Şəhid Turan Vidadi oğlu Şərifov Şindilər (20.06.2001-05.11.2020)

Şəhid Turan Vidadi oğlu Şərifov Şindilər  (20.06.2001-05.11.2020)Turan Vidadi oğlu Şərifov 20 - iyun 2001-ci ildə
Bakı şəhərində dünyaya göz açmışdı.
Əslən qədim Borçalı mahalının Başkeçid elindən
- indiki Gürcüstanın Dmanisi rayonundakı Şindilər kəndindəndir.
Orta təhsilini 135 nömrəli Əliağa Şıxlinski adına tam orta məktəbdə almışdı.
Beynəlxalq Çerkass Dövlət Texnologiya Universitetinin 1-ci kurs tələbəsi və ixtisasca iqtisadçı idi.

Turan Şərifov 23 oktyabr 2019-cu ildə hərbi xidmətə çağırılmışdı.
Gəncə şəhərind'ki "N" saylı hərbi hissədə əsgər idi.
27 sentyabr 2020-ci ildə müharibənin ilk günündən döyüşlərdə fəal iştirak edib.
Sərrast tuşlayıcı kimi tanınıb.
Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan şəhərləri istiqamətində 40 gün qəhrəmanlıqla döyüşüb.
Və son olaraq 2020-ci il noyabrın 5-də Laçın şəhərində qəhrəmancasına döyüşərkən düşmənin artilleriya atəşinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlmişdir.
Şərifov Turan Vidadi oğlu 2-ci Fəxri Xiyabanda dəfn edilmişdir.
Allah rəhmət eləsin...

Turan həm də xanəndə, musiqiçi idi. Gitara, saz, tar, pianino, balaban, qaval kimi musiqi alətlərini tam düzgün və sərbəst ifa edirdi. İlk oxuduğu mahnı “Sarı gəlin” və “Qarabağ şikəstəsi” idi. 8 yaşında anası tərəfindən kəşf edilərək Füzuli şəhər 2 nömrəli uşaq incəsənət məktəbini də bitirib.
23 aprel 2013-cü ildə ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Füzuli rayon uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin “Xanəndəlik” ixtisası üzrə keçirilən müsabiqədə iştirakına görə “Fəxri Fərman”la təltif edilib.
2014-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Binəqədi Rayon orta ümumtəhsil məktəbləri arasında keçirilən "Azərbaycan səninlədir-sənsiz deyil" dördüncü yaradıcılıq festivalında iştirak edib. İştirakına görə də “Fəxri Fərman”la təltif olunub.
Eyni zamanda, Turan Füzuli şəhərində 2014-cü il iyun ayında uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin “xanəndənlik” ixtisası üzrə Xan Şuşinski adına 2-ci Respublika Muğam Festivalında uğurlu çıxış etdiyinə görə “Fəxri Fərman”la təltif edilib.

Həmişə fəxrlə deyirdi ki “İnşAllah Qarabağı mən alacam. Qəhrəman olacam.”
Oldu da!..

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə şəhid əsgər Turan Vidadi oğlu Şərifov “Vətən uğrunda”, "Hərbi xidmətlərə görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə"“Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Doğmalarının və doslarının şəhidimiz haqqında dedikləri:
Qardaşı Şərifov Tural: “Turan uşaqlıqdan diqqətcil idi. Həm də zarafatcıl. Heç vaxt bilərəkdən heç kəsin xətrinə dəyməyib. Düşünmədən iş görməzdi. Mən onun böyük qardaşıyam amma o mənim böyüyümmüş kimi hiss edirdim. Bir iş görəndə onunla məsləhətləşərdim. Ürəyim sıxılanda "Ürəyini sıxma, həmişə sənin yanındayam." deyərdi. Hələ kiçik yaşlarından Qarabağın adı dilindən düşməzdi. O həm də musiqiçi idi. İlk oxuduğu mahnılar "Qarabağ Şikəstəsi”, "Sarı Gəlin" olub. Qardaşımın musiqiçi olmasında ən böyük səbəbkar, artıq özü yanımızda olmasa da qəlbimdə olan anam idi. Turanın səsinin musiqiyə uyğun olduğunu o kəşf etdi. Sonra Turan 8 yaşında anamın təşəbbüsü ilə Bakıda yerləşən Füzuli şəhər 2 nömrəli uşaq incəsənət məktəbinə daxil oldu. Bir çox tədbirlərdə iştirak edib. Şəxsən özüm də o tədbirlərdə tamaşaçı qismində iştirak etmişəm. Arada iş yerimə gələrdi. O cür iş stresinin içində gəlib bir xırdaca zarafat etdiyi an onun gülüşünü gördüyümdə nə yorğunluq qalırdı, nə də stres.
Son telefon danışığımızda müharibədən elə danışırdı ki - gülə-gülə, ruh yüksəkliyi ilə, elə bil kino çəkməyə gedib. Qarabağı aldılar canları ilə. Bunları danışdıqca, qardaşımın şəklinə baxdıqca o anı yaşayıram. Elə bil yanımdadı. Daha sonra gözümü şəkildən çəkəndə reallıqla üzləşirəm. Həyatda olmadığını dərk edirəm və sonra... Sonrası mənə qalsın. Allah bütün şəhidlərimizin Şəhadətini qəbul etsin.”

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: