XATİRƏ XƏYAL (1971)

XATİRƏ XƏYAL (1971)Xatirə Əliyeva (Musayeva) – 1971-ci ildə Qərbi Azərbaycanda, Kalinino rayonunun Evli kəndində fəhlə ailəsində anadan olub. 1988-ci ildə orta məktəbi bitirib. Elə həmin vaxtlar ara qarışıb. Doğma kəndlərini tərk etməyə məcbur olublar. 12 nəfərlik ailə Azərbaycana pənah gətirib. Hərəsi bir peşənin sahibi olub.
Xatirə xanım gənclik illərindən həm də bədii yaradıcılıqla da məşqul olur. Şeirlər yazır. 4 kitab müəllifidir. Şeirləri müxtəlif mətbuat orqanlarında və poeziya məcmuələrində çap olunub.

Biz də Xatirə xanıma yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.

Bayram AŞIQLI,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Borçalı” nəşriyyatının və “Şərqin səsi” qəzetinin şöbə müdiri,
“Abdulla Şaiq”, “Qızıl qələm” və “Zirvə” mükafatları laureatı


ZiM.Az



BALANI ANADAN AYIRMAQ OLMAZ!

Uzun illər öncə şahidi olduğum
və mənə təsir edən bir hadisəni
şeir dilində ifadə edəndə,
sanki qəlbimdə bir təskinlik tapdım,
elə bil ki, çiynimdən ağır bir yük götürüldü.
Şeir isə belədir:


Koroğlu dağının biçənəyində,
Bir ana kəkliyə sataşdı gözüm.
Nə qədər çalışdım, tuta bilmədim,
Yoruldum, dizimdə qalmadı dözüm.

Qorxsa da, ürksə də bu ana kəklik,
Ancaq aralanmır məndən uzağa.
Özünü gah sağa, gah sola çırpıb,
Qaqqıltı salaraq baxır qırağa.

Mən indi anladım bu ana kəklik,
Məni nəyə görə belə çaşdırır.
Sən demə yaxında balaları var,
Məni yuvasından uzaqlaşdırır...

İstədim götürəm körpə quşları,
Bu zaman arxadan dilləndi atam,
A qızım, neynirsən, tez geri qayıt,
Heç belə işi də tutarmı adam?

Sonra da saçıma sığal çəkərək,
Dedi sözlərimə yaxşı qulaq as.
Ən böyük günahdı, həyatda heç vaxt
Balanı anadan ayırmaq olmaz!


SƏNSİZLİK

Şahid balam Xəyala

Sənsiz yaman qəribsədim,
Yanına gəlmək istədim,
Çarəsizəm, necə edim?
Sənsizliyə dözməyirəm!

De səni harda arayım?
Saçını necə darayım,
Viran oldu qəlb sarayım,
Sənsizliyə dözməyirəm!

Sənli anlarım gələydi,
Əlin göz yaşım siləydi,
Yenə də üzüm güləydi,
Sənsizliyə dözməyirəm!

Fələk məni dərdə saldı,
Xəyalımı əldən aldı,
Gözlərim yollarda qaldı,
Sənsizliyə dözməyirəm!

Sənsizlik kədər yaradır,
Gündüzlərim qapqaradır,
Ürəyim para-paradır,
Sənsizliyə dözməyirəm!

Cavanlığın getdi bada,
Üzdü məni bu dərd-qada,
Xatirəni yaxdın oda,
Sənsizliyə dözməyirəm!
18.02.2021


VƏTƏNİN FƏXRİSƏN,
HÜSEYNOV TELMAN

Qorxmazsan, cəsursan, qəhraman insan
Vətənin fəxrisən, Hüseynov Telman.
İgid yetişdirdi səni bu dövran
Vətənin fəxrisən, Hüseynov Telman.

Qartaltək fəth etdin uca zirvəni,
Yumağa döndərdin yağı düşməni,
Camaat söylədi sənə əhsəni,
Vətənin fəxrisən, Hüseynov Telman.

Qoymadın düşməndə daşı daş üstə
Dayandin qürurla hər çətin işdə,
Roma da görübdü sizdə sərişdə
Vətənin fəxrisən, Hüseynov Telman.
30.03.2023


GÖZ YAŞLARIM

Gözüm yaşı damla-damla sel oldu,
Sənsiz günüm aya döndü, il oldu,
Bircə dəfə gəl yuxuma sən barı,
Sənsiz olub ömür yarı, gün yarı.

İstərəm yuxuda çox görüm səni,
Sarılıb boynuna hey öpüm səni,
Bu vaxtsız getməyin məni üzübdü,
Sinəm üstə qəm-kədəri düzübdü.

Neyləyim, taleyim yazılıb belə,
Dərdindən dönmüşəm bir solan gülə,
Nə vaxtacan həsrətinlə alışım,
Söylə, sənsiz necə gülüm, danışım?

Ağlayır el-oba sənintək mərdə,
Xatirə tuş olub sağalmaz dərdə,
Bu qəmi, kədəri kimə söyləyim?
Yanıb ayrılığa axı, neyləyim?


SƏNİ AĞLAYIRAM

Mənə çox çətindir sənsiz yaşamaq,
Bu acı həsrətdən ölmək istərəm,
Qoşulub göydəki mələklərə mən,
Yanına cənnətə gəlmək istərəm.

Xəyallar aparır məni keçmişə,
Qaçsam da mən, sənə çata bilmirəm.
Bulubtak göz yaşı tökürəm, ana,
Gecə səhərədək yata bilmirəm.

Qaldın xəyalımda sən Xəyal kimi,
Üz tutub gəlirəm qəbrinə sarı.
Çətin imtahandan keçib gəlirəm,
Öpürəm doyunca o daş məzarı.

Sənsiz çətin keçir günlərim mənim,
Dözülməz bir dərddir, yaşayıram mən.
Bu həyatda muradına çatmadın,
Dərdini qəlbimdə daşıyıram mən.

Sənə görə bu sözləri yazanda,
Əlimdə qələmim qırılaydı kaş.
Kiriyə bilməyir anan Xatirə,
Səni ağlayıram gözlərimdə yaş!
20.02.2021

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: