1978-ci ildə H.Hacıyev adına Şuşa şəhər 4 nömrəli orta məktəbi bitirib.
1981-ci ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universitetinə) qəbul olunub və 1986-cı ildə həmin institutu bitirərək müəllim kimi Şuşada pedaqoji fəaliyyətə başlayıb.
1994-cü ildən Şuşa "Məclisi-Üns"-"Söz Gülüstani" ədəbi birliyinin üzvüdür.
1998-ci ildə Azərbaycan Müəllimlər İnstitutinda Azərbaycan dili və Ədəbiyyatı fakultəsində ikinci ixtisas alıb və ixtisası üzrə pedaqoji fəaliyyətini davam etdirib.
"Xarı-bülbül həsrəti" adlı ilk şeirlər kitabı 2005-ci ildə işıq üzü görüb.
Şuşa Şəhidlərinin və Qazilərinin şərəfli döyüş yolundan bəhs edən "Vətən sizə oğul dedi" kitabı 2021-ci ildə çapdan çıxıb.
"Qızıl qələm" media mükafatına layiq görülüb.
Biz də Sevda xanımı təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az
AZƏRBAYCAN BAYRAĞI
Vətənimə töhfəsən dahi Məmməd Əmindən,
Qopmusan, elə bil ki, Tanrının ətəyindən.
Sən bir daha ucaldın Şəhidlərin əlində,
Ey Oğuz ellərinin yanar, sönməz çırağı,
Azərbaycan bayrağı!
Savaşdan qalib çıxdı, bükülmədi bayrağım,
Şəhid qanı nahaqdan tökülmədi, bayrağım!
Dalğalanan dəniz tək al-əlvan göy qurşağı,
Düşmənə ox tək batan, zirvədəki göz dağı,
Azərbaycan bayrağı!
Tarixin dərgahından güclə qopmuş bayrağım,
Şəhidlərin qanına, gülə hopmuş bayrağım,
Şuşamın zirvəsinə uçub qonmuş bayrağım,
Zirvələrdə qal elə, ey hürriyyət mayağı,
Azərbaycan bayrağı!
Sən azad Vətənimdə məğrur dayan, bayrağım,
Hər səhər Şuşamızda azad oyan, bayrağım,
Zəfərlər müjdəsiylə nura boyan, bayrağım,
Sənə baxsın, sevinsin, başı qarlı Kirs dağı,
Azərbaycan bayrağı!
Təbrizimin boynuna sarılaraq dalğalan,
Zəngəzurun, Göyçənin yollarında dalğalan,
Zəfər çalmış ərlərin qollarında dalğalan,
Ey azad Vətənimin əbədiyyət sorağı,
Azərbaycan bayrağı!
İstiqlal qapısını nurla açan bayrağım,
Qaranlığa, zülmətə işıq saçan bayrağım,
Hürriyyət günəşi tək göydə uçan bayrağım,
Ay-ulduzlu hilalın sən üçrəngli növrağı,
Azərbaycan bayrağı!
Azadlıqla, qan ilə, istiqlalla yoğruldun,
Amma tarixlər boyu qatil əllə boğuldun,
Şuşanın zirvəsində sən yenidən doğuldun,
Gözüm üstə qoyacam sən doğulan torpağı,
Azərbaycan bayrağı!
Azərbaycan bayrağı!
“CIDIR DÜZÜNƏ SALAM”
(Şeir Şuşanın işğaldan azad olunmasından
bir müddət əvvəl yazılıb.)
Cıdır düzü, sinəndə gül bitəndə,
Xarıbülbül gül içində itəndə,
Durna qatarları burdan ötəndə,
Salamımı yetirirəm mən sənə,
Salam olsun əziz ana Vətənə!
Zalımlara sən çox sinə gəribsən,
Bilirəm ki, indi sən də qəribsən.
Yenəmi gül sərgisini səribsən?
Zirvələrin ellərimə arxaydı,
Bulaqların hərəsi bir arxaydı.
Cıdır düzü, Vaqif səndə yatıbdı,
Tənhalıqdan o da qəmə batıbdı.
Fəryadları gəlib mənə çatıbdı,
Qoyma qərib məzarını sel yusun,
Məzarında qoy rahatca uyusun.
Tər güllərin mənimlə boy olardı,
Əllərimə, qollarıma dolardı,
Hərdən dəli külək onu yolardı,
Ellərinin həsrətini çəkirəm,
Yellərinin həsrətini çəkirəm.
Cıdır düzü, qurban olum boyuna,
Kimlər səni saldı belə oyuna?
Kaş gələydim yenə sənin qoynuna,
Xəyanətlə səni bizdən aldılar,
Qəlbimizi ilan kimi çaldılar.
Yaddan çıxmaz Qırxpilləkən qayası,
Ordan gəlir şeirimin mayası,
Yellər onu Yer üzünə yayası,
Tufanlardan sağ çıxanam, qalanam,
Cıdır düzü, mən də sənin balanam.
Kəklikotun bircə-bircə dərərdik,
Güllərindən əlvan çələng hörərdik,
Özümüzü bir cənnətdə görərdik,
Yaz quşları üzərindən uçurmu?
Görən indi həmin güllər açırmı?
Mahnı bayramına kimlər gələrdi!
Nəğmə deyər, el sevinər, gülərdi.
Güllərini ağuşuna bələrdi,
Gözəl günlər bir xəyala dönübdür,
Nə gizlədim, ocağımız sönübdür…
Cıdır düzü güldən xalı sərərdi,
Cabir Novruz, Kəsəmənli gələrdi,
Şairlər də Vaqiflə görüşərdi,
Topxanaya yayılardı səs-səda,
O xoş günlər gəlib düşər hey yada.
Cıdır düzü, həmdəmlərin köçdülər,
Ramiz tək igidlər candan keçdilər,
Vaxtsız ölüm şərbətini içdilər,
Sorma nə doğmanı, nə də yadını,
İndi çəkim, de kimlərin adını?
Cıdır düzü, yolum yaman uzaqdır,
Hara getsəm, qışdır, qardır, sazaqdır,
İtkin oğulların gözdən iraqdır,
Ruslanı, Nasiri soraqlayımmı,
Qoşa qardaşlardan xəbərin varmı?
Cıdıra daş yolla qalxıb keçərdik,
Seyid Xəlil cəddinə and içərdik,
Ocağını bir ziyarət seçərdik,
Ya Seyid Xəlilin cəddi kömək ol,
Yenə də Cıdıra açılsın o yol!
Gen qoynunda çox bəxtiyar olardıq,
Səyahətdən min bir ləzzət alardıq,
Bütün günü gül içində qalardıq,
Keşikçi Teymur gələndə itərdik,
Hərəmiz bir gül dibində bitərdik.
O yerləri bir-birinə qatanda,
Tövşüyərdik Qotursuya çatanda,
Çətir şəlalədə selə batanda,
Zənn edərdik guşəsidir cənnətin,
O gözəl günlərə dönmək çox çətin.
Qotursuyun yanındaydı tut bağı,
Geniş qoynu – anamızın qucağı,
Çox həvəslə danışardıq hər dağı,
Çınqıllara sərin sular tökülər,
Yavaş-yavaş dərələrə çəkilər.
Tut altında geniş süfrə açardıq,
Tez bir ocaq düzəldərdik, qalardıq,
Deyib-gülər, çox bəxtəvər olardıq,
Bir-birini dağ çayına itələr,
Həmin günlər yolum üstə bitələr.
Bulaqların xoş, şirin bir bayatı,
Oğulların Nizaminin Fərhadı,
Qayaların Koroğlunun Qıratı,
O dağların duman örpəyi şaldır,
Cıdırın çiçəyi şipşirin baldır.
Dədə-Qorqud o dağlara hopmuşdu,
Qopuz özü qaylardan qopmuşdu,
Babalarım dağ-daşını öpmüşdü,
Sahib çıxmaq müşküldümü bu yurda?
Cıdır düzü möhür basıb burada.
Tarix dabanında möhürdür, naldır,
Cıdır düzü – Şuşa qoşa hilaldır,
Vətən torpağında əbədi xaldır,
Cıdır düzü əbədidir Şuşada,
Pənah xanın adın daim yaşada.
Cıdır düzü qoynun yenə gül olsun,
Qonaqların artsın yenə sel olsun,
Düşmənlərin elə yansın kül olsun!
Cıdır düzü – Azərbaycan deməkdir,
Sinə altda döyünən bir ürəkdir!
ŞUŞA
Könlüm evində gözəl, istəkli canansan, Şuşa,
Elə bağlıyam sənə, gözümdə cahansan, Şuşa.
Həsrətə, nisgilə mən çox oldum,dərdi-mübtəla,
Buludlar arasında sən bir kəhkəşansan, Şuşa.
Ey mənim xan şəhərim, söyləsən,nələr yaşadın?
Desələr inanmaram, demə ki, talansan, Şuşa.
Vüsala yetməkçün mən olmuşam qəlbi-pərişan,
Qürurla dayandın sən, yenə zərəfşansan, Şuşa.
Çəkdikcə nazını dağlar, nazlanırsan daha da,
Qorudu dağlar səni, dağlarda ceyransan, Şuşa.
Heç bilməzdim bu qədər qüssə verərsən sən mənə,
Sən demə,aşiqini dərd-sərə salansan, Şuşa.
Aç üzünü, gizlətmə,bir bax,gəlmişik qoynuna,
Qurban olaq biz sənə, nə hüsnüpünhansan, Şuşa.
İllərdir ürəyimə sən hökmdar səltənətim,
Elə qəlbimdə həmin şövkəti-şansan, Şuşa.
Bircə gün xəyalımdan silə bilmədim səni mən,
Otuz illik fərağım, qəmi-zimisyansan, Şuşa.
Qəddi-qamətinə qurban,yenə şux dayanmısan,
Sevdanın söz mülkünün şahı, sultanısan, Şuşa.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.