TAHİRƏ SƏMƏDOVA (1959)

TAHİRƏ SƏMƏDOVA (1959) Tahirə Çərkəz qızı Səmədova - 01.08.1959-cu ildə Ağdaş rayonunun Hüşün kəndində doğulub. Orta təhsillidir. Hazırda Abşeron rayonunun Xırdalan şəhərində yaşayır. İki kitabı çap olunub: “Yuxulu gözlər” və “Sevgi dünyam”.

Biz Tahirə xanıma yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az



YAR ÖZÜ GƏLSİN

Bir busə istədim yar yanağından,
Dərdimin dərmanı yar özü gəlsin.
Başıma yığılıb həkim, təbiblər,
Yaramı sarmağa yar özü gəlsin.

Ağlıma həkk olub yarın sözləri,
Gözlərimdə atəş saçan gözləri,
Boynuma sarılsın isti əlləri,
Əllərim tutmağa yar özü gəlsin.

Məktub yazdım yaradana gəl götür,
Şikayətim var canımdan, sən ötür.
Gözlərimdən iki damcı yaş götür,
Gözlərim silməyə yar özü gəlsin.

Vəfasıza bel bağlama dedilər
Əyər belin, evin yıxar dedilər,
Cəfalıdır eşqin yolu dedilər,
Könlümü almağa yar özü gəlsin,

Bax gözlərim yollarına dikilib,
Cavan yaşda qəddim əyib, bükülüb,
Yaralıyam bağrım başı sökülüb,
Dərdimin dərmanı yar özü gəlsin,

Qurban desə bu canımı verərdim,
Var dövlətdən əlim çəkib gedərdim,
İstəsəydi yar yolunda ölərdim,
Gözümü sarmağa yar özü gəlsin .

Gözləridi dərdlərimin dərmanı ,
Tahirəyəm buyur gətir fərmanı.
Bircə kərə yar öldüyüm zamanı,
Fatihəm verməyə yar özü gəlsin.
06/06/2023

QAYIT GƏL

Əsən külək salam söylə o yara,
Busə qondurarsan o gül yanağa.
Həsrətimi çatdır de gözəl yara,
Dərdindən xəstə var, həmən qayıt gəl.

Əsən külək söylə gözü dolmasın,
Sevən könlü həsrət ilə yanmasın.
Mən yazığı öldü bilib anmasın,
Həsrətindən can üstəyəm qayıt gəl.

Mən yar oldum haldan bilməz birinə,
Dərman olmur dərdlərimə könlümə.
Ürəyimdə bəslədiyim sevgimə,
Söylə həsrətindən yandım qayıt gəl.

Əsən külək yağışlarla dönginən,
Yar gözündən bir damla yaş alginən.
Ara-sıra məzarıma səpginən,
Ürəkdə həsrətim öldüm, qayıt gəl.
08/06/2023

NƏ VERDİ?

Mən bir zaman sevdiyimə peşmanam,
Sevgi mənə yaşamağa nə verdi?
Qüssə, kədər, həsrət dolu gecələr,
Gözlərimi yolda qoydu nə verdi?

Əsəblərim çəkilibdi tarıma,
Sözüm fikrim yetişməyir yarıma.
Mən qaragün sığınmışam arıma,
Göz yaşımdan başqa mənə nə verdi?

Uzaq yolu yaxın edib gedərdim,
Dərd sərini, göz yaşını silərdim.
Hər dərdini mən öz dərdim bilərdim,
Qüssə, kədər, qəmdən başqa nə verdi?

Yaş da keçir, gecdi daha deyinmək,
Mənim sevgim libas deyil geyinəm.
Çalışsamda indi yerlə göyiynən,
Peşmanlıqdan başqa mənə nə verdi?
07/05/2023

ÖTƏN İLLƏRİMİ DOSTUMA İTHAF ETDİM

Mən göz yumdum gənclik adlı illərə.
Dəli axan qan məni çaşdırdı.
Nə vaxt gəldi, nə vaxt düşdü tarixə,
Əldən uçub getdi ötən illərim.

Bir ömür yaşadım dərdsiz, kədərsiz,
Gənclik ötüb getdi qaldım nəfəssiz.
Bilməm hara getdi səssiz-səmirsiz,
Dalınca çox baxdım ötən illərin.

Daha arxasınca baxım nə fayda?
Günlər ötüb keçir budurmu qayda?
Baxıram naümid keçdi bir ay da,
Dalınca ağladım ötən illərin.

Tahirə çox umdu cəfasın çəksin,
Hər ötən günümə bir fidan əkdim,
Nə barın görmədim, nə meyvə dərdim.
Dönməz daha geri gənclik illərim,
Əldən uçub getdi ötən illərim.
10/04/2023

BAĞIŞLA, ALLAHIM

Bu qədir gecəsi əl açdım sənə,
Məni nəzərindən buraxma, Allah.
Əl açdım dualar eylədim sənə,
Məni dərd əlində buraxma, Allah.

Günahım çoxdursa bağışla məni,
Vermisən ömrümə naxışlar mənim.
Tökürəm yolunda yağışlar sənin, (göz yaşı)
Məni dərd əlində buraxma, Allah.

Hər zaman şükürlə anıram səni,
Verdiyin dərdlərdə danmıram səni.
Hər zaman rəhminə sığındım sənin,
Məni dərd əlində qoyma, Allahım.

Vəfalı qulunam bilirsən məni,
Hər zaman dadıma çatırsan mənim.
Mən haqq aşiqiyəm görürsən məni,
Məni dərd əlində buraxma, Allah.

Dualar eylədim gözüm qan ağlar,
Ürəkdə həsrətim, qəlbimdə qübar.
Bilirsən yaramı könlümdə nə var,
Məni dərd əlində qoyma, allahım.
18/04/2023

HANI GƏNCLİYİM

Nə gözəl hər kəsdə gənclik havası,
Əlimdən tez getdi gənclik butası.
Geymişəm əynimə köhnə libası,
Nə qədər çalışsam gəlməz gəncliyim!
Baxıb kövrəlirəm hanı gəncliyim!

Necə ərköyündüm dəlisayağı,
Futbol oynayardım oğlansayağı.
Baxıram göylərə uçur qağayı,
Əldən uçub getdi, mənim dincliyim!
Baxıb kövrəlirəm hanı gəncliyim!

Yaş ötür uzaqda xəyallardayam,
Evcik oynadığım o çağlardayam.
Sinifdə ən tənbəl uşaqlıqdayam,
Dönməz daha geri mənim dincliyim!
Baxıb kövrəlirəm hanı gəncliyim!

Sinifdə fağırdım,çöldə mərdanə,
Hər kəsi oyunla salardım bəndə.
Dostlarım bənövşə, bəndə düşəndə,
Mən tutub salardım bəndə gəncliyim!
Baxıb kövrəlirəm hanı gəncliyim!

Sinifdən, sinifə keçdikcə mənim,
Yaş ötür artırdı kədərim,qəmim.
Tahirə, ağlama barış, keçmişim,
Dönməz daha geri mənim dincliyim.
Baxıb kövrəlirəm hanı gəncliyim!
15/03/2023

AL MƏNİ ALLAH

Bu dəli sevdaya düşdüyüm gündən,
Həm ağıl, həm idrak gen qaçır məndən.
Sevdaya qul oldum bilmirəm nədən,
Al məni bu eşqin əlindən, Allah.

Dünyanı dolaşdım dərmanım yoxdu,
Ürəkdə həsrətim,kədərim çoxdu.
Bir eşqə düşmüşəm əlacım yoxdu,
Al məni bu eşqin əlindən,Allah.

Nə ümid, nə istək qalmayıb məndə,
Ürəyi xəstəyəm dərmanım səndə.
Ellərdə ağlayır düşdüyüm dərdə,
Al məni bu eşqin əlindən,Allah.

Kədərlə köklənib könlümün sazı,
Dərdimdən baş açmır həkim, nə qazı.
Vermisən əlimə üç telli sazı,
Al məni bu eşqin əlindən,Allah.

Tahirə bu dərdə dərman arama,
Məlhəmdə tapılmaz mənim yarama.
Tək ümid qalıbdı yaradanıma,
Al məni bu eşqin əlindən, Allah.
03/04/2023

QARA GÖZLƏRİN

Gözlərin gözümə baxan zamanda,
Ağlımı başımdan alır gözlərin.
Nə qədər çırpındım unudub deyib,
Məni kəməndinə salıb gözlərin.

Batsam o gözlərin sehrinə birdə,
Düşərəm sevgilim tapılmaz dərdə.
Sanki ovsunlayıb durub qəsdimə,
Məni kəməndinə salıb gözlərin.

Sanki coşub daşan seldə batmışam,
Ay gülüm sevdanla oda salmısan.
Könlümü ,könlünə möhürləmisən ,
Məni kəməndinə salıb gözlərin.

Qurban olum çəkmə məndən gözünü,
Ovsunlayıb məndən alıb özümü.
Qara gözlüm sənsiz yoxdu dözümüm,
Məni kəməndinə salıb gözlərin.

Naz ilə baxırsan canım alırsan,
Fikri xəyalımda mənim olursan.
Məni ovsunlayıb bəndə salmısan,
Məni kəməndinə salıb gözlərin.


QOY GİZLİ QALSIN

Aman həkim neştər vurma yarama,
Yaram çox dərindi qoy,gizli qalsın.
Dərman gəzmə sən Allahın eşqinə,
Xəstəyəm bilməsin yar gizli qalsın.

Gizli tutdum yarın adı ,ismini,
Ötən quşdan gizləmişəm kimliyin.
Adına söz gələr mənim sevdiyim,
Kipriyi islanar qoy, gizli qalsın.

Bu necə sevgidi verib yaradan,
Atəşi qəlbimdə gizli saxlaram.
İsmini yuxumda sayıqlayıram,
Eşitdin?sən Allah qoy, gizli qalsın.

Çək əlini burax yaram qanasın,
Dərman gəzmə yoxdu dərdim çarası.
Qurban olum, ay ellərin anası (həkim)
Yaramı faş etmə qoy, gizli qalsın.

Bir atəşdi illər boyu içimdə,
Ürək yanar,köz-köz olar içimdə.
Sevdiyimi anlar amma kimsələr,
Duymasın arada qoy, gizli qalsın.

Mən yazmışam məktubumun sətrini,
Duyammadım yarın gözəl ətrini.
Bir mesaj yazmışdım gülüm, gəlimmi?
Açıb oxumadı qoy, gizli qalsın.

Ürək sözüm heç duymadı dilimdən,
Çox keçirdim ürəyimdən, fikrimdən.
Tahirə can üstə,sormaz kimsədən,
Bu eşqi sirr saxla qoy,gizli qalsın.
08/03/2023

SEVGİLİM MƏNİ

Sevda yolçusuyam izim pozulmur,
Ürəyim qırıqdı, çözüm tapılmaz,
Zərrəcə güman yox gözüm qapanmaz,
Əgər ki, unutsan sevgilim məni.

Nələrlə baş etdim sənə yetməyə,
Bu sevda yolunda hicrət etməyə,
Qara gözlərindən qıymam öpməyə,
Əgər ki, unutsan sevgilim məni.

Laləzarda solar xəzan olanda,
Vətən qürbət olar, dərd-sər olanda,
Gözüm yaşla dolar həsrət olanda,
Əgər ki, unutsan sevgilim məni.

Uzaqda qeyb olan dilək kimisən,
Baxçama əkilmiş çiçək kimisən,
Ürəyə saplanmış bıçaq kimisən,
Əgər ki, unutsan sevgilim məni.

Bir arzu bir istək, qalmayıb məndə,
Sevinc gendən qaçır düşmür kəməndə,
Dünya da dar olur düşünəndə mən,
Əgər ki, unutsan sevgilim məni.
28/04/2023


ZiM.Az
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: