APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Azərbaycan və Gürcüstanın himnləri səsləndirilib.
Tədbirin açılışında Beynəlxalq İnsan Hüquqları Müdafiə təşkilatının sədri Mixail Lapaçişvili, Saqareco rayon icra hakimiyyətinin nümayəndəsi, Fəal Qadınlar Assosiasiyasının rəhbəri Gültəkin Mustafayeva, Pirosmani adına Beynəlxalq Yaradıcılıq Assosiasiyasının təsisçisi Cemal Qoqişvili, həmin assosiasiyanın vitse-prezidenti Alı İsayev və başqaları çıxış edərək festivalın Azərbaycan və Gürcüstanın dostluğuna həsr olunduğunu alqışlayaraq belə tədbirlərin tez-tez keçirilməsini arzu ediblər. Çıxışçılar qeyd ediblər ki, festivalın keçirilməsi Azərbaycan və gürcü mədəni əlaqələrini daha da möhkəmləndirir.
Festivalda gürcü rəqs qrupları və Saqareco rayonundakı Ləmbəli kənd orta məktəbinin şagirdləri rəngarəng gürcü və Azərbaycan rəqslərini nümayiş etdiriblər.
Festivalın sonunda Heydər Əliyev adına Azərbaycan-Gürcüstan Xalqlar Dostluğu Cəmiyyəti Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişafına və möhkəmləndirilməsinə verdikləri layiqli töhfələrə görə festivalda fərqlənən iştirakçıları fəxri diplomlarla təltif edib.
Pirosmani adına Beynəlxalq Yaradıcılıq Assosiasiyasının təsisçisi Cemal Qoqişvili həmçinin festivalı yüksək səviyyədə təşkil etdiyinə görə Beynəlxalq İnsan Hüquqları Müdafiə təşkilatının sədri Mixail Lapaçişviliyə "Təşəkkürnamə" təqdim edib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirinin birinci müavini Dursun Həsənov, səfirlik əməkdaşları, Saqareco rayon icra hakimiyyətinin rəhbərliyi və rəsmi şəxsləri, rayon təhsil resursları mərkəzinin nümayəndələri, azərbaycanlı və gürcü QHT rəhbərləri, rayonun Qaraçöp bölgəsindən gələn soydaşlarımız, Azərbaycandilli məktəblərin müəllimləri və şagirdləri iştirak ediblər.
Gürcüstan. Nizami Məmmədzadə - APA.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.