“Turan savaşçısının nəğmələri” poemasında isə Çingiz və Elçin sözlərinin “Çin” hissəciyi bir sözün ilk hecasında digər sözün son hecasında işlədilərək ad bənzərliyi yaradır: el-ÇİN-giz.
Anladım ki, Çingiz ağa,
Mənim atım sənin atına qardaş.
Bu dünyada mənim adım
Sənin adına qardaş
Elçin İsgəndərzadənin bir şeirində, bəzən bir şeirin bir bəndində böyük bir həyat həqiqəti əksini tapır.
Tanrı iyirmi yaşlı qazilərin
alnına zəfər müjdəsi yazır –
iyirmi yaşlı qazilər əlil arabalarıyla
son döyüşə, son savaşa girməyə hazır!!!
və ya
Qırx beş yaşımda
eşidirəm o Aynalı tüfəngin
babamın səsinə oxşar səsini.
Qarabağdakı evimizdəki
Aynalı tüfəngin qundağındakı yazıdan
Öyrəndim nəslimin şəcərəsini...
- nümunələrdə sanki irihəcmli bir əsərin sözçülükdən uzaq özəti verilmişdir. Bu xüsusiyyətləri onun çoxsaylı şeirlərində müşahidə etmək mümkündür. Bunlarla yanaşı, Elçin İsgəndərzadə poeziyasının mərkəzində millilik və türkçülük məsələləri dayanır. İstər şeirlərində, istərsə də poemalarında türk nəfəsi açıq-aydın duyulur. Türkçülük qızıl xətt kimi keçir: Qılıncımız belimizdə Qopuzumuz əlimizdə, Ya hu, ya hu – dilimizdə, Türkük, türkü oxuyuruq” - bəndində türkə məxsus döyüş ruhu da, kult kimi qəbul edilən qopuz da, dilimizin duası da bir araya gətirilib. Eyni motiv başqa bir şeirində də özünü göstərir:
Babalarım ağ atlarda
keçib getdi bu yerlərdən,
bu gün yenə ağ atlı
bir türk əsgəriyəm mən.
Mehtər marşları çaldıq,
Alınmaz qalalar aldıq...
Göy üzündə hilalımız,
Dünya haqdan halalımız!
Bu nümunədə “ağ atlı oğlan”ın bütün gəlmişi-getmişi sərgilənir. Türk atının ayaq izləri olan yerlərdə mehtər marşları ilahi ədalətin bərqərar olması üçün çalınar. Nümunədə bu inam “dünya halal haqqımız” olması qənaəti ilə reallaşıb. “Göy üzündə hilalımız” misrası isə sadəcə qafiyə xatirinə işlənməyib. Bəllidir ki, göy rəng türkün rəngi, türkün simvolu kimi qəbul edilib. Tarixdə bir çox türk dövlətlərinin adları da göy sözü ilə bağlı olub. Göyün üzündəki hilal-aypara əksər türk dövlətlərinin bayrağını bəzəyir. Hilal-ay gecələr bəşəriyyəti zil qaranlığın xofundan xilas etdiyi kimi, türkün dünyadakı halal haqqı sovunmağı da bəşəriyyəti müxtəlif bəlalardan xilas etməsi deməkdir. Şair dünyanın hər yerində ədalətə vətən yaradan türkün öz coğrafiyasına da söz qoşur. Bu coğrafiyanın türkə məxsusluğu isə onun torpağının qanla suvarılıb qorunması ilə fərqlənir:
Qarşı yatan qara dağlar ötəsi
torpağını, daşını qanımızla suvardığımız
məmləkətdir, məmləkət!
Savaş günü atları yəhərləyib
qibləsinə vardığımız
məmləkətdir, məmləkət!
Bu, məmləkət sözü ilə ehtiva olunan məkan böyük Turandan tutmuş, konkret Azərbaycan sərhədlərinə qədər olan ərazini əhatə edir. Şair ümumtürk taleyindən yazdığı kimi, konkret öz ölkəsindən də yazır. Onun başına gətirilən haqsız fəlakətlərdən söz açır:
İyirmi birinci əsrə keçdik. Şair,
iyirmi birinci əsr iyirmi yanvardan
keçib gəldi bu şəhərə -
şəhər qan içində çıxdı səhərə.
Bu nümunə birbaşa Azərbaycan gerçəkliyini təcəssüm etdirir. Sovet ordusu tərəfindən Bakıda həyata keçirilmiş 20 Yanvar qırğınına işarə və etiraz edilir. Şair sadəcə həmin faciənin acılarından gileylənməklə kifayətlənmir, erməni işğalçılarının Azərbaycan torpaqlarını haqsızcasına zəbt etməsinə üsyankarlıqla cavab verir. Bu üsyankarlığın təməlində öz dədə-baba torpaqlarından zorla çıxarılmış bir müəllifin gerçəklikləri əks olunur. “Oğul odu Qarabağlı ola, özü də qərib şair, sinəsi dağlı ola...” – sətirlərindən də hiss olunduğu kimi şair torpaqlarımızın otuz ilə yaxın erməni qəsbkarlarının işğalında qalması ilə heç cür barışmır. İçində qələbəyə olan inam sönməyərək daim keçmiş günlərin xatirəsini ehtiramla yad edir:
Səhər bazarda gördüyüm,
bizim yerlərdə bitən
mərəçöyüd qoxusu
huşumu başımdan alıb.
Şükür hələ damağımda
Ana yurdun dadı qalıb.
Şair şükür etməyində haqlı çıxdı və onun doğma torpaqları müzəffər Azərbaycan ordusu tərəfindən işğaldan azad olundu. Bütöv qələbənin ən böyük zəmanəti isə Şuşanın azadlığı oldu. Şuşaya sadiqlik, məhz Şuşanın həyati əhəmiyyətli dəyərini anlamaq şairi həmişə həmin mövzuya çəkib. Nə qədər ki, Şuşa azadlığının yolunu gözləyirdi, şair onun çəkdiyi bütün acıları hiss edərək, şeirlərində dilə gətirirdi. “Parisdə Yenisey meydanından keçirəm - Şuşada dolaşır Xarıbülbül sevdalı xəyalım Ulduzlara göz vurmağa yox halım” - sətirlərində məkanlar arasındakı manevrlər diqqətdən yayınmır. Şair cismani olaraq Parisdədir, lakin ruhən öz doğma Şuşasındadır. Və ya “Şam şəhərində itirdiyim fotoaparatın yaddaşında Fələstin qaçqınları... Və mənim içimdə Qarabağ uçqunları...” Paralellik və kəsişən nöqtələri qabartmaq, anındaca müxtəlif zamanlarda müxtəlif məkanlarda baş vermiş hadisələrin oxşar tərəflərinə diqqəti cəlb etmə bacarığı gözdən yayınmır.
Elçin İsgəndərzadənin şeirlərində vətənpərvərliyin ifadəsindən çox danışmaq olar, lakin onun mövzularını bununla məhdudlaşdırmaq olmaz. O, təbiətin rənglərinə rəng qatmağı, səsinə səs verməyi, sözündən söz çıxarmağı çox ustalıqla bacarır.
Məsələn:
Gör nələrə könül verdim,
bu dünyada yalan, gerçək.
Qar altında yalın ayaq,
qar üstündə qanlı çiçək...
- misralarında qarın altı ilə üstü arasında yaradılmış təzad çox orijinaldır. Hələ bu təzadda insan əli (nümunədə insan ayağı) varsa. Bir anlıq qarlı havada ayaqyalın çöldə qalmağın gerçəkliklərini düşünək. Ağla gələn ilk səbəb ehtiyacdan, çarəsizlikdən, daha konkret isə evsizlikdən, ayaqqabının olmamasından belə bir mənzərənin yaranması olacaq. Qar təbiətindir, yalın ayaq isə insanın. Qar da, çiçək də təbiətindir, amma əvvəl çiçəyə sonra isə çiçəklə birgə qara bulaşan qan isə insana məxsusdur. Bir sözlə, qış fəslinin tənqidi tərənnümü gözəl alınıb. Başqa bir şeirdə isə qar cinayətkar deyil, əriyib özünü fəda etməklə ilk baharın mühasirəsinə düşür:
Tverskoy bulvarında
nazlı-nazlı əriyir Moskvada qar.
Moskva şəhərini yaşıl barmaqlarıyla
mühasirəyə alıb ilkbahar.
Təbiət mövzulu misallardan keçək şəxsi hisslərin ifadə olunduğu nümunələrə. “İşıqları uzaqdan gözəl olur qürbətin Nikotin kimi ciyərlərimə hopur həsrətin” - misraları həm qürbət, həm də sadiq aşiq obrazının tamam yeni təqdimidir. “Aramızda sevgi fərqimiz var, yapon gözəli, Tokio ilə Bakı arasındakı saat fərqi qədər...” - sətirlərində isə bənzətmə obeyktləri çox maraqlı tapıntıdır. Müqayisəsi aparılan məkanlar həm də fərqli zamanlara mənsubdur. Bu gerçəklik çox böyük ustalıqla insan sevgisi ilə müqayisə olunur.
Gülnar Səma
ZiM.Az
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.