ÜSTÜ QIFILLA DOLU “ƏHD-PEYMAN DƏMİR AĞACI”

ÜSTÜ QIFILLA DOLU “ƏHD-PEYMAN DƏMİR AĞACI”
Sədi QƏDİROĞLU
(YARADANQULU)


Dəmir ağac var üstü yaşıl yarpaqla dolu, “dəmir ağac” da var yaşıl yarpaq yerinə üstü bağlı qıfılla dolu...
Son vaxtlar Bakının küçələrində olduğu kimi parklarda da müxtəlif adam fiqurları nəzərə çarpır. Bu fiqurlar skamyada oturaq halda, ayaq üstə və müxtəlif vəziyyətlərdə olduqları üçün kiçik yaşlı uşaqlar kimi gənclərimizin də marağına səbəb olur. Onlar həmin fiqurların yanında şəkil çəkdirib sonra bu şəkilləri sosial şəbəkələrdə yerləşdirərək dostları ilə paylaşırlar.

Neftçilər prospekti, Bakı Limanı ərazisində salınmış kiçik parkda üstü qıfılla dolu “dəmir ağac” mənim də nəzərimi cəlb etdi. Bu ağacın üstündə müxtəlif ölçülü qıfıllar asılıb. Üstündə cütlüklərin adlarının baş hərfləri yazılmış darvazalara vurulan qıfıl böyüklüyündə və nənələrimizin “buxleyinc” sandıqlarına vurduqları kiçik həcmli yüzlərlə qıfıl vardır. İşimlə əlaqədar bu parkın içindən gedib-gəlirəm. Hər dəfə də bu “dəmir ağac”in ətrafında orta məktəb şagirdləri ilə yanaşı institut tələbələrini də görmək olar. Onlar bu parkda gəzişirlər, insan fiqurları yanında şəkil çəkdirirlər, bəziləri də “dəmir ağac”dan qıfıl asırlar. Bir gün yenə buradan yolum düşmüşdü. Bu ağacın yanında bir cüt gəncin durub ümid dolu baxışlarıyla asdıqları qıfıla baxdıqlarını görüb onlara yaxınlaşıb salam verirəm. Salamımı aldıqdan sonra bu gənclərdən soruşdum ki, balam bu nə üçündür belə?

ÜSTÜ QIFILLA DOLU “ƏHD-PEYMAN DƏMİR AĞACI” Gənc qız gülümsəyərək oğlandan əvvəl dilləndi: – Dayı, bizim ziyarət etdiyimiz bu ağac əhd-peyman ağacıdır. Bu qıfıl isə bizim əhd-peymanımızın rəmzidir.

Sevinc adlı bu gənc qız danışdıqca gözlərindən sevinc yağırdı. Qızın yanındakı utancaq oğlan Nihad isə bir az çəkinərək belə açıqladı:
- Nə bilim, bizim tələbə yoldaşlarımızdan çoxu burada olmuşlar, bu gün də biz gəlmişik...

Bir dəstə gənc oğlan və qızlar da bura üz tutub deyə-gülə gəlirdilər. Mən onlara səadət dolu xoş günlər arzulayıb yolumu davam edirəm və xəyalən keçmişə qayıdıram... Bir anlıq da olsa gördüklərim gözlərim önündən gəlib keçir. Bir çox bölgələrdə yol qırağında və ya meşəlikdən qıraqda qayalıqlar arasında bitmiş tək ağaclara “Pir” deyib onun budaqlarına rəngli lentlər, çit parçaları, qadın baş örtükləri bağlayıb niyyət tutardılar. Niyyətinə çatanlar aparıb orada qurban kəsərdilər... Həmin bu qıfıl asılmış “dəmir ağac” mənə onu xatırlatdı...

Qaldı ki, bu qıfıl məsələsi... Ağbirçək nənələrimiz belə söhbət edərdilər ki, əvvəllər gözü götürməyənlər bir-birinin bəxtini bağlatmaq istədikləri üçün üz tutub cadugərlərin, mollaların yanına gedərdilər, onlar da “ovsunladıqları” qıfılı bağlayıb açarını durğun gölə və ya bataqlığı atdıraraq həmin adamın bəxtinin bağlandığını bildirərdilər...

Bəs bizim bu gənclərimiz “əhd-peyman” saydıqları “dəmir ağac”dan qıfıl asmaq ilə nələr düşünürlər, görəsən?... Ona görə belə bir mövzuya toxunub oxucularımızın müzakirəsinə verirəm və cavablarını gözləyirəm. Bu haqda gənclərimizin fikirlərini bilmək bizim üçün də çox maraqlı olardı.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: