HƏMİŞƏ QƏLBLƏRDƏ YAŞAYAN İNSAN - TELMAN TANRIVERDİYEV

HƏMİŞƏ QƏLBLƏRDƏ YAŞAYAN İNSAN - TELMAN TANRIVERDİYEV Məndən cəmi 3 yaş böyük idi.
Bir-birimizi hələ gənclik illərindən tanıyırdıq.
Harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq həmişə insanların gözünə düz baxırdı...
Təxminən 1 il əvvəl eşitdiyimiz acı xəbər isə doğmaları, əzizləri kimi dost-tanışlarını da, onu tanıyanların hamısını sarsıtdı: düzlüyün-doğruluğun, haqqın-ədalətin təntənəsi uğrunda bir ömür mübarizə aparan Telman Tanrıverdiyev artıq aramızda deyildi...
Təkcə Laçında deyil, çox yerdə Əliş Tanrıverdiyevi tanıyır, bir zamanlar Mircəfər Bağırova söz qaytaran bu mərd kişini sevirdilər.
Telman müəllim də bu qürurlu, əyilməz kişinin oğlu idi...


Tanrıverdiyev Telman Əliş oğlu -
2 fevral 1956-cı ildə Laçın şəhərində anadan olmuşdur.
1972-ci ildə Laçın şəhərindəki 1 nömrəli məktəbi müvəffəqiyyətlə başa vurmuşdur.
1974-1976-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Hüquq fakültəsinə qəbul olmuşdur.
1982-ci ildə universiteti bitirmişdir.
1984-cü ildən 1991-ci ilədək Laçın Rayon Partiya Komitəsində təlimatçı vəzifəsində çalışmışdır.
Bu müddət ərzində, eyni zamanda, Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Prezident yanında Dövlət İdarəçilik Akademiyasında) Dövlət və Bələdiyyə İdarəetməsi ixtisası üzrə təhsil almışdır.
1991-ci ildə Daxili İşlər Nazirliyinin Laçın Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsinə təyin edilmiş və təyin olunduğu gündən bitənədək “Birinci Qarabağ Müharibəsi”nin iştirakçısı olmuşdur.
1992-ci ildə Laçın rayon prokuroru təyin olunan Telman Tanrıverdiyev prokuror işlədiyi müddət ərzində də döyüşlərin fəal iştirakçısı olmuşdur. Şuşa şəhərinin Xankəndi şəhərinə bitişik Kərkicahan kəndinin azad olunması əməliyyatına rəhbərlik etmişdir.
Laçın polislərindən Şərafəddin Əsədov, Seymur Şükürov, Əbülfət Kərimov, Elçin Məmmədov, Mənsur Quliyev, Nüsrət Balakişiyev və başqa əməkdaşlarla birlikdə - cəmi 24 nəfərlə böyük bir erməni dəstəsini qovmuş və kəndi azad etmişlər.
Döyüşdə iştirak etdiyi döyüş yoldaşları bugünədək onun “İRƏLİ!” yox, “ARXAMCA!” deyən bir komandir olduğunu bildirirlər.
Daha sonra Laçın polisinin üzvləri ilə birlikdə İmişli rayonunda İmişli, Zərdab, Beyləqan və digər rayonların əhalisinə məxsus minlərlə mal-qaranın 450 nəfərlik xüsusi təyinatlı erməni kəşfiyyatı tərəfindən oğurlanmasının qarşısını almış, minlərlə iri və xırdabuynuzlu heyvanların geri qaytarılmasına nail olmuşdur. Döyüşlərdə iştirakına görə sonradan “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi” tərəfindən “Fədai” medalı ilə təltif edilmişdir.
1995-ci ildən 1998-ci ilədək Gəncə şəhər prokurorunun, 1998-ci ildən 2004-cü ilədək Kürdəmir rayon prokurorunun, 2004 – 2009-cu illərdə Lənkəran şəhər prokurorunun, 2009 – 2010-cu illərdə Abşeron rayon prokurorunun və 2010 – 2016-cı illər ərzində Bərdə rayon prokurorunun böyük köməkçisi vəzifələrində çalışmışdır.
2016-cı il tarixdə Prokurorluq orqanlarında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə çıxmışdır. Xidmətdə olduğu illər ərzində Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən dəfələrlə mükafatlandırılmışdır.
1993-cü, 1995-ci, 1999-cu, 2002-ci, 2006-cı, 2008-ci və 2012-ci, 2013-cü və 2016-cı illər ərzində prokurorluq orqanlarında qüsursuz xidmətlərinə görə müxtəlif mükafatlarla təltif olunmuşdur.

Telman müəllim 17 avqust 2020-ci il tarixdə “Covid-19” infeksiyasının təsirləri nəticəsində vəfat etmişdir.
Amma onun işıqli xatirəsi həmişə dostlarının, onu tanıyanların qəlbində yaşayacaq.

Böyük Azərbaycan şairi Əli Kərim demiş:

Hətta məzardadırsa,
Xatirəsi dostlara
Bir təpə aşmaq üçün
Qüvvə verirsə əgər,
O yenə səfərdədir.
Mənzilə çox var hələ.
Səfərdədir, yol gedir...


Həmişə qəlbimizdə yaşayan, bizimlə yol gedən Telman müəllimin dünyasını dəyişməsindən bir il ötür.
Allah ona rəhmət eləsin, ruhu şad olsun!
Allah əzizlərinə səbir versin!

Şöhlət Abbas

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: