Ağabala Alı oğlu Mahmudov (Hacı Ağabala Azəri) - 1931-ci ildə qədim Qaraçöp mahalında (indiki Gürcüstan Respublikasının Saqareco rayonunda) anadan olub. 1946-cı ildə Yor-Muğanlı (Qaraçöp) kənd səkkizillik məktəbini əla qiymətlərlə başa vurub və həmin ildə Marneuli Pedaqoji Texnikumuna daxil olub. Texnikumu müvəffəqiyyətlə bitirən A.Mahmudov 1951-ci ildə Gəncə şəhərinə gələrək, H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə qəbul olunub. 1955-ci ildə institutu da fərqlənmə diplomu ilə başa vurub, Yor-Muğanlı kənd orta məktəbində müəllimlik fəaliyyətinə başlayıb.
Ağabala Mahmudov 40 ildən çox bir müddətdə Yor-Muğanlı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edib. Pedaqoji fəaliyyəti zamanı o, 15 il mütəmadi olaraq, tədris məsələləri üzrə direktor müavini kimi məsuliyyətli bir vəzifədə çalışıb, təhsilin təşkilində və inkişafında əlindən gələni əsirgəməyib, şagirdlərinə doğma dilimizi və ədəbiyyatımızı sevməyi öyrədib. Savadlı və bacarıqlı müəllim, gözəl insan, qayğıkeş ailə başçısı kimi mənəvi dəyərləri özündə birləşdirən A.Mahmudov istər işlədiyi kollektivdə, istərsə də el arasında həmişə yüksək hörmətə, böyük nüfuza malik olub.
A.Mahmudov ilahiyə, haqqa bağlı şairdir. Hələ çox şeylərin yasaq edildiyi sovetlər birliyinin mövcud olduğu zamanlar onun əksər şerlərində Allah, Tanrı, Kəbə, Məkkə, Mədinə, Qızıl Gümmbəz və s. kimi adlara tez-tez rast gəlmək olurdu. Elə bu istəklə də onu neçə illərdən bəri ürəyində gəzdirdiyi ən müqəddəs arzusuna qovuşdurdu - 1993-cü ilin yazında Məkkəni ziyarət etmək ona nəsib oldu.
Ağabala Mahmudov həm də coşğun təbə, sönməz ilhama malik söz ustaдıdır. Onun poeziyası öz xüsusiyyətlərinə görə klassik şerimizin, eləcə də, Vaqif, Səməd Vurğun şer məktəbinin gözəl nümunələridir. Şairin təbiət və insan gözəlliklərinin tərənnümünə həsr olunmuş şerləri xüsusilə axıcı və poetikdir.
A.Mahmudovun şеirləri və poemaları müntəzəm olaraq dövri mətbuatda, "Çeşmə", "Dan ulduzu" toplularında, "Qaraçöp" kitabında çap olunub, radio və televiziyada səsləndirilib, oxucular, tamaşaçılar tərəfindən daim rəğbətlə qarşılanıb.
Hacı Ağabala (Ağabala Mahmudov) 5 övlad atasıdır - 4 oğlu, 1 qızı var.
Elə onun şerlərinin və poemalarının toplandığı bu kitabın аrаyа-ərsəyə gəlməsində övladlarının da böyük əməyi var.
Tanrı köməkləri olsun!
“Qopmaram, ayağım Qaraçöpdədir” adlı kitabı 2001-ci ildə nəşr olunub.
Kitaba professor Mədəd Çobanov "Ön söz" yazıb.
Aşağıda həmin ön sözü dərc edirik.
ÖN SÖZ
Qarşımda bir poeziya divanı vardır. Bu divan Borçalı ədəbi məktəbinin yaşlı nəslinin nümayəndəsi şair Hacı Ağabala Azərinin (Mahmudovun) şerlər və poemalar külliyyatıdır. Hələ gənclik çağlarından poeziyaya meyl göstərən Ağabala Azərinin ilk şerləri müxtəlif qəzetlərin, bədii məc-muələrin, almanaxların səhifələrində çap olunmuş, radio və televiziya verilişlərinin proqramlarında efirdə səslənmişdir. İndi isə Hacı Ağabala Azərinin "Qopmaram, ayağım Qaraçöpdədir" kitabını tələbkar oxucularımıza və onun pərəstişkarlarına təqdim edirik. Kitabda şairin müxtəlif illərdə yazdığı şerləri və poemaları "Vətən sevgisi", "Ana laylası", "Dərdim, ağrılarım", "Elə bilirsən ki, sevmək asandır", "Hər çiçəyin öz ətri var", "Нələr gördük bu dünyada", "İthaflar", "Qəzəllər" və "Poemalar" sərlövhəli bölmələr altında toplanmışdır.
Şairin güclü erudisiyası və həyatı müşahidəetmə qabiliyyəti, Vətənin və xalqın tarixini, qədimdən üzü bəri saflaşa-saflaşa, büllurlaşa-büllurlaşa gələn adət-ənənələrini, folklorunu, xalq yaradıcılığını dərindən bilməsi və ondan qidalanması, poeziya divanının məzmun və mündərəcəsinin daha da rəngarəng olmasına təsir göstərmişdir. Odur ki, elə ilk şerlərindən oxucuların qəlbinə yol tapan şairin kitabında toplanmış poeziya nümunələrini oxuyub başa çatdırdıqdan sonra bir an fikrə dalan oxucu-təxminən belə bir qənaətə gəlir ki, kitabın ümumi məzmunu və mündərəcяsi "Ana laylası"ndan başlayıb "Vətən sevgisi" ilə başa çatır. Bu da təsadüfi, deyilişi, gəlişi gözəl ifadələr deyil. Çünki dünyaya göz açan hər bir şəxsin eşitdiyi ilk musiqi "Ana laylası", həyat yolu və həyat sevgisi isə "Vətən sevgisi" olur. Bu baxımdan, "Qopmaram, ayağım Qaraçöpdədir" şerlər və poemalar toplusunun bədii məziyyətləri diqqətə layiqdir. Bu isə, hər şeydən əvvəl, şairin ana südü, ana laylası ilə mayalanıb canına, qanına hopmuş ülvi hisslərin bütövlüyündən, halallığından, ananın ucalığından və böyüklüyündən irəli gəlir. Bu da, şübhəsiz ki, kitabın oxunaqlı olmasının başlıca şərtlərindən biridir.
"Bizim şairlərin ustadnaməsi
Sevənlər bilir ki, Vətəndir. Vətən!"
- deyən şairin ilk misralarının da, irili-xırdalı bütün poetik əsərlərinin də ümumi qayəsində "Ana məhəbbəti" və "Vətən sevgisi" baş hərflərlə yazılmış və tərənnüm olunmuşdur... Doğma Vətənimizin son iki əsrdə tarixi düşmənlərimiz tərəfindən başına gətirilən bəlalar, Vətənimizin paralanmasını, parçalanmasını da şair ürək ağrısı ilə yada salır və gənc nəsilləri "Qoca Şərqin mayağı"nı, "Koroğlu cəngisi"ni, "Qəhrəmanlar oylağı"nı, "Şair xalqın торпağı"nı, "Ataların qeyrət səsi"ni, "Anaların zümzüməsi"ni, "Dədə-Qorqud əmanəti"ni, "Kainatın gül bağı"nı, "Gözəlliklər bulağı"nı... -Vətənimizin azğın düşmənlərdən təmizləməyə və onun bütövlüyünü bərpa etməyə çağırır:
"Torpaq manaт deyil, cibə sığışmaz,
Təbiət çəkmişdir xəritəsini,
Heç kəs boğammamış haqqın səsini".
Azərinin poeziyasında Vətən hissləri və duyğuları, Vətən eşqi, Vətən tarixinin dünəni, bu günü və sabahı da "Dərdim, ağrılarım" silsiləsində toplanmış şerlərində öz geniş bədii əksini tapmışdır:
"Tarixdir zamanın hər ötən anı,
Bizim başımıza nələr açdınız?
Ürəkdən bölünmüş Azərbaycanı,
Bir də bölməyəmi hazırlaşdınız?"
- deyən şair tarixi düşmənlərimizin hazırda yeritdiyi "siyasətə" xalqın nifrətini və kin-küdurətini ifadə etmişdir...
Şair üçün bütün Azərbaycan da, onun bir parçası olan Borçalı da, doğulduğu doğma kəndi Qaraçöp də Vətəndir... Şair Borçalını "sənət incimizin аçarı", Qaraçöpü isə özünün "ustadı, dayağı" saymışdır:
"Alim məclisindən, arif sözündən,
Elmin cövhərindən, eşqin gözündən...
Dərsimi almışam xalqın özündən,
Ustadım, dayağım Qaraçöpdədir."
Kitabda şairin lirik şerləri ilə yanaşı, "Şahlar şair hüzurunda", "Mən Vurğunu düşünürəm", "Etiraf" və "Kəbə karvanı" poemaları da çap olunmuşdur. Poemalar öz süjeti və məzmunu, dili və bədii tərənnümü baxımdan da çox maraqlıdır, oxunaqlıdır. Birinci poemada dünya poeziyasının korifeylərindən biri Нizami Gəncəvi ilə şah arasında baş verən ziddiyyətlər, şahın öz hərəkətindən peşman olması, nəhayət, Gəncə düzündə şairin hüzuruna getməsi, öz səhvlərini gec də olsa, başa düşməsi və bu ziddiyyətlərin gedişində şairin mənəvi qələbəsi çox incə bədii ştrixlərlə tərənnüm olunmuşdur:
"Hakim də, həkim də, vəkil də birdir,
Şah onu öpərək bağrına basır:
- Sizin bu hikməti duymamışam mən,
Uğurlu yaranmış bu aylar, illər"...
İkinci poemada XX əsrin Azərbaycan poeziyasının bayraqdarı S.Vurğunun bədii portreti yaradılmış, onun sənət yollarının uğurları, ölməzliyi, əbədiliyi, ictimai-siyasi fəaliyyəti; üçüncü poemada isə şairə ali məktəbdə dərs deyən müəllimlərin müqəddəsliyi, şərəfi, gənclərə göstərdikləri ata-ana qayğıları, gələcək nəslin yol göstərənlərinin bədii obrazı təsvir və tərənnüm olunmuşdur. Dördüncü poemada isə müsəlman zəvvarlarının karvanlarla ziyarətə getmələri, müqəddəs yerləri ziyarət etmələri ayrı-ayrı epizodlarda öz bədii əksini tapmışdır.
Azərinin öz tələbkar oxucularına və pərəstişkarlarına təqdim etdiyi bu kitabı "dadlı-duzlu" və cəlbedici ifadələrlə çox zəngindir: "ləyaqət libası biçmək", "ovsunlu kitab", "comard bulağı", "Həyatın zəfər zəngi", "ətalət əsrini arxivə atmaq", "qızılgül ətrini eldən qoxlamaq", "arzuların təməl daşı", "məhəbbət mayası", "dilləri dualı analar", "Fəxri cənnətimdir anamın sözü", "Məhəbbət həyatda sifariş deyil", "Кamal dərsi", "Сənət beşiyi, saz beşiyi", "Рəhim vaxtı", "Нur nişanlı üzük qaşı", "Гaş-qabaqlı quzey daşı", "Мüqəddəs həya", "Кösöv də cüt kərək", "Шair məğrurluğu", "Сöz ovunda olmaq", "Ъənnət donu", "Шair könlü kainatdır", "Сüni gözəllik", "Щəqiqətin susması", "Гanlı tüfəng"... və s.
Şairin özü demişkən, bu kitab-bu divan onun ən böyük ilk imtahanıdır:
"Şair ilham alıb öz ustadından,
Şənlik bayramıdır, şöhrət şanımdır.
Söz demək çətindir ellər adından,
Bu, mənim ən böyük imtahanımdır".
Sənət-bədii söz imtahanından uğurla çıxmış qeyrətli qaraçöplü şair Hacı Ağabala Azəriyə yeni-yeni uğurlar arzusu ilə!...
M.Н.ÇOBAНOV,
filologiya elmləri doktoru, professor,
Bakı Ali Hərbi Dənizçilik Məktəbinin
"Dillər" kafedrasının müdiri.
(Bax: Ağabala Azəri. Qopmaram, ayağım Qaraçöpdədir.
Bakı, 2001, səh.3-8).
Yolkəsən olma
İstər varlı yaşa, istərsə yoxsul,
Həyatda kəlməni kal kəsən olma.
Baxma müxənnətə, mərdanə oğul,
Tayından ayırıb kal kəsən olma.
Görmədim yüksələ nakəs, namərdi,
Gələcək nəsillər çəkməsin dərdi...
Ucalmaq, alçalmaq qəza, qədərdi,
Qarşında susanda lal kəsən olma.
Təbiət təlqini uymuş ibrətə,
Dilimi öyrətdim şirin şərbətə.
Gördün bir məclisdə minib qiymətə,
Düşmənin olsa da xal kəsən olma.
Məhəbbət oyunmuş, uduzdum nərddə,
Vaxtsız qocalmışam, qalmışam dərddə.
Sən yeri gələndə ye də, yedirt də,
Xəsis süfrəsində bal kəsən olma.
Axtar Ağabala, hər addımbaşı,
Simu-zər seçəndə bir məhək daşı.
Yaxşı yaman olmaz, yaman da yaxşı,
Başkəsən olsan da, yolkəsən olma.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.