Dogulduğu kənddə müəllim işləyib.
Hazırda Bakıda yaşayır. Ailəlidir. İki övladı var.
Şəfa İbrahimli həm də orta məktəb illərindən bədii yaradıcılıqla da məşqul olur.
Şeirləri ilk dəfə “ZiM.Az” və “Zirve.info" saytlarında, daha sonra isə “Canım Azərbaycanım” və “Müəllimlərimiz” ədəbi məcmuələrində, “Şərqin səsi”, “Borçalı”, “Elm və Təhsil" qəzetlərində dərc olunub.
Biz də Şəfa xanıma yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!..
ZiM.Az
ƏMANƏTİM
Dəniz sahilində, şiş qayalarda,
Mənim çox qiymətli əmanətim var.
Yağanda yağışlar, çovğun, boran, qar,
Elə bil dünyalar olur mənə dar.
Göylərdə dolaşan qara buludlar,
Baxdıqca elə bil könlüm alışar,
Dedim əmanətim tək yalqız qalar,
Tökülən leysanlar qayanı oyar.
Qayalar, qoruyun əmanətimi,
Gələrəm baxmağa götürməsəm də.
Özüm getdimsədə, dağı qəlbimdə
Ölüncə qalacaq həsrət gözümdə.
Qayalar, qoruyun əmanətimi...
QƏRİB ELDƏ
Ürəyində daim nisgil,
Baxışları kədərlidir.
Düşünər ki, ötəridir
Qərib elə düşən kəslər.
Ürəyində hicran qəmi,
Xatırlayar ötənləri.
Yada salar o dəmləri,
Qərib elə düşən kəslər.
Qəlbində var vətən eşqi,
Daşıyır ki, bu möhnəti,
Yetər sona bu həsrəti,
Qərib elə düşən kəslər.
Xatırlayar ocağını,
Gəlib-gedən qonağını,
Yaş isladar yanağını,
Qərib elə düşən kəsin.
ARZULARIN ŞƏRƏFİNƏ
Mənim arzularım çoxdur,
Zirvəyə çatmağa yoldur.
Bu badəni yaxşı doldur
Arzuların şərəfinə...
Arzusuz hayatım heçdir,
Bu duyğular gəlbdən keçdi.
Vüsala tələsmək gecdi,
Arzuların şərəfinə.
Arzularım mənə hayan,
Yuxulusan, vallah, oyan,
Bu məclisdən keçmə dayan
Arzuların şərəfinə...
YENİ DÜNYA
Türk xalqları birləşərək,
Yavaş-yavaş dirçələcək.
Bu birliyə and içərək,
Yeni dünya yaradın siz.
İslam dini əldə bayraq,
Azan sədasına uyaq.
Tanrı olsun sizə dayaq,
Yeni dünya yaradın siz.
Siz boz qurddan törədiniz,
Düşməni xar elədiniz.
Çox savaşlar göstırdiniz,
Yeni dünya yaradın siz.
YETİŞİB
Bu xalqın tarixi qədim,
Tarixinin kökü dərin.
Bu tarixi öyrənməyin,
Artıq zamanı yetişib.
Bu xalqın başı bəlalı,
Yurd yeri olub davalı.
Torpağımızı almağın,
Artıq zamanı yetişib.
Düşmənə hədd bildirməyin,
Ona birlik göstərməyin.
Sərhəddini bərkitməyin,
Artıq zamanı yetişib.
MƏNİM NAĞILIM
Bir yay gecəsində, güllü bağçada,
Oturub pürrəngi çay içən zaman.
Danışsam mən, sənə öz nağılımı,
Sən öz nağılından bərk yapışarsan.
Sırayla düzülən kiçik qəbirlər,
Yalnız balasını itirən bilər.
Baxdıqca yanaqdan yaşlar süzülər,
Sən öz nağılından bərk yapışarsan.
Danışsam dərd olar, deməsəm qubar,
Bir gecədə xəzan olan bağçalar.
Səksən ili otuz ilə sığdırar,
Sən öz nağılından bərk yapışarsan.
Mən həyatı ögey anam bilirəm,
Ötənlərə baxıb "Kaşki" deyirəm.
Nicat yolun unutmaqda görürəm,
Sən öz nağılından bərk yapışarsan.
Mən sənə danışsam öz nağılımı,
Mən sənə danışsam öz nağılımı.
ANAMDIR
Müsəlmanlar namaz qılar,
Səcdə edib, oruc tutar.
Ümidini göyə bağlar,
Mənim allahım anamdır.
Tanrı bilirəm özümə,
Səcdə edirəm sözünə.
Qurban ollam o gözünə,
Mənim allahım anamdır.
Qibləm, Mədinəm, Məkkəmdir,
Vicudu mənim qibləmdir.
Tək övladıyla həmdəmdir,
Mənim allahım anamdır.
Üz qoyaram ayağına,
Ürəkdən deyirəm sənə.
Qurban kəsilim canına,
Mənim allahım anamdır.
ŞİKAYƏT EDİR İNSANDAN
Göydə quşlar, çayda balıq,
Dağda turac, güldə arı.
Çöldə çiçək açıb sarı,
Şikayət edir insandan.
Meşədəki qoca palıd,
Dərin-dərin fikrə dalıb.
Gedə bilsəm başım alıb,
Şikayət edir insandan.
Okeanda, dənizlərdə,
Səmalarda, səhralarda.
Ağlayaraq bulaqlarda,
Şikayət edir insandan.
Nə etmişəm təbiətə?
Dünya düşüb əziyyətə.
Göydəki ulduzlar belə,
Şikayət edir insandan.
YOLDA
Həyatımın ortasında günəş doğdu,
Gözümdəki kədər-qəmlər yox oldu.
Qəlbimdəki qığılcımlar od oldu,
Dənizə aparan yolda.
Yenidənmi doğuldum mən bilmədim,
Bu yerlərə sevda üçün gəlmədim.
Sənə niyə könül verdim bilmədim,
Dənizə aparan yolda.
Ömür boyu tək olaraq gedərəm,
Sənin üçün uf demədən ölərəm.
Ürəyimdən bil hamını silərəm,
Dənizə aparan yolda.
İSTƏMİRƏM
Alın yazım, nə qəddarsan,
Fəryadıma sanki karsan.
Danışmırsan guya lalsan,
İstəmirəm bu sevdanı.
Yazma mənə qara sevda,
Əvvəli yox, axırı yox.
Düşündükcə kədərim çox,
İstəmirəm bu sevdanı.
Xəyallarda qalasıdır,
Məni dərdə salasıdır.
Canımdan can alasıdır,
İstəmirəm bu sevdanı.
EYLƏYİR
Bahar çağı gül çəmənə,
Bülbül gülə naz eyləyir.
Pöhrəlikdən baxan ceyran,
Gün meşəyə naz eyləyir.
Nazın hələ az eyləyir.
Xarıbülbül Qarabağa,
Novruzgülü Murov dağa,
Tər bənövşə yağan qara,
Hərdən baxıb naz eyləyir.
Nazın hələ az eyləyir.
Kəklik budağa qonmağa,
Tər çiçəklərdə ormana,
Nişanlı qız ər oğlana,
Gülümsəyib naz eyləyir.
Nazın hələ az eyləyir.
BİLMƏSİN
Elə gəlib, elə get ki,
Ayaq bilsin, iz bilməsin.
Teli elə tumarla ki,
Daraq bilsin, əl bilməsin.
Elə sev ki, çox ahəstə,
Ürək bilsin, el bilməsin.
Hərdən baxıb gülümsəsən,
Kiprik bilsin, göz bilməsin.
Nə dündüzlər günəş bilsin,
Nə gecələr ulduzla, ay.
Nə dost bilsin, nə də əğyar,
Bir sən, bir mən, bir də Allah.
OLDUĞU KİMİ
Qayalar mamırsız, qartal zirvəsiz,
Dənizlər dalğasız, çəmən çiçəksiz.
Göylərdə buludsuz yaşaya bilməz,
Mən sənsiz, sən mənsiz olduğu kimi.
Zəmilər sünbülsüz, ağac meyvəsiz,
Ormanda cüyürsüz, göldə ördəksiz .
Bağçalar bağmansız yaşaya bilməz,
Mən sənsiz, səndə mənsiz olduğu kimi.
Bir körpə qızcığac qalmaz anasız,
Ətirli qızılgül olmaz tikansız .
Dindisən aşığı deyər mən sazsız,
O sənsiz, sən onsuz olduğu kimi.
XOCALIYA
Gör nələrə şahid oldu Qoca Çinar,
Çığırtılar, qışqırıqlar, haraylar.
Əsir düşən insanlardı qan ağlar,
Bir körpə qız anasını haraylar.
Qoca Çinar vicdansızdı danışmır.
Gördükləri, bildikləri bir kitab,
Heç bir yerə sığışmadı bu günah.
İllər ötdü gec alındı bu qisas,
Olanları necə götürdü Allah?
Qoca Çinar vicdansızdı danışmır.
Körpə qızın ruhu bizi bağışlar,
Kökümüzə çalın-çarpaz dağ vurar.
Tək başına gör neçə qış qarşılar,
Torpağına o bizləri çağırar.
Qoca Çinar vicdansızdı danışmır.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.