Salam, çox hörmətli Müşfiq müəllim!
Bu günlərdə arxivimi töküşdürürdüm. Şair dostumuz Mədəd Coşqunun: “Bütövlüyünə, ər və ərənliyinə, istedadına, ən əsası, ürəyinə məftun olduğum qardaşım Bilal müəllimə xoş arzularla”. (müəllif-17 iyul 1998-ci il... imza) avtoqrafiyalı mənə bağışladığı “Amandı, dünya” adlı kitabını oxuduqca, ayrı-ayrı şerlərə uyğun yazdığım bəndlər qarşıma çıxdı. 24 ildir ki, onlar arxivdə qalıblar. Bəlkə sevimli ZiM.Az və “Şərqin səsi” öz səhifələrində onlara yer ayıra bildi.
Sevginin, məhəbbətin,
Özü qəmdi, kədərdi.
Qardaş belə olmasa,
Sevilmək də hədərdi.
Yox, Mədəd Coşqun, yox, yox,
Ata həsrət qalmasın.
Doğmasını atalar,
Vaxtsız yola salmasın.
Qoy oğullar həyatda,
Doğma atasız qalsın.
Ana olan qızlar da,
Ananı yola salsın.
Qorxaq olma qardaşım,
Ölüm ki haqdan haqdır.
Şersiz qalma qardaşım,
Qaş çatmağın nahaqdır.
Qocal qardaş yaza-yaza,
Qocalığın ləzzəti var.
Ucal qardaş, dön payıza,
Qoy bürüsün başını qar.
Gülmək də, ağlamaq da,
Bu dünyada lazımdır.
Ora bel bağlamaqsa,
Vallah qara yazındır.
Itirmisən özünü,
Məhəbbət dəryasında.
Sən demisən sözünü,
Kişilər dünyasında.
Gözəldən söz alanda,
Yaltaqlara gor dolur.
“Hə” ürəksiz olanda,
Çiçəkləri tez solur.
Sevməyin də ölümü,
Sevilməyin də.
Hansını seçim, gülüm?
-Qara zurna səsinə,
Güləşdir onları sən
Qalibi seçməlisən.
Nə qədərdir yol, əzizim,
Gözlərlə qaş arasında.
Qardaş, niyə ilişibsən?
Torpaqla daş arasında.
Mən itirə bilərəmmi,
Çiçəklənmiş əməyini.
Əziz dostların toyunda,
Alovlu “tost” deməyini.
Mən də həsrətindəyəm,
Doğma yurdun, a qardaş.
Baş Keçidi yazmışam,
Ləmbəlimlə sıx sirdaş.
Çox böyük hörmətlə
Bilal Ənsər.
AYB-nin üzvü
15.04.2022
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.