Laçınlı günlərimizə qovuşacağımız günləri böyük inamla və ümidlə gözləyirik!..

Laçınlı günlərimizə qovuşacağımız günləri böyük inamla və ümidlə gözləyirik!.. 1992-ci ildən bəri hər il mayın 18-i gələndə şahidi olduğum o qanlı-qadalı, nigaran, təlaşlı günlərə qayıdıram. O günlər ki, bizi yerimizdən-yurdumuzdan etdi, Qarabağla, Laçınla aramıza acı, həsrət, qəzəb, intizar dolu illər saldı, neçə-neçə iğidlərimizin həyatdan vaxtsız getməsinin pərişanlığını yaşatdı.

16 yaşım vardı...
Həmin gün belə bir tapşırıq verdilər: Laçından çıxmalıyıq...
Atam, əmim, dayım, ... hamısının da üzlərində nigaran, narahat ifadələr...
Vətənimizin ürəyi Qarabagla döyünərkən elimizin, Qarabağımızın, Laçınımızın bağrı qan ağlarkən yerimizdən, yurdumuzdan perik düşərkən Ağcabədi rayonuna pənah gətirən kəndimiz, insanlarımız çox pərişan, təlaşlı, tədirgin, narahat günlərini yaşayırdı...
Atam kəndin direktoru idi; gecəsi, gündüzü insanların sorunlarını həll etməklə keçirdi, yuxusuz, narahat idi. İnsanlarımız evsiz-eşiksiz, yerlerindən, yurdlarından perik düşmüşdülər. Çox narahat günlər idi, elimizin o günlərinə dözməyən neçə-neçə oğullarımız könüllü dəstələr yaradır öz gücləri hesabına döyüş bölgələrində düşmənlə mübarizə aparmağa, Vətənimizin ürəyinin qanadığı yerə Qarabaga axışır və o qayda-qanunsuz müharibənin şəhidlərinə, günahsız qurbanlarına çevrilirdilər. Geridə qalan insanlar isə çətinliklər içindəydilər.

Atam insanların müvəqqəti məskunlaşması üçün hazır evlər, vaqonlar almaq üçün gecə-gündüz çalışırdı.
Laçının o cənnət havasından, suyundan sonra Ağçabədinin istisi, Kür çayının suyu, ağçaqanadı çoxumuzu xəstə etmişdi. Nəhayət, aylar sonra atam hazır evlər, vaqonlar ala bildi və onları paylamaq almaqdan çətin idi. Çünki hər kəsin ehtiyacı vardı, evlərsə məhdud sayda idi. Daha çox ehtiyacı olanları siyahı edib onlara ev verən atam Əli Pənah oğlu İsayev ən son bizim üçün saxladığı evi də kənd sakinlərindən bir ailəyə verdi. Biz də bibimgilin iki otaqlı evinə sığınmışdıq.
Anam atama narazılıq etdi: "Bəs biz nə edəcəyik?" - dedi: - "Bizim haqqımız olan evi başqasına vermisən, bəs sənin uşaqların harda yataçaqlar?.."

Atam isə sakit-sakit dinlədi: - "Axı mənim uşaqlarım yenə bir evdədirlər, o ev payimi verdiyim ailə isə uşaqlarını maşının kuzasında yatirdırdı, buna necə razı ola bilərdim?!" - dedi.
Və o gün mən sanki bir anda böyüdüm.
Atamın tək mənim deyil, elin atası olduğunu anladım və onunla qürur duydum.
Laçına həsrət olaraq haqq dünyasına Vətən nisğilli köçən atamı bu tarixdə - hər il mayın 18-də daha çox xatırlayıram.

Ruhun şad olsun, ata!..
Laçınlı günlərimizə qovuşacağımız günləri böyük inamla və ümidlə gözləyirik!..
Bir gün Laçının torpağından, suyundan sənin, eləcə də vaxtsız dünyasını dəyişmiş və Laçından kənarda dəfn olunmuş qohumlarımın Laçın nisgilli məzarlarına hədiyyə edəçəyim günü ümidlə gözləyirəm.

Laçınımın, kəndimin saf, vicdanlı, etibarlı insanları, gözləyək, Laçınlı günlərimizə qovuşacağımız günləri böyük inamla və ümidlə gözləyək...


Gilə ƏLİQIZI,
ZiM.Az-ın və "Şərqin səsi" qəzetinin xüsusi müxbiri,
«ABDULLA ŞAİQ» və «Qızıl Qələm» Media mü­kafatları laureatı


ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: