QAFSAM-ın sədr müavini Nazim Cəfərov Qazaxıstanda keçirilən beynəlxalq tədbirdə çıxış edib

QAFSAM-ın sədr müavini Nazim Cəfərov Qazaxıstanda keçirilən beynəlxalq tədbirdə çıxış edib Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM) İctimai Birliyinin sədr müavini, ADİU-nun müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərov Qazaxıstanın Türkistan şəhərində keçirilən “Beynəlxalq İctimai Elmlər Konqresi 3-cü Türkistan Forumu: Qloballaşma Prosesində Türk Dünyasının Gələcəyi, Fürsətlər və Təhlükələr” adlı beynəlxalq simpoziumda iştirak edib.

QAFSAM-dan ZiM.Az-a bildiriblər ki, Simpozium Xoca Əhməd Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin təşkilatçılığı ilə keçirilib.

Nazim Cəfərov “Qlobal və regional tarazlıqlar çərçivəsində Azərbaycan - Qazaxıstan münasibətləri” mövzusunda məruzə ilə çıxış edib. O, öz məruzəsində qloballaşan dünyada türk dünyasının qaşılaşdığı fürsət və risklərdən və bu prosesin uğurla keçilməsində Azərbaycan-Qazaxsıtan əməkdaşlığının önəmindən danışıb, dəyişən qlobal və regional tarazlıqlar kontekstində ikitərəfli əməkdaşlıqla yanaşı, Türkiyə-Azərbaycan-Qazaxıstan xəttinin strateji önəmini və Türk Konseyinin rolunu xüsusi qeyd edib.

N.Cəfərov məruzəsində iki ölkənin daha sıx əməkdaşlığı üçün yeni təkliflər də səsləndirib.

Qeyd edək ki, ümumilikdə dünyanın 10 ölkəsindən 100-dən çox aliminin iştirak etdiyi simpozium maraqlı məruzə və müzakirələrlə yadda qalıb.
Üç gün davam edən elmi müzakirələrdən sonra beynəlxalq simpozium Yesevi Unversitetinin Türk Dünyası ansamblının konserti ilə yekunlaşıb.

Xatırladaq ki, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Milli maraqların xarici ölkələrdə müdafiəsi üçün beynəlxalq tədbirlər” adlı layihə həyata keçirir. Layihə çərçivəsində Azərbaycanlı alim və ekspertlərin xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə iştirakı da nəzərdə tutulur.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: