VƏLİ TOMAYEV (1923-1964)


Borçalı ellərində çətin ki, elə bir adam tapmaq olar ki, o, şair Vəli Tomayevi tanıma­sın. Qarayazılı Vəli Qurban oğlu dünyaya şair kimi gəlmişdi, şair kimi yaşadı və təəssüf ki, şair kimi də dünyasını çox tez dəyişdi. O özü ilə nə qədər deyilməmiş, yazılmamış sözlər - şeirlər apardı…


Vəli Tomayev ədəbiyyat müəllimi idi. Qəlbi həmişə cövlan edərdi. Acı həyat onu çox imtahanlara çəkdi. Müharibə illəri, atasızlıq illəri, hamısı onun bəxtinə düşmüşdü…
Böyük amala malik olan unudulmaz şair onlarla lirik şeirlərin, poe­maların müəllifidir. Əsərlərindən nümunələr müxtəlif mətbuat orqan­larında və ədəbi məcmuələrdə işıq üzü görüb. Ölməz şairlərimiz S.Vurğun və O.Sarıvəlli Vəli To­mayevin yaradıcılığını yüksək qiymətləndirmişlər. Vəli təkrarsız söz bilicisi idi. 40-cı illərin sonu və 50-ci illərin əvvəllərində yerli radio şəbəkəsi ilə şair vaxtaşırı çıxışlar edərdi, öz şeirləri ilə ürəklərə yol-cığır açardı…
Və bu gün şairin xatirəsi ürəklərdə əbədi yaşayır…

Gələcək tədqiqatlarımızda şair V.Tomayevin zəngin yara­dıcılığını daha geniş tədqiq edəcəyi­mizə söz verir və onun «Bir şəkil önündə» sərlövhəli bir şeirini oxucularımıza ərməğan edirik:

Şair!.. Tələsmirdin, bəs necə oldu?
Qulağım səsində, gözüm yoldadı.
Axı… uzun çəkdi sənin səfərin,
Günəş nə tez batdı, Ay da qaraldı.

Gəzdiyin yerlərdən bəzən keçəndə
Söylə, qəlbim necə alovlanmasın?
Sənintək Vətənə vurğunam mən də,
Gözlərim yaşarıb necə dolmasın?

Budur… sanatoriya, Səmədin şəkli,
Səadət nəğməsi gözlərindədir.
Ömrün fəlsəfəsi, şeirin qüvvəsi
İlhamla deyilmiş sözlərindədir.

Müşfiq BORÇALI.
"Çağdaş Borçalı ədəbi məktəbi. Bakı, "Azərbaycan" nəşriyyatı, 1994, səh.99-100.

ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: