Yolsuz bir səyyaham,
öz kölgəmin izindəyəm.
Qəddim kimi əyilmiş bir soru
zamanı tovladıb güldürər üstümə,
ağladıb qəhr edər məni,
cənnət və cəhənnəm adına
Tanrıdan hesab istər.
Tələsirəm mənzilin səmtini tutmadan,
intəhasız yollar axıra çatsın.
Həyat dirini,
məzar ölünü,
adam özünü tanısın məzarda.
Tanrıya tövsiyəm var:
min illərin sınağında uduzan
alnımdakı mənasız cümləyə
qara bir nöqtə qoyulsun.
Açılsın bütün umacaqlarımız,
bitsin bu səbrin mistik əzabı.
Sən min yerə yozulan sözünün,
mən küskün canımın sahibi olum.
Öz canımı oxuyuram
İçib haqqın şərabını,
bir daha oyanamasam,
oyanıb ruhumu sadiq,
özümü sağ bulamasam…
Ömrüm arı dodağında
ətri qalmış qar çiçəyi.
Evimizin qabağında,
tək ağacın budağıdı
son mənzilimin dirəyi.
Yaralı yerimə baxıb,
sağ yerimi qanadıram.
Tale kitabın qapayıb,
öz canımı oxuyuram.
Bağlı yolum da açıldı,
gedəsi halım qalmadı.
Uçmağın anı yetişdi,
amma qanadım çıxmadı.
Mən gedərəm,
dərdim qalar,
çəkərsənsə,
halal olsun.
Baş daşım yox,
başım üstə
bitərsənsə,
halal olsun.
Həyat görəvi
Tanrı yetirər,
deyib
bayramları borca keçirənlərin
tək arzusudu ruzi-bərəkət,
arzuların çin olmadığını bilə-bilə…
hər dəfə ümid vermək
abırsız bir adətdi.
Möhtaclar çox,
ümidlər xəsis…
Dost-aşnaya quş iliyi,
can dərmanı içirtmək,
acları bayram tətilləriylə sevindirmək,
oğul-uşağa haram yedirtmək gərəkmiş.
Mübarək bayramların acığına
son tikəsini özünə qıymayan insanın
ağzından əkməyi,
dilindən sözləri oğurlamaq,
kutsal kitabların xoflu kəlamlarıyla
qurbanını ovsunlamaqdı
insandakı şeytan əxlaqı.
Hətta insanın
qalan saatını sayıb,
nəbzini dinşəmək,
aldığı nəfəsə darılmaq
kiminsə həyatda qalmaq nədəni.
Adi günləri bayram kimi özləyənlər,
Vətən eşqinə canından keçənlər,
Vətən eşqinə torpağı
altına-üstünə çevirənlər,
keçmişin gözünün içinə
tüpürənlər olmasaydı…
Tanrının qoca vaxtında
insanlıq üzərinə,
tale-qismətin qanına yerikləyib,
alın yazısını
dəyişmək eşqinə düşənlər var.
Ölüm-dirim fərmanında
Tanrıya ortaq bir iddiada bulunmaq
və əkməyini göz yaşı isladanların
bayramını kutlamaq
zalımın görəvi olmasaydı…
İsmarış
Dost düşməni,
işıq qaranlığı tanımır,
ocaq öz tüstüsündə boğulur.
Qara taleli torpağın
uğrunda şəhid olanla,
onu məzarlığa çevirənin
fərqində olmadığı
bir günün ortamındayam.
Bezmədən yaşayıb,
hamı kimi öldüyündə
səni bir mumiya kimi
ürəyimdə saxlamağa çalışdım.
Heç ağlıma gəlməz
nə üçün və hardan gəlmişəm,
harda və kimin qulluğunda
usanmadan dayanmışam.
Bilmədən
sabah kiminçün açılır,
ocağı kim söndürüb gedib
və sən ürəyimdə nə yapırsan,
orda həyat varmı yenə…
Bir əlüstü xəbər göndər
özündən öncə,
ya mən vədəsiz ölüm,
ya gözləyim bezincə…
Qocalmış ruhuma rastlasan…
Bu gün çox halsızam,
gücsüz və cansızam.
Əcəl qənşərində xar olub,
insanın acığına
ömrün dalanında meydan sulayan
bir qarğış yaralayıb canımı.
Günlərin birində
qocalmış ruhuma rastlasan,
bir tapdanmış yovşanlıqda
tanınmaz ölüsünə,
ya özündən razı dirisinə
bir xəbər çatdır:
gəlib məni bulmasa,
köçdən ayrı düşdüyüm yerdə
gözlərinə inanmasın.
Ölümün xətrinə dəyməsin,
o son həyanımız,
son halal haqqımızdı…
Ruhum kimliyini bulmasa,
gördüyü yoxluğa inanmasa,
həyatını sıxmasın,
qəza-qədərin nəzərini ovmasın.
Gözlərində hələ acılara dözmək
və bir canın yarımçıq nəfsində
son titrəyişə şahid olmaq şansı var…
Məni məzarımda görməsə
ruhum özünü danlamasın,
fələyi acılamasın…
O fələk dar macalda,
son adımmda yanımdadı,
Tanrıyla çarpışan təlaşımda,
əzizimdi torpağımın başı üstə.
Bir köprübaşıyam
Sabah açılan kimi
quşlar uçub uzaqlaşdı.
Ömür bitdiyi anda
dostlar bir-bir bezib getdi,
yadımda qalanlar kirayənişin.
Küləkdə,
çovğunda,
qızmarda,
canı bərkimiş,
həyatın içində gözükölgəli
bir köprübaşıyam.
Karvanlar çəkib getdi,
isti yuvalar dağıldı
yarımçıq yuxular tək.
Qış qapıya dayanmamış
qalın qar yağdı
nakam arzuların üstünə…
Görəsən sağ çıxmasaq
bu yaşam qovğasından
bir daha sabah açılacaqmı,
görəsən yenə də
gözlərimiz sevinəcəkmi
bir-birimizin dirisindən vazkeçib
ölüsünü bulunca…
Şükr etməkdən bezmiş kimi…
Heç nə düşünmədən,
vaz keçmədiyim bir aqibətin
qəfil fərmanını bilmədən
hər gecə gəlişini gözlədim.
Hələ sabahın açılmağına
bir az zaman var,
hələ heç də sabahın günəşli,
tutqun, buludlu olaçağını bilmədən
gəlişini çarə tək gözlədim.
İllər öncə
ruhumun yuxuda nə görüb də,
bir səbəb olmadan
həyatdan usandığımın şahidiyəm…
Sabah açılar-açılmaz
yürüdüm öz qismətimə sarılmaq üçün.
Sabahlar monoton vərdişlə
yuxudan oyadıram özümü,
yaşamaqdan yorulmuş kimi.
Ölümün adından usanmış,
şükr etməkdən bezmiş,
nə üçün yazdığını bilməyən qələmi
özündən tez qoçalmış divanəyəm.
Heç fərqinə varmadan
kim və nə üçünsə qəribsədim,
doluxsunmuş səbirlə
gecələri bir ilac tək özlədim…
Ölümün təmənnasız mərhəməti
Tanrının rəhmi qədər.
Əcəlin hər gecə canımı almaq,
ya da yaşatmaq istəyinin
fərqinə varmadan,
özümü sahmana salıb
gəlişini əzabla gözlədim…
Ölüm kimi gözlədim
Hər dəfə öz rəsmimi görəndə
gözlərimi yayındırdım.
Surətim kağızda ölübmüş,
ruhumun da xəbəri yoxmuş.
Məni də Tanrı yaradıb deyə
heç təsəllim olmadı.
Dar macalda tərk edənlər,
peşmanlıq içində
xoş günüm olmadığını sanıb,
bəlkə də ömürboyu
bir daha xatırlamadı.
Sabahların sonunu
bayram kimi gözləyib,
günümü öldürdüm,
əzizim.
Hər dəfə bir törəndə
ovqatımı görüb utanınca
əziz canımdan keçib,
ölümü güldürdüm,
əzizim.
Sən də baxıb üzümə
ruhdan düşüb duruxdun.
Səni əzizim bildim,
başını qaldırıb
tək qaldığımı görəndə
canımı oxudun,
əzizim.
Tanrıda insaf varsa,
könlüm-gözüm toxtayar.
Sənin də qursağın dar,
nə sevgin yaşadar,
nə də rəhmin
tabutumu oxşar,
əzizim.
Tale yolunu seçməyə
nə yazıq bir şansımız yox.
Əgər ömrün ortasında
yolun bitmiş,
yurdun yoxsa,
gəl yaşa məzarım üstə.
Qibləyə dönükdü insanın üzü
Keçmişin günahkar qəbrindən
şərəf və təslim fitvası çıxmaz.
Torpağın donqarı
padşahların sakinsiz türbələridi.
Tarixin yanlış qüruru
qətl olmuş əsgər ruhudu
azadlıq davasında.
Ziyarətgahların daş-divarında
inamsızca Allah-Allah sözünü
pıçıldayır dodaqlar.
Bir-birini ölümlə hədələyib,
sonra keçmiş olsun deyir
daşlarda öpüşən dodaq izləri.
Döyüşlərdə arxadan vurulan əsgərin
qanlı tabutuna bükülən bayraqdı
vətənin dəfn olan aşikar sevdası.
Yolların heç biri haqqa aparmaz,
Qibləyə dönükdü insanın üzü.
Hər gün dərgahın səmtini
səhv salır Azan səsi,
sirri faş olan dualar uçur-uçur
bir türlü imana çatmır.
Əkmək azadlığın acı qanıdı,
savaşın mayası bərəkət nəfsidi.
Hikkəli dualar göyün üzündə
didir bir-birini qarğa-quzğun tək…
Aman vermədən öldürən də,
aman diləyən də Tanrını səslər.
İmdada hər zaman fələk yetişər.
Səni mənə bənzədirlər,
qara daşım
Naməlum bir məzarda
bir rəhmət duasına möhtacam.
İllər öncə necə fəxrli günlər vardı,
yaşamaqçün mücadilə edərkən
qəhramanlıq arayırdım…
Əbədilik arayışında
doğal faciələri
gözümdə canlandırarkən
ayaqlarımın taleyimi
qətlə könüllü apardığının
peşmanlığı zorundayam.
Bəlkə mənim adım yox,
sümüklərim doğmadı torpağa…
Səni mənə bənzədirlər,
ağ yazılı qara daşım,
adam da heç bənzərmi ölüyə…
Məzarımın nəbzini tut,
qara xəbərdən çatlasın
səni öpən dodaqlar.
Mən naməlum bir məzaram,
ən sevgili və əbədi.
İnsanlığım,
kimliyim,
keçmişim,
gələcəyim torpağıma səcdə edər.
Adımdan,
torpağımdan ötrü
kimlər havayı ölür,
kimlər qəhrəman olur…
Övladı qanına susamış vətənəm.
Son sözü unutmaq
Ufacıq bir söz
əzilir çaşqın qalan
yaddaşının ağırlığında,
dilimin sınırında dəyişir anlamını…
Ele hey sorursan:
kimə söyləmək istərsən
ən əziz sözünü,
vəsiyyətini son kərə…
Necə deyim,
hansı olayı xatırlayım,
salamat qalmış
hansı bir günün adını çəkim,
keyfinin hansı çağında
o sözün üzünü göstərim sənə…
Sən də baxıb kövrələsən,
ya da acığın tuta özünə.
Dilim dönmür söyləyim,
əzilib-büzülmüş o sözü.
Əfəndim Tanrı,
birdən anlamazsan dilimi,
sözümdə özünü tanımazsan deyə,
mən son sözümü belə
unutmaq zorundayam
fani bir həyat kimi.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.