Şəhid əsgərlə vida mərasimi Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində başlayıb.
Vida mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycanın Milli Qəhrəmanı, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev, yüksək rütbəli hərbçilər, ictimaiyyət nümayəndələri, şəhidin hərbçi yoldaşları, ailə üzvləri ilə yanaşı, şəhid Çingiz Qurbanovun ali təhsil alıb - məzunu olduğu Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi də iştirak ediblər.
Mərasimdə Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor
Rasim Əliyev çıxış edib.
İdarə rəisi şəhidin həyat və döyüş yolu barədə məlumat verib.
Bildirilib ki, 2016-cı il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına başsağlığı verib.
Şəhidin atası
Salman Qurbanov
oğlunun cəsədinin qaytarılmasına görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirib.
Sonda Şəhid əsgər
Çingiz Qurbanovun cənazəsi dəfn edilməsi üçün doğulduğu Qusar rayonuna yola salınıb.
Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhid olan əsgərimiz Çingiz Qurbanov fevralın 6-da Qusar şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qusar Rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri, eləcə də şəhid Çingiz Qurbanovun təhsil aldığı Azərbaycan Texniki Universitetinin prorektoru İsa Xəlilov, təhsil aldığı fakültənin dekanı Ramiz Hüseynov, universitetin AHİK-nin sədri Akif Cahangirov və digər əməkdaşlar iştirak ediblər.
Dəfn mərasimində izdiham yaşanıb.
Çıxışlarda qusarlıların işğal altındakı torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrinə hər an hazır olduqları bildirilib.
Şəhidin atası Salman Qurbanov torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini, övladının qisasının döyüş yoldaşları tərəfindən alınacağına əmin olduğunu deyib.
Şəhidin nəşi torpağa tapşırıldıqdan sonra məzarı üzərinə əklil və tər qərənfillər qoyulub.
Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı Çingiz Qurbanovun xidmət etdiyi hərbi hissəyə təqdim olunub.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.