RƏFAEL QƏHRƏMANOV
- 1964-cü ildə Laçın rayonunun
Yüləvird kəndində anadan olub.
Orta ixtisas təhsillidir.
Texnikum bitirib.
Sərbəst işçidir.
Şeirləri mütəmadi mətbuatda dərc olunur.
Vətən həsrətli şairdi.
* * *
Laçın avazıyla elə ağlaram,
Həsrət alovunda yanana kimi.
Həkərimə elə layla çalaram,
Körpəsi beşikdə bir ana kimi.
Hər yazda təzə-tər gülləri ağlar,
Ağacdan açılan çiçəyi ağlar.
Göyərən çəməni,çölləri ağlar,
Demişdim gedərəm yazına kimi.
Ümidlə baxıram gələn fəsilə,
İlləri-illərdən seçən nəsilə,
Heç vaxt inanmıram ümid kəsilə,
İnşallah,gələrəm yayına kimi.
Dağlarda qıvrılan izimdə itdi,
Qəlbimin yaylağı yazım da getdi,
Bizləri isidən yayımda getdi,
Hamısı gedibdi qışına kimi.
Şimşəklər göylərdə buludu çapar,
Dərələr,təpələr yerini tapar,
Sellər kəhər kimi otları qopar,
Çaylara tökülüb axana kimi.
Göylər də, yerlər də ağı deyirlər,
Səni tapdayana yağı deyirlər,
Sinənə çəkilən dağı,deyirlər,
Düşmənim payını alana kimi.
Buludlar şaqqıldar göz yaşı tökər,
Cadar-cadar olmuş torpağı öpər,
Eşidəm Tanrıdan bir gün şad xəbər,
Qaçaram-qaçaram yurduma kimi.
AY ELLƏRİM
Neçə ildir burda dağlar,
Baxa-baxa qaldım ağlar.
Cadar olmuş susuz dağlar,
Bizi səslər,ay ellərim.
Boynu bükük gen dərələr,
O keçilməz daş bərələr,
Kimsəsiz boz biçənəklər,
Bizi səslər,ay ellərim.
Yurdumuzun tər gülləri,
Novruz gülü,lalələri,
Qönçəsində ləçəkləri,
Bizi səslər,ay ellərim.
Şehli çəmən, səhər-səhər,
Daha səni duman öpər.
At belində hələ yəhər,
Bizi səslər,ay ellərim.
Laçın adlı bir məkanım,
Hər an olub qibləgahım,
Baş əydiyim səcdəgahım,
Neçə ildir bizi səslər
Bizi səslər, ay ellərim.
Tapa bilmirəm ki, tapa bilmirəm
Tale otağına düşən açarı,
Tapa bilmirəm ki,tapa bilmirəm.
Ömrümün yolunda köhlən qaçarı,
Tapa bilmirəm ki,tapa bilmirəm.
Gəldiyim yollara dönüb baxıram,
Mən gədiklər aşıb,gədik çıxıram.
Yol tapıb çıxmağa yol axtarıram,
Tapa bilmirəm ki,tapa bilmirəm.
Həris dünyanın da hərisliyinə,
Dağlarda sürünən duman-sisinə,
İnsan sevgisinə,insan hissinə,
Tapa bilmirəm ki,tapa bilmirəm.
Belə dünyamızdan qaçmaq istərəm,
Kainat bətnində uçmaq istərəm.
Yeni planetlər tapmaq istərəm,
Tapa bilmirəm ki,tapa bilmirəm.
Hıçqıran qəlbimin kəsilən başın,
Dünyanın kipriyi söykənən daşın,
Tarixin daşında qovrulan daşın,
Tapa bilmirəm ki,tapa bilmirəm.
Ömür sözü qova-qova
Ömür sözü qova -qova,
Fəda oldu söz ovunda.
Yazılmamış misram mənim,
Qovruldu ğz alovunda.
Buludları yarıb keçdim,
Göyün bağrın ova-ova.
Əbədiyyət bir yol seçdim,
Kainatda qurdum yuva.
Ruhum indi hey dolaşır,
Qanad çalar səmalarda.
Ulduzlarla bir alışar,
Enib gələr xəyallarda.
Ulduz kimi yana-yana,
Tanrıya da yovuşdum mən.
Bahar çağı dona -dona,
Sevgimə də yovuşdum mən.
Xatırlayır illər məni,
Ötən günlər,aylar ağlar.
Yaşla dolan gözlər ağlar,
Qələmimdə sözlər ağlar.
Qocalırsan, mənim anam
Zaman atın yaman çapır,
Qocalırsan, mənim anam.
Ömrünü də illər qapır,
Qocalırsan, mənim anam.
Körpənə sən layla çaldın,
Laylan sən dil anlatdın.
İldən-ilə saç ağartdın,
Qocalırsan, mənim anam.
Saç ağardan illər mənəm,
O qabarlı əllər mənəm.
İztirablı günlər mənəm,
Qocalırsan, mənim anam.
Yurd talandı,el talandı,
Ürəyində od qalandı.
İllərinə il calandı,
Qocalırsan, mənim anam.
Dağ vüqarlı yanan ürək,
Ürəklərə dolan ürək.
El havasın çalan ürək,
Qocalırsan, mənim anam.
Ömür gəmi, həyat dəniz,
Aydan ilə səyahətdir.
Döyəcləyən illərimiz,
Ömrə düşən bir qismətdir.
Soluxursan, mənim anam.
Qocalırsan, mənim anam.
BİR ATA MƏZARI ÇAĞIRIR MƏNİ
Zaman gədiyində dolaşır illər,
Bir ata məzarı çağırır məni.
Elə bil arxamca uzanır əllər,
Bir ata məzarı çağırır məni.
Aylar da illər də keçir, ay ata,
Ruhun yuxuma da gəlir, ay ata.
Həsrətin qəlbimdə deyir, ay ata,
Bir ata məzarı çağırır məni.
Həmişə duyardın məhəbbətimi,
Hər an sığallardın uşaq qəlbimi.
Baxıb varaqladım o günlərimi,
Bir ata məzarı çağırır məni.
Hər daşı,qayanı xəyalım qovur,
Çiçəklər yamacın bağrını ovur.
Həsrətim sinəmdə ağı qovurur,
Bir ata məzarı çağırır məni.
Dərdimin ocağı silkələnibdi,
Qəmim yarpaqları xəzəllənibdi.
Yollara göz yaşım səpələnibdi,
Bir ata məzarı çağırır məni.
Dağlar tənhalıqdan bu gün darıxır,
Saralan bağların bizi çağırır.
Məzarlar içində boz məzar baxır,
Bir ata məzarı çağırır məni.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.