Şəhid Alik Şakir oğlu İsayev - Hamamlı (23.02.2001-07.11.2020)

Şəhid Alik Şakir oğlu İsayev - Hamamlı (23.02.2001-07.11.2020) Əslən qədim Borçalı mahalının Başkeçid elindəki
(indiki Gürcüstan Respublikasının Dmanisi rayonundakı)
Hamamlı kəndindən olan Alik Şakir oğlu İsayevin ailəsi ötən əsrin sonlarında Başkeçiddə baş vermiş məlum hadisələrdən sonra Azərbaycan Respublikasına pənah gətirərək Xızı rayonunda məskunlaşıblar və şəhidimiz də 2001-ci il fevralın 23-də burada - Xızıda anadan olub.


Uşaqlıqdan vətənpərvərlik hissi ilə böyüyən Alik hərbi xidmət zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarına cəlb olunub və daha sonra kəşfiyyatçı kimi xidmətə davam edib. 44 günlük Vətən müharibəsində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikasının məhv edilməsində böyük rol oynayıb.
Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) şəhid olan kəşfiyyatçısı, əsgər Alik Şakir oğlu İsayev Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının və Hadrut qəsəbəsinin işğaldan azad olunmasında fəal iştirak edib.
Azərbaycanın göz bəbəyi olan Şuşa uğrunda gedən döyüşlərdə də "Canavar" ləqəbli Alik gizirlərlə birlikdə irəli atılıb.
Şuşa yolunda düz 32 erməni quldurunu öldürüb.
Amma təəssüflər olsun ki, özü də Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub...
Allah rəhmət eləsin...

Şəhid Alik Şakir oğlu İsayev - Hamamlı (23.02.2001-07.11.2020) Alik uşaqlıqdan böyük arzularla yaşayırdı. Vətənini qorumaq, ona sahib çıxmaq, Qəhrəman olmaq istəyirdi. Oldu da...
Dağın zirvəsinə çıxaraq, "Qarabağ, Qarabağ!" deyə hayqırarkən, o cənnət güşəmizə qovuşmaq istəyirdi. Yetişdi arzusuna!
O, sadəcə "Qarabağ, Qarabağ!" demirdi, hər zaman ön cəbhəyə can atırdı… Heç zaman görmədiyi, amma ruhunu, rayihəsini, çağırışını, fəryadını hiss etdiyi Qarabağa aparırdı onu bütün yollar. Arzuları o qədər çox idi kı...
Ən ümdəsi vətəninə faydalı olmaq, işğal altında inləyən yurdun yaralarına öz əlləri ilə məlhəm qoymaq istəyirdi bizim cəsur Alik Şakir oğlu İsayev!.. Bacardı bunu!
Möhkəm iradəsinə, dəmir intizamına və bədən quruluşuna görə xüsusi təyinatlı qüvvələrin tərkibinə cəlb edildi.
Həm də kəşfiyyatçı kimi...
Cəmi 19 yaşında elə qürurverici həyat yaşadı kı, yalnız ailəsinin deyil, böyük nəslin, qocaman el-obanın, rayonun fəxarəti oldu. Nə qədər deyil, necə yaşamağın önəmlidir. "Şəhidlər ölməz, Vətən bölünməz" məsəlinə canlı şahid və şəhid olan Alik İsayev kimi!
Vətən yolunda şəhid oldu Alik. İndi ailə səbirsizliklə onun döyüş yoldaşlarını və Alikin yer aldığı videogörüntüləri gözləyirlər. 40 qorxmaz azərbaycanlı balasının arasında Alikin hər an tuş gələ biləcəyi ölümü göz altına alaraq, savaşa necə atıldığını, döyüş öncəsi duyğularını, təbəssümünü, arzularını doya-doya seyr etmək üçün.
Namərd bir düşmən gülləsi bizim mərd Alikin fiziki ömrünə son qoysa da, xəyallarını yaşadıb.
Artıq Qarabağ düşməndən təmizlənib.
Şəhadət zirvəsinə yüksələn dağlar oğlunun ruhu şaddır...

P.S.:

Alik Şakir oğlu İsayev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü”, ”Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Şücaətə görə” və s. medallarla təltif edilmişdir.

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: