Gürcüstan Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının (GAHA) sədri Əli Bədirov və “Borçalı İrəli” İB-nin sədri Məhəbbət İmanov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, ermənilərin azərbaycanlılara, gürcülərə və Cənubi Qafqazda yaşayan digər millətlərə qarşı törətdiyi cinayətlər, terror aktları barədə ətraflı məlumat veriblər. Dəyirmi masada Azərbaycanın ərazilərinin işğal olunmasına baxmayaraq sülhsevər siyasətinə sadiq qaldığı, Azərbaycana qarşı əsassız ərazi iddiası irəli sürən Ermənistan rəhbərliyi və siyasətçilərinin bölgədə sabitliyi pozmağa çalışdığı kimi fikirlər səsləndirilib.
“Lakin son günlər cəbhə xəttində baş verən hadisələr bir daha göstərdi ki, sülhün bərqərar olması üçün güclü olduğunu da sübut etməlisən. Azərbaycan ordusu da bunu göstərdi” - deyə tədbir iştirakçıları bildirib.
“Novatorlar Birliyi”nin sədri Vako Pajava və “Gürcüstanın İslahatçı Gənclər Alyansı”nın (GİGA) rəhbəri Daçı Çitaya çıxışlarında imperiya qüvvələrinin əlində vasitə olan Ermənistanın təkcə Azərbaycanda deyil, Gürcüstanda da misli görünməmiş cinayətlər törətdiklərini, Gürcüstan ərazilərinin işğal olunmasında onların da rolu olduğunu bildiriblər.
Azərbaycan-Gürcüstan dostluğundan bəhs edən gənc siyasətçilər münasibətlərimizin daha da möhkəmlənməsində gənclərin rolunu xüsusi qeyd ediblər. Bildirilib ki, Gürcüstanın ağır günlərində Azərbaycan rəhbərliyi və xalqı daim gürcü xalqının yanında olub, dost köməyini əsirgəməyib. Gürcü gənclər bunu unutmurlar və azərbaycanlı həmyaşıdlarının yanındadırlar.
Sonda gənclər təşkilatları adından bəyanat qəbul olunub.
Sənəddə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün dəstəklənməsinin vacibliyi, son günlər Dağlıq Qarabağ və ona bitişik digər Azərbaycan torpaqlarında baş verən təxribatlarda, atəşkəsin pozulmasında ermənilərin günahkar olduğu qeyd edilir.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.