə balalar...

NAFTALAN

Sədi narazılıqla,
Nənəsinə söylədi:
Bizim şəhərin adı
Axı niyə böylədi?

Deyirəm nə olaydı,
Bzim şəhərimizə
Bakı, Şəki, Şuşa tək
Qısa ad qoyulaydı.

O vaxt dəftərin üstün,
Daha rahat yazardım.
Bunu yazana qədər,
Yaddan çıxır öz adım.

Nənə gülərək dedi:
Sevimli nəvəm mənim
Hər bölgənin müxtəlif
Özəl meyvə payı var.

Lənkəranımın çayı,
Astaranın limonu
Qubanın ağ alması,
Göyçayın da narı var.

Bizim torpaq verimsiz,
Hər ağacı bitirməz.
Amma onun verdiyin,
Heç bir torpaq bitirməz.

Neft adlanan xəznədir,
Bizim şəhərin altı.
Elə bu sərvətlə də
Bağlıdır yerin adı.

Zaman gələr, soruşar,
Səndən də sənin balan.
Mənasın yadda saxla,
Torpağında neft olan.

Şəhərin olduğunçün,
Sən fəxr elə, qürurlan.
Dünyada əvəzsizdir,
Bizim sirrli Naftalan.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: