Qarabağım

    Qarabağım
Qarabağım qara geyib neçə ildi, neçə aydı,
Nankorların əməlləri yaxşılığa belə paydı,
Yağıları sil-süpürün haydı əskərlərim, haydı,
Qoy dəyişsin öz rəngini qara şalı Qarabağım,
Indən belə xoşbəxt olsun qeylü-qalı Qarabağım.

Insan qanı şəbnəm olub çöllərində, düzlərində,
Qurban gedib haqq yolunda onların da, yüzlərin də,
Alçaqlığın damğasını yapışdırib üzlərində,
Bu gün sənə güllə atır, nədir xalı Qarabağım.
Tarix boyu çox olmuşdu belə halı Qarabağım.

İlham bəyin böyüklüyü böyüdübdü cəbhələri,
Marş irəli deyir, xalqım Azərbaycan əskəri,
Qoy eşidək hər gün, hər an xoş müjdəli xəbərləri,
Yalan olsun bizdən çıxan ehtimalı Qarabağım.
Toy-büsatdan baş açmasın hər mahalı Qarabağım.

Həkərinin, Bərguşadın saf suları qana dönüb,
Bu torpağı əmən düşmən çıraqların niyə sönüb,
Nankor çıxıb rəhbəriniz dizi üstə daha çönüb,
Fırıldaqla yaratdılar istiqlalı Qarabağım,
Kim öyrətdi alçaqlara bu kamalı Qarabağım.

Zəngilanın, Qubatlının kül olanda zəmiləri,
Yağı düşmən bayram etdi, göydə uçdu “gəmiləri”,
Son günləri köməyinə gəlməyir rus əmiləri,
Qorxusundan baş bilənin dönüb halı Qarabağım.
Çəkməmişdi ömrü boyu bu məlalı Qarabağım.

Nakəslərin bu əməli, məlum olub yerə-göyə,
Haqq yerini tutacaqdı düşmənləri döyə-döyə,
Can verəcək bu torpaqda özlərini öyə-öyə,
Bənzətsəndə düşmənlərə yağı-balı Qarabağım,
Onlar üçün xəyal eylə bu xəyalı Qarabağım.

Təmizlənər düşmənlərdən Şəmşir yurdu Ağdaban da,
Üç rəngli bayrağımı Xan kəndinə taxan anda,
Füzulinin, Cabrayılın üzərinə gün doğanda,
Deməsinlər onda fəqət sən haralı Qarabağım,
Qoy olmasın indən belə bir yaralı Qarabağım.

Səyavuş UYĞUN
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: