Bilənlər bilir ki, mənim Ağdamda vəzifədə olan bir qohumum da yoxdur ki, bu fikirlərimdə «tir axtaran»lar olsun. Vallah, səmimi sözümdür, sonuncu dəfə Raqub Məmmədovla canlı ünsiyyətimiz 4-5 ay əvvəl olub, Ağdamda keçirilən kitab yarmarkasında görüşmüşük. Ağdamlı ziyalıların çevrəsində mən də var idim və indi bizim üçün qərib-qonaq qismində olan Ağdama təsəlli yeri kimi baxaraq getmişdim. Və Ağdamın son 25-30 illik dövründə rəhbərlikdə olmuş Sadıq Murtuzayevi, Aydın Quliyevi, Səyyaf Verdiyevi, Gündüz müəllimi, Həsən Sarıyevi, Nizami Sadıqovu yaxşı xatırlayıram. Hər birinə dərin hörmətim var… Onların hər birinin Ağdamın idarəçiliyində öz yeri olub. İndi nöqsan, problem axtarmaq, kiməsə şəbədə qoşmaq zamanı da deyil… Bütün hallarda, onlar Prezidentin rayondakı səlahiyyətli nümayəndələri olublar. İndi bu yükü ilyarımdır Raqub Məmmədov çəkir. Təkrar edirəm, bu insanın məndən, mənim ondan bir işim keçmir ki, yazdıqlarımda nəsə «ÇP» axtarılsın. Sadəcə, onun haqqında yazılanları görəndə dəhşətə gəldim. Saytlardakı başlıqları sıralasan, uzun bir siyahı alınar. Bilmirəm, yazırlar, yoxsa yazdırırlar, amma onu gah oğlu ilə, gah digər qohumları ilə, bu gün də kürəkəni ilə sınağa çəkir-qınayırlar… Və sonradan izləyəndə məlum olur ki, bu tip məlumatlar bir müddət keçir, təkzib olunur, saytdan çıxarılır, əsassız və uydurma olduğu yazılır… Biri yazır ki, Raqub Məmmədov pul yığmaqla məşğuldur, biri yazır istefa ərizəsini artıq yazıb, vəzifəsindən gedir… Hətta dəqiq saymışam, son 5 ayda onu iki dəfə «işdən çıxarıb»lar və az sonra «yerinə qaytarıblar».
Bilmirəm, biz də bu mətbəxin içindəyik, kimin nəyi nə üçün yazmağını da pis bilmirik… Hələ uşaqlıq illərindən Koroğlunun yadımda rəvayət kimi qalan bir sözünü xatırlayıram: Koroğlu deyirmiş: «40 il oğurluq elədim, amma bir dəfə də olsun haram tikə yemədim…».
Biz bəzən haramla halalı, yaxşı ilə pisi, ağ ilə qaranı, xeyriyyəçi ilə xəsisi, vətəndaşla vətən daşını… qatıb-qarışdırırq. Daxili senzuram imkan vermir ki, bəzi mətləbləri olduğu kimi yazım, açıqlayım. Amma ay həmkarlar, hər bir rəhbərin özünə məxsus xarakteri və səbr ölçüsü var. Ola bilsin bu ölçülər əvvəlki icra başçıları-Həsən Saryıyevlə Nizami Sadıqovda sizi qane edən səviyyədə olub. Amma Raqub Məmmədovun fərqli xarakteri var və o, Həsən Sarıyev, yaxud Nizami Sadıqov… ola bilməz. Olması da mümkün deyil. Həmçinin əksinə… Elə isə bu yarıişğal vəziyyətdə olan Ağdamın ürəyi yurd nisgilli icra başçısının adını Azərbaycan Cinayət Məcəlləsinin bütün maddələrinə tovsif olunan cinayətlərdə ittiham etməyə, onu həvəsdən salmağa, könlünü bulandırmağa… yönələn cəhdləri etməyə nə ehtiyac? Şeyx Şamilin çox dəyərli bir sözü var: «Aqibətini düşünən əsgərdən igid çıxmaz!». Yəqinki Prezident sərəncamı ilə rayona rəhbər təyin olunmuş şəxs də bu etimadı doğrultmaq üçün çalışır, səy göstərir, təbii ki, kimlərisə incik də sala bilir, kimlərləsə münaqişədə də ola bilir. Amma o, aqibətini düşünürsə, onda işləyə bilməz. Həm rayonda, həm də adamlarla…
Gəlin bir anlığa yurdu işğal olunmuş bir insanın-icra başçısının daxili dünyasını da düşünək… Amma təəssüflər olsun ki, bəzən biz əvvəlcə özümüzü düşünürük, sonra özgələri-qarışımızdakını. Yəni, xətrinizə dəyməsin, biz Marsdan gəlməmişik və coğrafi baxımdan kiçik, ürəyi isə dünya boyda olan Azərbaycanda yaşayırıq və hər şeyi həm olduğu kimi görürük, həm də elə göründüyü kimi... Amma biz bəzən çalışırıq ki, nə olduğumuz kimi görünək, nə də göründüyümüz kimi olaq!
Bəs kənardan necə görünürük, bundan xəbəriniz varmı? Yoxdursa, özünüzə və özümüzə kənardan-başqalarının da gözü ilə baxmağa çalışaq.
Könül bulandırmaq yetər!!! Çünki o könülün içini görə bilmirik, görə də bilmərik…
Asif Mərzili,
"Təzadlar" qəzetinin Baş redaktoru.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.