Qurban Təbiətoğlu (Nuriyev): Həsrətdən ağarıb Murovun başı...

Qurban Təbiətoğlu (Nuriyev): Həsrətdən ağarıb Murovun başı...XƏYALIM...

Yenə pərvazlanıb
uçdu göylərə,
Dolandı şəhəri,
kəndi xəyalım...
Öpüb Qarabağn
yaşlı gözündən,
Yaralı Ağdamda
endi xəyalım...

Həsrətdən ağarıb
Murovun başı,
Matəm içindəydi
torpağı, daşı.
Kəlbəcər ağlayıb
tökdü göz yaşı,
Sədəfli saz kimi
dindi xəyalım...

Utanıb Şuşanın qəmli üzündən,
Yan keçə bilmədi “Cıdır düzü”ndən.
“İsa bulağı”nın büllür gözündən,
Bir vaxt mən içirdim, indi xəyalım...


GÖRÜRƏM MƏN...

Ləkəli üzünə “ağdır” deyənin,
Vicdanında qara xal görürəm mən.
Eyni bir insanın əqidəsində,
Yüz dəfə dəyişən hal görürəm mən!

Qanqalı gül açıb, ətir qoxuyan,
Gözü kor olanı xalça toxuyan.
Qarğanı çəməndə nəğmə oxuyan,
Biçarə bülbülü lal görürəm mən.

Xeyirə dağ çəkir şərin kələyi,
Yırtılıb zamanın vallah ələyi.
Arı pətəyində toyuq lələyi,
Tülkü yuvasında bal görürəm mən.

Gəlin yön çevirək Allaha sarı.
Bunları günaha yazmasın barı.
Arvadın əynində kişi paltarı,
Kişinin başında şal görürəm mən.


YATIRSAN...
(Hər axşam kefli gəldiyi üçün arvadı evə buraxmayan bir tanışıma)


Eşitdim evdən də qovublar səni,
Gecələr dumanda, çəndə yatırsan.
Çəpərin dibində yuva qurmusan,
Küçədə, döngədə, tində yatırsan...

Getdiyin bu yolun uzunu, eni,
Həmişə sevimli, həmişə yeni.
Yüz qram içəndə aparır səni,
Gedib Hindistanda, Çində yatırsan...

“Zakuska” bir yanda, araq bir yanda,
Dünyanın şahısan elə bu anda.
Səni arvad evə buraxmayanda,
Sonradan bildim ki, hində yatırsan...

(Qurban Nuriyev (Təbiətoğlu)




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: