həvəskar yazar.
Bakıda yaşayır.
Slavyan Universitetini bitirib.
Müəllimədir.
SEVGİLİM!
Kimsə məni səntək
sevə bilmədi,
Kimsə mənə səntək
dəyər vermədi,
Kimsədən bu qədər
şəfqət görmədim,
Bu qəlb unudurmu
səni, sevgilim?!
Bağlı kitab idim -
sən vərəqlədin,
Sönmüş hisslərimi
sən təzələdin,
Bu yanan qəlbimə
sən su çilədin,
Bu qəlb unudurmu
səni, sevgilim?!
Qaranlıq könlümə
sən işıq saçdın,
Solmuş bağçalarım
sənlə gül açdı,
Bütün qəm, kədərim
səninlə qaçdı,
Bu qəlb unudurmu
səni, sevgilim?!
Hər zaman yanımda
qalasan mənim,
Loğmanım, təbibim
olasan mənim,
Sevgiylə, şəfqətlə
yorasan məni,
Bu qəlb unudurmu
səni, sevgilim?!
Bu yorğun ruhumun
tufanısan sən!
Bu şair könlümün
ilhamısan sən!
Bu asi qəlbimin
sultanısan sən!
Bu qəlb unudurmu
səni, sevgilim?!
GƏMİSİZ LİMAN...
Könlümün limanına
yan aldı yad bir Gəmi,
O dərin sularına
atdı öz lövbərini...
Könlümün suları tək
yorğundu onun ruhu,
Bir sevgiyə, şəfqətə
o ehtiyac duyurdu...
Onunçün Könül dəryam
açdı gen qucağını,
Sarıb, sarmaladılar
Gəmini bol suları...
Gəmi də yellənirdi
dəryanın qucağında,
Həzin yırğalanırdı
o, Könül limanında...
Amma bir gün yoruldu
Gəmi artıq durmaqdan,
O hələ doymamışdı
yad sulara dalmaqdan...
Açılmaq istəyirdi
o, yeni dəryalara,
Yan almaq istəyirdi
o, yeni limanlara...
Könül sularım qalxdı,
sahillərə çırpıldı,
Limanı dilə gəldi,
sanki o da yalvardı...
Lakin Gəmi durmadı,
lövbərini qaldırdı,
Yeni sulara sarı
o özünə yol aldı...
Könlümün limanı boş
qaldı o gündən bəri,
O Gəminin yolunu
illərlə hey gözlədi...
Amma bir daha Gəmi
limana qayıtmadı...
Kaş heç könül limanı
belə boş qalmayaydı...
Könül sularım yenə
kükrədi, aşdı, daşdı,
Hər tufanda qalxaraq
qayalara çırpıldı...
Könlümün limanı da
ağı dedi, inlədi,
Çünki, artıq yox idi
qucağında bir Gəmi...
Allah heç bir limanı
gəmisiz eləməsin!..
DOĞUM GÜNÜM...
Bu gün doğum günümdür!
Heç sevmirəm bu günü!
Bu gün gənclikdən məni
bir il də çəkir geri...
Bu gün mənim ömrümə
bir yaş daha gətirir,
Bu gün öz dəyərini
hər keçən il itirir...
Hər il doğum günündə
bir il də yaşlanırıq,
Sonra yenə günləri
saymağa başlayırıq...
Doğum gününə qədər
biz günləri sayırıq,
Sanki bir ildə deyil,
bir gündə yaşlanırıq.
Arada ozümüzü
beləcə aldadırıq,
Doğum gününə qədər
biz zaman qazanırıq...
Uşaqkən mən də bu gün
başqa sevinc yaşardım,
Bir yaş da böyüməyi
necə fəxr sayardım...
İndisə zaman mənim
heç xeyrimə çalışmır,
Artıq doğum günləri
mənə sevinc yaşatmır...
HƏYAT SƏN NƏ QƏRİBƏSƏN?!
Gözəl bir mahnı vardı,
Bir zaman oxunardı.
Gənc ikən dinləyərdik,
Amma heç fərq etməzdik,
Nədən belə deyirik:
"Həyat, sən nə qəribəsən?!"
İndi yaşa dolduqca,
Ömrü başa vurduqca,
Həyatı yaşadıqca,
Günbəgün yaşlandıqca,
Yaman tez-tez deyirik:
"Həyat, sən nə qəribəsən?!"
Səhv etdik, qüsur etdik,
Əyri getdik, güz getdik,
Ya büdrəyib yıxıldıq,
Ya dirsəklənib qalxdıq.
Hey bu sözləri dedik:
"Həyat, sən nə qəribəsən?!"
Həyatda biz çox şeylə
İmtahana çəkildik.
Ayrılıq, yoxluq gördük,
Aclıq, yoxsulluq çəkdik.
Hər çətin anda dedik:
"Həyat, sən nə qəribəsən?!"
Ayrılıqlar qəlblərin
Sevgisini sınadı.
Çətinliklər bizlərin
İradəsin yoxladı.
Zaman unutdurarkən
Oldu hər dərdə məlhəm.
Həyat üzə gülərkən
Yox oldu kədər, ələm.
Gün oldu razı qaldıq,
Həyatdan biz kam aldıq.
Gün oldu çaşıb qaldıq,
Bilmədik ki, nə edək?!
Tək onu deyə bildik:
"Həyat, sən nə qəribəsən?!"
Arzum budur həyatda
Dərdlə, qəmlə, bəlayla,
Qoy çəkməsin sınağa
Tanrı bizi bir daha!
Hər zaman sevinərək,
Heyrətlənərək deyək:
"Həyat, sən nə qəribəsən?!"
EŞQİMİZİN DRAMASI...
Sənlə mən, iki sevgili,
Səhnədə iki yabançı.
Sənlə mən "Sevmirəm!" - deyən,
Baş rolda iki yalançı.
Sənlə mən - iki gözəl dost,
Səhnədəsə tərs yağıyıq.
Sənlə mən - iki yanan qəlb,
Rolda iki buz dağıyıq.
Hansımız, səncə, rejissor?
Hansımız gözəl rol oynar?
İçimizdə hələ susur
Monoloqlar, dialoqlar.
Süjet xətti qırıq-qırıq
Bu eşq ssenarimizin.
Proloqu, epiloqu
Bilinməyir sevgimizin.
Peyzajımız solub nədən?
İnteryerlər pərən - pərən.
Hansımızdır baş qəhrəman?
Hansımızdır sonra gələn?
Dramadır, ya faciə?
Bilinməyir ki, mövzusu.
Povestmidir, ya da roman?
Qarışıb bütün yazısı.
Kulminasiya həddinə
Çatmır nədənsə sevgimiz.
Sanki düşübdür düyünə,
Açılmayır müşgülümüz.
Ya üzülək, ya düzülək,
Bu eşqin sonun gətirək.
Ya gəl səninlə birləşək,
Ya da ömürlük bitirək.
GÖZƏL HİLALIM!
Pəncərəmin önünə
gecə yenə Ay gəlib,
Onu seyr edim deyə
bu gecəmə pay gəlib.
Mənim ilə görüşə
gözəlim Hilal gəlib,
Bədirlənib, bəzənib,
tam bir dolunay gəlib!
Gözümü qamaşdırır
bu gözəlin işığı,
Hər gecə seyr edirəm
ondakı yaraşığı.
Odur uca göylərin
nur camallı müşfiqi,
Günəş kimi olmuşam
mən də onun aşiqi.
Amma çox durmayacaq
pəncərəmin önündə,
Yavaş-yavaş çəkilib
gedəcək öz yönündə.
Mən də onu seyr edib
hər gecə öz yerimdə,
Sonra yola salıram
o qaranlıq göylərdə...
Necə də bənzərik biz,
mən və sevimli Ayım,
O da göylərdə yalqız,
mən də yerdə tənhayım.
Ondan başqa kimsəm yox,
odur tək dərd ortağım.
Nə yaxşı ki, varımsan,
mənim gözəl Hilalım!
BİLİRSƏN BUNU!
Gedən getdi, arxasınca ağlama,
Acı çəkib, ürəyini dağlama,
Dönməsinə artıq ümid bağlama,
Gedənlər qayıtmaz, bilirsən bunu!
Sevən heç vaxt tərk etməz sevgilisin,
Xəyanətə qurban verməz sevgisin,
Nə aldatmaz, nə atmaz istəklisin,
Kimsələrə satmaz, bilirsən bunu!
İnsan heç unutmaz yarı olanı,
Canından ayırmaz canı olanı,
Arar bu pərişan halda olanı,
Əli qandallı da olsa, bilirsən bunu!
Gələcəksən deyə gözləyər səni,
Gecə də, gündüz də özləyər səni,
Sən elə sanarsan unutdu səni,
O isə unutmaz, bilirsən bunu!
Eşqin acısını çəkənlər bilər,
Hər bir əzabına dözənlər bilər,
Sevməyən sevəni haradan bilər?
Nə bilim, bəlkə də bilirsən bunu!
Mehriyəm, ürəyim onsuz qan ağlar,
Gecəm də, günüm də onunla olar,
Qəlbim də, ruhum da onu arzular,
Ürəyimə yenə bir ümid dolar,
Ümidlər son ölər, bilirsən bunu!
YETƏR Kİ, SEV MƏNİ!
Sən məni duyğunla sevsən,
Mən sənin sevgilin ollam!
Sən məni gözünlə sevsən,
Mən sənin gözəlin ollam!
Sən məni könlünlə sevsən,
Mən sənin həvəsin ollam!
Sən məni canınla sevsən,
Mən sənin nəfəsin ollam!
Sən məni qəlbinlə sevsən,
Mən sənin ürəyin ollam!
Sən məni ruhunla sevsən,
Mən sənin mələyin ollam!
Sən məni Göylər tək sevsən,
Mən sənin Ulduzun ollam!
Sən məni Günəş tək sevsən,
Mən sənin Mehtabın ollam!
Sən məni şair tək sevsən,
Mən sənin ilhamın ollam!
Sən məni yarın tək sevsən,
Mən sənin tən yarın ollam!
Yetər ki, sev məni, yarım!
Mən sənin hər şeyin ollam!
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.