QARŞISINDA BAŞ ƏYDİYİM QƏHRƏMANIM!

QARŞISINDA BAŞ ƏYDİYİM QƏHRƏMANIM! Belə deyirlər ki, o ölkə, o yurd bəxtəvərdir ki, uğrunda canını qurban verən övladları var.
Vətəni, milləti, ananı sevmədən, can yandırmadan onun yolunda can fəda etmək mümkün deyildir. Mənim bir şeirimdə deyildiyi kimi: “Vətən onan yananlara Vətəndir”.


Bu gün Azərbaycanın mənfur qonşularımız tərəfindən işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda yüzlərlə gənc oğul və qızlarımız qəhəmanlıqla döyüşərək, şəhidlik zirvəsinə ucalmışlar.

Azərbaycan sözün həqiqi mənasında qəhrəmanlar diyarıdır. Bu ölkə zaman-zaman müharibələr görmüş, işğallara, yersiz hücumlara məruz qalmasına, təklənməsinə baxmayaraq, qəhrəmanlıqla döyüşmüşdür.

Bu gün söhbət açacağımız qəhrəman şəhidimiz, fəxrimiz, and yerimiz Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimovdur.

Mübariz Ağakərim oğlu İbrahimovun qəhrəmanlığı haqqında çox yazılıb, çox deyilib. Mən də öz növbəmdə jurnalist borcumu yerinə yetirərək yolumu Mübariz İbrahimovun doğulub, böyüdüyü Biləsuvar rayonunun Əliabad kəndinə saldım. 18 noyabr 2018-ci il tarixində bir qrup ziyalı müəllimlərlə birlikdə mən də Mübarizin yaşadığı evində oldum. Küçənin gürəcəyində qəhrəmanımızın əsgər geyimində, çiynində avtomatı olan pəhləvan cüssəli böyük bir şəkli bizi qarşıladı. Güzlərim dolmuşdu. Maşından düşüb evə yaxınlaşdıq və qapını açıb həyətə daxil olduq. Xoşbəxtlikdən bizimlə “LİDER TV” kanalının əməkdaşları da var idi, bir də bir nəfər də rayon sakini bizə bələdçilik etmək üçün qoşuldu. Nədənsə çox həyəcanlı idim.

QARŞISINDA BAŞ ƏYDİYİM QƏHRƏMANIM! İlk baxışdan o qədər də təmtəraqlı olmayan, lakin hər bir səliqə-səhmanı yerində olan bu həyətdə sanki kimsə yaşamırdı. Səs-səmir yox idi. Qapını döydükdə qəhrəmanımızın atası Ağzkərim kişi bizi qarşıladı və həyətdə Lider TV-dən gələn əməkdaşlarla birlikdə qaldı. Onlar öz çəkilişlərinə başladırda, biz evə daxil olduq (təbii ki, hamımız yox, bir neçə nəfər qadınlar). Qəhrəmanın anası Şamama xanım xəstələnmişdi, yataqda idi. Evdə üç körpə uşaq, bir də evin gəlini var idi. Mənim diqqətimi çəkən körpələrin səssiz oynaması oldu. Düşündüm ki, ailənin təlim-tərbiyəsi körpələrdə də özünü biruzə verir. Uşaqlar bizi görüb analarının yanına getdilər. Biz Şamama xanımla görüşdük və Mübariz kimi qəhrəmanı əllərində böyüdən ananın əllərindən öpdük. Bir az oturduqdan sonra onu çox yormamaq üçün həyətə, ağsaqqalın yanına qayıtdıq. Ağakərim kişi ilə söhbətə başalayanda da məni bürüyən həyaəcanım hələ getməmişdi. Haradan, necə başlayacağımı bilmirdim.
Nəhayət müsahibəmiz başlandı: -Salam.
- Salam.
- Sizdən necəsiniz deyə soruşa bilmərəm, bu sualı verməyə utanaram. Övladını itirmiş valideyn necə olmalıdır ki? Lakin, bir şeyi unutmaq olmaz ki, siz fəxr olunan bir qəhrəman şəhidin atasısınız. Necə ki, dillərdə dastan olan “Rembo” kimi ad qazanmış əfsanəvi bir qəhrəmanın atası.
- Bəli, elədir. Çox sağ olun. Mən yalandan deyə bilmərəm ki, mən oğlumun yoxluğu ilə barışıram və fəxr edirəm. Xeyr. Mənim üçün çox çətindir bu sözü demək. Ancaq mən hər günümüzə şükür edirəm ki, nə yaxşı Allah mənə Mübariz kimi bir oğul göndərdi və o da millətinin yolunda canını fəda etdi.

-Bizə çox maraqlıdır. Bilirik ki, Mübariz Vətən qarşısında borcunu, yəni əsgəri xidmətini yerinə yertirib evə qayıtmışdı. Bəs necə oldu ki, o yenidən geriyə, hərbi hissədə xidmət etməyə döndü. Onu bu addımı atmağa hansı qüvvə vadar etdi?

- Bəli o xidmətini başa vurub evə qayıtmışdı. Amma evə qayıtdığı gündən də narahat idi, elə hey deyirdi ki, ata mən gərək hələ gəlməyəydim, qalıb erməni cəlladlarına qan udduraydım, onlara bizim kim olduğumuzu göstərəydim.

- Heç təsəvvür edirdiniz ki, nə vaxtsa sizin övladınız şəhidlik zirvəsinə ucala bilər?
- Bildiyiniz kimi Mübariz 1988-ci ildə anadan olub və 2008-ci ildə şəhid olub. Mən isə 1983-cü ildə bir yuxu görmüşdüm. Yuxuda Mübarizin surətini və baş verəcək bu hadisəni öncədən hiss etmişdim. Ona görə də bu hadisə baş verəndə mən yuxumu söyləməli oldum.

- Deyirsiniz ki, bu hadisədən əvvəl ürəyinizə nəsə dammışdı. Mübariz yenidən xidmət etməyə yollananda, içinizdə bir qorxu hissi vardımı, heç Mübarizin yoluna sədd çəkmək istədinizmi?
Mübariz hərbi xidmətdə olanda bir dəfə məzuniyyətə gəlmişdi. Evdə oturub söhbət edirdik. Mən də deyəsən bir az təsirli notlara toxunmuşdum, sanki baş verəcək hadisəni görürdüm və danışırdım. Mübariz söhbətdən təsirləndi və birdən qalxıb telefonu mənim qarşıma qoydu, mənim dediklərimi telefona köçürdü. Məzuniyyətini bitirib geri dönəndə anasına “dalımca su atma, onsuz da qayıtmayacam, bu dəfə şəhid olmağa gedirəm” dedi. 20-25 gün sonra bu hadisə baş verdi. Çox kövrəlmişdim. Hər kəs də mənim kimi. Çox diqqətlə qəhrəmanın atasını dinləyirdilər.

QARŞISINDA BAŞ ƏYDİYİM QƏHRƏMANIM!- Biz Mübarizi şəkillərdən görmüşük, şəkillərdən tanıyırıq. Çox cüssəli, yaraşıqlı, boylu-buxunlu, idmançı görkəmindədir.
Siz də normal görkəmdəsiz. Ailənizdə, yəni əmi, dayı, baba belə bir görkəmdə olan varmı ki, Mübariz onlardan kiməsə oxşayıb.
- Xeyir. Nə ailəmizdə, nə də qohumlarda Mübariz kimi olan yoxdur. Mənim bir babam var idi, çox igid və mübariz xarakterli, oğlüm Mübariz də babamın bir çox xüsusiyyətlərini görürdüm. Bir də Mübariz cəmi iyirmi il yaşadı. Bəlkə də çox yaşasaydı hələ çox şeylər edə bilərdi.
Evdə iki qız uşağından başqa, bir də yeni doğulmuş bir dörd aylıq oğlan uşağı var.
Bəli. Oğlan Mübarizin adını daşıyır. Bu körpə də doğulmamışdan öncə yuxumda onu qoç şəklində gördüm.
- Deməli, Allah o Mübarizin yerinə Sizə bu Mübarizi verdi, eləmi?
- Xeyir. O Mübariz hələ gəlməyib. Amma ürəyimə damım ki, o Mübariz gələcək, nə vaxtsa gələcək.
Ağsaqqalla söhbətimiz o qədər maraqlı idi ki, saatın necə ötdüyünü hiss etmirdik. Elə bil günəş də bizə şərait yaratmışdı ki, həyətdə gəzək, Mübarizin müzeyə çevrilmiş otağını görək, oradakı eksponatlara baxaq və Milli Qəhrəmanımızın çəxsi əşyalarının yanında ürəyimiz istədiyi qədər fotolar çəkdirək. Birlikdə gəldiyimiz əməkdaşlar özlərini o qədər rahat hiss edirdilər ki, sanki öz doğma ocaqlarında idilər. Mənim də həyəcanım hiss etmədən getmişdi. Ağakərim kişi bütün suallarıma aramla, səbrlə cavab verirdi. Ağsaqqalı yormamaq üçün sonuncu sualımı verdim.

- Heç olubmu ki, Mübariz şəhidlik zirvəsinə ucalan zamanlarda Sizin ailəyə diqqət göstərilib, sonra isə diqqətdən kənarda qalıbsınız?
- Heç vaxt. Əvvəla mən cənab Prezidentimiz İlham Əliyevdən, onun xanımı Mehriban Əliyevadan yerdən göyə qədər razıyam. Cənab Prezidentin humanistliyi mənim üçün hər şeyi ifadə edir. Onun ailəsinə hər gün dualar edirəm. Mən dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunmuşam. Daha bundan artıq nə olmalıdır ki? On illdir mənim ailəm bir gün də olsun diqqət və qayğıdan kənarda qalmayıb. Mən özüm ixtisasca aqronomam. Təssərrüfatla çalışmağı çox sevirəm. Hal-hazırda(əli ilə həyətin o başını göstərir) həyətimdə toyuq-cqcəm, qoyun-quzum və mal-qaram var. İstəsəniz Sizə də pay verə bilərəm(Gülümsədik). Bütün bunlar üçün cənab Prezidentə minnətdaram. Açığını deyim ki, qəhrəmanımızın atasının səmimi söhbəti o qədər xoşuma gəldi ki, heç sualların bitməsini istəmirdim.
Mən fürsətdən istifadə edərək, bizə bələdçilik edən rayon sakini Asif Əliyevi də dilləndirdim.
- Siz bu ailə ilə qohumsunuz?
- Xeyr, mən Biləsuvar rayonun sakiniyəm. Amma bu ailəni çox yaxşı tanıyıram. Ağakərim kişinin ailəsi rayonda, eləcə də kənddə nümunəvi ailədir. Belə bir hörməti onlar hələ Mübariz şəhid olmadan öncə qazanmışdılar. Ailədə üç oğlan ovladı böyüyürdü. Mübariz və qardaşları. İstər valideynləri, istərsə də oğlanlar hər zaman öz mədəni davranışları, tərbiyəli rəftarları, əxlaqları, böyük-kiçik yerini bilmələri ilə nüfuz qazanmışlar. Ailənin başçısı Ağakərim kişinin dinə bağlılığını onların seyidlər nəslindən olduğunu nəzərimizə çatdırdı və onu da qeyd etdi ki, bu kişi bütün günü quran oxuyur, hər gününə şükür edərək, ölkəmiz, dövlətimiz, millərimiz üçün dualar edir Həm də çox qürurlu ailədirlər. Bu vaxta kimi bir dəfə də olsun oğlunun adından istifadə edərək kimlərəsə müraciət etməyib, hətta buna çox pis baxır.
Ağakərim müəllim, çox şad olduq. Bizə görə bir qulluğunuz, bir sözünüz varsa buyurun deyin. Suallarımdan narazı qalmadınız ki?

QARŞISINDA BAŞ ƏYDİYİM QƏHRƏMANIM! Ağsaqqal gözlərini bir qədər yerə dikdi, sonra başını qaldırıb mənə baxdı və dedi:
- Mən onu demək istəyirəm ki, Mübariz Qarabağda doğulmamışdı, heç Qarabağı görməmişdi də, doğulduğu kənddən, rayondan kənara çıxmamışdı. Bizim ümumiyyətlə Qarabağla heçbir qohumluq əlaqələrimiz də yoxdur. Hətta bildiyiniz kimi, bizim rayonumuzla Qarabağı uzun bir məsafə ayırır. Bizim rayonumuz müharibədən uzaq bir tərəfdədir. Lakin, Mübarizin millətə, vətənə, elinə olan sevgisi, məhəbbəti onu müharibənin ən qızğın yerinə apardı. Bu gün Mübariz təkcə mənim oğlum deyil, o sizindir, Allah onu sizlər üçün göndərmişdi. Mənim kiçik də olsa narazılığım bir tək sizin kimi yazarlardan, jurnalistlərdəndir. Bilirsiz niyə? Hamınız sanki, bir-birinizi təkrarlayırsız. Söhbətlərinizdə də, yazılarınızda da deyirsiz canımız qurbandır vətənin torpağına, daşına, nə bilim qayasına, ağacına və. s. Niyə biriniz də demirsiz ki, qurban olaq millətimizə, xalqımıza, mehribaçılığımıza? Axı bu daşı, torpağı qoruyan millətdir, onun oğul və qızlarıdır. Onsuz da onlar torpaq üçün canlarını qurban vermişlər və verirlər. Siz də qələminizi işlədin insanlara sevgi aşılayın. Onların bir-birinə olan sevgilərindən yazın. Millət bir olsun, bir-birlərini sevsinlər. Qələminizi belə məhəbbət təbliğatına yönəldin.
- Düz sözə nə deyəsən? Elədir. İnsanın bir-birinə sevgisi, məhəbbəti, hörməti olmasa o vətənin torpağını, daşını da sevə bilməz.
Onu da nəzərinizə çatdırım ki, Biləsuvarda 132 şəhid var, yeganə Milli Qəhrəman Mübariz İbrahimovdur.
Şəhidlərimizin məzarı büzim üçün ziyarətgahdır, səcdə yeridir. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm və hər birinin qarşısında baş əyirəm.
Şəhidlərin məkanını ona görə cənnətdədir deyirlərki, o övladlar valideylərə, Ailəyə və ən əsası Vətənə başucalığı gətirirlər.
Biz geri, Bakıya dönəndə avtobusda Mübarizlə bağlı düşüncələrim mənə sanki ürəyimdən gələnləri diktə etdi və bir şeir yazdım.
Elə adını da “Mübariz” qoydum.

MÜBARİZ

Sən ucaldın tariximin qəhrəmanlıq zirvəsinə,
Günəş özü heyran qaldı işığının zərrəsinə,
Özün kimi oğulları qoşdun ərən cərgəsinə,
Qürurumuz, fəxrimizsən, səni qəlbən sevirik biz,
Yaşayacaq ruhun hər an, ürəyimizdə, MÜBARİZ!

Məkanını dəyişsən də ölmədin sən, yaşayırsan,
Comərdliyin rəmzi olan şəhidliyi daşıyırsan,
Sən səmada aya döndün, ulduz kimi parlayırsan,
İşığından kor olubdur düşmənlərin bilirik biz,
Sən bizim and yerimizsən, şərəfimizsən MÜBARİZ!

Səni heç vaxt unutmarıq, Vətən sənə oğul deyir,
Millət sənə səcdə edir, “şəhid balam sağol” deyir,
Göz yaşımız sevinc olub, kədərinə boğul deyir,
Sənin kimi qəhrəmanın daim sevəcək elimiz,
Əbədidir sənin adın, AZƏRBAYCANLA MÜBARİZ!

Pərixanım Mikayılqızı,
AJB-nin üzvü, “Elm və Təhsil”, “Şərqin Səsi” qəzetlərinin redaktoru,
“Azad Qələm” qəzetinin baş məsləhətçisi, şair-publisist,
F.B.Köçərlinin tədqiqatçısı.


ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: