Qarabağ Azərbaycandır!

Qarabağ Azərbaycandır! Çox şükür! Şad olur şəhid ruhları,
Yerdə qalmayacaq ana ahları.
Unutmaq olarmı mərd oğulları?
Allahverdi, Mübarizdir, Mehmandır,
Qarabağ, Qarabağ Azərbaycandır!

Ruha qidadır “Qarabağ şikəstəsi”,
Dünyaca məşhur - Üzeyir bəstəsi.
Ucalsın Bülbülün, Cabbarın səsi,
Arifdir, Seyiddir, Qədirdir, Xandır,
Qarabağ, Qarabağ Azərbaycandır!

Silinir torpaqdan, yağı izləri,
Bükülməz əsgərin bilək, dizləri.
Qələbəylə sevindirir bizləri.
Zəfər atəşiylə ağaran dandır,
Qarabağ, Qarabağ Azərbaycandır!

Torpaqlar sulanır al-qızıl qanla,
Əsgərlər vuruşur ruh ilə, canla,
Hey irəli! Üçrəngli bayrağınla!
Canımızda can, damarımızda qandır,
Qarabağ, Qarabağ Azərbaycandır!

Vətəni tən bölən Araz - göz dağım,
Özü özü ilə sərhəd torpağım,
Artıq can üstədir düşmənim, yağım,
Göyçədir, Zəngəzurdur, İrəvandır,
Qarabağ, Qarabağ Azərbaycandır!

İşğaldan qutardı gözəl Cəbrayıl!
Artıq sən məğlubsan, ey düşmən, ayıl!
Mərd oğullarla sayıl, Vətən sayıl!
Sevin xalqım! Gözəl gün, nə xoş andır!
Qarabağ, Qarabağ Azərbaycandır!

Gəncəyə atəşi, son çırpıntısı,
Silin çöhrələrdən kədəri, yası!
Müstəcəbdir Xan qızının duası:
Şeirdir, muğamdır, dildə azandır,
Qarabağ, Qarabağ Azərbaycandır!

Qovuşduq, Ağbəndə, Suqovuşana,
İgidlər layiqdir şöhrətə, şana!
Qarabağ bəzəkdir dağa, Arana,
Hərb libasında basılmaz aslandır,
Qarabağ, Qarabağ Azərbaycandır!

Bir türk üstələyir düşmənin yüzün,
Ordumuz fəth etdi o,Cıdır düzün.
Diz çökdürdü Paşinyanın lap özün,
Şuşa, Laçın, Xankəndi, Zəngilandır,
Qarabağ, Qarabağ Azərbaycandır!

Qarabağ üzükdür, Şuşa da qaşı,
Şükr! Azad etdik qiymətli daşı,
Qəmi əvəzlədi sevinc göz yaşı.
Vətəni işğaldan qutaran andır,
Qarabağ, Qarabağ Azərbaycandır!

Yaxşı dərs verildi yağı düşmənə,
Yaddan çıxmayacaq keçsə min sənə.
Vurğunam dağlarda dumana, çənə,
Sanki bir Cənnətdi, ürəkdi, candır,
Qarabağ, Qarabağ Azərbaycandır!

Ordumuz şərəfli bir tarix yazdı,
Xocalı qatilin asmaq da azdı!
Düşmən öz əlilə məzarın qazdı,
Zəfər, Haqq zəfəri - Haqqa əyandır!
Qarabağ, Qarabağ Azərbaycandır!


Ümmü SÜLEYMANOVA,
Şəki şəhəri 14 nömrəli məktəbin müəllimi;

Cəbrayıl ŞİRƏLİYEV,
İmişli rayonu Xoşçobanlı kənd orta məktəbinin
Əməkdar müəllimi


ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: