Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib.
Ömrünü uşaq və gənclərin təlim-tərbiyəsinə həsr edib.
1992-ci il fevralın 26-da XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı zamanı Allahyar müəllimin atası, el ağsaqqalı Allahverdi Quliyev də şəhid olub.
Allahyar müəllim 2 kitabın müəllifidir.
2016-cı il fevralın 3-də Allahyar müəllimin 70 yaşı tamam olur.
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin bütün fəalları və ailə üzvlərim adından Allahyar müəllimi ad günü münasibətilə təbrik edir, can sağlığı, şəxsi həyatında uğurlar arzulayıram.
Arzu edirəm ki, Azərbaycan xalqının və Silahlı Qüvvələrimizin birgə səyləri nəticəsində dədə-baba torpaqlarımız tezliklə düşmən tapdağından azad edilsin.
Allahyar müəllim növbəti ad gününü ata-baba yurdunda qeyd eləsin.
Vətənpərvər şair Allahyar Xocalının bir neçə şeirini oxuculara təqdim edirəm.
Şamil Sabiroğlu,
“Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri,
Bakı şəhəri, 02.02.2016.
Allahyar XOCALI
Azərbaycan
Vətən oda bürünəndə,
Azərbaycan mərmi kimi
Atılıb öz yerindən
Düşmən üstə qəlpələnib
Düşmən üstə səpələnib
Vətənin hər yerindən
Azərbaycan torpağindan
Ayla, illə uzaqlaşar
Uzaqlarda Vətən olub
Mehdi adlı bir yer yaşar
Tək Mehdinin timsalında
Araz çayı daşar burda
Kür bulanar, Xəzər coşar
Azərbaycan yaşar burda
Adriatik dənizi də
Od oğlunun şərəfinə
Daim nəğmə qoşar indi
Dəniz tamam xəzərləşər
Uzaq-uzaq ölkələrdə
Azərbaycan yaşar indi
`Azərbaycan alov olub,
Səngərlərdə alışıbdır.
Azərbaycan torpaq olub
Torpaqlara qarışıbdır
Yağıların qəzəbinə
Çəpər olub Azərbaycan
Qafur olub, Həzi olub
Sipər olub Azərbaycan
Azərbaycan- deyirəm
Naməlum bir əsgərin
Qəbridir, başdaşıdır.
Azərbaycan adını
Məlumlar da yaşadır
Naməlum da yaşadır
Mərmi kimi atılaraq
Azərbaycan qəlpələnib,
Azərbaycan səpələnib
Avropanın hər yerinə
Uzaqlarda qəlpə-qəlpə
Azərbaycan yaşar yenə.
Qarabağda
Üzeyir nəğməsi, Həvvab fırçası,
Vaqif şeiriyyəti var, Qarabağda.
Mənə elə gəlir başqa cür dinir,
Kaman Qarabağda, tar Qarabağda.
Yanağa çıxıbdır lalənin alı,
Qız gəlindən, gəlin qızdan həyalı.
Gəz, dolan, seyr elə sən bu mahalı
Nə çoxdur vəfalı yar Qarabağda.
Buz içrə od yatır, deyirəm, əlbət
Daim üz-üzədir iki təbiət.
Aranı qar görməz, dağında fəqət,
Yağar qar üstünə qar Qarabağda.
REDAKSİYADAN:
Biz - Zim.Az-ın yaradıcı heyəti də,
“Xocalı Soyqırımını Tanıtma”
ictimai birliyinin sədri
hörmətli Şamil Sabiroğlunun
səmimi təbrikinə və xoş arzularına
qoşuluraq Allahyar Xocalını
Yubileyi münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm can sağlığı,
şəxsi həyatında və bədii yaradıcılığında
yeni-yeni uğurlar arzulayırıq!..
Ən əsası isə, arzu edirik ki,
gün o gün olsun ki, Allahyar müəllimi
Xocalıda təbrik edək!...
Müşfiq BORÇALI.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.