3 yaşında ikən atası Osman İsə oğlunun qəflətən ölümü ilə yetim qalmışdır.
Anası Sinəxanım Bayram qızı Kür çayının o biri tayındakı Kosalı kəndində ikinci dəfə ailə qurmuşdur.
Sabir və bacısı Zinnət nənələri Cənnətin himayəsində böyümüşlər.
1931-ci ildə Sabirin əmisi İsaxan İsə oğlu Calaloğlunda (Stepanavan) öldürüldükdən sonra bütün ailə Orta Asiyaya sürgün edilmişdir.
Sürgündən qayıtdıqdan sonra İsayev Sabir Osman oğlu 1940-1941-ci illərdə Bolnisidəki kənd təsərrüfatı texnikomunda oxumuş və oranı fərqlənmə diplomu ilə qurtarıb Moskva şəhərinə təhsilini davam etdirmək üçün göndərilmişdir. Lakin iyun ayında başlanan Böyük Vətən müharibəsi buna mane olmuş və Sabir Kosalıya gələrək Molotov adına kolxozda aqranom işləməyə başlamışdır.
1942-ci il sentyabrın 5-dən 1944-cü il avqustun 10-dək, yəni Belorusiyada qolundan yaralanıb qospitalda müalicə olunanadək, Sovet Ordusu sıralarında xidmət etmiş və buradaca Kommunist Partiyası sıralarına qəbul edilmişdir.
1944-cü ilin 10 avqustundan yenidən Molotov adına kolxozda aqronom işləməyə başlamışdır.
1960-ci ildən ömrünün sonunadək, yəni 1997-ci il aprelin 3-dək Kosalı kəndindəki Ruisbolo adına sovxozda (sonradan dövlət təsərrüfatı) bölmə rəisi ("upravlyayuşiy otdeleniya") vəzifəsində çalışmışdır.
Müharibədə göstərdiyi şücaətə görə qvardiya baş serjantı İsayev Sabir ikinci dərəcəli "Böyük Vətən müharibəsi" ordeni və beş medalla təltif edilmişdir.
Əmək cəbhəsində qazandığı uğurlara görə 2 Aprel 1966-ci ildə "Lenin" ordeni ilə, 12 dekabr 1973-cü ildə isə "Oktyabr" ordeni ilə təltif edilmişdir.
Dəfələrlə, "Sosializm yarışının qalibi" döş nişanları ilə təltif edilmiş, rayon İcraiyyə Komitəsinin deputatı seçilmişdir.
Ömrünün son günlərinədək Kosalı kənd sovetinin deputatı olmulşdur.
Bir oğlu, 3 nəvəsi var.
Allah rəhmət eləsin!..
Aygül İSAYEVA,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.