Bir insan tanıyırıq...

Bir insan tanıyırıq...
Eləmi, Ana yeri,
Tök zülfün dara yeri,
Yüz min mələk tökülsə,
Verməz bir Ana yeri
.


Hörmətli oxucu! Əslində bu bayatının yaradıcısı haqqında gözəl sözlər demək olar. Amma onu yazı boyu sizlərə təqdim etməyin daha təbii, inamlı olacagını düşünürük. Deyərdik ki, ziyalı, yaradıcı, eyni zamanda səmimi bir insan, gözəl pedaqoq, dəyərli elqızımız Salatın xanım Əhmədli kimi həmyerlilərimlə qürur duyuruq.
(Qeyd edək ki, Salatın Alı qızı Əhmədli, 1956-cı il oktyabrın 18-də Ağstafa rayonunun Poylu qəsəbəsində halal, zəhmətkeş bir ocaqda dünyaya gəlib. Ali təhsilini Azərbaycan Dovlət Universitetində başa vurub. Hazırda Azərbaycan Dövlət Memarliq və İnşaat Universitetinin Azərbaycan dili və pedaqogikası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktorudur.)


Salatın Əhmədli boya-başa catdıgı, pərvazlandıgı elini-obasını, yurdunu-yuvasını qələmilə belə tərənnüm edir:

“Ağstafam - nur çıragım! Ürəyimin odu, alovu, hərarəti, qəlbimdəki arzularımın şəfəq payı. Gözlərimin işıq seli, sözlərimin könül tagı, elim-günüm, adım-sanım. Barlı-bəhrəli, bagçalı-baglı, çəmənli-çöllü doğma yurdum. Qarayazım, Saloğlum, Şişquzeyim, Töyrətəpəm, Gülüldağım, Kotandağım, dogma, əziz məmləkətim. Poyludakı elm ocagı, Pirilinin Peykanlısı, Qırılının yanar qəlbi, Ceyrançölün Keşik dagı abidəsi, Durnalısı, Sarı yalı, Dagkəsəmən ormanları, Xılxınanın çəmənləri, Həsənsunun igidləri, Muğanlının, Sadıxlının ərənləri, ana Kürümün həzin, kövrək nəğmələri, sərhəd kəndim Köhnə Qışlaq, Qələmçədə buz bulaqlar, bərəkətli Tatlı kəndim, güvənc yerim Yaradillim, könül payım Zəlımxanım, Kəsəmənim, Xətainin, Yenigünün xoş müjdəni sabahları, Aşağı Kəsəmənin, Qarahəsənlinin, Kolxəlifəlinin başı qarlı dağları, dərələri təpələri, Böyük-Kəsik naxışları, Göyçəlinin yaylaqları, Molla Cəfər oylaqları, Kolayırın, Düzqışlagın, Köçvəlinin, Soyuqbulağın bənzərsiz gözəllikləri qədim, doğma yurd yerimdir.
Dahilərin, sazlı-sözlü sənət adamlarının, hikmətli nağılların, dastanların ipə-sapa yatan inci sahiblərinin, dəyanətli, qəhrəman Vətən oğullarının, ismətli Vətən qızlarının, səxavətli, mərhəmətli, xoş niyyətli, qonaqpərvər insanlarin, müdrüklərin obasıdır, oylağıdır, yaylağıdır, eilim-günüm, dogma yurdum, nur çırağım Ağstafam!..”


Beləliklə, tədqiqatçı-alim, yazıçı-publisist Salatın Əhmədli ilə müsahibəni sizə təqdim edirik.

Salatın xanım, Siz kimsiniz və kimlərin tərbiyəsi ilə böyümüsunuz. Valideynləriniz hansı sahədə calışıblar?

-Mən kiməm? Azərbaycanın milyonlarla vətəndaşlarından biriyəm. Xalqının taleyindən, erməni açgözlərinin törətdikləri vəhşilikdən narahat olub, bagrı qan olan, düşmənə ürəyində nifrət bəsləyən, Vətən ugrunda onlara qarşı qələmi və yazıları ilə mübarizə aparanlardan biriyəm. Belə bir rəvayət var: Deyirlər, bir quşun yuvası yanırmış. Bu zaman bütün quşlar dimdiklərində su gətirib alovu söndürmək istəyirlər. Bunu görən, sərçə də, dimdiyində su gətirir. Ona deyirlər, sənin dimdiyin nə qədər su tutur ki, o alova atasan? Sərçə cavab verib deyir ki, mənim də gücüm öz dimdiyimə catır. Nə qədər baçararam o qədər də gətirərəm. Bu mənada mən də öz qələmimlə bacardığım qədər ermənilərin haqsız yerə dünyaya bəyan etdikləri yalançı ağrılarının, sızıltılarının ifşasına çalışıram. Qarabag müharibəsinə həsr etdiyim hekayələr kitabım 3 dilə- ingilis, rus və türk dillərinə cevrilərək dünyanın 55 ölkəsinə yayımlanıb. Sualınızın davamına gəldikdə isə, mən də hər bir uşaq kimi valideynlərimin tərbiyəsi nəvazişi ilə böyümüşəm. Atamla anamın xasiyyətini müqayisə etdikdə anam çox çiddi və övladlarına qarşı tələbkar qadın idi. Hətta o, “Dövlətdə dəvə, övladda nəvə” atalar sözünə də məhəl qoymurdu, yeri gələndə nəvələri ilə də ciddi davranırdı. Onlara nagil danışır, bayatı deyirdi. Anam sanki, sinədəftər idi. Haqqı-ədaləti qoruduguna ğörə elində-obasında bir el anası, ağbirçəyi kimi də sevilirdi. Ancaq atam olduqca mülayim insan idi. Elə mən də mülayimlikdə atama çəkmişəm. Bəlkə də bu xasiyyətim mənim zəif cəhətimdir. Deyərdim ki, mən öz zəhmətləri ilə yaşayan, son dərəcə xeyirxah və ünsiyyətcil keyfiyyətə malik olan, hər kəsin xeyrində- şərində ləyaqətlə iştirak edən bu cür mərhəmətli insanların təlim-tərbiyəsi, öyüd-nəsihəti ilə böyümüşəm. Anam həmişə deyərdi ki, “Dağların başı çənli də olar, çənsiz də... Çalış hər işdə görün, sənli də olar, sənsiz də.” Valıdeynlərim ali məktəb bitirməsələr də onlar daxilən zəngin və dünyagörüşlü insanlar olublar. Anam 100 yaşından bir qədər artıq yaşadı və dili bayatılı, laylalı, tırınqılı, alqışlı, mənalı bir ömür sürdü. Dediyi bayatıların, söylədiyi nağılların, tapmacaların, hikmət dolu deyimlərinin bir qismini kitab halında çap etdirib oxucuların ixtiyarına vermişəm. Atam isə bir zamanlar varlı ailədə yaşasa da şura hökuməti qurulandan sonra varı-dövləti əlindən alınmış, müharibəyə gedib əsir düşdükdən sonra əsirlikdən qaçmışdır. Daha sonra isə partizan hərəkatına qoşulub bir Vətən əsgəri olmuşdur. Beləcə atam Vətəninə qayıdandan sonra Azərbaycanda neft axtarışı idarəsində işləmişdir.
-İstərdim ki, söhbətimizin davamına qısaca, uşaqlıq xatirənizdən başlayaq. Sizin bu günkü Salatım xanım olacağınız günə qədər keçdiyiniz ömür yolunuzdan söz açaq...
- Mənim yaşıdlarım, bizlər Sovet dövrünün uşaqlarıyıq. Orta məktəbdə təhsil almışıq. Qayğısız, problemsiz böyümüşük. Məktəbimiz o illərdə xüsusi beynəlxalq məktəb idi. Rus bölməsində - rus, gürcü, (uzdəniraq) erməni, ləzgi, tatar uşaqları da oxuyurdular. Birlikdə məktəbə gedər, tənəffüs zamanı birgə oynayardıq. Bizim nəslin rus dilini yaxşı bilməsində həmin uşaqların böyük təsiri var idi. O dövrdə oktyabryata, pionerə Kür çayının körpüsünün yaxınlığındakı B.İ.Ulyanovun (Leninin) büstünün önündə kecmişik. Yaxşı oxuyacağımıza, Vətənə layiqli övlad kimi yetişəcəyimizə söz vermişik. Uşaqlığımızı heç bir məhdudiyyət qoyulmadan yaşamışıq. Yaxşı müəllimlərimiz, ürək sirdaşı bildiyimiz, inandığımız - rəfiqələrimiz olub. Müəllimlərimiz bizə canla-başla, vicdanla elm öyrədiblər. İbtidai sinif müəllimim Məmməd müəllim, coğrafiya müəllimim Səməd müəllim, tarix müəllimim Qazax müəllim, riyaziyyat müəllimim Abad müəllim və b. əsl cəfakeş müəllimlər idilər. Onlar Vətənini, məktəbini, şagirdlərini sevən insanlar olublar... Onların özlərinə məxsus təlim-tərbiyəsi məndə elmə böyük maraq oyadıb. Beləcə mən öz seçimimlə Bakı Dövlət Universitetinə qəbul olunacağım günü səbirsizliklə gözləmişəm. Ali məktəb illərim, ailə qayğılarım, işim, daha sonra elmi yaradıcılıq - bütün bunlar mənim həyatımdakı qazancımdır. Kitab oxumağı həmişə sevmişəm, elə indi də vaxtım olduqca mütaliə edirəm. Zənnimcə, insanın həyatda bir məqsədi olmalıdir. Məqsədsiz yaşamaq mənasızdır. O məqsədə çatmaq üçün də insanda mübarizlik, saglam ruh, arxasında isə güclü bir əl, dayaq olmalıdır. Çox şükürlər olsun ki, onlar məndə var. Övladlarımız ailəlidir, nəvələrimiz ömrümüzə bir bəzəkdir. İndi bütün gücümü elmi işlərimə və bədii yaradıcılığıma həsr etmişəm.
-Ədəbiyyatı orta məktəb illərindən sevmisiniz? İstərdik ki, bir qədər də ədəbi mühütə gəlişinizdən danışasınız.
-Ədəbiyyatı 3-4-cü sinifdən sevmişəm. Anamın elımizin-obamızın ağbirçəyi və eləcə də sinədəftər olması məni bir növ ədəbiyyata, folklora yönəltmişdir. İlk oxuduğum kitab da “Koroğlu” dastanı olub. Orta məktəbdə yazdığım inşa mövzularım nümunə göstərilirdi. Məktəbin bədii özfəaliyyət dərnəyinin fəallarından idim. Yaxşı yadımdadir... Biz həmin illərdə dərnəkdə mahnı oxumaqla bərabər pyeslərdən kiçik tamaşalar da hazırlayırdıq. Kənd camaatının və məzunların qarşısında müxtəlif səhnəciklər göstərir, çıxışlar edirdik. Mən deyərdim ki, ədəbiyyata gəlişim, mənə anamın südü ilə, qanı ilə keçibdir... Ancaq onu da qeyd edim ki, o vaxtlar yazdıqlarımı üzə çıxara bilmirdim. Elə bu səbəbdən də, bir çox qeydlərim, yarımçıq qalmış yazılarım sonradan bir neçə kitabımın mövzusu oldu.
Yeri gəlmişkən:
İstedadlı adamlar məhdud bir çərçivəyə yerləşə bilmirlər. Onların bacarığı, qabiliyyəti çox sahələri əhatə edir, onlar həyatı daha geniş anlamda qavramaq istəyir və bu düşüncə tərzi ilə də yaşayırlar. Bu baxımdan Salatın Əhmədli gördüyü işdə, tutdugu vəzifədə üzərinə düşəni şərəflə yerinə yetirir, qələm məhsullarını, elmi araşdırmalarını uğurla başa çatdırır. O, hal-hazırda çalışdığı universitetin YAP Qadınlar Şurasının sədridir. Eyni zamanda “Yada duşdü” jurnalının və “Kredo” qəzetının redaksiya heyətinin, “Turan“ Qadınlar Mərkəzinin, DAMM-in Qadın şurası və idarə heyətinin üzvüdür. Salatın xanım yazıcı-publisist kimi - “Səfərnamə”, Xalq şairi Nəriman Həsənzadəyə “Poylu beşiyimdən məktub“, “Ömrünü Qazaxda yaşayan şair”, “Yol gedir Naxçıvana”, “Bir məhbusun gündəliyi”, “Analar köc edəndə”, “O dünyanın adamları”, “Bir elatın dastanı”, “Hər kim yüz il unutmasa“ adlı kitabların və bununla yanaşı “Heydər Əliyevin dil siyasəti“ adlı monoqrafiyanın, bir çox hekayələrin, bayatıların müəllifidir.Və bu kitabların bir neçəsi Türkiyədə, eləcə də Tehranda dərc olunan “Xudafərin” jurnalında Azərbaycan dilində çap olunmuşdur.
Salatın Əhmədli yaradıcılıq xidmətlərinə görə ayrı-ayrı vaxtlarda “Qızıl Qələm”, “Cəfər Cabbarlı”, QXC-nin “Əliağa Şıxlinski” və bir sıra ictimai birliyin fəxri diplom və mükafatlarına layiq görülmüşdür. Qardaş Türküyənin, İranın və Gürcüstan Yazarlar Birliyinin, Almaniyanın Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun fəxri diplomuna və ödüllərinə layiq görülmüşdür. Ukrayna-Azərbaycan mədəniyyətinin inkişaf etməsində göstərdiyi xidmətlərinə görə Ukraynadakı Azərbaycan Konqresinin Fəxri fərmanı ilə mükafatlandırılmışdır. Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının “Ustad sənətkar“ və “Azərbaycan bayrağı” ali media və eləcə də Beynəlxalq “Rəsul Rza” mükafatına layiq görülmüşdür. Eyni zamanda Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, yayılması, gənclərin tolerantlıq və qarşılıqlı hörmət ruhunda tərbiyə olunmasında göstərdiyi xidmətlərinə görə 2014-cü ildə Ukraynanın Arostol Provaslav kilsəsinin metropoliti tərəfindən “Apostol Andrey Pervozvannuy” orderi ilə təltif olunmuşdur. Bütün bunlarla yanaşı Salatın Əhmədli Azərbaycan Yazıçılar Birliyinin və eləcə də Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kitab evi” İctimai Birliyin sədridir. Bildiyimiz kimi alimin fəaliyyəti yalnız bunlarla bitmir. O, dünyanın bir çox ölkəsində olmuşdur. Və hər yerdə nurlu şəxsiyyəti, fədakar əməyi sayəsində özünə böyük hörmət və məhəbbət qazanmışdır. Arzu edirik ki, onun bu cür məhsuldar, mənalı həyatı uzun olsun və həmişə söz xiridarı kimi insanlara sevinc bəxş etsin!
-Sizdən söz düşəndə əhatənizdə olanlar elmdə mükəmməl olmagınızla yanaşı, həm də nəcib keyfiyyətlərinizdən danışırlar. Ünsiyyətiniz insanda xoş ovqat yaradır, - deyirlər...
-İnsanlar nə qədər mehriban olsalar, bir o qədər də Allaha xoş gedər. İnsanı acılamaq, təhqir etmək düzgün deyil. Hər adam özlüyündə bir səxsiyyətdir. Hər kəsin özünə görə bir qüruru var. Dost olsan, sənə qarşı dost olarlar. Düşmən olmaq isə kimə və nəyə gərəkdir? İnsan ömrü o qədər qısadır ki... Dünyasını dəyişmiş insan ücün yalnız bir söz deyirlər, yaxşı və yaxud da yaman. Çalışaq ki, yaxşılardan olaq. Xəbislikdən, paxıllıqdan, kindən-küdurətdən uzaq olsaq yaxşıdır. Aqillər deyiblər ki, “İnsanın başını sığallayarsan dahi olar, qapaz vurarsan məhv olar”. Gəlin, bir-birimizə dost olaraq yaşayaq. Bu hisslər dünyamıza da aiddir. Əgər ölkələr biri-biri ilə dostluq mövqeyində olsalar, heç bu cür qırğınlar, ölüm-itimlər də olmaz. Sualınızın digər tərəfinə gəldikdə isə mən özümü mükəmməl elm adamı saya bilmərəm. Sokrat deyib ki, “Bu qədər elm öyrəndim, sonra gördüm ki, heç nə bilmirəm”. Tariximizdə mükəmməl elm xadimləri qədərincədir. Mən onların yanında kiməm ki?.. Həm də mən pessimist insan deyiləm. Ağlamağı, sızlamağı qətiyyən sevmirəm. Əhval-ruhiyyəmi həmişə yüksəkdə saxlamağa, ətrafımdakılarla yaxşı ünsiyyət qurmağa, onlara müsbət enerji aşılamağa çalışıram. Əksər vaxtlarda pis şeyləri unutmağa nail ola bilirəm. İnsanların nələrdənsə sınmasını istəmirəm. Yaşadığımız bu çətin günlərdə mənəvi cəhətdən kömək etməyi özümə borc bilirəm. Bu hər birimizin insanlıq borcumuzdur. Zənnimcə, insanda müştəbehlik yox, təvazökarlıq hissi daha yüksək olmalıdır. Təvazökarlıq insan mənəviyyatının ucalığını göstərir. Hörmət hissi illərlə, nifrət isə dəqiqələrlə qazanılır.
-Siz gənclərlə işlədiyiniz üçün onları daha yaxından müşahidə edirsiniz. Bu günkü gənclikdə görmək istədiyiniz keyfiyyətlər nələrdir və yaxud da görə bilmədiyiniz nələrsə varmı? Onlara hansı tövsiyyəni verərdiniz?
-Belə bir deyim var: “Uşaqlar bizim gələcəyimizdir”. Bu dayağı saxlamaq, qorumaq, gələcək ücün möhkəm təməl hazırlamaq bizim üzərimizə düşür. Deyərdim ki, uşağın ğələcəyə hazırlanması birbaşa onun böyüdüyü ailədən, daha sonra isə bir vətəndaş kimi formalaşması təhsil aldığı elm ocağından asılıdır. Uşağın uşaqlığını da onun əlindən almağı düzğün hesab etmirəm. Ona hər şeyi başa salmaq, üstünə qışqırmamaq və əsasən də onunla bir şəxsiyyət kimi davranmaq gərəkdir. Nəvələrim olduğuna görə belə qənaətə gəlmişəm ki, uşaqlarla böyük kimi rəftar edəndə o, özünü şəxsiyyət kimi hiss edir və qarşısındakına da xeyirxah insan kimi baxır, beləcə də formalaşır. Sizin dediyiniz həmin gənclər də həyata bu cür qədəm qoyurlar. Onlarda gördüyümüz və görmək istədiyimiz keyfiyyətlər deyərdim ki, yenə də özümüzdən asılıdır. Necə tərbiyə vermişiksə, o cür də cavab alacağıq. Pis uşaq yoxdur, pis tərbiyə var. Tövsüyyəm əsasən gənclərə yox, valideynlərə və müəllimlərədir.
- Ömür yolunuzun zirvəsindən ötən günlərə boylananda ilk əvvəl nələri xatırlayırsiniz?
- Böyük rus yazıçısı Lev Tolstoy demişkən: ”İnsan olub keçənləri xatırlayanda həyatının ən unudulmaz cağları da sanki, dumana bürünmüş kimi görünür”.
- Sizin aləminizdə xərclədiklərinizin ən əzizi nələr olub?
- Xərclədiklərimin ən əzizi mənim anlamımda itirilmiş vaxt və bir də istifadə olunmamış günlər olub. Qədim zamanlarda deyiblər ki: “Vaxt xam parcadır, onu əyninə elə biçməlisən ki, yaraşsın”.
-Deyildiyi kimi - Tanrının insana bəxş etdiyi ömür payı təkrarsız və birdəfəlikdir. Onu necə yaşadınsa, həyat tarixçəni də eləcə yaza bilərsən. Siz necə, bu ömrü elə - beləcə həmişə rahat yaşamısınız?
-Həyat daim enişli-yoxuşludur. Həyatın buz kimi soyuqluğu, çay kimi həzinliyi, zəlzələ kimi təlatümü, külək kimi tələskənliyi, torpaq kimi aşınması, dəmir kimi paslanması, məhəbbət məfhumlu həyat eşqi, vüsalı, hicranı və iztirabları da var. Hamı bunlardan dadıb, dadır və dadacaqdır. Həyatı bunlarsız təsvir etmək olmur. Elə buna görə də həyat belə şirindir. Bütün əzabı-əziyyəti, sevinci-kədəri ilə...

Bir insan tanıyırıq... -Uğurlarınızı ana xeyir-duasının mükafatı kimi qəbul edirsinizmi?
-Əlbəttə, anamın xeyir-duasını ömür payımın ən qiymətli mükafatı hesab edirəm. Bununla yanaşı, mən taleyə, qismətə də çox inanıram. Həyatda qazandıqlarımı, uğurlarımı ömrümə, taleyimə yazılmış qismətim hesab edirəm. Lakin bununla yanaşı çalışmağı da daim qarşıma məqsəd kimi qoymuşam. Belə bir deyim var: “Səndən hərəkət, Allahdan bərəkət“. Yarıcücərmiş bir dəni də munbüt torpaqda əksən, hökmən cücərəcək.
-Özünüzün xarakteriniz haqqında nə deyərdiniz?
-İnsan öz xarakterini necə təsdiq edə bilər? Təbiətimdəki yumşaqlıq sərhədi kecəndə özümdən xoşum gəlmir. Deyərdim ki, hər şey yerində, qədərində olanda daha yaxşıdır. Bəlkə də mənim ən zəif cəhətim həddindən artiq mülayimliyimdir. Lakin xasiyyət insanla bərabər doğulur və onu heç kim sonradan dəyişə bilmir. İnsanın əqidəsini ailə, cəmiyyət formalaşdıra bilər, xasiyyəti, xarakteri isə hec kim...
-Deyirlər ki, dünyada üç fəlakət var: birincisi qadındır, ikincisi sudur, üçüncüsü oddur. Bunu necə izah edərdiniz?
- Belə fikirlərlə də asanlıqla razılaşa bilmirəm. Əgər birisi qadınından yarımayıbsa, bunu bütün qadınlara şamil etmək düzgün olmaz. Məncə bu cür fikirlər qadınlara qarşı böhtandır. Fəlakətə qalmış olsa, narkomanların, sərxoşların çoxuna kişi çinslərdə rast gəlirik. Bax, əsl fəlakət budur. Fəlakətlərin növlərini sadalasaq, sayını artıra bilərik: zəlzələ, tufan, qasırğa, leysan yağışları, daşqınlar və s. və i.
-Bir qadın kimi diqqət mərkəzində olmağı xoşlayıbsınızmı?
-Ailəmdə diqqət mərkəzində olmağı xoşlamışam. Bunu ancaq həyat yoldaşımdan gözləmişəm. Başqalarından bunu heç vaxt ummamışam. Öz işimlə məşğul olmağı daha üstün tutmuşam.
-İnsanın daxili azadlığını neçə dəyərləndirirsiniz?
-İnsanın daxili aləmi nə deməkdir? - Bu onun əqidəsidir, ideyaları, arzuları, xarakteridir, başqasına münasibətidir və s. İnsan yaxşı işlər görmək, uğurlar qazanmaq, Vətənə xeyirli vətandaş olmaq ücün daxilən azad olmalıdır. Onun beyni, istəyi, arzusu buxovlanmamalıdır. Daxilən azad insan daim inkişaf edir, cəmiyyətə xeyirli birisi kimi yetişir.
-Sizin ücün həyatda ən çətin olan nədir?
-Tək əldən səs çıxmadığı kimi, insan da tək olanda çətinliklər içində çırpınır. İnsanın yaxşı həyat yoldaşı, layiqli övladları, etibarlı dostları olanda qarşılaşdığı çətinlikdən çıxmağı bacarır. Mənim üçün ən çətin iş qarşımdakı insanın məni düzgün anlaya bilməməsi, başa düşməməsidir.

-Xalq şairi Söhrab Tahir demişkən:

Yaxşı olma, yaxşılıqdan ötəri,
Yaxşılıq et, qoy olmasın xəbəri,
Yaxşılığın bizə yüzdür səməri
Qızıl taxıl dənəsidir yaxşılıq,
Hər nə varsa dönəsidir yaxşılıq.

Dahi şairimiz Səməd Vurğun isə belə deyib:

Arxalıya arxa olma, deməsinlər yamaqdır,
Arxasıza arxa ol ki, desinlər ki, dayaqdır.

Hikmət xəzinəmizdən bir nümunə gətirək: “Yaxşıliq et, at dəryaya, balıq bilməsə də, xaliq bilər”.

-İnsan bəzən bir ömürdə arzu və diləklərinin hamısına nail ola bilmir....

-Həyat qədər, dünya qədər arzular da, diləklər də sonsuz olur. Bunların hamısına nail olacağını düşünənlər yanılırlar. Əlavə bir ömür də yaşasan bu istəklərə çata bilməzsən. Çünki arzunun özündən arzu doğur. Belə bir deyim də var: “Bəzən arzular başımızı sığallaya-sığallaya hətta bizi son mənzilə də yola salır”.
-Həyatda heç nəyi asanlıqla əldə etnək mümkün deyil. İnsan bunun üçün daim mübarizə aparır. Salatın xanım necədir, mübarizdirmi?
-Mübarizlik yaşamaq deməkdir. Mübarizə həyatın səsidir, tələbidir. Əğər bitdisə, deməli həyat da sönəsək.
-Zərif qadın çiyinləri kişiyə bir dayaqdır. Əsasən də yaşa dolduqca. Bu mənada nələr soyləyərdiniz?
-Həyat qoşa qanadlar, çiyinlər üzərində qurulub. Bu çiyində bərqərar olmuş bina kiçik dövlət saydığımız ailədir, cəmiyyətdir. Əgər, çiyinin biri əyildisə və yaxud da qanadın biri qırıldisa, bu zaman bina təməlindən laxlayacaq, aşmaya məruz qalacaq və şübhəsiz ki, nəhayətdə uçacaq. Kimi qadınsiz, kimi kişisiz qanadı qırılmış quş timsalındadır.
-Dost haqqında çox söz yazılır, deyilir. Bəzən isə insana elindən-obasından yaxın dost yoxdur, deyirlər...
-Əsl dost bir olar, ya iki. Dostsuz həyat mənasız kitab kimidir. Yaxşı dost səni başa düşər, qiymətləndirər, sirrini saxlamağı bacarar, dərdinə-kədərinə-sevincinə şərik olar. Gərək dostluğu da axıracan davam etdirib, qoruyub-saxlaya biləsən. Hər can deyəndən dost olmaz. Dostluq iki ruhun, iki qəlbin bir-birinə uyğun gəlməsi, tamamlanmasıdır.
-Yeri gəlmişkən, ailənizin yükünü bərabər paylaşdığınız insan hansı xasiyyətə malikdir? Sizin fikrinizcə, hansı ailə daha yaxşıdır - ənənəvi qaydalarla və yaxud da huquqi qaydalarla idarə olunan ailələr?
- Hər kəsin xarakterində mənfi və müsbət cəhətlər olur. Heç kim bundan xali deyil. Hamıya “yaxşıdır” və ya “pisdir” möhrünü vurmağı duzgun hesab edə bilmərik. Nisbət götürdükdə hər kəsdə ikisindən də var - yaxşı ya pis. İnsanlar bir yerdə yaşadıqca yeni-yeni keyfiyyətlər ortaya çıxır. İnsanın daxilini birdəfəlik öyrənmək heç kəsə müyəssər olmayıb - mən belə nəticəyə gəlmişəm. Hər şey sakitcə öz axarıyla getsəydi həyatda yaşamaq, mübarizə aparmaq öz əhəmiyyətini itirərdi. Lakin hər şey nisbidir. Biz azərbaycanliyıq. Yazılmamış ailə qaydalarımız, adət-ənənələrimiz var. Bizim cəmiyyətdə boyüyün-kiciyin yerini bilmək, valideynlərə böyük hörmət etmək var. Hələ qədimdən gələn bu adət-ənənələri qoruyub gələcək nəsillərə ötürmək üçün bizim özümüz buna riayət etməliyik. Deyərdim ki, ən varlı, ən saf ailə bu ənənəvi qaydalarnan yaşayan ailələrdir. Hüquqi qaydalarla neçə yaşamaq olar? O ailədə hansı səmimiyyətdən, mehriban münasibət və qarşılıqlı güzəştdən danışmaq olar? Ailə səmimiyyət, hörmət, ülvi hisslər və şəfqət üzərində qurulmalıdır. Siyasət və məişət baxımından yox. Böyük insanlığın mayası məhəbbətdir. Ülvi məhəbbətlər qovuşanda yaxşılar, xeyirxahlar, dahilər yaranırlar. Ancaq qeyri-nigahdan doğulanlar isə şeytana qulluq edirlər, iblislər, xəbislər və aravuranlar kimi yetişirlər.
-Bəs pis dediyimiz adamlar haradan meydana gəlir?
-Məsələnin mahiyyəti əsasən buradan qaynaqlanlr. Muasir şairimiz F.Qoca demişkən:

Biri qaçaq olub - mərd olub,
Biri qoçaq olub - mərd olub,
Biri kasıb olub - mərd olub,
Bəs namərdlər hardandı -
Bax, bu mənə dərd olub.

-Sizin fikrinizcə, insanın böyüklüyü nədədir?
-İnsanın böyüklüyü onun yaxşı əməllərində, müdrikliyində və təvazökarlığındadır. Ali keyfiyyətlər insanın daxili mədəniyyətini əks etdirir. Atalarımız demişkən:

Elə yaşa cavanlıqda,
Məyus olma ahıllıqda...

Zənnimcə, saçı ağaran hər kəsə ağsaqqal demirlər. Ağsaqqallıq, böyüklük insanın ağlında, həyat təcrübəsində, dərin düşüncə tərzində, elinə-obasına, xeyirinə-şərinə münasibətində, böyük savaşların qarşısını almasında, odun üzərinə su tökməyi, qanı su ilə yumağı bacarmasında və tədbirli əməllərindədir.
-Deyirlər ki, sevməyən ürəyin heç nəyi yoxdur...
-Doğru deyirlər. Sevgisiz, hisslərsiz yaşamaq - quru, cansız yaşamaqdır. Bu zaman insan nəyə görə yaşadığını anlaya bilməz, həyatda arzusu, amalı da olmaz. Mənasız ömür isə çürümüş dən kimidir.
-Hərdən gözəl bir dost məclisi qurmaq arzusunda olursunuzmu?
-Bəzən insan daxilən çox yorulur. Mənəvi cəhətdən dincəlmək istəyir. Belə vaxtlarımda zəngin həyat yolu kecmiş, müdrik insanlarla əyləşib onları dinləmək istəyirəm. Şeir desinlər, həyatın enişindən-yoxuşundan, dünyanın gərdişindən danışsınlar, mən də onları sakitcə dinləyim. Belə insanların məclisində özümü şadlanmış hesab edirəm, ruhən dincəlirəm.
-Həyatda xeyirxahınız, müdafiəçiniz olubmu və onlar kimlərdir?
-Bəlkə də ailəmizdə tək qız övladı olduğumdan mən çox utancaq idim. Dərsdən başqa heç bir yerə getməzdim. Asudə vəxtımı ancaq kitab oxumaqla keçirərdim. İlk xeyirxahım, müdafiəçim şübhəsiz ki, atam-anam, daha sonra isə həyat yoldaşım Tağı Əhmədov olubdur. Mən həyatda özümü həmişə onlara borçlu hesab edirəm.
-Hansı ovqatda daha məhsuldar olursunuz?
-Ovqatımın yazmağıma aidiyyatı yoxdur. Bir işi icra etmək və yaxud da hər hansı yazını başlamaq lazımdırsa, həmin vaxtda yazıram. Bəzən də, gərgin anlarımda yazı masamın arxasında əyləşirəm ki, problemləri unudum. Belə vaxtlarımda yazmaqla rahatlıq tapıram. Ümumiyyətlə, yazmaq insanı dərinliyə, dərk etməyə, aydınlığa, paklığa, təzəliyə, incəliyə aparır.
-Yaradıcılıq Sizə nə verdi?
-Yaradıcılıq mənə çox şey verir. Yazmaq eşqim çox yüksəkdir. Yazmaqdan mənəvi zövq alıram. Əlimə qələm aldığım gündən üzümə işıqlı, rəvan yollar açıldı. Adını-sanını, şan-şöhrətini sadəliyində, böyüklüyündə əritməyi bacaran dahilərlə ünsiyyət qurmağa başladım, bəhrələndim, yaradıcılığımı genişləndirməyə çalışdım, əməlisaleh, qədirbilən, kamil şəxsiyyətlərin ibrətamiz qələm nümunələri, ömür yolları ilə yaxından tanış oldum. Hər şeyi yerli-yerində süzgəcimdən kecirməyə calışdım, daim obyektiv mövqedə olmağa üstünlük verdim. Mən özümü folklora bağlı insan hesab edirəm. İstəmirəm ki, bir hikmətli kəlam belə, yaddan cıxıb itsin, çalışıram toplayım, yenidən xalqın yaddaşına qaytarım.
-Bizim ağır elin adamları sazı, sözü çox sevirlər. Yeri gəlmişkən, aşıq havalarından “Ruhani”, “Dilqəmi” və digərlərindən hansılar ruhunuza daha yaxındır?
-Doğrudur. Bizim Tovuz, Qazax, Ağstafa eli - saz-söz, şeir-sənət, bir sözlə, əsil könül adamlarıdır .Deyildiyi kimi, bəzən onlar salamı da şeirlə alıb-verirlər. Qeyd etmək istərdim ki, müasir aşıqlarımızın yaradıcılığına mütəmadi qulaq asıram. Səhərimi Zaməddin Ziyadoğlunun “Həncərisən, həncəri” şeirinə aşığın həzin səslə oxuduğu musiqisi ilə açıram. Eləcə də Aşıq Avdının “Yata bilmirəm” və Aşıq Şaiqin “Ay eyvandakı” adlı havalarını çox sevirəm. Sualınızın cavabında aşıqlarımızın çoxunun adını çəkə bilmədim. Ümidvaram ki, buna görə məndən inciməzlər. Bu baxımdan saza məhəbbət mənə elimdən-obamdan, əsasən də anamdan keçibdir. Saz havasında nə istəsən, nə desən var: qəm, kədər,yanğı, həsrət, vüsal, hicran, hər ürəyin naləsi, bir də anaların laylası var. Bildiyimiz kimi, analarımız bizi - muğamla, segahla, kəsmə-şikəstəylə, saz havaları, bayatı və laylalarla yatırdıblar. Elə layla deyiblər ki, bələyimizdəcə, layla hopub canımıza-qanımıza. Anamın gözəl, səsi, avazı var idi. Elə özü də, çox şövqlü bir xanim idi. İşində-gücündə olan vaxtlarında dodaqaltı zümzümə edərdi. Hələ sovetin geridə qalmış dövründə, hər şeyin kasad olduğu zamanında onun iki aşıq valı var idi. İmkan düşən kimi oxudardı, qulaq asardı. Anam bütün şənliklərdə ”Ruhani” havasına oynayardı. Bu havaya oynamağın əl-qol hərəkətlərini yeri düşdükcə, mənə də öyrədərdi. O gündən-bu günədək mənim qol qaldırıb oynadığım “Ruhani” havasıdır. Anamın havasıdır...
-Ürəyinizdə heç kimə söyləmədiyiniz nələrsə, varmı?
- Əlbəttə var! İnsanın ürəyi süfrə deyil ki, hamısını açıb ortaya qoyasan. Çalışıram ki, sevincimi yaxınlarımla böləm. Problemimi isə özüm həll etmək istəyirəm. Kimə isə yük olmaqdan zəhləm getdiyi qədər hec nədən zəhləm getmir. Nəyi isə həll edə bilməyəndə ömür-gün yoldaşıma deyirəm. Şübhəsiz ki, hər kəsin ürəyində yalnız özünün biləcəyi, pünhan sirləri olur. Zənnimcə, onu lazım gələndə demək daha məqsədə uyğundur.
-Salatın xanım, artıq ömrünüzün zirvəsini yaşayırsınız. Maraqlıdır, bu qapının önündə özünüzü necə hiss edirsiniz? Ümumiyyətlə, hərdən yaşın şıltaqlığına boyun əyirsinizmi?
-Şair demişkən: - 60 yaş nədir hələ? Yaşamaq gözəldir. Özü də indiki müstəqillik dövründə. Nəvələrimə baxıram, zövq alıram, ayıma, ilimə, ruhuma təzə-tərlik gəlir. Respublikamızda gedən quruculuq işlərinə, inkişafa, paytaxtımızda və bölgələrimizdəki göz oxşayan gözəlliklərə baxdıqca, insan qürur hissi keçirir. Bütün bu abu-hava, bənzərsiz mənzərə, firavanlıq, azadlıq, xoşbəxtlik bizi bir daha yazmağa-yaratmağa, arzuya, amala, bir sözlə, uğurlu, möhtəşəm gələcəyə səsləyir. Mən 50-55 yaşımda özümü necə hiss edirdimsə, elə bu gün də özümü o cür hiss edirəm. Dəyişən yalnız xarici görkəmim ola bilər. Ancaq daxili aləmim, zehnim, əqidəm daha da müdrikləşib, həyat təcrübəm genişlənib. Yaşamağa gəlincə isə məqsədim dünyada yaşayan insanlara erməni vəhşiliklərini, onların acgözlüyünü, mənfur əməllərini, eləcə də “yazıqlıgını” əks etdirən yazılar yazıb xarici dillərə tərcümə etdirib yaymaqdır. Bununla yanaşı, uşaqlara xoş ovqat bəxş etdiyinə görə “Uşaqların məzəli deyimləri”ni toplamağı və eləcə də “Bunları bilmək maraqlıdır” rubrikasını davam etdirməkdir.
-Maraqlıdır, daha nələr yazardınız və o yazılarda kimlərin adlarını çəkərdiniz? Və həyatdan ən böyük istəyiniz nədir?
-Xatirə ədəbiyyatından yazardım. Orada sevdiyim insanların, yaxınların, doğmaların xoş xatirələrini yazardım. Mənim belə bir bayatım var:

Mən aşiqəm kim yaza,
Kim oxuya, kim yaza.
Ömür də bir kitabdır,
Kim götürə, kim yaza.

Həyatımda çox şeyə nail olmuşam. İndi ən böyük dərdimiz Qarabağ problemidir. Ondan da böyük erməni xainlərinin zaman-zaman bizə qarşı olan torpaq iddialarının baş qaldırmasıdır.
-Bu yazının sonluğu üçün arzu və diləkləriniz...
-Qəzetinizin baş redaktoruna və bütün yaradıcı heyətinə iti qələm, bol-bol uğur, həmişəki kimi oxunaqlı yazılar yazmağı arzulayıram. Sizin “Şərqin səsi”, “Elm və Təhsil” qəzetləriniz uzun illərdir ki, elm və təhsil adamlarından, ziyalılardan, nüfuzlu insanlardan, cəmiyyətdə yetərincə, tanınan, sayılıb-seçilən şəxsiyyətlərdən, ayrı-ayrı talelərdən, tariximizdən, ədəbiyyatımızdan, mədəniyyətimizdən mənalı, məzmunlu yazılar dərc edir. Qəzetiniz öz dəsti-xəttini, obyektivliyini və qərəzsizliyini qoruyub saxlaya bilir. Bu baxımdan dərginizə uzunömürlülük, qələminizə dürüstlük, əməkdaşlarınıza isə yorulmazlıq arzulayıram.

Son olaraq qeyd etmək istərdik ki, Salatın Əhmədlinin nəcibliyi, səmimiyyəti, bütünlüklə mənəvi dünyasından doğan ali hissləri - onun əsil-nəcabət paklığından irəli gəlmişdir. Hiss olunur ki, yazılarındakı təvazökarliq, təmkin, incə ruh onun təbiətinə xas keyfiyyətləridir. Peşəsinə, qələminə, yaradıcılığına məhəbbəti böyükdür. Deyərdik ki, onun iç dünyası bütövlüklə üzünə yazılıb.

Hörmətli Salatın xanım!
Yazı boyu haqqınızda yazdığımız səmimi sözlərə bunu da əlavə edək ki, tanıdığımız illər ərzində çoxları kimi elə biz də çox sadəcə sevdik Sizi...
Bu baxımdan qəzetimizin bizə verdiyi imkandan istifadə edərək, Sizi bütün əməkdaşlarımız adından qarşıdan gələn Yubileyiniz münasibəti ilə ürəkdən və sadə bir səmimiyyətlə təbrik edirik. Bir dünya sevgi və hörmət hissi ilə Sizə şəxsi həyatınızda möhkəm cansağlığı, elmi-pedaqoji fəaliyyətinizdə və eləcə də bədii yaradıcılığınızda yeni-yeni uğurlar arzulayırıq.
Mərhəmətli Allah Sizi bütün arzularınıza qovuşdursun!..


Xanim Bilalqızı.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: