“Azərbaycan öz torpaqlarını özü azad etməlidir”
Rusiya-Türkiyə gərginliyi fonunda Qarabağ münaqişəsi və Kremlin bu münaqişədə daha aqressiv mövqe tutacağı ilə bağlı narahatlıq artmaqdadır. Maraqlıdır, Türkiyə-Azərbaycan həmrəyliyi fonunda Rusiya ermənilərinin torpaqlarımıza qarşı səsləndirdiyi yeni ərazi iddiaları təsadüfidirmi? Azərbaycan 2016-cı ildə işğal probleminə son qoya, öz ərazi bütövlüyünü təmin edə biləcəkmi? Bu məsələdə fərd olaraq üzərimizə hansı vəzifələr düşür?
Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Rövşən Rzayev Azərbaycanın işğaldakı torpaqlarını azad edəcəyinə şübhə etmədiyini vurğulayıb:
“Azərbaycanla Türkiyə qardaş dövlətlərdir. Türkiyənin ölkəmizdə səfərdə olan baş naziri, xarici işlər naziri ilə görüşlər də sübut etdi ki, Azərbaycan xalqı ilə Türkiyə xalqı arasında heç bir problem yoxdur və heç vaxt da olmayıb. Bütün bunlarla yanaşı qeyd etməliyik ki, Azərbaycan öz torpaqlarını özü azad etməlidir. Bu, birbaşa Azərbaycanın özünün suveren borcudur. Bu, mütləq qaydada həyata keçəcək. Buna mənim qətiyyən şübhəm yoxdur. Təbii ki, bu məsələdə Azərbaycana dost olan dövlətlər də bizə yardımçı olacaqlar, necə ki, bu günə qədər olublar. O ki qaldı Rusiyada yaşayan ermənilərə, onlar olduqca təxribatçı və həqiqətdən uzaq olan insanlardılar. Onların hamısı işğalçılıq faktorunu ört-basdır edirlər.
Mən düşünürəm ki, nə qədər ki, onlar bu cür mövqedə olacaqlar, məsələnin sülh yolu ilə həlli çətinləşəcək. Çünki onların tutduğu bu mövqe Azərbaycanın problemi sülh yolu ilə həll etmək cəhdlərinə maneçilik törədir. Yaxşı olar ki, Rusiyada yaşayan ermənilər bu mövqedən kənar dursunlar. Rusiyada yaşayan ermənilərin imkan və qüvvəsi təbii ki, böyükdür. Ancaq təəssüflər olsun ki, onlar xoşməramlı mövqedən hər zaman kənarda qalmaq niyyətində olublar. Bu isə təbii ki, yaxşı hal deyil. Düşünürəm ki, Rusiyanın hakimiyyəti bu problemi həll etmək üçün öz mövqeyini ortaya qoyacaq və Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Baxmayaraq ki, Rusiyada yaşayan ermənilər hər zaman məsələnin sülh yolu ilə həll edilməsinə böyük maneçilik törədiblər”.
Millət vəkilinin sözlərinə görə, Ermənistan siyasi hakimiyyəti öz marağına görə hər şeydən öncə erməni xalqının marağını qurban verir: “Azərbaycanın 20% torpaqlarını işğal edən ermənilər indi düşünürlər ki, Naxçıvan və Azərbaycanın digər ərazilərinə qarşı iddi irəli sürə bilərlər. Bu isə, təbii ki, qəbuledilməzdir. Ermənistanın işğalçı siysəti göz qabağındadır. Ermənistan nəyə görə işğal siyasətini həyata keçirib, bu da hər kəsə bəllidir. Ermənistanın siyasi hakimiyyəti Azərbaycan torpaqlarını işğal etməklə bu hakimiyyətə yiyələniblər və bu gün də bu hakimiyyəti əllərində saxlamaqla bütün imkanlardan istifadə edirlər. Ermənistan hakimiyyətinin yürütdüyü siyasət erməni xalqı və erməni dövlətinin maraqlarına ziddir. Onlar öz hakimiyyətlərini qorumaq, öz şəxsi maraqlarını təmin etmək məqsədi ilə Azərbaycan torpaqlarını hələ də işğal altında saxlayırlar. Onlar bütün bunlar azmış kimi işğalçılıq mövqeyindən çıxış etməkdə davam edirlər. Mənə elə gəlir ki, Rusiyanın bugünkü hakimiyyəti bütün bu məsələlərə yaxın zamanlarda son qoya biləcək”.
R.Rzayev Rusiya telekanallarında Azərbaycan əleyhinə səsləndirilən fikirlərin də xoşagələn olmadığını vurğuladı: “Təəssüflər olsun ki, Rusiyanın televiziya aparıcılarından heç biri bu məsələdə müsbət bir mövqe ortaya qoymur. Şəxsən mən bu vaxta qədər belə bir mövqeyə şahid olmamışam. Əksinə, bütün problemləri qabartmaq və kəskin şəkildə ortaya qoymaq mövqeyi sərgiləyirlər. Onlar bu cür verilişlərdən nə qazanırlar, bunu hələ də anlaya bilmirəm. Peşəsi jrunalist olan, sülh adamı olan bu şəxslər hərbçilərdən daha aqressiv mövqe ortaya qoyurlar. Bu isə şübhəsiz yaxşı hal deyil.
Böyük siyasətdə olan insanlar öz xalqlarına, dünya xalqlarına sülh mesajı verməli, buna çalışmalıdırlar. Amma Rusiya televiziyalarında bu qəbildən olan verilişləri aparan şxəslər tamamilə fərqli düşüncə sahibidrlər. Bu isə bizi narahat edir. Mən istərdim ki, onlar daha çox sülhdən, xoşməramlı mpqedən çıxış etsinlər. Amma təəsüüflər olsun ki, bunlar bu cür düşünmürlər”.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.