Tədbiri professor Şirindil Alışanlı açaraq tənqidçinin həyat və yaradıcılığından danışıb:
"Qurban müəllim təxminən 45 illik elmi yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı və tənqidi üçün çox böyük işlər görüb. Onun Səməd Vurğun, İlyas Əfəndiyev, Yaşar Qarayev, Əli İldırımoğlu haqda monoqrafiyaları çap olunub, onlarca məqaləsi dərc edilib".
Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu yubilyarın yaradıcılığının əsas özəlliklərini vurğulayıb: "Qurban müəllimin şəxsiyyəti ilə onun alimliyi arasında bir vəhdət var. Bu çox böyük məziyyətdir. Onun ədəbiyyatımızın istər yaşlı, istər orta, istərsə də gənc nəsli haqqında yazdıqlarında həyatsevərlik əsas amillərdən biridir. Bir çox yazısı ədəbiyyatda tarixiliklə bağlıdır. Son dərəcə mürəkkəb, qəliz və həlli müşkül olan ədəbi məsələlərə müraciət edən və bunları işıqlandıran Qurban müəllim bir növ həll yolları tapır, onları bizlər üçün aydınlaşdırır. O, ədəbi prosesə əvvəldən- axıra qədər sadiq qalan ədəbiyyatçılarımızdandır. Yaradıcılığı ələlxüsus vətəndaşlıq ədəbiyyatı və poeziyası ilə seçilir".
Şair Ənvər Əhməd yubilyarı "üstün şəxsiyyətli ədəbiyyatşünas" adlandırıb: "Qurban duyaraq yazır. Onun qəlbində bir ədəbi qaynarlıq var. Yaxşı ədəbiyyatşünas olmaqla yanaşı həm də şəxsiyyət olaraq gözəl, istiqanlı bir insandır".
Professor Qəzənfər Kazımov tənqidçinin yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirib: "Qurban çox məhsuldar, fəal tənqidçidir. Onun yaradıcılığının ən üstün cəhətlərindən biri odur ki, gənclərə, əli təzə qələm tutan yazarlara diqqət ayırır".
Professor Nizaməddin Şəmsizadə, Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Asif Rüstəmli, şairlər Əli Rza Xələfli, Ramiz Məmmədzadə, dramaturq Firuz Mustafa və başqaları da çıxış edərək Q. Bayramovun həyat və yaradıcılığı ilə bağlı düşüncələrini bölüşüblər.
Sonda yubilyar çıxış edərək tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Müşfiq ŞÜKÜRLÜ
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.