Şeir yazmaq və qiraət etməklə məşğuldur. Şeirləri “Borçalı”, “Şərqin səsi”, “Elm və Təhsil” qəzetlərində, "Telli Sənəm" və "Xəzan" jurnallarında, "zim.az" və "zirve.info" saytlarında, "Zirvə" poeziya antologiyasında, "Canım Azərbaycanım", "Ziya", "Zəfər", "Turan", "Müəllimlərimiz" və s. ədəbi məcmuələrdə, eləcə də, Təbrizdə nəşr olunan "Sancaq" qəzetində dərc olunub, televiziya kanallarında səsləndirilib.
2022-ci ildə şair Abil İslam tərəfindən "Türksoy" təxəllüsü verilib.
2023-cü ildə “Abdulla Şaiq”, “Xurşidbanu Natəvan”, “Zirvə”, “Zəfər” və "Qızıl Qələm" mükafatlarına, Şəhidlər haqqında yazdığı və qiraət etdiyi şeirlərə gorə isə "Qarabağ Azərbaycandır!" adlı fəxri diploma layiq görülüb.
Biz də Günel xanımı bu uğurlarına görə ürəkdən təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!
ZiM.Az
MƏN
Hər gecə arzuların xəyalına gətirən,
Gözlərinin sancısın ürəyinə ötürən,
Yıxılmaqdan, qalxmaqdan yaddaşını itirən,
Cüt ayağı üstündə başsız qalanlardanam...
Yazılıb bəlkələr də, kaş da mənim ömrümə
Axır elə sel kimi yaş da mənim ömrümə,
Lazım olanda gəlmir qış da mənim ömrümə,
Mən yanıb, yaxılanda qışsız qalanıardanam...
Əldən ayaqdan düşüb,getdiyi yolun üstdə,
Ayağına dolaşan tikanın,kolun üstdə,
Başın qoyub sağ qolun, ya da sol qolun üstə,
Ölüb üstü torpaqsız, daşsız qalanlardanam.
GÖZƏL AYNAM
Hər gün baxışlarımın qarşısından keçməkdən,
Unutmuşdum mən daha aynaya da baxmağı.
Anamın darağıyla, tellərimi hər səhər
Səliqəli darayıb, toparlayıb yığmağı.
Mən nələri unutdum,mən nələri itirdim?
Neçə özgə günahı öz boynuma götürdüm.
Bu yaralı qəlbimi bir gün dilə gətirdim
Sən demə unutmuşam,ona sarı baxmağı.
Gecəmə umid verdi hər bir açilan sabah,
Bilmirəm ki çiynimdə savab çoxdur ya günah?
Dözümumü, səbrimi mənə pay verən Allah
Ovucuma güc verib, öyrətdi dərd sıxmağı.
Gözlərimi bağlayıb, ayna önünə keçsəm,
Görəsən bağışlayar, ağ telimə and içsəm?
Baxışlarımdan çıxıb, gözəl aynamı seçsəm
Göz yaşım unudarmı, yanağıma axmağı?
Kaş əvvəldən seçərdim, mən aynaya baxmağı!
QOVA-QOVA YAŞAMIŞIQ
Zərrə-zərrə qazancımız, qarış-qarış puç olubdur,
İllər ötüb ömür keçib zaman-zaman heç olubdur,
Hər nə qədər yüyürsək də, tələssək də gec olubdur,
Biz zamanı, zaman bizi qova-qova yaşamışıq.
Aldanmışıq hər deyilən kəlmə-kəlmə yalanlara,
Qəlbimizi ələ alıb, əldən yerə salanlara,
Dərdi-qəmi bizə verib, bizdən ömür alanlara
İnanmışıq, yalan bizi qova-qova yaşamışıq.
Sevilmədən sevgimizi bir nadana pay etmişik,
Sevər deyib, aldanmışıq qəlbimizə tay etmişik,
Ötüb keçən ömrümüzü vəfasızla zay etmişik
Bilməmişik, nadan bizi qova-qova yaşamışıq.
GÜNAH MƏNİM ÖZÜMDƏDİR!
Yandı qəlbim, su istədim söndürməyə,
Su saxlamaz bir bardağa süz dedilər.
Dedim axı bu dərdimə neyləyəcək?
Səbirli ol, bir qurtum iç döz!-dedilər.
Haqq istədim düz dediyim sözüm ücün,
Qəmdə batan baxışlarım,üzüm üçün,
Dedim axı nə gətirdiz gözüm üçun?
Birinə od,birinə də köz!-dediler.
Bilirem ki günah mənim özümdədir,
Dilimdədir,kəlməmdədir,sözümdədir
Ağlar qalan bu kor olmuş gözümdədir,
Eh,nəisə nə dedilər düz dedilər.
GÜNAH MƏNİM ÖZÜMDƏDİR!
KAŞ...
İt kimi arxamca hürənlərimin
Yalını vaxtında az etmişəmmi?
Əllərin uzadıb kömək umanda
Çəkib əllərimi naz etmişəmmi?
Hər ağlayan gözə kaş inanmazdım
Mən də bağlayardım daş urəyimə
Hərədən bir əsəb, hərədən bir dərd
Götürub atmazdım kaş urəyimə.
Görəndə kimisə qəmli, kədərli
Nə sığal çəkərdim, nə döz deyərdim.
Bilsəydim dost dönüb düşmən olacaq
Nə ağız açardım, nə söz deyərdim.
SƏNSİIZLİK
Sənsizliyin əllərindən yapışmışam,
Tənhalığın şaxtasında buz olmasın.
Göz yaşımla su səpmişəm yollarına
Birdən geri qayıdarsan, toz olmasın.
Aylarımdan,illərimdən gizlətmişəm,
Günlərimin necə ağır keçdiyini.
Gözlərimdən axıb gələn göz yaşımı
Gülüşümün qurtum-qurtum içdiyini.
Can qalmayıb saatımın əqrəbində
Sürünməkdən addımının izi üstdə.
Gecə gündüz qəmli-qəmli dövr eyləyir
Sevgimizin ağlar qalan gözü üstdə.
Nə yazım var nə baharım,nə də yayım
Donuram mən sənsizliyin sazağından.
Başım üstdə kül ələnib sən gedəndən,
İsti gəlmir bu sevginin ocağından.
ÜNVANSIZ ARZULAR
Xəyal qurub ümidə bel bağladım,
Arzularım ünvanına çatmadı.
Gözümdə yurd salan dərdin biri də
Göz yaşımda boğulmadı, batmadı.
Qəlbim üstdə qaysaqlandı yaralar
Ağrısından tez ağardi tellərim.
Üstü hamar,içi oldu qabarlı
Ovuc-ovuc dözüm sıxan əllərim.
Qəhər boğur,danışmıram,dinmirəm
Zülüm-zülüm gedib-gəlir nəfəsim.
Ölmüş vicdan qoxuyan bu DÜNYADA
Yaşamağa qalmayıbdır həvəsim.
ZiM.Az
DÜNYA
Qələmdən süzülüb doğulur, sonra.
Kağızın üstündə böyüyur DÜNYA.
Dönüb kitab olub, hər varağına
Bir insan ömrünü bürüyür Dünya.
Bəzən uşaq olur, bəzən də qoca,
Bəzən alçaq olur, bəzən də uca
Bəzən çiyinlərdən tutub astaca
Zariya-zarıya yeriyir dunya.
Bir gün qaş-qabaglı,bir gün də gülür,
Bir gun cana gəlir, bir gün də ölür
Ərk edib dərdini bizimlə bölür
Dərdi azaldıqca kiriyir dünya.
Gah buz olub, gah alışıb yansa da,
Yaxşı nədir, yaman nədir qansa da,
Nə qədər özünü güclü sansa da
Gözəllik önündə əriyir dünya.
Ayırıb anadan neçə balanı,
Ağlar qoyub ona möhtac qalanı,
Özü üçün ləqəb seçib yalanı,
Yıxıb doğruları sürüyür dünya!
YIXIL DÜNYA
Nə gülürsən xımır-xımır?
Denen mən də bilim dünya.
Çox gülmüsən yıxılana,
Yıxıl sənə gülüm dünya.
Peşman etdin hər səfərdə,
Eyləmərəm ümid bir də,
Sənə bel bağlayan yerdə,
Qırılaydı belim dünya.
Can verəsən səfil-səfil,
Eşidim ölmüsən qəfil,
Əlimdə bir cüt qərənfil,
Məzarına gəlim dünya!
BU NECƏ DARIXMAQDIR?
Bu necə darıxmaqdır?
Keçmir gecəm, gündüzüm.
Səsini esitməsəm,
Gülə bilmir üz-gözüm.
Bu necə darıxmaqdır?
Hər anım əzab,zülüm.
Bəlkə belə gəlirmiş,
Səssiz-səmirsiz ölüm?
Bu necə darıxmaqdır?
Üşüdür əllərimi .
Dönüb dəli küləyə
Dağıdır tellərimi.
Bu necə darıxmaqdır?
Məni məndən bezdirir.
Tükəndirib səbrimi,
Ümidimi üzdürür.
Bu necə darıxmaqdır?
Mənə şeir yazdırır.
Qurduğum xəyalları,
Sətirlərdə azdırır...
MƏNDİ GECƏM
Yuxum ərşə çəkiləndən,
Gündüzümə təndi gecəm.
Qara tellərimin üstə,
Ağ-ağ düşən dəndi gecəm.
Göz yaşımla nəmlənibdir,
Dərdlərimlə qəmlənibdir,
Qəhərimlə dəmlənibdir,
Düşünməyin şəndi gecəm.
Nə ulduzu,nə ayı var,
Nə qədəri,nə sayı var,
Nə baharı, nə yayı var,
Çis dumandı,çəndi gecəm.
Qəlbim kimi yaralanıb,
Tikələnib,paralanıb,
Bəxtim rəngdə qaralanıb,
Elə bil ki,məndi gecəm.
ÜÇ MINLIK SEVGI
Çox dediz ki qiymətdən,
Düşüb sevgi,sədaqət.
Gözünüz aydın olsun,
Bahalaşdı məhəbbət!
Evlənmək asandıye ,
Qəliz olan dözməkdir.
Arvadın qarşısına
Naz neməti düzməkdir.
Naz nemət nə naz nemət?!
Bir adapter bir telefon.
SAMSUNG ,NOKİA zad yox ha,
Mütləqdir olsun AYFON!
Vay o günə çatmaya
İmkan alasan onu,
Çətin başqa nəyləsə,
Razı salasan onu...
Ay nəbilib CAN kimi,
GÜL kimi söz deyəsən.
Ya da çaşıb nəbadə
Sən ona "DÖZ"deyəsən..
Cehizindən cıxarıb
Dəftər və qələmini
Tezbazar ərizə yazıb
Dağıdar aləmini...
Şirin dillə barışmaq
Sanma ki, rahatdı ha...
Ən aşağı qiyməti
Üçcə min manatdı ha..
Vay kasıbın halına
Necə dözsün bu şərtə?
Çətin daha evlənib,
İmza atar bu dərdə...
Çox dediz ki qiymətdən
Düşüb sevgi,sədaqət.
Gözünuz aydin olsun
Bahalaşdı məhəbbət...
Küsüb barışmaq artıq,
Düşünməyin rahatdır,
Arvadı razı salmaq
İndi üç min manatdır!
ZiM.Az
NƏ DEYİM...
Fikirlər başımı elə qatıb ki,
Çıxmışam yadından xəyallarımın.
Bilmirəm nə deyim,nə cavab verim?
Önündə acizəm suallarımın.
Bezib gecələrim səhərlərimdən,
Səhərim gecəmin üzün ağardıb.
Biraz sevinəndə,biraz güləndə,
Həyat mənə baxıb gözün ağardıb.
Önümdə qazılan quyuların da,
Sayını itirdim düşüb-qalxmaqdan.
Gözümə qan damıb hər dəfəsində,
Həyacan içində qorxub baxmaqdan.
BİLƏYDİM
Dünyanın kədərin-qəmin basdırıb
Üstünə sevinci sərə biləydim.
Qəlblərdən asılan pis niyyətləri,
Yığıb salxım-salxım dərə biləydim.
Qoymazdım kədərli,qəmli yel əsə,
Elimdə-obamda çatmaya nəsə,
Bütün xoş günləri yığıb hər kəsə,
Gəzib qapı-qapı verə biləydim.
Həyatdan küsmüşəm,danışmıram mən,
Bu cür oyunlarla barışmıram mən,
Allahın işinə qarışmıram mən,
Sabahı öncədən görə biləydim.
ANAMI İSTƏYİRƏM...
İlahi,bir anlıq keçmişə yol aç
Gedim tez anama dəyim qayıdım.
Dünyada nə qədər xoş sözlər varsa,
Hamısın anama deyim qayıdım.
Üstümə sevinib qaçan olmasın,
Boynuma sarılıb qucan olmasın,
Eybi yox qapını açan olmasın,
Bir dəfə qapını döyüm, qayıdım.
Elə et gözümdə nəm bilinməsin
Səsim titrəməsin,qəm bilinməsin
Sevincim çox olsun,kəm bilinməsin
Nazlanım özümü öyüm qayıdım.
Sənə yalvarıram bu gün,ya sabah
Yuxumdada olsa et məni agah,
Yol aç anamgilə gedim ay Allah
Yenə önündə baş əyim qayidim.
DÜNYANIN NAĞILI
Ele bil ki,bu dunyanin nagilindan doğulmuşuq
Dönüb bir ovuc ulduza yer üzünə dağılmışıq
Dığırlanıb hərəmiz bir küncə düşüb boğulmuşuq
Bəxtimizə yazılmadı bu dünyanın düz tərəfi.
Goyden düşən uc almani gözləməkdən yorulmuşuq
Köhnəmizə yamaq vurub,üzləməkdən yorulmuşuq.
Özümüzə hər gün biraz döz deməkdən yorulmuşuq
Bağrımızın üstə düşdü səbrimizin köz tərəfi.
Nə xalçamız uçan oldu, nə yola nur saçdı kəmər,
Sehirli bir xalat tapdıq,ciblərindən çıxdı kədər,
Dünən hədər,bugün hədər ,sabah bundan qat- qat betər
Ağrılara qucaq açdı qəlbimizin döz tərəfi.
Ayaq üstə ömür sürən ölülər var,diri yoxdur
Bel bağlayıb söykənməyə bir quruca tiri yoxdur
Nə axtarsaq gördük ki biz, biri vardır,biri yoxdur
Nəm çəkməkdən tor salıbdır üzümüzün göz tərəfi.
Baxışlardan buz sallanıb, ürəklərdən asılıb daş
İtib inam,itib güvən,düşmən olub bacı-qardaş
Əllərinlə ağzına bal yedirtdiyin çox dost,sirdaş
Bir gün dedi zəhər dadır əllərinin duz tərəfi.
Nahaq dönüb haqq olandan, üzü döndü bu dünyanın
Bircə ovuc külə döndü, közü söndü bu dünyanın
Şikəst qalan ayağının izi dindi bu dünyanın,
Dil açırmış bu dünyanın ayağının iz tərəfi.
Bəxtimizə yazılmadı bu dünyanın düz tərəfi.
ÖLMƏ ADAM...
Susmuşamsa kar deyiləm,xəbərim var olanlardan,
Xəbərim var hər deyilən doğrulardan,yalanlardan,
Xəbərim var həyasını üzdən yerə salanlardan,
Zəmanəyə göz yummuşam, məni yatmış bilmə adam.
Uzaq dayan baş qoşma sən hər edilən söhbətlərə,
Yer ayırma ovucunda bəd dua,bəd niyyətlərə,
Bi ixtiyar qonaq olsan gülünc-gülünc qeybətlərə,
Boğ içinndə qəhqəhəni, günah edib gülmə, adam.
Bu dünyada haqqsız artıb, haqq söyləyən azalıbdır.
Ta qədimdən doğru sözə dərin quyu qazılıbdır,
Həyat budur,bir ömürə min dərd,bəla yazılıbdır
Tək özünü qəm içində batıb qalan bilmə, adam.
İnanma ki,hər can deyən dar günündə çatar dada,
Öz işləri düşən zaman tapıb səni salar yada,
Etibar yox bir kimsəyə, ömrü-günü vermə bada,
Özgələrin dərdın udub zəhərlənib ölmə, adam.
Düz deyiblər dünya sənə nə də mənə qalan deyil,
Qadasını aldıqların gəlib qadan alan deyil,
Dediklərim həqiqətdir,əlbətdəki yalan deyil,
Yaddaşına yazıb sonra,yaddaşından silmə, adam.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.