ƏLİKÖMƏKTƏPƏ ABİDƏSİ

ƏLİKÖMƏKTƏPƏ  ABİDƏSİ İldırım Şükürzadə,
tədqiqatçı-tarixçi


Respublikamızın qədim yaşayış məskənlərindən biri Cəlilabad rayonudur. Şimaldan Biləsuvar, şərqdən Neftçala, cənub-şərqdən Yardımlı, Masallı rayonları, qərbdən isə İran İslam Respublikası ilə həmsərhəd olan Cəlilabad rayonu Azərbaycan Respublikasının cənub-şərqində, Muğan düzündə yerləşir. Rayon ərazisi tarixi-arxeoloji abidələrlə zəngindir. Heç də təsadüfi deyildir ki, arxeoloji ədəbiyyatda mövcud olan “Muğan mədəniyyəti”nin ( “Talış” və “Muğan” mədəniyyətləri eyni olduğu üçün 1964-cü ildə bu mədəniyyətlər “Talış-Muğan mədəniyyəti” adlandırılmışdır – İ.Ş.) ilk izləri 1941-ci ildə arxeoloq İshaq Cəfərzadə tərəfindən məhz Cəlilabad rayonunun Uzuntəpə kəndində aşkar edilmişdir (Rəşid Göyüşov. Azərbaycan arxeologiyası. B., 1986, səh.65).
Burada qeydə alınan Əliköməktəpə, Polutəpə, Alxantəpə, Qoşatəpə, Xudutəpə, Həməşara, Qazan köşkü və digər tarixi abidələr bu diyarın qədim tarixindən soraq verir. Rayonun tarixi-arxeoloji abidələrindən biri qeyd olunduğu kimi Əliköməktəpə abidəsidir. Cəlilabad şəhərindən 21 km şimal-qərbdə Üçtəpə kəndi ərazisində, İncəçayın sağ sahilində yerləşən Əliköməktəpə abidəsi Enolit dövrünə (e.ə.VI-IV minillik) aid yaşayış yeridir.
Əliköməktəpə abidəsinin sahəsi 1,2 ha, təpənin hündürlüyü 4 metrdən çox, qazıntı aparılan ərazi isə 600 kv.metrdir (Ələsgər Mirzəzadə. Muğan.Maddi mədəniyyət abidələri. B.,2016,səh.106). 1971-ci ildə Əliköməktəpə qədim yaşayış yerində Fərman Mahmudovun rəhbərliyi altında, İdeal Nərimanovun iştirakı ilə aşkar edilən əkinçilik mədəniyyəti nümunələri Azərbaycanda qədim əkinçiliyin oturaq formada olduğunu bird aha sübut etməklə yanaşı, həm də onun əhatə etdiyi ərazinin hüdudunu müəyyən etməyə imkan verdi (Yusif Səfərov. Qədim Azərbaycan: nə bilirik. B., 1989, səh.46).Əliköməktəpə yaşayış yerində 1980, 1991-ci illərdə də arxeoloji qazıntı işləri aparılmışdır.
Əliköməktəpə yaşayış yerində mədəni təbəqənin qalınlığı 4 metr olub 6 qatdan ibarətdir. Burada binalar çiy kərpiclə dördkünc formada hörülmüşdür; alt qatlarda dairəvi otaqlar da var (ASE, IV cild, B., 1980, səh.181). Əliköməktəpədə aşkarlanmış dairəvi otaq Enolit dövrünün dini dünyagörüşünün öyrənilməsində mühüm rol oynayır. Tarix elmləri doktoru Rəşid Göyüşov yazır: Enolit dövrünün dini dünyagörüşünü öyrənmək baxımından Əliköməktəpədə tapılan dairəvi otağın böyük əhəmiyyəti var.Otağın divarları gillə suvanmış, üstündə isə ağ gillə şirələnmişdir.Hamar divarda həndəsi xarakterli naxışlar çəkilmişdir. Bu bina çox güman ki, ovsun mərasimlərinin keçirilməsi üçün istifadə edilmişdir (Göstərilən əsər, səh.31).
Enolit dövründə vahid planla deyil, pərakəndə halda tikilən yaşayış binalarının davamlığını artırmaq və qoşa çatlı damın ağırlığına tab gətirməsi üçün evlərin divarlarının qarşısında xüsusi dayaqlar (pilyastr) hörülürdü. Belə tikililərə daha çox Əliköməktəpə yaşayış məskənində təsadüf olunmuşdur.Əliköməktəpədə arxeoloji qazıntılar zamanı əmək alətləri, yumurtaşəkilli gil sapand mərmiləri, saxsı qablar, əhliləşdirilmiş at sümükləri, zəngin avadanlıqlı qəbirlər, tikinti qalıqları, çaxmaqdaşı və obsidian alətlər, bəzək əşyaları, biçin alətləri və s. tapılmışdır.
Əliköməktəpədə tapılmış ən mühüm maddi-mədəniyyət nümunəsi əhliləşdirilmiş at sümüklərinin aşkarlanmasıdır. Bu dünya tarixində çox böyük tapıntı idi.Tapılmış at sümüklərinin tədqiqi göstərdi ki, hələ 6-7 min il bundan əvvəl Azərbaycanda əhliləşmiş iki at cinsi olmuşdur. Bu tapıntıya əsasən söyləmək olar ki, Azərbaycan atçılığın vətənlərindən biri sayılır. Əliköməktəpə abidəsi isə Qafqaz və Ön Asiyada atın əhliləşdirildiyi yer kimi tanınır. E.ə.V minilliyə aid olan Əliköməktəpə abidəsi respublikamızın Daş dövrü abidələrinin arxeoloji xəritəsinə və eyni zamanda dünya abidələri siyahısına daxil edilmişdir.Abidə haqqında 6-cı siniflər üçün Azərbaycan tarixi dərsliyində məlumat verilir. Əliköməktəpədə tapılmış mədəniyyət nümunələri isə Azərbaycan Tarix Muzeyində saxlanılır.

Ədəbiyyat:
1. ASE, IV cild, B.,1980
2. Azərbaycan tarixi, I cild, B., 1994
3. Azərbaycan tarixi 6 dərslik, B.,2013
4. Azərbaycan etnoqrafiyası, I cild, B., 2007
5. Rəşid Göyüşov. Azərbaycan arxeologiyası. B., 1986
6. Yusif Səfərov. Qədim Azərbaycan: nə bilirik. B., 1989
7. A. Əhmədov. Qədim Azərbaycan və onun cənub bölgəsi. B., 2011
8. M. Qasımov. Cəlilabadın tarixi, etnonim və toponimləri. B., 2014
9. Ə.Mirzəzadə. Muğan. Maddi mədəniyyət abidələri. B., 2016
10.Tufan müəllimin cənub səfəri. “Cənub xəbərləri” qəz., 11.08.2009

.


© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: