Abşeron rayonunun Xırdalan şəhərində anadan olmuşdur.
Əslən qədim Borçalı mahalındandır.
Atası Vəlhəd Məmmədov və anası Kifayət Əliyeva indiki Gürcüstanın Marneuli rayonundakı 2-ci Kosalı kəndindəndirlər.
Fərid Məmmədov 1997-2008-ci illərdə Xırdalan şəhərindəki 2 saylı orta məktəbin rus bölməsində təhsil alıb.
2014-2019-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının – Vətəni müdafiə ixtisası üzrə bakalavr təhsili almışdır.
Ailəli idi, həyat yoldaşı Şəhla Məmmədovadan Fuad adlı bir oğlu var.
Fərid Məmmədov 2008-2010-cu illərdə AR Müdafiə Nazirliyinin Hava Hücumdan Müdafiə və Hərbi Hava Qüvvələrində hərbi xidmətdə olmuşdur.
2010-2016-cı illərdə AR DİN Daxili Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etmişdir.
2017-ci ildə Müdafiə Nazirliyin 3 aylıq gizir hazırlığı kursunu bitirdikdən sonra Təlim Tədris Mərkəzinə göndərilmişdir.
2019-cu il dekabr ayında Təlim Tədris Mərkəzinin Ehtiyat Zabitlər kursunu bitirərək ilk hərbi zabit rütbəsi olan “leytenant” rütbəsini almış və Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən N saylı hərbi hissədə “tağım komandiri” vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Ordusunun leytenantı olan Fərid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı oktyabr ayının 6-da cəbhənin Füzuli-Cəbrayıl istiqamətinə ezam olunmuşdur.
O, döyüşlər zamanı dəfələrlə qəhrəmanlıqlar göstərmiş, öz tabeçiliyində olan əsgərləri üç dəfə düşdükləri pusqudan xilas etmişdir.
Fərid Məmmədov oktyabr ayının 25-də Xocavənd istiqamətində gedən döyüşlərdə yağı düşmənin atdığı qrad raketinin altı qəlpəsi bədəninin müxtəlif hissələrinə daxil olmuş, çoxlu qan itirməsi nəticəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
2020-ci il oktyabrın 26-da Bakı şəhərindəki 2-ci Fəxri Xiyabanda dəfn edilmişdir.
Allah rəhmət eləsin.
P.S.:
Hərbi xidmər zamanı III dərəcəli "Qüsursuz xidmətə görə” medalına, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalına, eləcə də "Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi" döş nişanına layiq görülmüş leytenant Fərid Məmmədov Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyi üçün ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə də təltif edilmişdir.
Şəhid Fərid Məmmədovun doğum günü ərəfəsində baralyefinin açılışı olub
Abşeron rayonunun Xırdalan şəhərində şəhid leytenant Məmmədov Fərid Vəlhad oğlunun (27.04.1990-26.10.2020) xatirə lövhəsi və baralyefinin açılışı olub.
Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edib.
İradə xanım Gülməmmədova çıxış edərək şəhidlərin xatirəsinin əbədiləşdirmək üçün bütün lazimi tədbirlərin görüldüyünü qeyd edib.
I və II Qarabağ müharibəsi zamanı həyatlarını itirən 150-dən çox şəhidimizin adına küçə salındığını qeyd edən başçının sözlərinə görə, həmin küçələr abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
Xırdalandakı gözəl küçələrdən birinə də şəhid F.Məmmədovun adının verildiyini və baralyefinin yaradıldığını vurğulayan icra başçısının bildirdiyinə görə, bu abidə gələcək nəslin vətənpərvərlik ruhunda böyüməsində böyük əhəmiyyətə malikdir.
Şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayan İ.Gülməmmədova deyib ki, Azərbaycan igid qəhrəmanlarının şücayəti sayəsində bütövlüyünə qovuşub. Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, cəsarətli qərarları və qətiyyəti sayəsində torpaqlarımızın işğalına son verildiyini, xalqımızın torpaq həsrətinə son qoyulduğunu söyləyən başçı 44 gün müddətində düşmən ordusunun tamamilə darmadağın edildiyini deyib.
Sonra Abşeron Mədəniyyət Şöbəsinin müdiri İlham Manafov, baralyefin müəllifi rəssam-heykəltaraş Seymur Süleymanov və rayon ağsaqqalları çıxış edərək şəhidin döyüş yolundan və xatirələrdən danışıblar.
Daha sonra İ.Gülməmmədova şəhidin anası Kifdayət Əliyeva və həyat yoldaşı Şəhla Məmmədova ilə görüşərək onların qayğıları və problemləri ilə maraqlanıb. Fərid Məmmədovun ailəsi də ölkədə şəhidin ailələrinə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.
Müşfiq BORÇALI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.