20 İLLİYİNƏ
İyirmi ildir ki sənsizəm, Şuşam mənim! Necə yaşadım sənsiz bu illəri?! Kədər, qəm, qüssə içində. Hətta el bayramlarında belə bir gözüm güldü, biri ağladı. Sənsiz ömrümə bir həsrət düşdü – Şuşa həsrəti, qəlbimə bir nisgil qondu – Şuşa nisgili. Və nə etsəm, hara getsəm, harada olsam bu həsrət, bu nisgil azalmır ki azalmır, əksinə – artır.
Yuxumda səni tez-tez görürəm. Görürəm ki, qoynundayam yenə. Dolanbac küçələrin ilə addımlayıram. Üzeyir bəyin ev-muzeyinin önündən ötürəm, Xan qızı Natəvanın imarətinin yanından keçirəm, Vaqifin məqbərəsini ziyarət edirəm, Qala divarlarına tamaşa edirəm, qədim məscidləri, türbələri seyr edirəm, bulaqlarından su içirəm, xan çinarlarının kölgəsində dincəlirəm. Nə yaxşı ki, Allah-Təala insana yuxu verib. Heç olmasa müvəqqəti də olsa, bir-neçə saatlığa da olsa acı həqiqəti unutmaq üçün, yaralı qəlbimizi ovundurmaq üçün. Amma ən gözəl və dərin yuxu belə bitir. Oyanırıq və acı həqiqətə qayıdırıq. Həqiqət isə ondan ibarətdir ki, Şuşam, biz sənsizik. Ruh bədəndən ayrı düşən kimi, biz də səndən ayrı düşmüşük. Ruhumuz çırpınır, fəryad edir, geriyə, itirilmiş cənnətə bütün varlığı ilə can atır, amma, heyhat, yenə sənə qovuşa bilmir.
Ramiz Rövşənin sözləri yada düşür:
“Mən elə bilirdim sənsiz ölərəm,
mən sənsiz ölmədim,
məni bağışla”.
Bağışla bizi, Şuşa! Bağışla nankor övladlarını! Bağışla ki sənsizlik həsrəti bizi öldürmədi! Yaşamağa davam edirik. Hərəmizin başı bir işə qarışıb. Kimi biznes qurur, kimi sərvət toplayır, kimi xidməti karyerası ilə məşğuldur, kimi şan-şöhrət dalınca qaçır, kimisi orden-medal qazanır, kimisi isə bir parça çörəyin axtarışındadır. Beləcə günlər ayları, aylar illəri əvəzlədi. Bir də gördük ki, aradan iyirmi il keçib. Necə deyərlər, bir igidin ömrü!
Çoxəsrlik tariximizdə şərəfli hadisələr də çox olub, faciəli hadisələr də. Faciəli hadisələr sırasında bizim nəsil üçün öndə duranı Şuşamızın itirilməsidir. 1992-ci il mayın 7-dən 8-nə keçən gecə erməni silahlı dəstələri böyük hərbi qüvvə ilə Şuşaya hücum etdi. Heç bir müdafiə tədbiri görülmədiyi üçün təbii istehkam, alınmaz qala, Azərbaycanın qədim mədəniyyət mərkəzi düşmən əlinə keçdi.
Şuşa hər bir azərbaycanlının gen yaddaşının silinməz səhifəsi, əsrarəngiz, ecazkar mədəniyyətimizin parlaq rəmzi idi. Şuşanın itirilməsindən bizə dəyən mənəvi-psixoloji zərbənin ağrısı-acısı zaman axarında korşalmır ki, korşalmır əksinə – artır. Şuşanın işğalı – milli varlığımıza vurulan sağalmaz, daim inildəyən yaradır. Bu acı xəbərdən dərin sarsıntı keçirən bir uşağın o zaman dedikləri dörd misra bu gündə hər birimizin qəlbindəki duyğulardan xəbər verir:
Alınmaz qalamız vardı
Onsuz dünya bizə dardı,
Onsuz yaşamaq bizə ardı,
Alınmaz qalamız düşmən əlində!!!
Şuşa – unikal Azərbaycan musiqisinin beşiyi, musiqi akademiyası, şeir-sənət mərkəzi, açıq səma altında muzey, canlı tarix, kurort şəhər idi.
Şuşa – Molla Pənah Vaqifin, Xan qızı Natəvanın, Üzeyir Hacıbəyovun, Nəcəf bəy Vəzirovun, Əbdürrəhman bəy Haqverdiyevin, Bülbülün vətənidir. Vətənin bu dilbər güşəsində neçə-neçə yazıçı, sənət adamı, bəstəkar müğənni, teatr və kino xadimi böyüyüb boya-başa çatıb.
Şuşa qalası dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşən meşələrlə örtülmüş, bir tərəfdən uçurum, digər tərəfdən isə sıldırım qayalarla əhatə olunmuş təbii bir qala idi. Necə oldu ki belə bir qala düşmən əlinə keçdi? Şuşa – xəyanətin, hakimiyyətsizliyin, hərc-mərcliyin, xaosun, özbaşınalığın qurbanı oldu!
Bəzən deyirlər: özümüzü bu qədər günahlandırmayaq, Şuşanı ermənilər işğal etdi. Bəli, Şuşanı ermənilər işğal etdi. Ancaq məgər biz bilmirdik ki, ermənilər yüzilliklərdir torpaqlarımıza göz dikib. Bilmirdik ki azacıq belə zəifliyimizdən yaranan fürsəti düşmən əldən verməyəcək! Bilirdik! Amma təəssüf ki, səhlənkarlıq etdik. Bugün olub keçənləri bir daha nəzərdən keçirərkən, acı məğlubiyyətimizin səbəblərini bir daha təhlil edərkən, o nəticəyə gəlirəm ki, Şuşanın itirilməsində biz hamımız günahkarıq. Kimlərsə daha çox, kimlərsə daha az. Ancaq ən azından, hamımız bu itki üçün mənəvi məsuliyyət daşıyırıq. Qədərincə qədir-qiymətini bilmədik Şuşanın, bağlılığımız zaman axarında zəiflədi, tez-tez gedib-gəlmədik Şuşaya. Şuşanın başının üstünü qara buludlar alanda hamılıqla orada olmalıydıq, silaha sarılıb son nəfəsəcən vuruşmalıydıq. Biz bunu etmədik! Bakıda, isti evimizdə oturub, yüksək materiyalardan dəm vurub, özümüzdən başqa hamını günahkar çıxartdıq. Ölməz Füzulinin sözləri yada düşür: “Səfadan dəm uran həmdəmləri əhli riya gördüm!”
Bugün Şuşanın işğalı zamanı şəhid olmuş oğullarımızın, Vaqifin, Natəvanın, Üzeyir bəyin ruhu narahatdır. Onların qınaq dolu baxışları bizə yönələrək ölü sükutla soruşurlar: “Necə oldu biz Şuşanı min bir əzab-əziyyətlə qurub yaratdıq, siz isə onu qoruya bilmədiniz?”
Hələliksə əsirliyin davam edir, itirilmiş cənnətim – Şuşam mənim. Amma mən bütün vücudumla inanıram ki, biz mütləq qoynuna qayıdacağıq. Ayrılıq bitəcək! Mən bu ümidlə yaşayıram və o əziz günü, sənə qayıdacağım günü hər an, hər dəqiqə, hər saat, hər gün səbrsizliklə gözləyirəm. O Böyük Qayıdış gününəcən isə istərdim təqvimizdə 8 may – Şuşanın işğalı günü qara və qırmızı haşiəyə alınaraq, Şuşanın, Qubadlının, Zəngilanın, Laçının, Füzulinin, Kəlbəcərin və digər işğalda olan torpaqlarımızın anım günü elan olunsun. ANIM və İNAM günü elan olunsun. O torpaqlara Böyük Qayıdışımıza İnamın ifadəsi kimi!!!
Gövhər BAXŞƏLİYEVA,
Millət vəkili, filologiya
elmləri doktoru
525-ci qəzet.- 2012.- 8 may.- S.4.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.