RAMİLƏ ƏLİYEVA (1977)

RAMİLƏ ƏLİYEVA (1977) Əliyeva Ramilə Zahit qızı - 1977-ci il dekabrın 13-də Bakı şəhərində doğulub. Orta təhsilini 1995-ci ildə bitirib, elə həmin ildə Bakı Dövlət Üniversitetinin biologiya fakultəsinə qəbul olunub. Bioloq-fizioloq ixtisasına yiyələnib. Ailəlidir. 3 övladı var.
Ədəbiyyata olan dərin marağı, öz duyğu və düşüncələrini misralara çevirməyə imkan verib. 2021-ci ildən davamlı şeirlər yazmağa başlayıb. İlk şeirini anasına ünvanlayıb. Analı dünyasını misralara köçürüb.
Azərbaycan ədəbi fikrinə yeniliklər gətirmək arzusunda olan Ramilə xanımın duyğu və düşüncələrini ifadə edən şeirləri müxtəlif dövrü mətbuat orqanlarında, o cümlədən, "Bütöv Azərbaycan", “Şərqin səsi”, “Elm və təhsil” qəzetlərində, "Turkay" aylıq ədəbiyyat dərgisində, zim.az, zirve.info, zirve.info.az, zefer.info.az, ziya.info.az, yurd.info.az və s. internet saytlarında, "Zirvə" və “Zəfər” ədəbi-bədii, elmi-publisistik məcmuələrində, "Şam işığı" ədəbi-bədii məcmuəsində, "Nur ocağı" ədəbi-bədii məclisinin antologiyalarında, "Kəlağayı əlvan-qıyqacı", "Anam kəlağaylı bir muğamıydı" və s. kitablarda çap olunub.
Qəmgin naxışlara tuş gəldi ömrüm,
Mən baharda xəzan ömrü yaşadım.
Cəhd elədim ağlamayım, hey gülüm,
Xəyalları pozan ömrü yaşadım.
- deyən Ramilə xanım hazırda “Borçalı” nəşriyyatının redaktoru, “Yurd.info.az” saytının şöbə müdiridir.
“Abdulla Şaiq”, “Xurşidbanu Natəvan”, “Zirvə”, “Zəfər”“Qızıl qələm” mükafatları laureatlarıdır.

Biz də Ramilə xanıma yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

ZiM.Az


UCAL, AZƏRBAYCANIM!

Ana yurdum, çiçəklənən diyarım,
Sənə bağlı duyğum, xoş arzularım,
Qoy var olsun elim,obam,mahalım,
Sabahından güc al, Azərbaycanım!
Ucaldıqca, ucal, Azərbaycanım!

Sən qəlbimin alovusan,odusan,
Sən eşqimin əzəl-axır adısan,
Sən dilimin bal ləzzəti, dadısan.
Keçmişinlə qocal, Azərbaycanım!
Bu gününlə ucal, Azərbaycanım!

Dağlarının zirvəsində qar gözəl,
Yamaçlarda gül toplayan yar gözəl,
Bağ-bağçanda heyva gözəl, nar gözəl.
Gözəllikdən bac al, Azərbaycanım!
Yüksəklərə ucal Azərbaycanım!

Çox yanlışlar durdu sənin qəsdinə,
Doğruları itirməyin qəsdi nə?
Mən qurbanam duruşuna, şəstinə.
Düşmənindən öc al, Azərbaycanım!
Sən tarix yaz, ucal Azərbaycanım!

Ey Vətənim, Ey Yenilməz millətim,
Var-dövlətim, şan-şöhrətim, sərvətim,
Sənlə dolu saf duyğum, xoş niyyətim.
Zirvələrdə tac ol, Azərbaycanım!
Güdrətli ol, güc ol, Azərbaycanım!


AZƏRBAYCAN DİYARI

Bir anam var Azərbaycan diyarı,
Odur ruhum, odur eşqim, harayım.
Mən vətəni qarış-qarış arayım,
Yorulmaram,bükülməyən dizim var,
Ocağında atəşim var, közüm var.

Vətən eşqi,qoy, güç versin bizlərə,
Bu eşq sığmaz deyimlərə,sözlərə.
Sevinc qonsun kədər dolu gözlərə ,
Hər uğurda gözəllik var,düzüm var,
Qələbəndə cəsarət var,dözüm var.

Vətən, sənin adın ilə ucaldım,
Qələbədən mən ruhlandım,güc aldım,
Tarixlərin yaddaşında qocaldın.
Hələ neçə deyilməmiş sözün var
Zəfərlərdə silinməyən izin var!


VƏTƏN

Yenə kədərlidir, yenə qəmlidir,
Ruhumu titrədən bu anın, Vətən.
Həsrət qoxuludur, gözü nəmlidir,
Yüksək zirvələrdə dumanın, Vətən

Şəhid xəbəriylə açıldı səhər,
Yenəmi gözyaşı,yenəmi qəhər?
Yenə ölməzliyin kitabın yazdı,
Vətən sevdalısı olan Şəhidlər.

Bir Vətən sevgisi ürəyimizdə,
Sanki bir məşəlli yoldu bu sevgi.
İsti otaqlardan, rahat yataqdan,
Soyuq səngərlərə doldu bu sevgi.

Oğullar Vətənçün qurban getdilər,
Deməyin heç zaman öldü Şəhidlər.
Uca bir millətin, yenilməz xalqın,
Zəfər salnaməsi oldu Şəhidlər.

Vətən, açılacaq nurlu sabahlar,
Kədər yox olacaq, bitəcək həsrət.
Müqəddəs ruhların məskən saldığı,
Torpaq gülüstana dönəcək, əlbət!


VƏTƏN MƏNİM RUHUMDUR,
NƏFƏSİMDİR!

Dünya sirli bir nağıla bənzəyir-
Acısı da, şirini də bizimdir.
Vətən eşqi ruhumuzu bəzəyir,
Vətən çoşqun harayımdır, səsimdir!
Vətən mənim ruhumdur, nəfəsimdir!

Anaların laylasıyla böyüdük,
Qəlbdə Vətən sevgisiylə öyündük.
Vahid idik- parçalandıq, bölündük,
Hünərin var, bu həsrətə döz indi,
Vətən mənim ruhumdur, nəfəsimdir!

Düşündükcə vətənimi, yurdumu,
Vəsf elədim ocağımı, odumu.
Xatirələr dilləndirdi duyğumu,
Vətən mənim yaşamaq həvəsimdir!
Vətən mənim ruhumdur, nəfəsimdir!

Biz dünyada nələr görüb gəlmişik..,
Bir həsrətin soyuğunda dinmişik.
Zərrələrə, qətrələrə dönmüşük,
Cığırında itib-batan izimdir,
Vətən mənim ruhumdur, nəfəsimdir!

Ana yurdum, çiçəklənən diyarım,
Sənsən fikrim,ən şirin duyğularım!
Xoşbəxt olsun elim, obam, mahalım,
Ağrı, acı kifayətdir, bəsimdir!
Vətən mənim ruhumdur, nəfəsimdir!


ANALAR

Qəlbimdə bir gözəl nəğmə dolaşır,
Bir həzin şeirin sətri duyulur.
Hissim qanadlanır, dolaylar aşır,
Anamın o kövrək ətri duyulur.

Nə şirin kəlmədir, "Ana" kəlməsi,
Ürəyim titrəyir, əllərim əsir.
Bizə həyat verən ruhu, nəfəsi,
Əbədi cənnətə yaman tələsir...

Duyğular hissimin ifadəsidir,
Mənə ümid verən analı dünyam.
Bircə dəfə can söyləsə bəs edir,
Rahat olam, mışıl-mışıl uyuyam.

Övladına bəxş etdiyi sevgiylə,
Zirvələr fəth edir,ucalır ana.
Sonsuz zəhmətiylə,əziyyətiylə,
Hər gün damla-damla qocalır ana...

Cənnətin müjdəsi, gözəl analar,
Sizsiz dünya sıxıntıdır, qəfəsdir.
Sevgisi təkrarsız, özəl analar,
Qayğınız, sevginiz ruhdur, nəfəsdir!

Sevgisin ilmətək, düzər analar,
O sevgi övlada bir ömür bəsdir!


ANA ÜRƏYİ

Sevgidən yaranıb sevinc payımdır,
Şeirimdir,nəğməmdir ,duyğularımdır,
Gündüzlər günəşim, gecə ayımdır,
Sirli kəhkəşandır, ANA ÜRƏYİ.

Qayğısı tükənməz, istəyi sönməz,
Müqəddəs yolundan, eşqindən dönməz,
Bəzən susqun olar,danışmaz,dinməz,
Bir sirli məkandır, ANA ÜRƏYİ.

Sarsılsan, yorulsan, yanlışa uysan,
Qəlbinə həsrətdən qəm yükü qoysan,
Hüzura, sevgiyə ehtiyac duysan,
Ən doğru ünvandır, ANA ÜRƏYİ.

Varlığı dünyanın özü qədərdir,
Yoxluğu hüzündür, qəmdir, kədərdir.
Sakit bir limandır, coşqun Xəzərdir,
Dalğalı ümmandır, ANA ÜRƏYİ.

Laylası həzindir, duyğusu dərin,
Baxar, hey yollara qəmli gözlərin,
Nigaran baxışın, müdrik sözlərin
Dərdlərə dərmandır,ANA ÜRƏYİ,
Tədbiri-loğmandır, ANA ÜRƏYİ.

Sevgisini səxavətlə paylayar,
Bəzən küsər,için-için ağlayar,
Duyğuları coşar,daşar çağlayar
Şeirdir, dastandır,ANA ÜRƏYİ.
Əlvan bir bustandır*, ANA ÜRƏYİ.

*Bustan - gül bağçası


ANAMLA SÖHBƏT

(Anamın məzarını ziyarət edərkən...)

Gəlmişəm mən yenə məzarın üstə,
Yenə fikirlisən, yorğun mələyim.
Güllər gətirmişəm mən dəstə-dəstə,
Bilmirəm... heç buna varmı gərəyin..?

Sənin nəvazişin çırağım idi,
Daim nur saçırdı ömür yoluma.
Sənin hər tumarın darağım idi,
Gözəllik verirdi sağım-soluma.

Sən mənim tükənməz sevgi dənizim,
Mən sənin köksündə ləpələr idim.
Ay mənim dəyərlim,ruhum əzizim,
Sevgini şəfəqtək səpələr idin...

Bir bahar ömrünə qonaq oldun sən,
Borandan xəbərsiz, çəndən xəbərsiz .
Mənə həmdəm oldun, dayaq oldun sən,
Keçmədi günlərin qəmsiz-kədərsiz.

İndi dayanmışam məzarın üstə,
Kövrək xatirəylə, duyğuyla dolu.
Kimini şah etdi,kimini xəstə,
Kimiyə dərd verdi bu ömür yolu...


KƏLAĞAY

Zərif naxışların incə çələngi,
Yaraşır gəlinə, qıza kəlağay.
Keçmişlə bu günün birgə ahəngi
Gözəllik bəxş edir gözə kəlağay.

Sanki nənələrin tül boğçasıdır,
Bağban becərdiyi gül bağçasıdır.
Butalar düzülüb dürr taxçasıdır,
Abırsan, ismətsən bizə kəlağay.

Tarix yaşadırsan özündə hər an,
İtmir gözəlliyin keçsə də zaman.
Şöhrətinə şahid külleyi - cahan,
Sığmır gözəlliyin sözə kəlağay.


ATA

Sənə əl uzatdım,çatmadı əlim,
Səslənmək istədim, dönmədi dilim,
Sənsiz keçir artıq hər ayım, ilim
Nəm olub gözümə dolmusan, ATA,
Kövrək xatirəmdə qalmısan, ATA.

Hər il dünya yaz libasın taxacaq
Çox sevdiyin bənövşələr çıxacaq
Bu sənsizlik məni daim sıxacaq
Könlümə həsrətdən yolmusan, ATA?
Kövrək xatirəmdə qalmısan, ATA.

Şirin-acı xatirələr hallanır,
Qəmli gözlər keçmişlərə boylanır
Fikrim sənli günlərimə yollanır
Qəlbimə bir niskil salmısan, ATA
Kövrək xatirəmdə qalmısan, ATA.

Kədər kölgələnib yetim gözündə,
Artıq itib yanlış,doğru sözümdə
Səndə gördüm iradə də,dözüm də
Yenə fikirlərə dalmısan, ATA
Kövrək xatirəmdə qalmısan, ATA.

Qəmli xatirələr ruhumu didir
Sənsizlik duygusu məni incidir
Agriya-acıya dözmək çətindir
İndi soyuq məzar olmusan, ATA,
Kövrək xatirəmdə qalmısan, ATA. 


MÜƏLLİM ÖMRÜ

Qayğıyla, sevgiylə zəhmətlə dolu,
Coşqun bir ümmandır, müəllim ömrü.
Kövrək qədəmlərin, titrək qəlblərin,
Sirrini duyandır,müəllim ömrü.
***
Hər şagirddə ürəyinin odu var,
Hər sahədə zəhmətinin dadı var.
Çıraq olar, qaranlığa nur saçar,
Aşkardır, əyandır,müəllim ömrü.
***
Ömür yolu coşub daşan bir dəniz,
Hər kəlməsi məna dolu tər-təmiz.
Gah yorular, gah incilər şübhəsiz,
İnləyən kamandır,müəllim ömrü.
***
Bilik verər, yol göstərər hər zaman,
Söz-söhbəti çox dəyərli bir insan.
Paylaşar sevgisin heç usanmadan,
Nağıldır, dastandır, müəllim ömrü.
***
Kədəri də ,sevinci də gözəldir,
Bilikləri faydalıdır, özəldir.
Ürəklərdə özünə taxt düzəldir,
Qəlblərə sultandır, müəllim ömrü.


DÜŞÜNCƏM

Yorulub düşüncəm,yorulub hissim,
Bu soyuq gecədə oyaq biriyəm.
Mən kimdən inciyim, mən kimdən küsüm,
İnləyən kamanın qırıq simiyəm.

Xəyalım yol gedir, fikrim uzanır,
Mənim arzularım üşüyür yenə...
Bəzən ruhum belə məndən usanır,
Rahatlıq verməyir bu həsrət mənə.

Yenə səssiz qalıb ömür sarayım,
Orda dünya boyda ürəyim yatır.
Yeni ümidləri harda arayım?
Zaman öz işində ömürsə bitir...


UCA ALLAH

Uca Allah, sən rəhm elə bizlərə,
Doğru yanlış itirmişik izini...
Sən kömək ol,bu taqətsiz dizlərə,
Gücü bitib dik saxlamır özünü...

Əllərimiz dərgahına uzanıb,
Şəfqətindən biz mərhəmət umuruq.
Bir dünyada nələr isə qazanıb,
Axirətin itirənlər oluruq.

Son məqamda üz tuturuq rəhminə,
Rəhmətinlə doğruluruq, İlahi.
Qəlblərimiz kor olanda fəhminə,
Sərt rüzgarda sovruluruq, İlahi...

Sən qadirsən, qüdrətinə sual yox,
Bəndələrin hüzurunda günahkar.
Məhəbbətlə lütf eylədin bizə çox,
Aşkar etdin kim haqlı, kim riyakar.

Sən nicat ver, hər köməksiz quluna,
Yanlışların görsün,duysun,anlasın
O güc tapıb qoy düzəlsin yoluna,
İmanını hər an kamil saxlasın.


ÖLDÜRÜB AĞLAYAN
MİLLƏTİK, ALLAH

Sağikən min cürə söz söyləyirik,
Elə zənn edirik, düz söyləyirik,
Kəfənə bir arşın bez söyləyirik,
De, niyə biz belə hümmətik, Allah..?
Öldürüb ağlayan millətik, Allah!

İnsanı yaşadan saf niyyətidir,
Xoş rəftar ən gözəl ünsiyyətidir,
Son sözü,arzusu vəsiyyətidir.
Məlul-məlul baxan xilqətik, Allah,
Öldürüb ağlayan millətik, Allah!

Nəfsimizi pis əməldən qoruyaq,
Yaralı qəlblərə məlhəm sarıyaq,
Xoş günlərdən biz zövq alaq, yarıyaq.
Lütfünə möhtacıq, həsrətik, Allah,
Öldürüb ağlayan millətik, Allah !

İnsanoğlu, ömrü vermə, bada, sən,
Meyl etmə, daş-qaşa, vara, ada, sən,
Əl tut köməksizə,yetiş dada, sən.
Biz hələ çox şeydən qəflətik, Allah,
Öldürüb ağlayan millətik, Allah!

Vaxtında qiymət ver, dosta tanışa,
Qəlb sındırma,düşmə yaman-yanlışa,
Könül ver bahara,dönmə sərt qışa
Bilsinlər inciyik,sərvətik,Allah,
Öldürüb ağlayan millətik, Allah!


YAŞAYIR

İnsanoğlu bu dünyaya gələndən,
Bir qəribə güman ömrü yaşayır.
Yüksəkləri fəth eləmək istəyir,
Zirvələrdə duman ömrü yaşayır.

Bitmir sözü tükənməyir arzusu,
Çiçək açır xoş niyyəti, duyğusu.
Məyus olur, bəzən sözün doğrusu,
Parçalanmış talan ömrü yaşayır.

Cəhd eyləyir,yuva qurur həvəslə,
Çalış, vuruş bu yuvanı sən, bəslə.
Anlamayan, dinləməyən bir kəslə
Bəzən küskün, yalan ömrü yaşayır.

Xatirələr dilləndirər ruhunu,
Təhlil edər yanlış ilə doğrunu.
Sarsılanda bu illərin yorğunu,
Əzrayıldan aman ömrü yaşayır.

Arzu sonsuz, ömür qısa, yol yarı,
İnsan ömrü hey vəsf edər baharı.
Qarlı qışa düşəndə arzuları,
Şaxta,çovğun boran ömrü yaşayır.

Sual edər əvvəlini, sonunu,
Hey axtarar taleyinin yönünü.
Tapmayanda, itirəndə yolunu,
Bəlkələrdə qalan ömrü yaşayır...


BU DÜNYADA ƏBƏDİLİK NƏ VARKİ?

Bu dünyada əbədilik nə varki?...
Hər şey nisbi yaşananlar hədərmiş.
Haray çəksəm səsimi kim duyar ki?...
Dünya fani, ömür gəldi-gedərmiş.

İllər ötər saçımıza dən düşər,
Bahar ömrü payızıyla görüşər.
Bəyaz saçlar keçmişlərdən danışar,
Xatirələr dünənlərdə itərmiş...

Ömür coşub ümman kimi çağlayar,
Düşüncələr qəlbdə qaysaq bağlayar.
Toxunmayın sarı simə ağlayar,
Gözlərdə yaş, qəlblərdəki qəhərmiş.

Taleyimin yazısıyla barışdım,
Bir ümidin alovunda alışdım.
Duyğularım mənə məndən danışdı,
Ömür fani bir gün hər şey bitərmiş...

Zirvələrdə duman olan ömrümün,
Yaxşılarda yaman olan ömrümün.
Dolaylarda talan olan ömrümün,
Qismətində acı varmış, zəhərmiş.

Könül susar dil danışmaz bir daha,
Görən varmı ümid nurlu sabaha?
Dua edək qadir olan Allaha,
O malikdir, O hər şeyə yetərmiş!


BAHARIM

Bahar, çiçək ətri verir nəfəsin,
Ruhum gözəlliyin seyrinə dalır.
Səndən ilham alır duyğum, həvəsim,
Arzum səmalarda hey qanad çalır.

Gəlişin hissimə min ahəng qatır,
Ay, mənim gülüzlü, nazlı baharım.
Kol dibində qəmgin bənövşə yatır,
Gəl, qoy çiçək açsın, getsin qübarım.

Təbəssüm bəxş elə,solğun üzlərə,
Həyat təzələnsin qoy gülüşünlə.
Kədər pərdələnən qəmli gözlərə,
Nicat ver, ümid ver, sən gəlişinlə.

Nəğmələr qoşarıq, bahar, sehrinə,
Təbiət yamyaşıl libas geyinər.
Könlüm hey tələsər yazın seyrinə,
İstək qanad açar, duyğu sevinər.

Səninlə cücərib saf niyyət,arzu,
Yaralı qəlblərə məlhəm kimisən.
Ana təbiətin ay, şıltaq qızı,
Kövrək duyğuların sarı simisən.


DÜNYANIN

Sevinci bir anlıq, qəmi bir qucaq,
Qəmdən pərdələnib gözü dünyanın.
Verdiyi hər şeyi bir gün alacaq,
Əbədi deyildir özü dünyanın.
*
Bir an düşünürsən nağıldı dünya,
Kimiyə düşüncə, ağıldı dünya.
Pis gözdən, əməldən dağıldı...dünya,
Sovruldu bir ovuc közü dünyanın.
*
Bəlkə imtahandır, bu bir sınaqdır...?
Dəyəri tükənməz, hisləri haqdır.
Gələn də, gedən də yalnız qonaqdır,
Yalandır əllisi, yüzü dünyanın.
*
Hər anı dəyərli, yaşa, ey insan,
Bu gün bir hədiyyə sabahsa güman.
Birdə baxırsan ki,olubdu viran
Qalmayıb bir parça bezi dünyanın
*
Qəlb Allahın evi,qorumaq gərək,
Haqqın sədasıyla döyünsün ürək.
Yaşanan hər günü qənimət bilək,
Qoy gülsün, hər zaman üzü dünyanın!


KEÇİR

Bəzən göz yaşına bürünür insan,
Əyninə kədərdən bir libas biçir.
Ağrıya-acıya güc gəlmək üçün,
Özünə dözümdən bir qalxan seçir.
***
Bəzən də duyğusu min ahəng alır,
Sanki səmalarda o, qanad çalır.
Qəmli xatirəsi silinmir,qalır
Kövrək yaddaşından,ruhundan keçir.
***
Tənhalıq qəlbinə hakim olanda,
Duyğusu,istəyi nakam qalanda,
Könül dünyasını xəzan alanda,
İnsan sanki zəhər şərbətin içir.
***
Hər kəs taleyinin yolçusu olur,
Gül bağçası bəzən zamansız solur.
Bir yandan boşalır, bir yandan dolur.
İnsanlar beləcə dünyadan köçür.
***
Qəlbə saf duyğular qoy hakim olsun,
Ürəklər sevincə, sevgiyə doysun .
Dünya,ədalətin bərqərar olsun,
Haqsızlıq qılınctək qəddini biçir.


ÖMRÜN PAYIZI

Yağar ömrümüzə payız yağışı,
Damlalar bir qəlbin pıçıltısıdır.
Köçər ömrümüzə həsrətin qışı,
Qar da kövrək hislər xırçıltısıdır.

Birdən solğunlaşar ömür sarayın,
Dumana bürünər, çənə bürünər.
Köksündə taxt qurmuş eşqin harayı,
Bəzən adiləşər,cılız görünər.

Ömrünə çiçəkli yaz axtararsan,
Çoxdan usanarsan,az axtararsan.
Hissinə köklənmiş saz axtararsan,
Mizrabın qırılar əlindən düsər.

Solar sir-sifətin,nəm olar gözün,
Tez-tez bldbinləşər çöhrən,bənizin.
Etdiyin əməlin,getdiyin izin,
Adını qoymağa söz axtararsan.

Bir-bir vərəqlənər ömrün kitabı,
Bəzi duyğuların vardır niqabı.
Sönüb tüstülənən odun-ocağın,
Külündə qığılcım, köz axtararsan.


YAVAŞ-YAVAŞ

Sakit bir limanda lövbər salmışam,
Saçımı darayır yel yavaş-yavaş.
Nutqim də tutulub fikrə dalmışam,
Dinmir, daha susub dil yavaş-yavaş.
***
Ruhum seyr eləyir qumlu sahili,
Dalğalar gətirir yosunu, lili.
Məni zənn etməyin eşqin cahili,
Titrəyir könlümdə tel yavaş-yavaş.
***
Dənizin qoxusu köksümə axır,
Sanki bu sahildən bir həsrət baxır.
Düşüncəm beynimdə şimşək tək çaxır,
Deyir gəl, kədəri sil,yavaş-yavaş.


YAVAŞ-YAVAŞ

Ürəyim çırpınır, pərvaz eyləyir,
Düşür pərdələrdən bəm yavaş-yavaş.
Bir nəğməyə dönür ruhum, harayım,
Silinir gözlərdən nəm yavaş-yavaş.
*
Duyğum dilləndirir könül sazımı,
Hissim vəsf eyləyir bahar, yazımı.
Küskün könüllərin işvə-nazını,
Çəkirəm mən bəxtdən kəm yavaş-yavaş
*
Dağların başında qar ola bilsəm,
Yoxdan əlin üzüb var ola bilsəm,
Sənə sevgi dolu yar ola bilsəm,
Dağılar başından qəm yavaş-yavaş.


YAZIQ

İnsanı saf duyğu,istək yaşadır,
Ümidi xəzan tək solana yazıq.
Öz bağ-bağçasında güllər bitirib,
Sonda yaban otlar yolana yazıq...

Min arzu doğular, qəlbi yaz eylər,
Qəmli könüllərdə dərd avaz eylər,
Ruhum səmalarda hey pərvaz eylər
Həsrəti,niskili olana yazıq...

Dağın da zirvəsi duman, çən olar,
İnsanın qisməti əfsus kəm olar.
Taleyin kədərsə,gözün nəm olar,
Könlü bulud kimi dolana yazıq...


HARA GETMİSƏN?

Ay,məni özümdən alıb-aparan,
İtən cavanlığım, hara getmisən?
Bir nəğmə səsində, şeir sətrində,
Bitən cavanlığım hara getmisən?

Saf, kövrək hislərdən yoğruldu könlüm,
Büdrədi, yıxıldı,doğruldu könlüm,
Şaxtada,boranda sovruldu könlüm,
Ruhum,rəvanlığım hara getmisən?
İtən cavanlığım hara getmisən?

Bir əlimdə sevinc, bir əlimdə qəm
Hər kəsə dost oldum,özümə düşmən.
Vaxtsız bəyazladı ,düşdü saça dən
Gücüm,davamlığım ,hara getmisən?
Bitən cavanlığım hara getmisən?


O ŞƏNBƏ GECƏSİ, YANVAR SƏHƏRİ

(20 Yanvar şəhidlərinin
xatirəsinə həsr olunub)


Azadlıq ruhuna köklənən bir xalq,
Bir şənbə gecəsi nigaran, oyaq.
Susur düşüncələr, durğundur fikir,
Bu xalq azadlığın həsrətin çəkir.

Meydan insanlarla qaynayır, daşır,
Şüarlar səslənir, tələblər coşur.
Bir anda qaranlıq çökür hər yerə,
Bu nə fəlakətdir, bu nə zəlzələ.

Azad dövlət üçün çalışan millət,
Sipər edər köksün tanklara əlbət.
O şənbə gecəsi verir hökmünü,
Mümkünə çevirir çox namümkünü.

Güllə yağışına tutulur şəhər,
Hər yerə tökülür giliz, qəlpələr.
Matəm libasına bürünür Bakı,
Dan yeri sökülür fəryadla sanki.

O gecə çox şeylər olur aş(i) kar,
Bilindi bu xalqın böyük əzmi var.
Azadlıq verilmir,alınır bəli,
Buna şahid oldu Yanvar səhəri.


XOCALIM

Can Xocalım, qan yaddaşım,
Sızlayır torpağım,daşım,
Qəm, kədərdir yol yoldaşım.
Mən bu dərdə necə dözüm?
Qəm yüklənib düzüm-düzüm

Sarsıldı könlüm sarayı,
Eşidən varmı harayı?
Qatı düşmən, yoxdur tayın.
Bitib-tükənibdi sözüm,
Kədər,həsrət düzüm-düzüm.

Anaların ah-naləsi,
Hanı bu dərdin çarəsi?
Tərs dövr edir yer kürəsi,
Qan içində yolum-izim,
Qəm yüklənib düzüm-düzüm

Köməksizdən öc aldılar,
Şərəfsizlər bic oldular.
Xocalıda qocaldılar.
Körpəm,cavanım,əzizim.
Acı həsrət düzüm-düzüm.

Ana yurdum, ucal hər an,
Qalib olsun Azərbaycan!
Biz bir olaq,vahid bir can!
Ay Xocalım, qəm dənizim,
Kədər bitsin, gülsün üzüm.


ŞƏHİD KƏNAN

Şəhid Müzəffərli Kənan
Azər oğlunun ruhuna
ithaf olunur.

Bir ana ağlayır tutub üzünü,
Köksündə bir Kənan həsrəti qalıb.
Bir ata yollardan çəkmir gözünü,
Yollarda bir oğul qisməti qalıb.

Ananın qəlbindən bir fəryad qopur,
Torpaq da ağlayır,daş da ağlayır.
Atanın ruhuna bir kədər hopur,
Quru da ağlayır, yaş da ağlayır.

Bir oğul böyütmək asan deyil ki,
Qəlbinin odunu qoyasan gərək.
İgidlik dastanı yazan deyir ki,
Vətəni ruhunda duyasan gərək.

Bir Şəhid boylanır xatirələrdən,
Üzündə təbəssüm, əlində qələm.
Vətən harayına yetişən gündən,
Qələm silah oldu, dəyişdi aləm.

Məqamın ucadır, ey Şəhid Kənan,
Dağtək əzəmətli oğulsan,ərsən.
Əminəm yenə də igid olardın,
Dünyaya yenidən Kənan tək gəlsən!


ŞƏHİDİM

Məğrur-məğrur dayanıbsan zirvədə,
Vətənə əmanət olan Şəhidim.
Qürur verdin bu xalqa, bu millətə,
Gənc yaşda baharı solan Şəhidim.

Bir dövlətin yenilməzlik qalası,
Bu torpağın mərd, qəhrəman balası.
Şücaətin tarix boyu qalası,
Cəsarət himnini çalan Şəhidim.

Vüqarından düşmən bağrı yarıldı,
Qəmli gözlər yollarında yoruldu.
Şəhid oldun,bayrağına sarıldın,
Anası saçını yolan Şəhidim.

Vətən eşqin tükənmədi qəlbində,
Cəsur oldun, yenilmədin hərbində.
Anaların naləsində, dərdində,
Nəm olub gözlərə dolan Şəhidim.

Nicat tapdı sənlə sönmüş diləklər,
Vətən deyib cuşa gəldi ürəklər,
Məzarını bəzəyidir çiçəklər.
Cənnət bağçasında dolan,Şəhidim !
Əbədi Cənnətdə olan Şəhidim!


BİR ANANIN İKİ ŞƏHİD BALASI

(İki şəhidimiz Mehman və Vaqif Bayramov qardaşlarının anası Zeynəb anaya həsr olunub)

Bir ananın iki şəhid balası,
Bir ürəyin iki həsrət laylası,
Vaqif, Mehman yenilməzlik qalası.
Əzəmətdi, fəxarətdi, yurduma,
Uca Allah, güc-qüvvət ver orduma!
***
Bu dünyaya mərd oğullar gətirdin,
Gül bağçanda tər çiçəklər bitirdin,
Vətən eşqin qəlblərinə ötürdün.
İki şəhid oğul verdin xalqıma,
Qadir Allah, güc-qüvvət ver orduma!
***
Zeynəb ana Mehmanını arzular,
Vaqif üçün gör, nə qədər arzu var...
Bu ananın əzəməti xan çinar.
Kök salıbdır vətənimə, yurduma,
Uca Allah, güc-qüvvət ver, orduma!
***
Zeynəb anam, gözün yaşla dolmasın,
Gül bağçanı daha xəzan almasın,
Vətən, daha qoy, şəhidin olmasın.
Gözəl günlər nəsib olsun xalqıma,
Qadir Allah güc-qüvvət ver orduma!


ÖMRÜN PAYIZI

Yağar ömrümüzə payız yağışı,
Damlalar bir qəlbin pıçıltısıdır.
Köçər ömrümüzə həsrətin qışı,
Qar da kövrək hislər xırçıltısıdır.

Birdən solğunlaşar ömür sarayın,
Dumana bürünər, çənə bürünər.
Köksündə taxt qurmuş eşqin harayı,
Bəzən adiləşər, cılız görünər.

Ömrünə çiçəkli yaz axtararsan,
Çoxdan usanarsan, az axtararsan.
Hissinə köklənmiş saz axtararsan,
Mizrabın qırılar əlindən düsər.

Solar sir-sifətin, nəm olar gözün,
Tez-tez bldbinləşər çöhrən, bənizin.
Etdiyin əməlin, getdiyin izin,
Adını qoymağa söz axtararsan.

Bir-bir vərəqlənər ömrün kitabı,
Bəzi duyğuların vardır niqabı.
Sönüb tüstülənən odun-ocağın,
Külündə qığılcım, köz axtararsan.


RAMİLƏ ƏLİYEVA (1977) DUYĞUMUN HARAYI

Mən bir kədər yolçusu,
Mən bir həsrət daşıyan.
Görəsən bu sazaqdda
Duyğumdumu üşüyən?

Mən bu ömür yolunda,
Məğlub oldum deyəsən.
Ruhun şaxta vurubsa,
Daha çətin güləsən...

Sanki nağıllar kimi,
Yalan olub bu ömrüm.
Bir qəribçün təsəlli,
Güman olub bu ömrüm.

Dözümümdən özümə,
Sanki məzar qazmışam.
Xəyallarım tükənib
Bir sahildə azmışam.

Nəğməm kövrək, duyğulu,
Yarım qalıb bəstəsi.
Bəzən təsəlli verir,
Bu duyğular xəstəsi.


İSTƏMİŞDİM

Xəzan oldu daha könül sarayım,
Mən səni ömrümə yaz istəmişdim.
Daha çatmaz sənə səsim, harayım,
Yoxsa,bu sevinci az istəmişdim..?

Şaxta vurdu pöhrələyən kolları,
Sel uçurdu sənə gələn yolları.
Sənə doğru bu uzanan qolları,
Köksünə sıxaraq döz istəmişdim.

Nədənsə, heç qoşa olmadı izim,
Səninlə yollarda, ay nur bənizlim.
Daha vidalaşaq doğmam,əzizim,
Mən sönmüş ocağa köz istəmişdim.

Bu bir həsrət idi dərdli,məlalı,
Bu bir sevgi idi başıbəlalı.
Bu qərib yolçunun küskün xəyalın,
Üstünə qondurma, toz istəmişdim.

Daha nə sən sənsən, nə mən o mənəm,
Qəlbində kədərəm,gözündə nəməm.
Neyləyim, talesiz bir bəxtikəməm,
Yarama səpməyə duz istəmişdim,
Səni ilqarında düz istəmişdim.


HƏSRƏTİMİN DUYĞUSU

Mən bir qəmli həsrətin,
Nakam qalmış arzusu.
Mən bir coşğun dənizin,
Aşıb-daşan duyğusu.
Mən bir qumlu sahilin
Tənha qalmış iziyəm.

Mən bir ömür yaşadım,
Duyğuları rəngbərəng.
Mən bir bağı becərdim,
Hər tərəfi gül-çiçək.

Qayğılar hücum çəkdi,
Məni hədəf seçərək,
Yordu bu zaman oxu
Taleyimdən keçərək

Çox həsrətin duyğusu,
Yuva salıb gözümdə.
Çox mahnının bəstəsi,
Yarım qalıb sözümdə.

Bəzən ağrıya dönür,
Yanlışım da, düzüm də
Mən kədərdən yarandım,
Kədər mənim özümdə.

Öz kədərli dünyamın,
Sahilində itmişəm.
Bəlkə də yorulmuşam,
Tükənmişəm, bitmişəm.


AY MƏNİM DƏYƏRLİ
ŞAİR DOSTLARIM!

Bir yola çıxmışıq nurlu bir yola,
Bu yolda uğurlar bizlərin ola,
Hər zaman köksünüz sevinclə dola,
Sözdən libas biçib geyir dostlarım,
Hər sözü mənalı deyir dostlarım.

“Nur ocağı” nur bəxş etsin sizlərə,
Nəğmə qonsun təbəssümlü üzlərə.
Allah özü kömək olsun bizlərə,
Qaydaya, nizama uyur dostlarım,
Mətləbi anında duyur dostlarım.

Təbrik edir sizi dostlar-tanışlar,
Uzaq olsun sizdən yaman-yanlışlar,
Sehran ana sizi daim alqışlar.
Söylər şəninizə şeir dostlarım,
Olsun qismətiniz xeyir, dostlarım.

Daim həyat yollarında nur olsun,
Sevinciniz aşsın-daşsın, durulsun,
"Nur ocağı" zirvələrdə duyulsun.
Söz mülkünü sərvət sayır dostlarım,
Yaxşı ki, varsınız şair dostlarım.


ÖMRÜM

Ey, qəm karvanına yol olan ömrüm,
Qumlu səhralarda yaman itmisən.
Kədərdən, möhnətdən bol olan ömrüm,
Daha tükənmisən, sönüb getmisən.
Hardan başlanmısan, harda bitmisən?...

Səsin daha gəlmir, tutulub nitqin,
Səndən gileylənir zavallı bəxtin.
Hanı şan-şöhrətin, bəs, hanı təxtin?
Sultanlıq mülkünü sən tərk etmisən ...
Hardan başlanmısan, harda bitmisən?...

Özünə arzudan bir saray qurdun,
Xəyallar içində özünü yordun.
Sonda sən dayandın, tükəndin, durdun
De, hansı arzuya kama yetmisən?...
Hardan başlanmısan,harda bitmisən?...


A DÜNYA

Sevincindən pay vermədin bir tikə,
Kədərinə qonaq etdin, a dünya.
Qəm yükünü kim daşıya, kim çəkə,
Mən qəribi sınaq etdin, a dünya

Dilləndirdin könlümün qəm sazını,
Boran etdin baharımı, yazımı.
Anlamadım bu taleyi yozumu...
Nəyi nəyə calaq etdin, a dünya ...?

Arzulardan saray qurdum özümə,
Diqqət etdim söhbətimə, sözümə.
Şübhə etmə, məndə olan dözümə,
Məni nəylə qınaq etdin, a dünya...?


YAVAŞ-YAVAŞ

Sakit bir limanda lövbər salmışam,
Saçımı darayır yel yavaş-yavaş.
Nutqim də tutulub fikrə dalmışam,
Susub, daha dinmir dil yavaş-yavaş.

Ruhum seyr eləyir qumlu sahili,
Dalğalar gətirir, yosunu, lili.
Məni zənn etməyin eşqin cahili
Titrəyir könlümdə tel yavaş-yavaş.

Dənizin qoxusu köksümə axır,
Sanki bu sahildən bir həsrət baxır.
Düşüncəm beynimdə şimşək tək çaxır
Deyir ki, kədəri sil, yavaş-yavaş.


QALIB

Bu torpaq əbədi sərvətimizdir,
Dağında,düzündə izimiz qalıb.
Hər dost süfrəsində söz-söhbətimiz,
Sönməyən odumuz-közümüz qalıb

Gücü tükənməzdir, bükülməz qolu,
Müqəddəs torpaqdır, zinətlə dolu.
Qüzeyi, Güneyi bir həsrət yolu
O həsrət yolunda gözümüz qalıb

Zəfər salnaməsi yurda yaraşır,
Arzular ümmantək çağlayır, daşır.
Bir həzin səs gəlir,dilim dolaşır,
Bu səsdə doğrumuz, düzümüz qalıb.

Ulu torpağımız, tacsan ellərə,
Açdın qucağını aya, illərə,
Döndün nəğmələrə, düşdün dillərə,
Hələ deyilməmiş sözümüz qalıb,
"Bütöv Azərbaycan" arzumuz qalıb.


TƏNHA AĞAC

Dayanıb seyr edir külli aləmi
Həsrətlə,kədərlə bir tənha ağac.
Yorulub illərin yorğunluğundan,
Ona zövq verməyir nə dağ nə yamac.

Daha çətirində yox səhər şehi,
Daha nə budaq var,nə də ki yarpaq.
Ona təsir etmir dağların mehi,
Bir gün o çürüyüb olacaq torpaq.

Həyat da belədir...yaşanır,bitir
Xəzana çevrilir baharın,yazın
Bir ağac ömrünü yaşamaq üçün,
Bir torpaq köksündən boy atmaq lazım...


RAMİLƏ ƏLİYEVA (1977)BACARMIRAM MƏN

Ruhum bir körpənin laylası mənim,
Göz yaşım bir yağış damlası mənim,
Hislərim qəlbimin aynası mənim,
Başqa cür olmağı bacarmıram, mən

Dünya bir saraydır şahı, əyanı,
Hanı mətləb bilib söz anlayanı?
İtirəndə insan abrı-həyanı,
Biganə qalmağı bacarmıram,mən

Bir nağıl ömrünü yaşayırıq biz,
Yorulur fikrimiz, əməllərimiz.
Laqeyd ürəklə, səssiz- səmirsiz,
Sükuta dalmağı bacarmıram, mən

Kimsəni incidib qəlbinə dəymək,
Könlünü sındırıb, qəddini əymək,
Doğruya göz yumub,yanlışı öymək,
Riyakar olmağı bacarmıram, mən.

Ədalət insanın içində gərək,
Mərhəmət don deyil,biçilsin geyək.
Vicdanının yoxdursa rəzilsən demək,
Belə bir həyatdan güc almıram mən.
Yəqin yaşamağı bacarmıram, mən...


BİLİNMƏZ

Qəribə dünyanın sakinləriyik
Gecəsi bilinməz, günü bilinməz,
Düyğular qarışıq, hislər rəngbərəng
Arzunun, istəyin yönü bilinməz.
***
İsıqlı sabahdan güc alan kəsin
Yıxılan dikələn,ucalan kəsin
Hər gün qətrə-qətrə qocalan kəsin
Ömrünün əvvəli,sonu bilinməz.
***
Var-dövlət sahibi olanlar getdi
Arzusu gözündə qalanlar getdi
Bağçası baharda solanlar getdi
O gedən köçlərin önü bilinməz.
***
Dünyanın min cürə gərdişi varmış
Hər qəlbin duyğusu,vərdişi varmış
Xeyirxah əməldə mərd işi varmış
Sədası duyular, ünü bilinməz.
***
Baxmayın dünyaya qəmli, kədərli,
Dünyanın işləri olmaz heç bəlli
Kimi yüz yaşadı, kimisi əlli,
Ölümün saatı, günü bilinməz.


RAMİLƏ ƏLİYEVA (1977)BAYATILAR

Su axar ləpələnər,
Qəlbə nur səpələnər.
İncitsən dost könlünü,
Ora qəm təpələnər.

Su axır lalasına,
Can yanır balasına.
Könlüm pərvaz eyləyir,
Sığışmır qalasına...

Əzizim,su çeşməsi,
Qəlbim həsrət teşnəsi.
Çox dedim az eşitdin,
Sonda qaldı he(ş)nəsi...

Əzizim,suya baxdım,
Sel gəldi suya baxdım.
Mən bir qəm yolçusuyam,
Yatmısan, guya, b(a)xtım?

Su kimi əziz olun,
Çağlayın, dəniz olun.
Aşıb daşsın duyğunuz,
Siz ruhu təmiz olun.

Əzizinəm, hayalı,
Qəlbim möhnət sayalı.
Dərdimin dərmanısan,
Ruhumunsa xəyalı.

Əzizinəm, qalası,
Könlüm həsrət qalası.
Evi olanlar getdi,
Evsiz harda qalası???

Mən qurban, Vətən, sizə,
Dərd gəlib vətənsizə.
Könlüm qübar eyləyir,
Əmanat vətən sizə...


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: