Həbib Mirzəyev: "Azərbaycan xalqı və ölkənin siyasi partiyaları yekdilliklə Prezidentin yanındadır"

Həbib Mirzəyev: "Azərbaycan xalqı və ölkənin siyasi partiyaları yekdilliklə Prezidentin yanındadır" Təcavüzkar Ermənistanın təmas xəttində törətdikləri təxribatların qarşısını cəsarətlə alan Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları davam edir. 30 ildir ki, erməni işğalına məruz qalmış Azərbaycan öz rəşadətli ordusu sayəsində ermənilərin çirkin niyyətləri qarşısına keçilməz bir sədd çəkib. Bir neçə gündür ki, Ermənistan ordusuna sarsıdıcı zərbələr vuran Silahlı Qüvvələrimiz ciddi uğurlar əldə edərək, hazırda digər ərazilərimizin də işğaldan azad edilməsi uğrunda döyüşləri inamla davam etdirir. Döyüşkən ruhlu ordumuz qarşısında davam gətirə bilməyən təcavüzkar ciddi itkilər verərək, silah-sursatı da döyüş meydanında atıb-qaçır.

Taleyüklü məsələnin həllinin belə çətin və ağır məqamında ölkədə həmrəyliyə daha çox ehtiyac duyulur. Hər kəsdən tələb olunan budur ki, uzun müddət davam edən işğaldan qurtulmaq naminə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməli və bütün gücümüzü düşmənin məhv edilməsinə yönəltməliyik.


Çox sevindirici haldır ki, bu belə də davam edir və baş verənlər birbaşa xalq və dövlət birliyinin ən gözəl nümunəsini əks etdirir. Xalqın Ali Baş Komandana, Azərbaycan dövlətinə, onun müzəffər ordusuna inamı sarsılmazdır. Bütün bunlar ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin təntənəsidir. Kimliyindən, etnik mənsubiyyətindən, siyasi əqidəsindən asılı olmayaraq ümumi amal uğrunda həmrəylik nümayiş etdirilir. Mövcud həmrəyliyimiz, Ali Baş Komandanın çağrışına cani-dildən səs verməyimiz, torpaqlarımızın işğaldan azad olunması uğrunda cənab Prezidentimizin inadla apardığı mücadilədə bir olmağımız qələbəmizin təminatçısı kimi çıxış edir; əks cəbhədə isə bu, arzuolunmaz hal olaraq düşmənin kürkünə birə salır, onları qorxu və təlaş içərisində saxlayır.

O cümlədən, qeyd edək ki, ölkənin 50 siyasi partiyasının Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanatları da milli və siyasi birliyin parlaq göstəricisidir. Bu bəyanat eyni zamanda ölkədə siyasi dialoqun mövcudluğunun bariz nümunəsidir. Birgə bəyanat, həm də ölkəmizdə siyasi

müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulması üçün zəmin yaradır. Ermənistanın işğalçı siyasətinə etiraz və xalqın haqq tələbi ölkə siyasətçilərini birləşdirir. Siyasi partiyaların ümummili məsələdə həmrəylik nümayiş etdrirək, xalqın, dövlətin, Ali Baş Komandanın yanında yer almaları hamı üçün örnək olmalıdır.

Bu ölkənin vətəndaşı olaraq hər birimizdən tələb olunan budur ki, bütün gücümüzü və qüvvəmizi ərazilərimizin işğaldan azad edilməsinə yönəldək, uzun müddət yağı tapdağı altında inləyən yaralı torpaqlara yeni bir nəfəs, yeni bir həyat verək. Çox təəssüflər olsun ki, hamı özündə bu cəsarəti tapa bilmir, ümummilli mənafeyi öz maraqları naminə qurban verir, xalqın düçar olduğu bu bəlanı öz çirkin niyyətlərini həyata keçirmək naminə fürsət olaraq dəyərləndirirlər. Bu hallar ermənilərin Tovuz istiqamətində törətdiyi məlum iyul hadisələrində də baş verdi.

Ancaq bu cür bədnam hərəkətlərə baxmayaraq , xalqımız Ali Baş Komandana inanır, onun bütün sahələr üzrə həyata keçirdiyi siyasəti tam dəstəkləyir. Eyni zamanda Ali Baş Komandan da xalqın istəyini, onun artıq sülh yolu ilə həlli tükənən işğala son qoymaq arzusunu reallaşdırmaq naminə dünya birliyi qarşısında cəsarətli addımlar sərgiləyir. Bu həm də Azərbaycanın müstəqil dövlət kimi öz siyasətini müəyyənləşdirdiyinin bir təntənəsidir.

Cənab Prezidentin dəfələrlə söylədiyi, yüksək tribunalardan səsləndirdiyi fikirləri siyasi partiyalar həm birgə, həm də ayrı-ayrılıqda yaydıqları bəyanatda da önə çəkiblər və dünya ictimaiyyətinin, aparıcı dövlətlərin, o cümlədən beynəlxalq təşkilatların diqqətini bir daha bu məsələyə yönəldiblər. Bu da Azərbaycanın haqlı səsinin dünya ictimaiyyətinə çatdırılmasında çox mühüm amil olmaqla, həm də gücümüzə güc qatır.

Birmənalı olaraq Azərbaycan xalqı və ölkənin siyasi partiyaları yekdilliklə Prezidentin yanındadır. Azərbaycan Prezidentinin xalqı birləşdirən siyasəti öz bəhrəsini verir. Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrinə bölünməz, bunu etmək istəyən qüvvələr isə düşmənin yanında özünə yer alanlardır.

Qeyd edək ki, siyasi partiyaların bu məlum bəyanatı bizi çox qürurlandırır; fəxr ediləsidir ki, aralarında xeyli sayda müxalifət partiyalarının olmasına baxmayaraq, belə bir anlayış göstərildi. Deməli, ümummili məsələ, dövləti maraqlar siyasi mövqeyindən, partiya mənsubiyyətindən, o cümlədən harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının taleyüklü məsələsinə çevrilib.

Ancaq çox təəssüflər olsun ki, hiyləgər və təhlükəli bir düşmənlə üz-üzə qaldığımız belə bir ağır zamanda həmişə olduğu kimi, öz çirkin məqsədləri naminə Ali Baş Komandanla xalqın sıx təmasından formalaşmış ümumi axına qoşulmayanlar, həmrəyliyimizə səs verməyənlər də tapıldı. Özlərində cəsarət taparaq milli maraqlar naminə onlar bir araya gəlməyi bacarmadılar. Ümummilli dəyərlərə sahib çıxmayaraq, Vətən torpaqlarının yağı tapdağından azad edilməsinə sevinməyərək, məkrli düşmənlə eyni cəbhədən çıxış etdilər. Siyasi ədavət saxlayan bu partiyalar belə tarixi bir gündə Ali Baş Komandan İlham Əliyevin yanında olmağı bacarmadılar. Həqiqətən dövlətimizin və xalqımızın çətin və şərəfli günündə birlik və həmrəylik kimi milli çağırışlara qoşulmamaları böyük bir təəssüf doğurur. Haqq etdiyimiz dədə-baba torpaqlarımız uğrunda aparılan Vətən müharibəsində xalq bir-birilə üz-üzə dayanmış müxtəlif cəbhələrə bölünməz, iqtidar və müxalifət olmaqla ayrı-ayrı düşərgələrdə məskunlaşmaz. Düşmənimiz birdirsə, bu vətənin övladları olaraq biz bir cəbhədə də olmalıyıq; yekdil olaraq hədəfimizi düzgün seçməliyik, yumruğa çevrilərək zərbəmizi bir nöqtəyə tuşlamalıyıq. Həqiqətən “El bir olsa zərbi-kərən sındırar.” Əks təqdirdə yanlış mövqe sərgiləyənlər tarix qarşısında mütləq cavab verməli olacaqlar.

Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Bizim işimiz haqq işidir, biz birlikdə zəfər çalacağıq!”

Həbib Mirzəyev
Azərbaycan Texniki Universitetinin
“Azərbaycan dili və pedaqqogika”
kafedrasının müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent


ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: